Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-688/2023 15.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı (3-cü şəxs: X3 və X4) “sayğacın quraşdırılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən və iddiaçının istifadəsində olan 1-ci mərtəbəsinin qaz xəttinə qoşularaq sayğacın quraşdırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X3 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, aidiyyəti inzibati orqan tərəfindən yaşadıqları fərdi yaşayış evinin İddiaçı aid mərtəbəsinə ayrıca qaz sayğacının quraşdırılması və qaz ilə təmin edilməsi heç bir əsaslı səbəb olmadan həyata keçirilmir. Bu səbəbdən də onun qanunla qorunan mənafeyi pozulmaqdadır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, publik əlaməti daşıdığından hazırkı mübahisə üzrə mahiyyəti üzrə qiymətləndirmə səlahiyyətinin ümumi yurisdiksiyalı rayon məhkəməsi yox, inzibati məhkəməyə aid olması baxımından da iddia mümkün iddiadır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır”. İşin faktiki hallarından isə görünür ki, iddiaçı təbii inhisar subyekti ilə mülki hüquq münasibətində olmamış, onunla hər hansı müqavilə bağlanılmamış, cavabdeh publik səlahiyyəti ilə əlaqədar onun fərdi yaşayış evinə qazın verilməsindən imtina etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Regional qaz istismarı Departamentinin Binəqədi rayonu üzrə Texniki İstismar Xidməti tərəfindən tərtib olunmuş aktdan görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi (Xutor), 1-ci Şimal Tingliyi, ev 79 ünvanında İddiaçı və X1 yaşadıqları 2 mərtəbəli yaşayış evinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, 2 mərtəbəli yaşayış evinin girişində 30 kv.m həyəti, həyətdən girişdə sağ tərəfdə 2-ci mərtəbəyə qalxan pilləkən (giriş) və küçə qapısı ilə üzbəüz birinci mərtəbənin girişidir. Ümumi heyət evinə 1 ədəd qaz sayğacı (sayğac X2 adına qeydiyyatdadır) qoyulmuş və həmin qaz sayğacından 1-ci və 2-ci mərtəbələr tərəfindən hal-hazırda istifadə olunur. Yaşayış evinin 1-ci və 2-ci mərtəbələrini ayıraraq əlavə bir ədəd qaz sayğacının quraşdırılması mümkündür. Baxış zamanı məlum oldu ki, 1ci və 2-ci mərtəbələrdə ümumilikdə 2 ədəd PQ-4 tipli qaz cihazı, 2 ədəd QSQ su qızdırıcısı və 1 ədəd kombinin quraşdırıldığı otaqlar normativlərə uyğundur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Əvvəla Məhkəmə, istehlakçı və qaz paylayıcısı arasında alqı-satqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması mexanizminə nəzər yetirilməsini zəruri hesab edir ki, bu istiqamətdə dəyərlindirmənin aparılması aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilir. “Qaz təchizatı haqqında” Qanunun:
11. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.(6-cı bənd)
13. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. (8-ci bənd) “Qazdan istifadə” Qaydalarının: 1.2 qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qazpaylayıcı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Qanunvericiliyin tələblərindən də göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında münasibətlər məhz qazın alqı-satqısı müqaviləsi bağlandığı anda yaranır. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Nəzərə alınmalıdır ki, qaz sayğacının quraşdırılması, qaz xəttinin çəkilməsi və bu istiqamətdə hər hansı bir hərəkətlərin görülməsi istehlakçının və əhalinin təhlükəsizlik baxımından qanunvericilikdə müəyyən edilmiş normalar əsasında həyata keçirilir. Əlbəttə bu sahə də digər sahələrdə olduğu kimi xüsusi yanaşma tələb edir ki, bu zaman qaz xəttinin çəkilməsi arzuolunan əmlakın yerləşdiyi torpaq sahəsinin qaz xəttinin çəkilməsi üçün yararlı olub-olmaması nəzərə alınmalıdır. Hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona aid hissəsinə qaz sayğacının quraşdırılmasını arzulayır. Doğrudur ki, həmin fərdi yaşayış evi üzərində hər hansı fiziki şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin bu hal öz növbəliyində vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və X2 adına qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdeh fərdi yaşayış evinin özbaşına tikili olmasından asılı olmayaraq, qaz sayğacının quraşdırılması ilə bağlı müsbət mövqeyi nümayiş etdirmişdir. Belə olan halda Məhkəmə, hazırda fərdi yaşayış evinə dair qaz sayğacının quraşdırılması ilə bağlı məsələyə baxılan zaman bu halın nəzərə alınmasını və məhz bərabərlik prinsipindən yanaşılmalı olduğunu diqqətə çatdırır. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının istifadəsində olan fərdi yaşayış evi özbaşına tikili olsa da, həmin fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir ki, hazırda bərabərlik məfhumu baxımından eyni faktiki hallar əsasında iddiaçının adına da qaz sayğacının quraşdırılması istisna olunmur. Bu zaman Məhkəmə qaz sayğacının iddiaçının adına quraşdırılmasının texniki baxımından mümkün olub-olmaması ilə bağlı da əlavə araşdırma aparmışdır. Həmin araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 1 ədəd qaz sayğacı (sayğac X2 adına qeydiyyatdadır) qoyulmuş və həmin qaz sayğacından 1-ci və 2-ci mərtəbələr tərəfindən hal-hazırda istifadə olunur. Yaşayış evinin 1-ci və 2-ci mərtəbələrini ayıraraq əlavə bir ədəd qaz sayğacının quraşdırılması mümkündür. Göründüyü kimi cavabdeh inzibati orqan texniki baxış zamanı əlavə fərdi yaşayış evinin 1-ci və 2-ci mərtəbələrinin giriş-çıxışının ayrı olduğunu, qaz sayğacının quraşdırılmasına hər hansı maneənin olmadığını, texniki və normativ tələblər baxımından əlavə qaz sayğacının quraşdırılmasının mümkünlüyünü müvafiq akt ilə təsdiq etmişdir. Beləliklə, hazırki mərhələdə iddiaçının tələbinin təminini istisna edən hal olmamış, onun adına qaz sayğacının quraşdırılmasına maneə yaranmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-560/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Analoji mövqe 2-1(102)-557/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən və İddiaçı istifadəsində olan 1-ci mərtəbəsinin qazla təmini ilə əlaqədar qaz xəttinə qoşularaq sayğacın quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov