Məhkəmə qərarları › İş №2-1(112)-688/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-688/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-688/2024 01.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı QTSC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QTSC (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən hamam kompleksinə mülkiyyət hüququnun və daimi istifadəsində olan 0,26 ha təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsi üzərində daimi (müddətsiz) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən hamam kompleksinin və daimi istifadəsində olan 0,26 ha təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1990-ci il tarixli icarə müqaviləsi ilə İcarəyə verən Nizami Rayonu Mənzil Kommunal Təssərüfat İdarəsinin rəisi A.Baxışov qismində bir tərəfdən və İcarəçi X1 sədri R. Orucov qismində Nizami rayonunda yerləşən 78 saylı Hamamı Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə (1989-1992-ci illərdə) qüvvədə olmuş “İcarə və İcarə münasibətləri haqqında” SSSR-nin Qanununa əsasən, icarəyə verilmişdir. Həmin müqavilənin 2 saylı əlavəsində Əmlakın Özəlləşdirməsi qaydası müəyyən edilmişdir. Həmin qaydaya əsasən təqdim edilmiş xx.xx.1990-cı il tarixli 19 saylı hesab faktura X11 Kooperativi tərəfindən ödənilmiş və xx.xx.1990 tarixli Təhvil - Təslim Aktı ilə 78 saylı Hamam və ona aid əşyalar və istifadəsində olan torpaq 0.336 ha (yaşıllığlarla birgə) sahəsi balansdan X11 Kooperativin balansına təqdim edilmişdir. Azərbaycan Respublikasında ilk dəfə özəlləşdirmə proseduru 1989- cü ildə qəbul edilmiş “İcarə və İcarə münasibətləri haqqında" SSSR-nin Qanunun olmuş və bundan sonra 1993- 2000-ci illərdə “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanunun qüvvədə olmuşdur. Sonralar Hamam təssərüfatları Rayon İcra hakimiyyətlərinin balansından Bakı Şəhər İcra hakimiyyətinin hamam kompleksləri Hamamlar Birliyinə təhvil verildiyindən, sonuncu tərəfindən Azərbaycan Resbuplikası Dövlət Arbitraj Məhkəməsində yuxarıda göstərilən 78 saylı hamam Əmlakın Özəlləşdirməsini mübahisələndirilmişdir. Azərbaycan Resbuplikası Dövlət Arbitraj Məhkəməsinin xx.xx.1991-ci il tarixli 5.286 saylı Qərar ilə (qəran qəbul etmiş şəxs hazirda Ali Məhkəmənin Hakimi Nigar xanım Rəsulbəyova) Bakı ş. Məhsəti küç.3 ünvanda yerləşən 78 saylı Hamamın SSSR-nin X12 10-cu maddəsi əsasında qanuni şəkildə dəyəri ödəməklə özəlləşdirildiyi tam qanuna uyğun olaraq həyata keçirildiyi müəyyən edilmişdir. (Bax Qərarın Notariat qaydada təsdiq edilmiş sürətinə ). Bundan sonra X11 X8 Cəmiyyətinə çevrilmiş və Məhsəti küç. 3 ünvanda yerləşən 78 sayh X5 məqsədi ilə Bakı şəhər İcra Hakiyyəti Başçısının Aparatı, Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən inventar No 15859 30/732 sayda Texniki Pasport tərtib edilmişdir. 01 mart 1965-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 126-ci maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edəninn mülkiyyət hüququ qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmayıbsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında iddianın rədd edilməsini xahiş etmiş və göstərmişdir ki, torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin üzərində yerləşən tikilinin dövlət əmlakı kimi baza məlumatı mövcuddur. Qeyd olunanlarla yanaşı, iddiaçının qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında 14 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsinə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı hazırkı tələblə müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər X6 İcraiyyə Komitəsinin 01 sentyabr 1972-ci il tarixli, 32/496 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Şamuyan rayonu, 2535-ci məhəllə, Azimzadə küçəsində 78 saylı hamam kompleksinin yerləşdiyi 0,25 ha torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Nizami rayon kommunal təsərrüfatı idarəsi (icarəyə verən) və İddiaçı elmi istehsalat kooperativi (icarədar) arasında 01 iyul 1990-cı il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən 78 nömrəli hamam kompleksinin içindəki bütün avadanlıq və əşyaları icarədarı verməyi, icarədar isə müqavilə ilə nəzərdə tutumuş dəyəri icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. - 78 nömrəli hamamın icarə müqaviləsinə dair 2 saylı əlavədən görünür ki, xx.xx.1990-cı il tarixli akta əsasən İddiaçı EİK binanın, az qiymətli inventarın və əlaqədar malların qalıq dəyərini Bakı şəhəri, Nizami rayonu KMİİ-nin hesablaşma hesabına köçürür; əsaslı təmir üçün Stroybanka hesab açır və KMİİ tərəfindən mənmsəmə çıxıldıqda, əsaslı təmir üçün amortizasiya hesablamalarının məbləğini həmin hesaba köçürür; müqavilənin qalan müddəti üçün icarə haqqının məbləğini Nizami rayon KMİİ-nin hesablaşma hesabına köçürür. - xx.xx.1990-cı il tarixli aktdan görünür ki, Nizami rayon KMİİ 78 nömrəli hamamı Eksiton EİK-yə təhvil vermişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1992-ci ilin noyabr ayında tərtib olunmuş “Qeyri yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” texniki pasportuna əsasən İddiaçı Səhmdar Cəmiyyəti Sağlamlıq Komplesinin adına ünvan 4 ünvanda yerləşən əmlakın tikinti sahəsi 491,22 kv.m, əsas sahəsi 621,2 kv.m, köməkçi sahəsi 115,2 kv.m təşkil edir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 5 ünvanlanmış 24 avqust 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Səhmdar Cəmiyyəti Sağlamlıq Kompleksinin adına ünvan 6 ünvanda yerləşən əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, İddiaçı Səhmdar Cəmiyyəti Sağlamlıq Kompleksinin adına ünvan 6 ünvanda yerləşən əmlaka dair tərtib edilmiş texniki pasport İdarənin arxivində mövcuddur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 fevral 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması həmin əmlakın balanssaxlayıcı subyektləri tərəfindən təqdim olunan sənədlər əsasında aparılır. Sözügedən əmlak kompleksinin dövlət əmlakının Registrində qeydiyyata alınması məqsədilə heç bir dövlət qurumu tərəfindən məlumat təqdim edilməmişdir. Eyni zamanda, aparılmış araşdırmaya əsasən Bakı Şəhər Zəhmətkeşlərin X9 İcraiyyə Komitəsinin xx.xx.1972-ci il tarixli 32/496 nömrəli qərarı ilə 78 saylı hamam kompleksinin tikintisi üçün 0.25 hektar torpaq sahəsi ayrılmış və həmin əmlak Nizami Rayon Kommunal Təsərrüfatı İdarəsinin balansında olmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, M.Gəncəvi, 3 ünvanında yerləşən 78 saylı hamam kompleksinin Bakı Şəhər Xal Deputatları İcraiyyə Komitəsinin xx.xx.1972-ci il tarixli, 32/496 nömrəli qərarı və ayrıc aktı əsasında Nizami Rayon İcraiyyə Komitəsinin Rayon Kommunal Müəssisələri İstehsalat İdarəsinə ayrılmış 0,26 ha torpaq sahəsində inşa olunduğu müəyyən edilmişdir. Sonradan hamam kompleksi İddiaçı müəssisəsi tərəfindən icarəyə götürülmüş və xx.xx.1990-ci il tarixində balans ödənilərək (xx.xx.1990 ödəniş qəbz) həmin müəssisəsinin balansına verilmişdir. Obyekt hal-hazırda fəaliyyət göstərmir. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 21 noyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 8 ünvanında yerləşən X10 balansında deyildir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 24 noyabr 2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, əmlak kompleksinin arxiv texniki pasportuna əsasən faktiki torpaq sahəsinin perimetrik ölçülərinin bəzilərində az fərqlər vardır ki, bununda hesabına torpaq sahəsi azalmışdır. A tikilisinin (Hamam binası) 1-ci mərtəbəsində 4;5;7;13;20;22;26; 27 saylı otaqlar arakəsmələrlər əlavə otaqlara bölünmüşdür. Torpaq sahəsində əlavə B (anbar binası), M (xidmət binası) və İ (Çən qurğusu), Vİİ (şəlalə qurğusu), N (Hin) tikililəri qurğuları tikilmişdir ki, arxiv texniki pasportunda yoxdur. İddiaçının hazırki iş üzrə hüquqi marağı ünvan 1 ünvanda yerləşən hamam kompleksinin və daimi istifadəsində olan 0,26 ha təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yönəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıda sadalanan qanunvericiliyin müddəalarına əsasən əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. - 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. - 155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. -155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. -203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün sənədlərin əhatə dairəsi 8.0.1- 8.0.12-ci maddələrdə sadalanmışdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: -1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; -15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. -15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. -15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. -15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. -15.5. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. -15.6. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər. -15.7. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnaməsinin: - 2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Məhkəmə bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 1999- cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnaməsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Mübahisə predmeti olan əmlak kompleksinin isə dövlət əmlakının Registrində qeydiyyata alınması üçün balanssaxlayıcı tərəfindən məlumat təqdim edilməmişdir. Halbuki, nübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə (1993-2000-ci illərdə) qüvvədə olmuş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi həmin mülkiyyətin bu Qanunda müəyyən edilən qaydada xüsusi mülkiyyətə verilməsini nəzərdə tutur. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsini Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət əmlakını idarə edən orqan həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 12 fevral 1996-cı il tarixli, 438 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi haqqında” Əsasnamənin birinci bəndinə əsasən Dövlət Əmlak Komitəsi Azərbaycan Respublikasında dövlət əmlakını idarəetməyə vəkil edilmiş orqandır. Əsasnamənin birinci bəndinin ikinci abzasına əsasən Dövlət Əmlak Komitəsi respublika ərazisində və onun hüdudlarından kənarda yerləşən, Azərbaycan Respublika məxsus olan əmlak barəsində sərəncam vermək səlahiyyətini həyata keçirir. Həmin Əsasnamənin üçüncü bəndinin beşinci abzasına əsasən müəyyən olunmuş qaydada dövlət mülkiyyətində olan obyektlərin balansdan balansa verilməsi barədə rəy bildirmək Komitənin hüququdur. Hazırkı iş üzrə mübahisəli daşınmaz əmlakın iddiaçının balansına ayrılması ilə bağlı Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin səlahiyyəti olmamış, dövlət əmlakı mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilmədən iddiaçıya ayrılmışdır. Halbuki, qeyd edilən dövlət əmlakı yalnız dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada özgəninkiləşdirilə bilərdi. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən ünvan ilə bağlı icarə müqaviləsi qüvvədə olsa da, həmin müqavilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar) hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia tələbi təmin olunmamalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar