Məhkəmə qərarları › İş №2-1(112)-6894/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6894/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6894/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı 3-cü şəxs X2 işə cəlb edilməklə “mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi, eyni zamanda iş üzrə üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı 3-cü şəxs X2 işə cəlb edilməklə “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı onun Goranboy rayon İcra Hakimiyyətində olan xx.xx.2008-ci il tarixli mənzil növbəsinin Cavabdehə köçürülməsi, mənzil növbəsinə götürülməsi tarixi saxlanılmaqla əri X1 ailə üzvü kimi mənzil növbəliliyinə daxil edilməklə mənzil növbəliliyinin iki nəfər (özü və əri) hesab edilməsi haqqında sərəncam qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İ dərəcəli gözdən əlildir. Yuxarıda göstərilən yaşadığı və qeydiyyatda olduğu ünvan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə (AzGƏC) məxsusdur. Bildirər ki, X2 ilə xx.xx.2024-cü il tarixdə nikaha daxil olmuşdur. Onu da bildirir ki, həyat yoldaşı (əri) də İİ dərəcəli əlildir. Hər ikisi yuxarıda göstərilən ünvanda müvəqqəti məskunlaşmışlar. Belə ki, əlil olduqlarına və maddi durumlarının aşağı səviyyədə olması yaşayış yeri ilə təmin edilmələrinə imkan vermədiyinə görə hər birinin Az GƏC tərəfindən Cəmiyyətə məxsus yataqxanada məskunlaşmalarına icazə verilmişdir. Bildirir ki, ailələri aztəminatlıdır və dövlət qayğısı ilə aldığı əlillik pensiyası ilə dolanırlar. Gələcək prespektivləri var və ailələri tam tərkibli olması üçün övlad sahibi olmaq istəyirlər. Mənzil şəraitləri isə buna imkan vermir. Onu da, qeyd etmək istəyir ki, Goranboy rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 26 saylı sərəncamı ilə o, ailə tərkibi 1(bir) nəfər (özüm) olmaqla mənzil növbəsinə götürülmüşdür. Uzun zaman Bakı şəhərində yaşamsına baxamayaraq 2024-cü ildə böyük səylə yaşadığı ünvana pasport qeydiyyatına alındığı üçün mənzil uçot sənədlərinin Cavabdehə köçürülməsi məqsədilə Goranboy rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Goranboy rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 197 saylı sərəncamı ilə mənzil növbəlik sənədləri aidiyyəti üzrə Cavabdehə göndərilmişdir. Lakin, təəssüf hissi ilə qeyd etməyə ehtiyac duyulur ki, mənzil uçot sənədlərinin qəbulu üçün Cavabdehə müraciəti İcra Hakimiyyətinin absurd məktubu ilə rədd cavabı verilərək ona geri göndərilmişdir. Məktubda "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının İİ fəslinin 8-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələbi rəhbər tutularaq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin Bakı şəhərində, mənzil növbəsinə götürülməsi üçün ən azı 5-il Bakı şəhərində yaşaması şərtinin vacibliyi göstərilmişdir. Cavabdeh onun Goranboy rayonunda pasport qeydiyyatında olmasına baxmayaraq uzun zamnadan bəri yuxarıda göstərilən F.X.Xoyski 123 a ünvanında yaşaması faktını və buna müvafiq Az.GƏC tərəfindən verilən sorğu məktubunu heç araşdırmamışdır. Belə ki, o, uzun illərdir bu ünvanda yaşasa da, buraya pasport qeydiyyatına düşə bilmir. Çünki, yataqxanalar və qeyri yaşayış sahələrinə pasport qeydiyyatına götürülməsi naməlum səbəblərdən aidiyyəti üzrə pasport qeydiyyatı idarələri tərəfindən aparılmır. Sonradan, Az.GƏC tərəfindən və bir qurup bu ünvanda (yataqxanada) yaşayan gözdən əlil sakinlər tərəfindən aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və məhkəmənin haqlı mövqeyi ilə onları pasport qeydiyyatına almışlar. Digər tərəfdən cavabdeh mənzil növbəsinə götürülmək üçün müəyyən edilmiş normanı onun müraciətinə aid edərək əsassız yerə ona yuxarıda göstərilən qanunun tələbini tətbiq edərək rədd cavabı vermişdir. Belə ki, göstərilən normativ tələbdə vətəndaşlar yaşadığı yer üzrə ilkin mənzil növbəsinə götürülən zaman 5 il daimi yaşayış yerinin vacibliyi şərti qeyd edilmişdir. O, isə uzun illərdir mövcud olan mənzil növbəliyinin digər yaşayış yerinə köçürülmə müraciəti ilə aidiyyəti üzrə cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Nazirlər Kabinetinin Azərbaycan ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında 14 oktyabr 1983-cü iltarixli 418 saylı qərarın 5-ci bəndinin tələbini nəzərə almamışdır.

3. Məhkəmənin 2-1(112)-6894/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Sonradan iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək onun xx.xx.2008-ci il tarixdən ailə üzvü (əri X2) ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz (münasibət) təqdim edilməmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda üçüncü şəxs iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 5-14/3-18/2025 nömrəli məktubla imtina edilmişdir.

10. İş materiallarına iddiaçı tərəfindən nikah haqqında şəhadətnamə, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışlar, “Mənzil növbəliliyindən çıxarılması barədə” Goranboy rayon İcra Hakimiyyəti başçısının 197 nömrəli, 06 noyabr 2024-cü il tarixli sərəncamı, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimayi Birliyi tərəfindən verilmiş arayış əlavə edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən xx.xx.2025-ci il tarixli, 5-45/2-370/2025 nömrəli məktubla Goranboy rayon İcra Hakimiyyəti tərəfindən Goranboy rayon İcra Hakimiyyəti başçısının 197 nömrəli, 06 noyabr 2024-cü il tarixli sərəncamının və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 5- 14/2-470/2025 nömrəli məktubla İddiaçı müraciəti ilə bağlı aparılmış inzibati icraat materiallarının surətləri məhkəməyə təqdim edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 12 may 2025-ci il tarixli, 3-21-3- 30/2-18800/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı və X1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən iddiaçının, iddiaçının nümayəndəsinin, eyni zamanda 3-cü şəxsin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Məhkəmə ilk öncə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı birinci dərəcə gözdən əlil olmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli məktubla imtina edilmişdir. İmtinaya əsas kimi mövcud mənzil qanunvericiliyinə əsasən onun son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qyediyyatda olmaması göstərilmişdir.

22. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur

23. Belə ki, qüvvədə olan Qaydalarda müddətlə bağlı şərtin ödənilməsinin vacibliyi xüsusi olaraq vurğulanmışdır. Həmin normanın məqsədi onunla bağlıdır ki, şəxs mənzil növbəsinə daimi yaşadığı, ailə üzvləri ilə birgə təsərrüfat apardığı ərazi üzrə götürülsün. Belə ki, şəhər və rayon üzrə mənzil növbəsinə götürülən şəxslərə təqdim edilən mənzillərin bazar dəyərinin fərqliliyi nəzərə alınmaqla və eyni ərazi üzrə mənzil növbəsinə götürülmə sayının əsassız artımının qarşısının alınmasına yönəlmiş bu norma Azərbaycan SSR dövründə qəbul edilsə də təkcə hüquqi baxımından yox, həmçinin işin faktiki halları baxımından da öz əhəmiyyətini saxlayır.

24. Lakin, Yeni Mənzil Məcəlləsi adıçəkilən Qaydalardan fərqli tənzimləmə müəyyən etmişdir.

25. Belə ki, Adıçəkilən Məcəllənin: 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.

26. Göründüyü kimi maddənin tələbi konkretdir. Uçota alınma məhz yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət əsasında həyata keçirilir.

27. Bu baxımdan qeyd olunmalıdır ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2-ci maddəsinə əsasən, Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir.

28. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir.

29. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsi 51.3-cü maddəsi).

30. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisndə olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gəlir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, “şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.”. Həmin Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

32. Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

33. İddiaçının şəxsiyyət vəsiqəsi ilə isə müəyyən edilir ki, onun qeydiyyat yeri, yəni yaşadığı yer məhz Bakı şəhəridir. İddiaçı da, buna uyğun olaraq məhz yaşadığı yer üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etmişdir ki, onun müraciəti Mənzil Məcəlləsinin 51.3-cü maddənin tələblərinə uyğun olaraq məhz yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına edilmişdir. Adıçəkilən Məcəllədə isə yuxarıda adıçəkilən Qaydalarda nəzərdə tutulmuş hər hansı istisna müəyyən edilməmiş, 5 illik şərtin tətbiqi göstərilməmiş, müraciət üçün tək şərt şəxsin yaşadığı yer üzrə müraciəti ilə əlaqədar olmuşdur ki, iddiaçı da həmin şərtin tələblərinə uyğun olaraq yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmişdir.

34. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

35. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.

36. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-917/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya instansiya məhkəməsi mübahisə üzrə iddiaçının kirayə müqaviləsinə əsasən Bakı şəhərinə qeydiyyata alındığı təqdirdə, faktiki olaraq daimi yaşayış yerinin Azərbaycan Respublikasının digər ərazi vahidi olan Qazax rayonu olmasını nəzərə almış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə istinad edərək iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı iddianın əsaslı olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının mənzilə Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat etməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz.

37. Göründüyü kimi, həmin iş üzrə hər nə qədər iddiaçının faktiki olaraq Bakı şəhərində yaşaması sübut edilməməsi əsası ilə iddianı rədd etsə də, faktiki Bakı şəhərində yaşama ilə bağlı halın mövcud olduğu təqdirdə iddianın təminini mümkün hesab etmiş, mütləq Bakı şəhərində uzun müddət yaşama ilə bağlı şərtin tətbiqi istisna edilmişdir. Belə ki, Ali Məhkəmənin yekun qərar qəbul etdiyi həmin işdən də, göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələri Bakı şəhərində son 5 il ərzində yaşamama ilə bağlı hüquqi fakta istinad etsə də, Ali Məhkəmə həmin hüquqi faktın tətbiqindən imtina etmiş, əsas nəzərə alınmalı olan halın iddiaçının faktiki Bakı şəhərində yaşayıb-yaşamaması ilə əlaqələndirmişdir ki, hazırkı iş üzrə iddiaçının Bakı şəhərində faktiki yaşaması sübut olunur, əks hal isə cavabdeh tərəfindən sübut edilməmişdir.

38. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir. 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

39. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq şikayət edə bilər.

40. Göründüyü kimi mənzil növbəsinə götürülmədən imtinanın konkret əsasları müəyyən edilmişdir ki, həmin əsaslar iddiaçıya şamil edilmir. Belə ki, iş materiallarında olan sənədlərdən də, göründüyü kimi iddiaçı mənzil növbəsinə ehtiyacı olan şəxsdir.

41. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, işin hallarından göründüyü kimi, iddiaçı 2024-cü il tarixdə Bakı şəhərinə qeydiyyata düşsə də, 2017-ci il tarixdən Bakı şəhərində yaşayır. Həmçinin, işin hallarından göründüyü kimi, onun gözdən əlilik kimi Goranboy rayon İcra Hakimiyyətində mənzil növbəsi olmuş və o, yaşayış yerini dəyişdiyindən İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən yaşayış yerini dəyişməsi əsası ilə mənzil növbəsindən çıxarılmışdır. Belə olan təqdirdə, onun sosial təminat hüququnun ədalətli şəkildə təmin edilməsi məqsədilə Goranboy rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmə tarixi saxlanılmalı, həmçinin, xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olduğundan, əri, hazırki iş üzrə üçüncü şəxs X1 adı iddiaçının ailə tərkibi kimi mənzil növbəsinə daxil edilməlidir.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

43. Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından məhkəmə icraatının gedişatında iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu göstərilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2008-ci il tarixdən, ailə üzvü (əri X2) ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyi Bakı şəhəri Cavabdehə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar