Məhkəmə qərarları › İş №2-1(112)-6881/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6881/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6881/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Mövsumova (Əzizova) Dilarə Nazif oğlunun cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Mövsumova (Əzizova) Dilarə Nazif oğlu cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan dəqiqləşmə verilərək iddiaçı barəsində Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınmaması barədə qərarın ləğv edilməsi və onun mənsubiyyətinin tanınmasının cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Azərbaycan SSR-də anadan olmuşdur, azərbaycanlıdır. Azərbaycan Qırmızı Əmək bayrağı ordenli Dövlət Universitetinə daxil olmuş, oranı 1980-ci il tarixdə bitimişdir. X1 ilə 12 mart 1978-ci il tarixdə nikaha daxil olmuş, nikahdan X3 adlı övladı olmuşdur. Övladı Azərbaycan Respublikası vətəndaşıdır. O, mənsubiyyətin tanınması barədə müraciət etmiş, müraciəti təmin edilməmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Rusiya Federasiyasında yaşamış, həmin ölkənin vətəndaşıdır, vətəndaşsızlıq halı mövcud deyildir. Bundan əlavə, şəxs müvafiq Qanun qüvvəyə minənədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Bundan başqa şikayət vermə müddəti də ötürülmüşdür. İddiaçının vəkili və nümayəndəsi iddianın mümkün sayılması və mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikrini dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: Sovet Sosialist Respublikaları İttifaqı Pasportundan görünür ki, iddiaçı 11 oktyabr 1979-cu il tarixdə həmin pasportla təmin edilmişdir. 11 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı barəsində 10 sentyabr 2021-ci il tarixli mənsubiyyətin tanınmasından imtina barədə qərar qəbul edilmişdir. Nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, iddiaçı nikaha daxil olmuş, nikahdan əvvəlki soyadı Əzizova olmuşdur. Diplomdan görünür ki, iddiaçı Azərbaycan Dövlət Universiteti tərəfindən diplomla təmin edilmişdir. Pasportdan görünür ki, iddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Doğum haqqında şəhadtnamədən görünür ki, iddiaçı Azərbaycan SSR-də Bakı şəhərində 07 sentyabr 1958-ci il tarixdə anadan olmuşdur. 11 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Cavabdeh tərəfindən təqdim edilən kitabçalardan çıxarışdan görünür ki, iddiaçı tərəfindən mənsubiyət qərarı 08 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada alınmışdır. 11 dekabr 2023-cü il tarixli məktub isə iddiaçıya 28 dekabr 2023-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Əvvəla iddianın növünə münasibətdə qeyd edilməlidir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia yox, məcburetmə növündə iddiadır. Bu zaman mənsubiyyətin tanınmasından imtina barədə qəbul edilmiş qərar, iddiaçının müraciətindən imtina xarakteri daşımaqla, hazırkı növ iddianın mübahisələndirmə növündə olmasını istisna edir. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-243/2024 saylı iş üzrə qəbul etmiş olduğu xx.xx.2024-cü il tarixli qərarında da qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb edir. İddia tələbinin travmanın səbəbli əlaqəsinin dəyişdirilməsi kimi ifadə olunmasına rəğmən, əslində iddiaçının hüquqi marağının məzmunu və mahiyyəti baxımından həmin tələbə dair iddia mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilə bilməzdi. Bu həm də mübahisələndirmə haqqında iddianın predmeti baxımından da mümkün deyil. Belə ki, İPM-in 32.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddianın predmeti yalnız əlverişsiz inzibati aktlar ola bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş anlamda inzibati orqanın təşəbbüsü ilə qəbul edilmiş və maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz (yükləyici) inzibati akt sayılır. . İddiaçının hazırkı məzmunda tələbi isə hərbi xidmət zamanı aldığı xəsarətin və onun səbəbli əlaqəsinin müəyyən olunmasına yönəlmişdir. Başqa sözlə, iddiaçı hərbi xidmət zamanı aldığı xəsarətin və onun alınma şəraitinə uyğun səbəbli əlaqənin müəyyən olunması, konkret halda isə əvvəllər müəyyən olunmuş səbəbli əlaqənin dəyişdirilməsi, daha dəqiqi onun arzuladığı qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan iddiaçının tələbi ifadə tərzindən asılı olmayaraq onun hüquqi marağının məzmunu və çatmaq istədiyi məqsəd baxımından qiymətləndirilməlidir. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hərbi xidmət zamanı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə iddiaçı əslində sosial təminatını yaxşılaşdırmaq məqsədi güdür. Qeyd olunmalıdır ki, oxşar mövqe hazırkı iş üzrə də iddianın məcburetmə növündə iddia olmasına dəlalət edir. Bu səbəbdən də mənsubiyyətin tanınmasından imtina barədə qərarın ləğv edilməsi və mənsubiyyətin tanınması öhdəliyinin cavabdehə həvalə edilməsinə münasibətdə iddianın müddətlə bağlı mümkünlüyü məsələsi, məcburetmə növündə iddia üçün nəzərdə tutulmuş müddətlə bağlı qayda əsas götürülməklə qiymətləndirilməlidir. AR İPM-nin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki hallarından isə görünür ki, iddiaçıya mənsubiyyətin tanınmasından imtina barədə 10 sentyabr 2021-ci il tarixli qərar rəsmi qaydada imza etdirilməklə 08 oktyabr 2021-ci il tarixdə təqdim edilmiş, iddiaçı da 30 gündlük müddət ərzində yox, bir-neçə il sonra məhkəməyə mənsubiyyətin tanınması barədə müraciət edərək iddia müddətini ötürmüşdür. Doğrudur, iddiaçı tərəfindən növbəti dəfə 08 dekabr 2023-cü il tarixdə də müraciət edilmiş, ona mənsubiyyət məsələsinə dair qərarın qəbul edilməsi barədə məktubla məlumat verilmişdir. Məhkəmə hesab edir ki, həmin məktubun verilməsi də, müddətlə bağlı məsələdə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Buna dair qeyd edilməsi zəruridir ki, “İnzibati icraat haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən, ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; Hazırkı halda, adıçəkilən 11 dekabr 2023-cü il tarixli məktub, cavabdeh inzibati orqan müraciətin “İnzibati icraat haqqında” Qanunun 34.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasla baxılmamış saxlanması ilə əlaqədardır. Belə ki, adıçəkilən məktubdan da görünür ki, cavabdeh hər hansı inzibati araşdırma aparmamış, iddiaçının təkrar müraciətinə əvvəllər baxılması və buna dair qərar qəbul edildiyini iddiaçının diqqətinə çatdırmış, hər hansı imtina əsası ilə yenidən çıxış etməmiş, faktiki olaraq 34.1.1-ci maddəyə istinad etməsə də, iddiaçının növbəti müraciətinin baxılmamış saxlanılması barədə mövqe nümayiş etdirmişdir. Hətta həmin məktub yeni imtina hesab edilsə belə, müddətin ötdüyü aşkar görünür. Belə ki, məktub 11 dekabr 2023-cü il tarixdə tərtib edilmiş 28 dekabr 2023-cü il tarixdə iddiaçıya təqdim edilmiş, məhkəməyə isə yenə də 30 günlük müddətdən sonra müraciət edilmişdir. Lakin, məhkəmə hər bir halda hesab edir ki, 11 dekabr 2023-cü il tarixli məktub müraciətin baxılmamış saxlanılması ilə əlaqədar olduğundan müddət ötürmə zamanı 10 sentyabr 2021-ci il tarixli qərarın qəbulu və onun rəsmi qaydada iddiaçıya təqdim edilməsi əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Hazırki iş üzrə iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxtdan artıq 1 ildən çox müddət keçdiyindən, iş üzrə iddia müddətin bərpa edilməsi barədə ərizənin verilməsi istisna olunur. Odur ki, mənsubiyyətin tanınmalı olması, buna dair qərarın ləğv edilməli olmasına dair məcburetmə növündə iddianın müddətlə bağlı mümkünlük şərtinin ödənilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar