Məhkəmə qərarları › İş №2-1(112)-6886/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6886/2024

05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6886/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı əmək pensiyasının yenidən hesablanmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, cavabdeh inzibati orqan tərəfindən onun topladığı ümumi iş stajı və pensiya kapitalı düzgün müəyyən edilməmişdir. Bu səbəbdən onun əmək pensiyası məbləği ödənilməli olan məbləğdən az müəyyən olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilərkən onun ümumi iş stajı və pensiya kapitalında toplanan vəsait nəzərə alınmışdır. Daha sonra müvafiq artımlar nəzərə alınaraq iddiaçının pensiya məbləğində artımlar olmuş, xx.xx.2023-cü il tarixdən onun pensiyası 318,41 manat müəyyən edilmişdir. ƏPQ-nun 29.1-ci maddəsinə əsasən onun pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 365,22 manat, xx.xx.2024-cü il tarixdən isə 406,12 manata çatdırılmışdır. Göründüyü kimi iddiaçının pensiyasının hesablanması düzgün formada həyata keçirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Pensiya uçot vərəqindən görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Ümumi əsaslarla yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərar ilə iddiaçının əmək pensiyasının məbləği 365,22 manat müəyyən edilmişdir. DSMF Arxiv və Sosial İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, “Paralel” qəzetinin iş qovluğu Mərkəzi Filiala təhvil verilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, iddiaçı X1 dair tələb olunan məlumatlar xx.xx.2019-cu il tarixindən əvvəlki dövrü əhatə etdiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində mövcud olmadığını və əmək pensiyalarının təyin edilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqları üzrə müvafiq məlumatların təqdim edilməsi üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyiniz tövsiyə olunur. “Paralel” qəzeti tərəfindən verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, X2 ilə “Paralel” qəzeti arasında işəmuzd əmək müqaviləsi bağlanaraq parlamentə göndərilsə də, o, parlament iclaslarından redaksiyaya heç bir yazı təqdim edilmədiyinə görə əmək haqqı hesablanmayıb, sözügedən şəxs “Paralel” qəzetindən rəsmi əmək haqqı almayıb. DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, F.l.Məmmədovun 2011-ci ilin avqust ayından 2013-cü ilin dekabr ayınadək sığortaedən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aldığı əmək haqqı, həmin əmək haqqı üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarını təsdiq edən sənədlərin (ödəniş tapşırığı, ödəniş çeki, hesaba pul köçürməni təsdiq edən digər sənədlər), qeyd olunan ödənişlər əsasında pensiya kapitalı və onun hesablanma qaydasına dair izahlı arayışın, ümumiyyətlə iddiaçının işlədiyi illər üzrə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib - ödənilməməsi, məcburi dövlət sosial sığorta haqları üzrə borcun yaranıb - yaranmaması barədə məlumatların araşdırılması əlavə zaman tələb etdiyindən sözügedən məlumatların qeyd olunan müddət ərzində təqdim edilməsi mümkün olmamışdır. Aparılan araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcəkdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya hesablanması zamanı onun ümumi iş stajı və pensiya kapitalında toplanan vəsait nəzərə alınmış, pensiya məbləği xx.xx.2023-cü il tarixdən 365,22 manata, xx.xx.2024-cü il tarixdən isə 406,12 manata çatdırılmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı və pensiya kapitalı düzgün hesablanmamışdır. Məhkəmə qeyd etmək istəyir ki, hazırki iddia tələbinin əsaslı olub-olmaması istiqamətində qiymətləndirilmənin aparılması üçün aşağıda göstərilən hissələrə ayrıayrılıqda qiymət verilməlidir:

1. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajına;

2. xx.xx.2006-cı il tarixədək toplanan ümumi iş stajına əsasən pensiya kapitalına;

3. xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində toplanan vəsait. Məhkəmə ilkin olaraq iddiaçının ümumi iş stajına münasibət bildirir. Ümumi iş stajı ilə bağlı qiymətləndirmənin aparılması üçün məhkəmə, iddiaçıya pensiya təyin olunan dövrdə qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktlarına istinad edir. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajının əmək kitabçasında olan qeydlər əsasında yoxlanılması nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı: -xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək orduda xidmət etmiş; (10 ay 1 gün) -xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil almış; (10 ay 29 gün) -xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək çilingər; (04 ay 11 gün) -xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək çilingər; (02 ay 27 gün) -xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək çilingər; (03 il 7 gün) -xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək çilingər; (01 il 1 ay 4 gün) -xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək sürücü; (05 ay 28 gün) -xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək dizinfektor; (05 ay 17 gün) -xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək bufet müdiri və satıcısı; (05 il 01 ay 07 gün) -xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək çilingər; (01 il 11 ay 05 gün) -xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək şahmat məktəbində; (01 il 10 ay 10 gün) -xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək müxbir; (04 il 04 ay 25 gün) -xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək redaktor; (11 il 2 ay 14 gün) -xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək redaktor (xx.xx.2006-cı il tarixədək 06 ay 9 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur ki, onun xx.xx.2006-cı il tarixədək topladığı ümumi iş stajı 32 il 04 ay 25 gün təşkil edir. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı ümumi iş stajı üçün pensiya kapitalının nə qədər olmasına, həmçinin xx.xx.2006-cı il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına münasibət bildirir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun: “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.10. Müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. 6-1. Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. 10.4.Yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır Həmin Qanunun əvvəlki redaksiyasında qeyd olunmuşdur ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 180 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 45.1. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının xx.xx.2017ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.

İndeksləşdirmə nəzərə İstehlak qiymətləri İllər alınmaqla ilin əvvəlinə pensiya indeksinin illik səviyyəsi kapitalı 2006 8,3 8415,0 2007 16,7 9113,4 2008 20,8 10635,4 2009 1,5 12847,6 2010 5,7 13040,3 2011 7,9 13783,6 2012 1,1 14872,5 2013 2,4 15036,1 2014 1,4 15396,9 2015 4,0 15612,5 2016 12,4 16237,0 2017 18250,4

Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik xx.xx.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır. Burada vətəndaşın xx.xx.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. Məhkəmə qeyd edir ki, iddiaçının 2006-cı ilə qədər ümumi stajı 32 il 4 ay 25 gün gün təşkil etdiyindən, 2006-cı il tarixədək həmin staja əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital 5.508,47 manat ((32+(25/30+4/12))x170=5.508,47) təşkil etmişdir. Eyni zamanda 2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2017-ci il tarixə indeksləşdirilmiş məbləği 11946,71 manat təşkil edir: (2016-cı ildə pensiya kapitalı 10.628,74 manat olduğu halda, illik səviyyə nəzərə alınmaqla 2017-ci ildə pensiya məbləği 11.946,71 manat kimi müəyyən edilir – (10.628,74x12,4%) + 10.628,74 = 11.946,71))

İndeksləşdirmə nəzərə İstehlak qiymətləri İllər alınmaqla ilin əvvəlinə pensiya indeksinin illik səviyyəsi kapitalı 2006 8,3 5508,47 2007 16,7 5965,67 2008 20,8 6961,94 2009 1,5 8410,02 2010 5,7 8536,17 2011 7,9 9022,73 2012 1,1 9735,53 2013 2,4 9842,62 2014 1,4 10078,84 2015 4,0 10219,95 2016 12,4 10628,74 2017 11946,71

Qeyd olunan pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi 11946,71:144=82,96 manat hesablanmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi şəxsi hesabın sığorta İ nissənində qeyda alınmış pensiya kapitalının 2017-ci il tarixə indeksləşdirilmiş məbləği 1.937,57 manat müəyyən edilmişdir (Pensiyanın sığorta hissəsi: 1.937,57:144=13,45).Qeyd olunanlara əsasən pensiyanın ümumi məbləği aşağıdakı kimi hesablanmışdır: xx.xx.2017 - 110+82,96+13,45=206,41 xx.xx.2018 - 206,41 +206,41 x5,7%=218,18 xx.xx.2019 - 218,18+218,18x3%=224,67 xx.xx.2020 - 224,67+224,67x16,6%=261,96 xx.xx.2021 - 261,96+261,96x11,4%=291,83 xx.xx.2022 - 291,83+291,83x3,4%=301,75

Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən cavabdeh tərəfindən həm ümumi iş stajı, həmçinin də toplanan pensiya kapitalı ilə bağlı hesablamar düzgün aparılmış, illər üzrə pensiya məbləği indeksləşdirilmiş, növbəti illərdə isə müəyyən artımları nəzərə almış və nəticədə pensiya məbləği xx.xx.2024-cü il tarixə son olaraq 406,12 manata çatdırılmışdır ki, bu hal pensiya məbləğinin müəyyən edilməsi zamanı hər hansı səhvə yol verilməmişdir. İddiaçı əmək pensiyasının düzgün hesablanmaması ilə bağlı mülahizələr irəli sürsə də, hesablama zamanı cavabdeh tərəfindən hansı səhvə yol verildiyini, ümumiyyətlə onun ümumi iş stajı və ya fərdi hesabının sığorta hissəsində toplnana pensiya kapitalının səhv olduğu sübut edə bilməmişdir. Göründüyü kimi iddiaçının irəli sürdüyü mülahizələr formal xarakter daşıyır. Məhkəmə, iddiaçının ümumi iş stajının 37 il olması ilə bağlı irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2011-cı il tarixdən sonra “Paralel” qəzetində işlədiyi müddəti sığorta stajına daxil edilməsini tələb etsə də, həmin müddətin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən yoxlanılır. Bəhs edilən normativ hüquqi aktların tələblərindən görünür ki, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunan fərdi uçot məlumatları əsasında müəyyən edilir, yəni Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, “Sosial sığorta haqqında” Qanunun: Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 8. Sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. (Bu maddə 30 noyabr 2018-ci il tarixdə əlavə olunmuşdur) Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2011-cı il tarixdən sonra “Paralel” qəzetində işlədiyi müddəti sığorta stajına daxil edilməsini tələb etsə də, o, həmin müddət ərzində əmək haqqı almamışdır. Faktiki olaraq iddiaçı əmək haqqı almadığı halda məcburi sosial sığorta ödənişinin edilməsindən də söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə görə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının informasiya sistemində əks olunmaması şəxsin təqsiri ilə bağlı olmayan bir hal olduğundan, onlar üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1307/2021 nömrəli, xx.xx.2021-ci il tarixli; 2-1(102)-668/2022 nömrəli, xx.xx.2022-ci il tarixli; 2- 1(102)- 1126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-2228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları, 2-1(102)-2183/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına nəzər yetirsək görünür ki, kassasiya instansiya məhkəməsi aşağıdaki formada öz mövqeyini ifadə etmişdir: -“Əgər şəxsin ünvanlı şəkildə məcburi dövlət sosial sığorta haqlarını ödədiyi mötəbər ödəniş qəbzləri ilə təsdiq edilirsə, cavabdeh ödənişlərin edildiyini təsdiq edən sənədlərin mötəbərliyini mübahisələndirmirsə, eləcə də məhkəmənin özü tərəfindən də həmin sənədlərin mötəbərliyini şübhə altına almaq üçün hər hansı hallar müəyyən edilmirsə, iddiaçının pensiya hüququ təmin olunmalıdır. Həlledici olan məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmə faktının müəyyən edilməsidir. Kollegiya nəzərə alır ki, qanunvericiliyin tələbləri baxımından iddiaçının məcburi dövlət sosial sığorta haqlarını ödəməsi və təqdim olunan ödəniş qəbzlərinin mötəbərliyi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.” Hazırki iş üzrə isə onun “Paralel” qəzetində işlədiyi müddət ərzində nəinki məcburi sosial sığorta haqları, ümumiyyətlə ona əmək haqqının ödənilməsi təmin edilməmişdir ki, bu da bir mənalı olaraq həmin dövrün sığorta stajına daxil edilməsini istisna edir. Belə olan halda Məhkəmə hesab edir, həmin dövr onun ümumi iş stajına daxil edilmir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar