Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6893/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 01 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ehtiyata buraxılmaqla əlaqədar istifadə etmədiyi 45 günlük növbəti məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Silahlı Qüvvələrinin “polkovnik-leytenant” rütbəsində ehtiyatda olan zabitidir. 1992-2023-cü illər ərzində Azərbaycan Ordusunun müxtəlif hərbi hissələrində həqiqi hərbi xidmət keçmişdir. Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli, 0785 nömrəli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. 44 günlük Vətən Müharibəsinin və 19 sentyabr 2023-cü il tarixli Antiterorror Tədbirlərinin iştirakçısıdır. “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə, o cümlədən “Qüsursuz xidmətə görə” medalın hər dərəcəsi və bir sıra yubiley medalları ilə təltif olunmuşdur. Azərbaycan Ordusundan yaşa görə ehtiyata buraxılması ilə əlaqədar olaraq qanunvericiliyə əsasən üç aylıq (90 gün) məzuniyyət hüququ olsa da, ona yalnız 45 (qırx beş) gün müddətində növbəti məzuniyyət verilmişdir, qalan 45 (qırx beş) gün məzuniyyətdən isə istifadə etməmişdir. Qanunvericiliyin tələblərinə əsasən istifadə etmədiyi məzuniyyət günlərinə görə ona pul kompensasiyası ödənilməlidir. Bununla bağlı sonuncu xidmət etdiyi hərbi hissəyə çoxsaylı müraciətlər etsə də, bugünədək ona istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası ödənilməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 1709 saylı məktubda qeyd olunur ki, ‘‘Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 120-ci maddəsinin “q” bəndinə müvafiq olaraq yaşına və xəstəliyə buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətinə verilir.” Cavabdeh orqan qanunvericiliyin tələblərini qeyd etsə də, istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi məsələsinə münasibət bildirməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçının məzuniyyət tələbi 377-İQ №li 3 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Qanununun aşağıda qeyd olunan maddələri ilə tənzimlənir: 114. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyət; 120. Növbəti məzuniyyət aşağıdakılara verilir: q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Qanunun müddəlarından göründüyü kimi zabit heyətinə növbəti məzuniyyət cari ildə 45 gün, yaşına, xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara isə 90 gün (45 gün növbəti məzuniyyətə 45 gün əlavə) məzuniyyət verilir. İddiaçı, 2023-cü ildə ehtiyata buraxılarkən 45 gün məzuniyyətdən istifadə etmədiyini öz ərizəsində qeyd etmişdir. Araşdırmalar və sənədlərin təhlili göstərir ki, iddiaçı bilərəkdən məhkəməyə yanlış məlumat vermişdir. Belə ki, iddiaçının şəxsi işi araşdırılmış və xx.xx.2023-cü ildə onun söhbət vərəqəsində xx.xx.2023-cü il tarixədək növbəti məzuniyyətdən 25 gün istifadə etdiyini qeyd etdiyi aşkar edilmişdir. Bundan əlavə olaraq iddiaçının son xidmət etdiyi N nömrəli hərbi hissəyə sorğu göndərilmişdir. Hərbi hissədən daxil olan 3-25-159/2-297/2025 nömrəli xx.xx.2025-ci il tarixli arayışda, sabiq hərbi qulluqçu İddiaçı xx.xx.2023-cü il tarixədək 45 gün növbəti və 7 gün ailə vəziyyətinə görə ümumilikdə 52 gün məzuniyyətdən istifadə etdiyi bildirilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 374 №li əmri ilə İddiaçı ehtiyata buraxılarkən 2023-cü ildə istifadə etdiyi 52 gün məzuniyyətə əlavə olaraq daha 45 gün məzuniyyət verilmiş və beləliklə İddiaçı ümumilikdə 2023-cü il hesabına 97 gün məzuniyyətdən istifadə etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək etirazın dəlillərini müdafiə etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 374 nömrəli əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı raket-artilleriya silahları xidmətinin rəisi, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli, 0785 nömrəli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilməsi, xx.xx.2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması, ona 2023-cü il yanvar-dekabr aylarındakı xidmətinə görə Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli, 22 nömrəli qərarı ilə birdəfəlik pul mükafatının tam həcmdə ödənilməsi, ona ehtiyata buraxılması ilə əlaqədar 5 aylıq maaş miqdarında birdəfəlik pul mükafatının ödənilməsi barədə göstəriş verilmişdir; N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2023-cü il ərzində xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində N və 14 nömrəli əmrləri əsasında 4 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində 87 və 88 nömrəli əmrləri əsasında 1 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində 93 və 96 nömrəli əmrləri əsasında 3 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində 156 və N nömrəli əmrləri əsasında 5 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində 168 və 173 nömrəli əmrləri əsasında 5 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində 173 və 176 nömrəli əmrləri əsasında 3 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində 182 və 185 nömrəli əmrləri əsasında 4 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində 191 və 195 nömrəli əmrləri əsasında 4 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində 247 və 262 nömrəli əmrləri əsasında 16 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində 300 və 307 nömrəli əmrləri əsasında 7 gün məzuniyyət hüququndan istifadə etmişdir; xx.xx.2023-cü il tarixli söhbət vərəqəsindən görünür ki, İddiaçı 25 gün növbəti məzuniyyət hüququndan istifadə etdiyini bildirmişdir. Tətbiq edilən hüquq: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
120. Növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə N gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.
121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir
126. Hərbi hissə və bölmələrdə yanvar ayının birinə kimi yeni il üçün hərbi qulluqçuların növbəti məzuniyyətləri planı tutulur və hərbi qulluqçuların müvafiq kateqoriyalarına məzuniyyət vermək səlahiyyəti olan rəis tərəfindən təsdiq olunur və şəxsi heyətə elan edilir. Hərbi qulluqçulara növbəti məzuniyyətlər bütün təqvim ili boyu bərabər şəkildə hər ay hərbi hissə hərbi qulluqçularının N — 12 faizinin məzuniyyətdə olması hesabı ilə verilir. Məzuniyyət vermək səlahiyyəti olan rəislər hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına döyüş hazırlığının (tapşırığın yerinə yetirilməsinin) gərgin dövründə məzuniyyətlərin aylıq normasını azalda bilər və eləcə də ilin başqa vaxtında bu normaları artıra bilər. Hərbi təhsil müəssisələrində daimi heyətdən olan hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinin aylıq norması təhsil müəssisələrinin rəisləri tərəfindən müəyyən edilir. Döyüş əməliyyatlarında, habelə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmətin digər vəzifələrini yerinə yetirərkən xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara növbəti məzuniyyətdən ilin istənilən münasib vaxtında istifadə etmək hüququ verilir. Müvafiq qurumlar təsdiq olunmuş plan əsasında hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinə daimi nəzarət etməli və bu barədə müvafiq komandirə (rəisə) məlumat verməlidirlər. İlin əvvəlində korpus (diviziya), Silahlı Qüvvələr növünün müvafiq qurumu keçən ildə növbəti məzuniyyətə getməyənlər və onların səbəbləri barədə məlumatları ümumiləşdirir və yanvarın N-na kimi korpus (diviziya) komandirinə, qoşun növü komandanına yeni ilin birinci rübündə həmin hərbi qulluqçulara növbəti məzuniyyətin verilməsi barədə öz təkliflərini verir. Korpus (diviziya), Silahlı Qüvvələr növü komandanının qərarı hərbi qulluqçuları növbəti məzuniyyətə getməmiş hərbi hissələrin komandirlərinə çatdırılır.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Vətəndaşın həqiqi hərbi qulluğa daxil olması onun Konstitusiyada təsbit olunmuş əmək hüququnun realizə üsullarından biridir. Hərbi qulluğun özü isə dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların istirahət hüququnda, xüsusilə də ödənişli məzuniyyət müddətlərində öz əksini tapmışdır. Belə ki, yuxarıda istinad olunan Əsasnamənin 120-ci maddəsinin “b”, “v” və “q” bəndlərində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına - hər təqvim ili üçün 30 gün, gizirlərə və miçmanlara - hər təqvim ili üçün 35 gün, zabitlərə - hər təqvim ili üçün 45 gün növbəti məzuniyyət verilməsini müəyyən etmişdir. Göründüyü kimi, maddənin birinci hissəsində məzuniyyətin istifadə edilməsinin zaman çərçivələri müəyyən edilmiş, maddənin ikinci və üçüncü hissəsi isə həmin növbəti məzuniyyət müddətinin müəyyən meyarlar nəzərə alınmaqla artırılması ilə bağlı halları tənzimləmişdir. Belə ki, əgər zabit heyətinə daxil olmayan hərbi qulluqçu Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmişdirsə, bu halda ona növbəti məzuniyyət 30 və ya 35 gün deyil, 40 gün müddətində verilir. Zabit heyətinə daxil olan hərbi qulluqçular isə yaşına, xəstəliyə görə ehtiyata və ya istefaya buraxıldıqda, yaxud 20 və daha artıq təqvim ili xidmət edən zabit heyətinə aid hərbi qulluqçu ehtiyata buraxıldıqda həmin il üzrə növbəti məzuniyyət onlara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 45 gün deyil, 3 ay, yəni 90 gün müddətinə verilir. İddia ərizəsindən də görünür ki, iddiaçı ona ehtiyata buraxıldığı zaman 2023-cü il üzrə 45 gün məzuniyyət verildiyini, lakin qanunvericiliyə əsasən bu 90 gün olmalı olduğundan əlavə 45 gün müddəti üçün kompensasiya verilməli olduğunu qeyd edir. İddiaçı onun hansı müddətdə məzuniyyət istifadə etməsindən asılı olmayaraq ehtiyata buraxıldığı zaman hər bir halda 90 gün məzuniyyət verilməli olduğu qənaətindədir. İddiaçının tələbi aşağıdakılara görə əsassızdır. Belə ki, yuxarıda istinad olunan normalardan da görünür ki, qanunverici hərbi qulluqçulara verilən məzuniyyət növlərini konkret tənzimləmiş, növbəti məzuniyyət həmin növlərdən birinə aid edilmişdir. Normaya əsasən növbəti məzuniyyət hərbi qulluqçuya hər təqvim ili və ildə bir dəfə verilir. Qanunverici il ərzində iki dəfə növbəti məzuniyyət verilməsini nəzərdə tutmamışdır. Bunun məntiqi davamıdır ki, əgər 20 və daha artıq təqvim ili xidmət edən zabit heyətinə aid hərbi qulluqçu ehtiyata buraxılırsa, həmin il üçün nəzərdə tutulmuş 45 günlük məzuniyyət hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri də həll etmək məqsədilə 3 ay müddətinə verilir. Buna görə də məhkəmə hesab edir ki, qanunla nəzərdə tutulmuş 90 günlük məzuniyyət tam şəkildə iddiaçıya verildiyindən, onun əlavə 45 günlük məzuniyyət hüququ qalmadığından istifadə edilməmiş 45 günə görə pul kompensasiyasının ödənilməsi mümkünsüzdür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov