Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6890/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmək kitabçasında düzəliş edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək kitabçasında düzəliş edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 6 iyun 1961-ci il tarixdə doğulmuşdur. 5 may 2006-cı il tarixdə “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə 3-cü dərəcə ilə dağ-mədən fəhləsi peşəsinə qəbul edilmiş, 5 noyabr 2008-ci il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən işdən azad olunmuşdur. 17 fevral 2008-ci il tarixdən 3-cü dərəcə ilə nasos maşinisti peşəsinə qəbul edilmişdir. 4 mart 2010cu il tarixdən 3-cü dərəcə ilə şit maşinisti peşəsinə keçirilmişdir. 26 aprel 20İ2-ci il tarixdən 4-cü dərəcə ilə X2 Kompleksinin maşinisti peşəsinə keçirilmişdir. 31 iyul 2014-cü il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən işdən azad olunmuşdur. 1 avqust 2014-cü il tarixdən “Bakı Metropoliteni" QSC-nin 3 saylı Tunel Tikinti dəstəsinə 4-cü dərəcə ilə X2 Kompleksinin maşinisti peşəsinə qəbul edilmişdir. 1 iyul 2017-ci il tarixdən 2 saylı Tunel Tikinti dəstəsinə 4-cü dərəcə ilə X2 Kompleksinin maşinisti peşəsinə keçirilmişdir. 18 dekabr 2018-ci il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə cəhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısında qeyd olunan (********) 2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər, (1010300а) fəhlələr, (1010300а—-13910) nasos qurğularının maşinistləri peşələri hazırkı İddiaçı işlədiyi peşəyə uyğundur. "xxxx" QSC Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna təqdim etmək üçün verdiyi 21 may 2019-cu il tarixli, A/240 saylı arxiv arayışı qəbul edilsə də, cavab verilməmişdir. Səbəb kimi DSMF-nin yerli qurumundan bildirilir ki, arxiv arayışı səhv məlumatlarla tərtib edilmişdir. Əmək kitabçasında kadrlar şöbəsi (səh.50-51) 16 dekabr 2008-ci il tarixli 201/K nömrəli əmrdə səhvən yerüstü əmək şəraiti üzrə 3-cü dərəcə üzrə nasos maşinisti qeyd etmişdir. Həmin qeydin yeraltı əmək şəraiti üzrə əvəz edilməsinə dair ərizə qəbul edilsə də düzəliş edilməmişdir. O (iddiaçı), “yerüstü” yox, “yeraltı” şəraitdə nasos maşinisti işləmişdir. Qrunt suyunun vurulması üçün nəzərdə tutulan nasos 25 – 30 metr dərinlikdə qoyulur. İddiaçı arxiv arayışının dəyişdirilməsi ilə bağlı təkrar müraciət etsə də, verilən cavab DSMF-nin yerli qurumu tərəfindən qəbul edilmir. "xxxx" QSC sənədə düzəliş etmədiyindən, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı üzrə ona pensiya təyin edilmir. Yuxarıda qeyd edilənlərə və qanunvericiliyə əsaslanaraq, məhkəmədən əmək kitabçasında kadrlar şöbəsi (səh. 50 – 51) 16 dekabr 2008-ci il tarixli 201/K nömrəli əmrdə səhvən yazılmış “yerüstü əmək şəraiti üzrə 3-cü dərəcə üzrə nasos maşinisti”ni “yeraltı əmək şəraiti üzrə 3-cü dərəcə üzrə nasos maşinisti” ilə əvəz edilməsi ilə düzəliş edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia ərizəsinin mahiyyətindən görünür ki, onun tələbi vaxtilə tərəflər arasında mövcud əmək münasibətləri üzrə yaranmış mübahisə ilə əlaqədardır. "xxxx" QSC inzibati orqan deyil, tərəflər arasında yaranan mübahisə isə inzibati hüquq münasibətləri ilə deyil, vaxtilə İddiaçı və "xxxx" QSC arasında mövcud olmuş əmək münasibətləri ilə əlaqədardır. AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda "xxxx" QSC inzibati orqanların sırasına daxil edilməmişdir. Hazırki iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürülmüş "xxxx" QSC inzibati orqan olmadığına görə tərəflər arasında inzibati hüquq münasibəti də mövcud deyil. İnzibati hüquq münasibəti olmadığı halda inzibati mübahisə də ola bilməz. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1 və 3.1-ci maddələrinə, AR Əmək Məcəlləsinin 297-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə, İPM-in 35-ci maddəsinə, AR Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 və 5 nömrəli qərarlarının müddəalarına əsaslanaraq məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, bildirdi ki, işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və bildirdi ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. AR Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə cavabdeh "xxxx" QSC arasında 2018-ci ilin dekabr ayınadək əmək münasibətləri mövcud olmuşdur. Məhkəmə mübahisələri üzrə cavabdeh qurumun müvafiq təsnifatda inzibati orqan kimi müəyyən edilib-edilməməsindən asılı olmayaraq, iddiaçı dövlət qulluğunda (o cümlədən dövlət qulluğunun xüsusi növü və s.) vəzifə tutmadığı halda, mübahisə publik deyil, mülki xarakteli qiymətləndirilir. Məhkəmənin qənaətinə görə hazırkı halda da tərəflər arasında inzibati münasibətlər olmamaış və bu səbəbdən də yaranmış mübahisə inzibati xarakterli deyil. Odur ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6890/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6890/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver