Məhkəmə qərarları › İş №2-1(112)-6892/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6892/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6892/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə dair çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız hesab edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 23 d saylı fərdi yaşayış evinə dair çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən idida ərizəsinə münasibət bildirilməsi üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 23d saylı fərdi yaşayış evi iddiaçı tərəfindən özgəninkiləşdirilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2019-cu il tarixli, **********63 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2010-ci il tarixli, 91 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 23d saylı fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2010-cu il tarixli, ********** nömrəli çıxarış verilmişdir. № İP 470, xx.xx.2010-cu il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı İddiaçı, kreditor - ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan X6 olmaqla, sözügedən daşınmaz əmlak X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2010-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. AN-İ № 0492198, xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 23d saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində X5, X7, X2 adlarına qeydiyyata alınmaqla, müvafiq olaraq, xx.xx.2015-ci il tarixli, ********** nömrəli və xx.xx.2015-ci il tarixli, **********, ********** nömrəli çıxarışlar verilmişdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında gəlmiş, iddiaçı, onun nümayəndəsi və vəkili isə gəlməmişlər. Məhkəmə işə iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla imtina cavabı verilmiş, iddiaçı xx.xx.2022-ci il tarixdə sözügedən imtina məktubundan 2 ildən çox keçdikdən sonra ağlabatan müddət ərzində məhkəməyə müraciət etməmişdir. Müraciətlə bağlı və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməsi üçün iddiaçıya hüquqi yardım məktubu göndərilsə də (sözügedən məktub iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır), iddiaçı tərəfindən hüquqi yardımda göstərilən təkliflər nəzərə alınmamış, hüquqi yardımda tələb olunan sübutlar, eləcə də, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməmişdir. Qeyd edilənlərdən əlavə məhkəmə tərəfindən göndərilmiş sorğulara cavabdeh orqan tərəfindən daxil olmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin (torpaq sahəsinə dair verilmiş Torpaq sahəsinin planı və ölçüsünün sərəncama əlavə edilmiş cizgiyə uyğun verilmədiyinə) əksinə o, Səbail rayon İcra Hakimiyyəti başçısının 716 nömrəli, 25 may 1999-cu il tarixli sərəncamına əsasən ona ayrılmış torpaq sahəsinə dair cizgi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, № 049316 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədini əldə etmiş, bundan sonra Bakı şəhəri, Salyan şossesi, 23 D ünvanda inşa etdiyi mövcud yaşayış evinin qeydiyyatdan keçirilməsi barədə Səbail rayon İcra Hakimiyyətinə müraciət etmiş, Səbail rayon İcra Hakimiyyətinin 91 nömrəli, 14 may 2010-cu il tarixli sərəncamı ilə Səbail rayonu. Salyan şossesi, 23 D ünvanda torpaq sahəsi 154 kv.m, iki ədəd (1 və 2 saylı tikili), iki mərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 63.76 kv.m, köməkçi sahəsi 29.24 kv.m, ümumi sahəsi 93 kv.m olan 1 nömrəli tikili; bir mərtəbəli, iki otaqlı, yaşayış sahəsi 28.5 kv.m, köməkçi sahəsi 12.41 kv.m, ümumi sahəsi 40.91 kv.m olan 2 nömrəli tikili, inşaat, sanitar norma və qaydalarına uyğun gəldiyi üçün hüquqi qeydiyyatdan keçirilmişdir. Həmin sənədlərə əsasən iddiaçının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilmiş, həmin çıxarışda fərdi yaşayış evinin əsas göstəriciləri aşağıdakı kimi göstərilmişdir: liter A, 2 mərtəbəli, yaşayış otaqlarının sayı 4, yaşayış sahəsi 63.7 kv.m, ümumi sahəsi 92.9 kv.m; liter B, 1 mərtəbəli, yaşayış otaqlarının sayı 2, yaşayış sahəsi 28.6 kv.m, ümumi sahəsi 41 kv.m, torpaq sahəsinin ölçüsü 0.0154 ha, mülkiyyət növü xüsusi göstərilmişdir. İddiaçı tərəfindən sözügedən ünvanda yerləşən “B” tikilisi AN-İ seriyalı, xx.xx.2010-cu il tarixli “Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsi”nə əsasən X3 adına, “A” tikilisi isə İP 470 nömrəli, xx.xx.2010-cu il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı İddiaçı, kreditor – ipoteka saxlayan "xxxx" ASC, alıcıipoteka qoyan X6 olmaqla özgəninkiləşdirilmiş, daşınmaz əmlak X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2010-cu il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Sonradan AN-İ № 0492198, xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 23d saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində X5, X7, X2 adlarına qeydiyyata alınmaqla, müvafiq olaraq, xx.xx.2015-ci il tarixli, ********** nömrəli və xx.xx.2015-ci il tarixli, **********, ********** nömrəli çıxarışlar verilmişdir. İstər sərəncam əsasında iddiaçı sonrakı sənədləri əldə etdiyi müddətdə, istərsə də, sözügedən müqavilələrlə iddiaçı tərəfindən fərdi yaşayış evləri rəsmiləşdirdiyi müddət ərzində torpaq sahəsinin cizgiyə uyğun verilməməsi və torpaq sahəsinin ölçüsünün ayrıldığında daha az olması ilə bağlı cavabdehə müraciət etməsi, bununla bağlı dəlillər irəli sürməsi, eləcə də, fərdi yaşayış evinin onun etibarnamə verdiyi şəxslər tərəfindən özgəninkiləşdirilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut aşkar edilməmiş, əksinə iş materiallarında olan müqavilələrin surətlərinə əsasən müqavilələrin rəsmiləşdirilməsində İddiaçı şəxsən özünün iştirak etməsi və özünün imza etməsi müəyyən edilmişdir. Beləliklə göründüyü kimi, iddiaçı ona məxsus fərdi yaşayış evini alğı-satqı və ipoteka müqavilələrinə əsasən özgəninkiləşdirmiş, fərdi yaşayış evi müvafiq olaraq həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan həmin şəxslər tərəfindən də, başqa şəxslərin adına özgəninkiləşdirilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı və əmlakını özgəninkiləşdirdiyi şəxslər Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etdiklərindən, yəni, satıcı öz əmlakını alıcıya satdığından, alıcı isə həmin əmlakın dəyərini ona ödədiyindən və satıcı da, qəbul etdiyindən, bununla da, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verildiyindən, iddiaçının artıq özgəninkiləşdirdiyi, hüquqlarından azad təhvil verdiyi fərdi yaşayış evinə dair başqa şəxslərin qeydiyyata alınmış hüquqlarını mübahisələndirməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar