Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6882/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı vəkili Vəkil, cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərarın öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1956-cı il tarixində Azərbaycan SSR-inin Bakı şəhərində anadan olmuşdur, azərbaycanlıdır. X2 və X15. İddiaçı xx.xx.1978-ci il tarixində SSRİ vətəndaşının passportu verilmişdir. O, Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1978-ci il tarixində həmin ali təhsil müəssisəsini bitirmişdir, Mövsümova (Əzizova) Dilarə Nazif qızı ilə xx.xx.1978-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. X1, həyat yoldaşı Mövsümova (Əzizova) Dilarə Nazif qızı ilə nikahdan xx.xx.1982-ci il tarixində X8 adlı övladı dünyaya gəlmişdir. X8 Azərbaycan Respublikasının vətəndaşıdır (FİN:21ACQ8K). İddiaçı X1 atası Mövsümov X9 xx.xx.1997ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İddiaçının anası X5 xx.xx.1986-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. X3 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (AR DMX) müraciət etmişdir. AR DMX xx.xx.2023-cü il tarixli məktubla X1 müraciətini təmin etməmişdir.
3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 06 sentyabr 2021-cü il tarixli Qərarına əsasən 12 sentyabr 1956-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Belə ki, araşdırma nəticəsində “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - Xidmət) qarşı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə ilə Bakı inzibati məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və hesab edirəm ki, onun heç bir hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2021-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edirəm ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, şəxsin Azərbaycan SSR vətəndaşı olaraq pasport qeydiyyatında olması barədə məlumat yoxdur (VMMS üzrə məlumat etiraza əlavə olunur). Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək- Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Əlavə olaraq qeyd etmək lazımdır ki, şəxs vətəndaşsızlıq halında olmamış, Rusiya Federasiyasının vətəndaşlığını könüllü şəkildə qəbul etmişdir. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, iddiaçı inzibati aktı xx.xx.2021-ci il tarixdə şəxsən imzalayaraq rəsmi qaydada qəbul etmişdir. Bununla da, şəxs barəsində qəbul edilmiş sözügedən inzibati akt “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən ona vaxtında çatmış hesab olunduğundan şəxs tərəfindən şikayət müddətinin ötürüldüyü görülməkdədir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,2.1,27, 31,48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən xahiş edir ki, iddianın mümkün hesab edilməməsi barədə müvafiq qərar qəbul edəsiniz.
5. İş materiallarına əlavə olunmuş İ-İE 270288 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1956-cı il tarixində Azərbaycan SSR, Bakı şəhərində doğulmuşdur. Atası Mövsümov X9 və anası X5 milliyətcə azərbaycanlıdır.
6. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.
7. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən məhkəməyə təqdim olunan sərhədkeçmə məlumatlarına əsasən X10 xx.xx.2000-cü il tarixdən etibarən müxtəlif vaxtlarda Rusiya Federasiyasının vətəndaşı olaraq Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
10. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi zahirən məcburetmə növündə iddiaya bənzəsə də, iddia tələbi faktiki olaraq vətəndaşlıq mənsubiyyətinə müəyyən edilməsi ilə bağlıdır. Şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi zamanı inzibati orqan inzibati akt qəbul edir. Lakin bu, müvafiq iddianın məcburetmə növündə iddia kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Belə ki, həmin qərarla iddiaçı üçün status müəyyən edilmir. Müvafiq qərarla şəxsin müvafiq hüququ tanınır və ya tanınmaqlan imtina edilir.
11. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. Odur ki, iddia müəyyən etmə növündə iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).
16. Beləliklə, məhkəmə müəyyən edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı Azərbaycan SSR-in ərazisində doğulmuş və hazırda Rusiya Federasiyası vətəndaşıdır. Göründüyü kimi İddiaçı vətəndaşsızlıq vəziyyətində deyildir.
17. Məhkəmə qeyd edir ki, iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən iddiaçını naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir.
18. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva