Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6887/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin cavabdeh orqanın elektron informasiya sisteminin Əlillik alt sistemində müddətsiz olaraq qeyd edilməsi barədə öhdəliyinin cavabdehə həvalə edilməsi» barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «sosial müavinətin bərpa edilməsi və s.» barədə iddia tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçının 8 – 9 yaşı olan zaman ürəyində, eyni zamanda aorta damarlarında ciddi problemlər olduğu aşkar olunmuşdur. Bu səbəbdən Bakı şəhərində müvafiq müyinələrdən sonra əməliyyata zərurət yarandığından, 2008-ci ildə valideynləri tərəfindən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə aparılaraq orada əməliyyat olunmuşdur. Ümumiyyətlə 2008-ci ildən başlayaraq 5 dəfə Sankt-Peterburq şəhərində müalicədə olmuşdur. Həmin dövrdən başlayaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 nömrəli Nizami rayon Tibbi Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən iddiaçı “Sağlamlıq imkanları məhdud 18 yaşənadək uşaqlar” kateqoriyasına aid edilmiş və ona sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün müəyyən olunan sosial müavinət ödənilirdi. 18 yaşı tamam olduqdan sonra 2015-ci ildə 7 nömrəli Nizami rayon TSEK tərəfindən verilmiş arayışa əsasən iddiaçıda ürək xəstəsi olduğundan ona müddətsiz 2-ci dərəcə əlillik qrupu təyin edilmişdir. Bu, 7 nömrəli Nizami rayon TSEK tərəfindən verilmiş arayış və Dövlət Sosial Müdafiə Fonduna sosial müavinət ödənişi üçün göndərilmiş arayışda da qeyd olunmuşdur. 2021-ci ilin may ayında iddiaçıya 2-ci dərəcə əlilliyə görə təyin olunmuş sosial müavinətin ödənişi dayandırılmışdır. Həmin vaxt o, DOST xidmətinə müraciət etdikdə oradan bildirilmişdir ki, növbəti aylardan müavinət ödəniləcəkdir. Beləliklə müavinət 7 – 8 ay ödənilmədikdə, nəhayət 2021-ci ilin noyabr ayında iddiaçı Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Qurumdan bildirilmişdir ki, guya arxivdə olan sənədlərdə əlillik dərəcəsi qeyd olunan jurnalda qeydiyyat aparan tibb bacısının texniki səhvə yol verməsi səbəbindən 2015-ci ildə səhvən əlillik bir illik kimi qeydiyyata alınıb və elektron sistem yaradıldıqdan sonra 2016-cı ildə avtomatik elektron sistemdə əlillik müddəti 5 illik uzadılıbdır. Eyni zamanda qeydiyyat jurnalının göstərilməsindən imtina olunmuşdur. Bununla bağlı Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciətdə bildirilmişdir ki, qeydiyyatçının səhvi ona (iddiaçıya) aid məsələ deyil, TSEK-in daxili prosedurudur. İddiaçıya bu haqda əvvəllər məlumat verilməmişdir. Agentliyin 21 yanvar 2022-ci il tarixli cavab məktubunda ona tibb müəssisəsi tərəfindən müayinə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun yenidən qiymətləndiriləcəyi bildirilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 mart 2022-ci il tarixli məktubunda isə uyğunsuzluğun aradan qaldırılması ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilməsi tövsiyə olunur. Həmçinin məktubda qeyd olunur ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 72.1 və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququm vardır. İddiaçı hesab edir ki, ona əlilliyə görə ödənilən sosial müvainətin bərbası üçün yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi əsassızdır. Çünki 2015-ci ildə 7 nömrəli Nizami rayon TSEK tərəfindən verilmiş arayışda ona müddətsiz 2-ci dərəcə əlillik təyin edildiyi qeyd olunmuşdur. Həmçinin qeydiyyatçının jurnalda texniki səhvə yol verməsi ona aid məsələ deyildir. Bu prosess Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin öz daxili işidir. Əlillik vəziyyətinin halhazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq qiymətləndirilməsi AR Konstiitusiyasının 149-cu maddəsində nəzərdə tutulmuş hüququnu pozur. Bu səbəbdən onun (iddiaçının) hal-hazırda yeni qaydalara uyğun olaraq əlilliyinin qiymətləndirilməsi qanuni deyildir. Çünki onun əlilliyi 2015-ci ilin may ayında təyin olunmuşdur. Həmin dövrdə əlilliyin meyarları daha yüngül olmuşdur. Odur ki, ona 2-ci qrup müddətsiz əlilliyi ilə əlaqədar olaraq 2021-ci ilin may ayında ödənilməsi dayandırılmış sosial müavinət bərpa olunmalıdır. Göstərilənlərə və AR Konstitusiyasının 24, 26, 38, 60, 71, 125, 127, 149-cu (Vİİ hissəsi) maddələrinə, İPM-in 2.2.3-cü maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçıya 2-ci qrup müddətsiz əlilliklə əlaqədar olaraq 2021-ci il may ayında ödənilməsi dayandırılmış sosial müavinətin bərpa olunması və bu günədək ödənilməyən sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İşin hazırlıq icraatı mərhələsində iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın «iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin cavabdehin elektron informasiya sisteminin Əlillik alt sistemində müddətsiz olaraq qeyd edilməsi barədə öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı etirazında bildirilir ki, İddiaçı əlillik vəziyyətinə 17 saylı Uşaq Poliklinikasının 3 may 2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q25 - İri arte...; Diaqnozun mətni: Anadangəlmə ürək qüsuru-aortal qapaq çatmamazlığı; Meyar: 2. iki il müddətinə: => 2.1. sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar: => 2.1.3. onurğa beyninin zədələnməsi nəticəsində çanaq orqanlarının funksiya pozulmaları” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 4 may 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2 XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q25 - İri arte...; Diaqnozun mətni: Anadangəlmə ürək qüsuru.MQÇ və aorta qapaq çatmamazlığı ilə.QDÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 4 may 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q25 - İri arte...; Diaqnozun mətni Anadangəlmə ürək qüsuru.MQÇ və aortä qapaq çatmamazlığı ilə.QDÇ İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci- üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, İddiaçı əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti 4 may 2016-cı il tarixdə olmuş və ona eletron təyinatla 5 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. 4 may 2021-ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti Agentliyə daxil olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Hal-hazırda iddiaçıya yeni göndərişlə əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya AR Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEKə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir, 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 21-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (maddə 21.1). Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur (maddə 21.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci bəndi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 2.4-cü bəndinə görə tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: (2.4.1) ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); (2.4.2) nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); (2.4.3) şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); (2.4.4) emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); (2.4.5) dağınıq skleroz (G35); (2.4.6) bir budun güdülü (Z89.8); (2.4.7) bir əlin olmaması (Q71.2, Z89.1); (2.4.8) beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); (2.4.9) tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); (2.4.10) heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). Əsasnamənin 4.1-ci bəndinə görə birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarının 1-ci hissəsi (NK-nın 30 dekabr 2015-ci il tariuxli 413 nömrəli qərarı ilə ləğv edilmişdir) ilə «Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2-ci bəndinə əsaəsn ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Belə hallara aşağıdakıları nümunə göstərmək olar: (2.2.1) Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı; (2.2.2) İnoperabel ürək qüsurları, ikinci dərəcə qan dövranı çatmamazlığı ilə və ya ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda; (2.2.3) Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi; (2.2.4) Kəskin və xroniki leykozlar, limfomalar; (2.2.5) Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə; (2.2.6) Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə; (2.2.7) Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə; (2.2.8) Nefroktomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci-ikinci dərəcəli xroniki böyrək çatmamazlığı ilə; (2.2.9) Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə; (2.2.10) Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozğunluqlar, görmə pozğunluqları və ya piramid çatmamazlıq əlamətləri ilə; (2.2.11) Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları; (2.2.12) Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları; (2.2.13) Hər 2 gözdə görmə itiliyinin korreksiya ilə 0,08-dən aşağı olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması; (2.2.14) Şizofreniya, paranoid qüsur halı; (2.2.15) Emosional-iradi pozğunluqlar və psixopatabənzər davranışla keçən imbesillik və ya debillik; (2.2.16) Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə; (2.2.17) Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü-dördüncü funksional sinif); (2.2.18) Bir budun güdülü; (2.2.19) Bir əlin olmaması; (2.2.20) Beyin maddəsində və ya miokardda yad cismin olması. Əsasnamədə 2.2.2, 2.2.8, 2.2.14, 2.2.15, 2.2.18, 2.2.19, 2.2.20-ci yarımbəndləri “Göstərilən hallarda əlillik müddətsiz təyin edilir” qeydi aparılan müddəalar sırasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Qanuna və İPM-ə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Tibbi-Sosial Ekspertiza və X1»nin 1.1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisənin mahiyyəti cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti ilə bağı mövqeyi ilə razılaşmadığından, qaldırılan məsələ ilə bağlı cavabdeh səlahiyyətli olduğundan, iddiaçı iddianı qaldırmaq üzrə subyektiv hüquqa malik olmaqla cavabdehin faktiki hərəkətlərini mübahisələndirdiyindən, eləcə də iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından, iddia mümkün iddia sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə vurğulayır ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 nömrəli Nizami rayon Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 590974 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün arayış”da 1997-ci il təvəllüdlü İddiaçı ikinci dərəcə əilliyin “müddətsiz” təyin edilməsi barədə düzəliş edilmiş və bu hal möhürlə təsdiqlənmişdir. İddiaçı ikinci dərəcə əlilliyin təyinatı zamanı onda olan xəstəlik və ya qüsur əlilliyin müddətsiz təyinatına əsas verib-verməməsindən asılı olmayaraq, onun əlliyinin müddətsiz göstərilməsi cavabdehin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imza və möhürlə təsdiq edildiyindən, həmin arayış iddiaçıya əlillik təyin edilməsi barədə inzibati aktın qəbulunu təsdiqləyən sənəddir. Belə olan halda, İddiaçı ikinci qrup əlillik dərəcəsinin “müddətsiz” təyin edilməsi barədə qərar qəbul olunmuş kimi qiymətləndirilir və bu qərar ünvanlandığı şəxs kimi iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habelə inzibati aktın digər xassələrini özündə əks etdirdiyindən “əlverişli inzibati akt”dır. Qanunun mənasına və mövcud inzibati praktikaya görə əlverişli inzibati aktın ləğvi, dəyişdirilməsi və etibarsızlığı bununla bağlı müvafiq əsaslar olduqda bu barədə qərarla rəsmiləşdirlir. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. Lakin cavabdeh tərəf faktiki hərəkətləri ilə iddiaçıya münasibətdə əlverişli inzibati aktı (əlilliyi barədə) dəyişdirsə də, bu barədə ayrıca inzibati icraat aparmamış və müvafiq inzibati akt qəbul etməmişdir. Yəni, inzibati orqan inzibati aktın dəyişdirilməsi ilə bağlı, buna əsaslar olubolmamasından asılı olmayaraq tələb olunan qaydada icraat aparmamış, iddiaçının məlumatlandlırılmasını və dinlənilməsini təmin etməmiş və rəsmiləşdirmə həyata keçirməmişdir. İddiaçıya əlilliklə bağlı ödənilmiş vəsaitin geri alınması halı baş verərsə, bu hal «İnzibati icraat haqqında» Qanunun 67.7-ci maddəsində göstərilən qaydada rəsmiləşdirildiyindən, bu norma da əlverişli inzibati aktın ləğvinin müvafiq qərarda əks olunmasını zəruri edir. Bununla da belə qənaət yaranır ki, cavabdeh inzibati orqan faktiki xarakterli hərəıkətləri ilə «İnzibati icraat haqqında» Qanunun 21, 24, 58, 67-ci maddələrinin tələblərini pozulmuşdr. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki, iddiaçının müddətsiz ikinci dərəcə əlilliyi ilə bağlı inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hərəkətləri qanunvericiliyin (o cümlədən inzibati icraatın prosedurl qaydaları müəyyən edən normaların) tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçının ikinci dərəcə əlilliyinin “müddətsiz” təyin olunması müvafiq sistemin “Əlillik alt sistemi”ndə əks olunmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir edir ki, iddia təmin edilərək İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin elektron informasiya sisteminin “Əlillik alt sistemi”ndə müddətsiz olaraq qeyd edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1, 69, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin elektron informasiya sisteminin “Əlillik alt sistemi”ndə müddətsiz olaraq qeyd edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6887/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6887/2022
29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver