Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6883/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m eyvanın (penthaus) mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m sahə üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 35 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə dair xx.xx.2021-ci il tarixli, ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin mənzilin onun tərəfindən alınmasına və pulun ödənilməsinə dair alğı-satqı müqaviləsi, MTK tərəfindən verilmiş arayış və texniki pasport cavabdehə təqdim edilsə də, müraciəti tam təmin edilməmişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 35 saylı mənzilin ümumi sahəsi 703.5 kv.m (94.8 kv.m yaşayış sahəsi, 74.0 kv.m yardımçı sahə və 534.7 kv.m eyvan) olsa da, onlar eyvanı mənzilin tərkib hissəsi kimi nəzərə almayaraq, sadəcə 168.80 kv.m sahəyə dair reyestrdən çıxarış vermişlər. Bu səbəbdən, hüquqlarının bərpa edilməsi üçün tərəfindən cavabdehə müraciət edilsə də, xx.xx.2022-ci il tarixli, **********39 saylı bildiriş ilə ərizəsinin icrasından imtina etmişlər. İmtinada göstərilmişdir ki, həmin sahə damüstü sahədir və ümumi mülkiyyət hüququ ilə bütün payçılara məxsusdur. Həmçinin cavabdeh həmin sahəyə dair hüquqmüəyyənedici sənədin olmamasını da, göstərmişdir. Hesab edir ki, bütün bunlar qanunsuzdur. Cavabdeh orqan ona məxsus mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata almaqdan qanunsuz olaraq imtina etmişdir. Belə ki, tərəfindən təqdim olunmuş hüquqmüəyyənedici sənəd olan xx.xx.2005-ci il tarixli müqavilədən də, görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 35 saylı mənzilə məxsus 703.5 kv.m sahə xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və müqavilə üzrə öhdəlikləri onun tərəfindən tam olaraq yerinə yetirilmişdir. Həmçinin digər qeyd edilməli olan məsələ ondan ibarətdir ki, həmin sahə məhz eyvandır (penthausdur) və həmin 534.77 kv.m sahəyə keçid sadəcə ona məxsus mənzildəndir. Həmin eyvan ona məxsus mənzilin tərkib hissəsidir və giriş sadəcə onun evindəndir. Cavabdeh orqan isə qanunsuz olaraq həmin sahənin ümumi yaşayış sahəsi olduğunu qeyd etmişdir. Bütün bunlar onu göstərir ki, sözügedən yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsindən cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Lakin, bu əsaslardan heç biri ona münasibətdə olmadığından cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinə müvafiq sənədlərin təqdim edilmədiyini əsas gətirərək, imtina etməklə hüquqlarını pozmuşdur. Göründüyü kimi, cavabdhein imtinası tamamilə əsassız və qanunsuzdur. Beləliklə də, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m eyvan mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, 703.5 kv.m sahə üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış və texniki pasport verilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m-lik eyvanın (penthaus) mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m-lik sahə üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 168.8 kv.m. olmaqla 4 (dörd) otaqlı kimi qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin 11-ci mərtəbədə yerləşdiyi, ətrafında sahəsi 533.2 kv.m olan damüstü sahənin mövcud olduğu, qeyd olunan sahədə binaya məxsus istilik xətlərinin keçdiyi və su çəninin olduğu müəyyən edilmişdir. Lakin, qeyd olunan sahəyə dair hər-hansı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə, ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********25 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirir ki, İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin çıxarışa əsasən ölçüsü 168.8 kv.m olmasına baxmayaraq, faktiki ölçüsü 328.8 kv.m-dir. Həmçinin bildiririk ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a ünvanında yerləşən 35 saylı mənzil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2005-ci il tarixli, 008012 nömrəli orderi əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyatdan keçmişdir. Mənzil bir neçə dəfə özgəninkiləşdirilmiş, hazırda daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” **********39 nömrəli, xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 168.8 kv.m olmaqla 4 (dörd) otaqlı kimi qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin 11-ci mərtəbədə yerləşdiyi, ətrafında sahəsi 533.2 kv.m olan damüstü sahənin mövcud olduğu, qeyd olunan sahədə binaya məxsus istilik xətlərinin keçdiyi və su çəninin olduğu müəyyən edilmişdir. Lakin, qeyd olunan sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədlər tərqdim edilməmişdir. İşdə olan xx.xx.1972-ci il tarixdə, İ-ТГ 426211 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28 may 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X11, ana qrafasında X6 qeyd edilmişdir. İşdə olan "xxxx" MTK üzvlərinin 01 iyun 2005-ci il tarixli, ümumi yığıncağının 08 nömrəli protokolundan çıxarışdan görünür ki, X12 "xxxx" MTK-ya üzv qəbul edilmiş və 4 otaqlı mənzil alanların siyahısına daxil edilmiş, X12 öz razılığı ilə "xxxx" MTK-nın binasında ünvan 2 ünvanında yaşayış sahəsi 168.0 kv.m, ümummi sahəsi 703 kv.m olan 1-ci girişdə, 11-ci mərtəbədə, 4 otaqlı, 35 nömrəli mənzil düşməsi təsdiq edilmiş, ailə tərkibi 1 nəfər - özü olmuşdur. İşdə lan "xxxx" MTK ilə X12 arasında bağlanmış 01 iyun 2005-ci il tarixli, 07 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə əsasında satıcı "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən on bir mərtəbəli yaşayış binasının 1-ci giriş, 11-ci mərtəbədə, 4 otaqlı, 35 nömrəli, ümumi sahəsi 703,0 kv.m olan (Penthause) sahəsini alıcı X2. İşdə olan "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1 giriş, 11 mərtəbəsində, ümumi sahəsi 703.0 kv.m, 4 otaqlı, 35 saylı mənzilin dəyəri tam ödənilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********85 nömrəli məktubla təqdim edilmiş, ünvan 3, 35 saylı mənzilə dair sənədlərin surətlərindən müəyyən edilir ki: - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 12 avqust 2005-ci il tarixli, 008012 nömrəli orderinə əsasən, Bakı şəhəri, Y.Səfərov küçəsi, ev 1 a, mənzil 35, giriş 1, mərtəbə 11, otağın sayı 4, kv.m 92.0 olan mənzil 1972-ci il təvəllüdlü X9 ayrılmışdır. Orderin verilməsinə əsas Bakı şəhər İcra Hakimiyyətinin 207 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı göstərilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 dekabr 2011-ci il tarixli, 2in(82)-1262/2011 saylı qərarına əsasən, ünvan 3, mənzil 35 ünvanına dair iddiaçı X5 adına verilmiş qeydiyyat vəsiqəsi itdiyinə görə etibarsız hesab edilmiş, ünvan 3, mənzil 35 ünvanına dair iddiaçı X5 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın dublikatının verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 168.1 kv.m, yaşayış sahəsi 94.4 kv.m, yardımçı sahəsi 73.7 kv.m, otaqların sayı 4 olan mənzil X5 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********52- 05301-093020 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 30 iyun 2012-ci il tarixli “Bağışlama müqaviləsi”nə əsasən, X12 Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 A-da yerləşən dörd otaqdan ibarət, ümumi sahəsi 168.10 kv.m, yaşayış sahəsi 94.40 kv.m olan 35 saylı mənzilini anası İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 168.8 kv.m, yaşayış sahəsi 94.8 kv.m, yardımçı sahəsi 74.0 kv.m, otaqların sayı 4 olan mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********52-05301-093020 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 05 fevral 2016cı il tarixli “Bağışlama müqaviləsi”nə əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 A-da yerləşən ümumi sahəsi 168.8 kv.m, yaşayış sahəsi 94.8 kv.m, yardımçı sahəsi 74.0 kv.m olan 4 (dörd) otaqlı, 35 nömrəli mənzilini X8 bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 168.8 kv.m olan mənzil X5 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********52-05301-093020 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 13 fevral 2016cı il tarixli “Bağışlama müqaviləsi”nə əsasən, X12 Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 A-da yerləşən ümumi sahəsi 168.8 kv.m olan 35 nömrəli mənzilini X7 bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən RX seriyalı, 08169935 nömrəli çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 168.8 kv.m olan mənzil X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********52-05301-093020 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** nömrəli, **********52-05301-093020 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, ünvan 5 ünvanında yerləşən, hüquq subyekti İddiaçı, reyestr nömrəsi **********52-05301-093020 olan mənzilə dair xx.xx.2012-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Texniki pasportda mənzil haqqında məlumat qrafasında yerləşdiyi mərtəbə 11, otaqların sayı 4, ümumi sahəsi 168.8 kv.m, yaşayış sahəsi 94.8 kv.m, eyvan sahəsi 534.7 kv.m göstərilmişdir. İşdə olan "xxxx" MTK tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli, 12 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında 11-ci mərtəbə, 4 otaqlı 35 saylı mənzilin sahibidir. Mənzilin ümumi sahəsi 703.5 kv.m, yaşayış sahəsi – 94.8 kv.m, köməkçi sahəsi – 74.0 kv.m, eyvan – 534.7 kv.m-dir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 17 yanvar 2022-ci il tarixli, **********59 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, yuxarıda sadalanmış sənədlərdən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 11 mərtəbəli, yaşayış binasının 1-ci girişdə, 11-ci mərtəbədə 4 otaqlı, 35 nömrəli, ümumi sahəsi 703.0 kv.m olan (penthouse) sahə "xxxx" MTK-nın üzlərinin 01 iyun 2005-ci il tarixli ümumi yığıncağının 08 nömrəli protokolundan çıxarışa əsasən iddiaçının oğlu X8 ayrılmışdır. Həmin sahə 07 saylı, 01 iyun 2005-ci il tarixli müqavilə əsasında X1. Mənzilin dəyəri X12 tərəfindən tam şəkildə ödənilmiş, buna dair "xxxx" MTK tərəfindən maliyyə arayışı verilmişdir. Mənzilə dair mülkiyyət hüquqları ilkin olaraq X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında həmin mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh orqan tərəfindən mənzilin qeydiyyata alınması zamanı tərtib olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsi 168.80 kv.m göstərilsə də, iş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixdə tərtib olunmuş texniki pasportda mənzilin eyvan sahəsinin ölçüsü 534.7 kv.m göstərilmişdir. İddiaçı texniki pasportda əks olunan 534.7 kv.m eyvanın mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m sahə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh tərəfindən onun müraciətindən qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 168.8 kv.m olmaqla 4 (dörd) otaqlı kimi qeydiyyata alınmasına, İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin 11-ci mərtəbədə yerləşməsinə, ətrafında sahəsi 533.2 kv.m olan damüstü sahənin mövcud olmasına, qeyd olunan sahədə binaya məxsus istilik xətlərinin keçməsinə və su çəninin olmasına, qeyd olunan sahəyə dair hər hansı hüququmüəyyənedici sənədlərin təqdim edilməsinə istinad edilərək imtina edilmişdir. Halbuki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi sahə, yaşayış binasının mənzillərinin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt sahəsi olmayıb, mənzilin ümumi sahəsinə daxil edilməli olan eyvan sahəsidir və həmin sahəyə dair "xxxx" MTK tərəfindən verilmiş müvafiq hüquqmüəyyənedici sənədlər (protokoldan çıxarış, müqavilə və maliyyə arayışı) mövcuddur. Həmin sənədlər isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən (mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh imtina məktubunda və məhkəməyə təqdim etdiyi etirazda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad etsə də, cavabdehin həmin istinadı düzgün olmamışdır. Belə ki, yuxarıda da, qeyd edildiyi kimi, mübahisəli sahə “eyvan” sahəsidir və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə əsasən sözügedən sahə mənzilin ümumi sahəsinə daxil edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsində göstərilmişdir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci maddəsinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Göründüyü kimi qüvvədə olan qanunvericilik və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələbləri mənzillərin ümumi sahəsinə daxil edilən hissələri və həmin hissələr əsasında hesablamanın aparılması qaydasını müəyyən etmişdir ki, yaşayış binasının “eyvan” sahəsinin mənzilin ümumi sahəsinə daxil olması aydın şəkildə göstərilmişdir. Məhkəmə eləcə də, iddia tələbinin texniki pasportun verilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.0-ci bəndinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Göründüyü kimi, texniki sənədlərin hazırlanması da, cavabdehin səlahiyyətlərinə daxildir. Bu səbəbdən də, iddiaçının texniki pasportun hazırlanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi də, əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasında inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq məqsədilə “İnzibati icraat haqqında” Qanun qəbul edilmişdir. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsində göstərilir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq isə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarından görünür ki, inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m eyvanın (penthaus) mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m sahə üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6883/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6883/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver