Məhkəmə qərarları › İş №2-1(112)-6898/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6898/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6898/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, X1nun iştirakı ilə X1nun cavabdeh Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı «təqdimatın etibarzsız sayılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 cavabdeh Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı cavabdeh tərəfindən AR Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmiş xx xxxx 2019-cu il tarixli təqdimatın etibarsız sayılması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxxx 2012-ci il tarixdən xx xxxx 2019cu il tarixədək Döv-lət Təhlükəsizlik Xidmətində (keçmiş MTN-də) xid-mət etmişəm. Xidmətin əmri ilə xx xxxx 2019-cu il tarixdə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmış və xx xxxx 2019-cu il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Buna səbəb olaraq AR Baş prokuroru yanında Kor-rupsiyaya qarşı Mübarizə Baş İdarəsində xx xxxxxx 2018-ci il tarixdə başlanmış ********* nömrəli Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirləndirilən AR Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı X3-lu və qeyrilərinin cinayət işində onun şahid kimi dindirilməsi zaman verdiyi ifadələrlə bağlı xx xxxx 2019-cu il tarixidə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş qərəzli təqdimatda ona intizam tənbehinin verilməsi əsas göstərmişdir. xx xxxx 2019-cu il tarixdə o (iddiaçı), qeyd olunan cinayət işində şahid kimi AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işini aparan müstəntiqin suallarına cavab vermiş və şahid kimi dindirilmə zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsdən ona olan borcu istədiyini bildirmişdir. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə onun (iddiaçının) barəsində xidməti araşdırma aparılması üçün AR Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndə-rilmişdir. Daxil olmuş sorğu ilə bağlı aidiyyəti strukturun verdiyi məlumatlar əsasında AR Dövlət Təhlükəsizlik Xidmətində müvafiq qaydada araşdırma aparılaraq ondan izahat alınmış və onun yuxarıda qeyd olunan cinayət işində iştirakı olmadığı müəyyən olunaraq barəsində toplanmış materiallar Kor-rupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daha sonra cinayət işi xx xxx 2019-cu il tarixdə ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Dövlət Təhlükəsizlik Xidmətinin xx xxxx 2019-cu il tarixli 0140 nömrəli əmr ilə o (iddiaçı), «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»’nin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmış və verilən əmrdə qeyd olunmuşdur ki, guya o, şahid kimi dindirildiyi zaman verdiyi ifadədə bir neçə şəxsdən pul alaraq cinayət işi aparılan Hikmət Məmmədova verdiyini etiraf etmişdir. Bu əmr tamamilə səhv hazırla-nmışdır, çünki o, belə ifadə verməmişdir. Bununla bağlı hüquqlarını müdafiə edən vəkili X6 Bakı Hərbi Məhkəməsinə müraciət edərək qeyd olunan cinayət işi üzrə toplanmış materiallarla tanış ol-mağı, eləcə də müvafiq sənədlərdən çıxarış etmək üçün lazımı şəraitin yaradılmasını xahiş et-mişdir. Əldə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx xxx 2019-cu il tarixli qərarı və cinayət işində olan onun xx xxxx 2019-cu il tarixdə verdiyi ifadədə “şahidin din-dirmə protokolun”da aydın görünür ki, Hikmət Məmmədov tərəfindən törədilən cinayət əməllərində İddiaçı bu cinayətlərdə tərkib əlaməti olmadığından cinayət işi-nin başlanılması rədd edilmiş və verdiyi ifadəsində elə sözlərin olmadığı müəyyən olunmuş-dur. Bunu bəraətverici hal kimi qiymətləndirmək əvəzinə onun hüquqları tapdalanmış və mənafeyinə ciddi ziyan vurulmuşdur. Bu məsələ ilə bağlı o, hüquqlarını müdafiə etmək üçün AR Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı «xx xxxx 2019cu il tarixli 0140 nömrəli əmrin ləğv edilməsi və işə bərpa» tələbi ilə xx xxxxxx 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati Məhkə-məsində iddia qaldırmışdır. Məhkəmənin x xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, AR Baş prokururu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarə-sinin təqdimatı, inzibati akt növündə mübahisələndirmək huququ iddiaçıda olsa da o, həmin təqdimatı mübahisələndirmədiyimə görə AR Dövlət Təhlükəsizlik Xidməti həmin təq-dimat əsasında iddiaçının hərəkətlərinin (danışıqlarının) vəzifəyə xələl gətirməsi kimi qiymət-ləndirərək müvafiq nəticəyə gəlmişdir. Bir vətəndaş kimi bu cinayət işində onun bir günahı və vəzifəsi yoxdur. Qeyd edilən iddianın həqiqiliyinə şübhələr ola bilməz, şübhələr olsa belə onun xeyrimə həll edilmə-lidir. Belə ki, onun (iddiaçının) iddiaları məhkəməyə təqdim etdiyi sənədlərlə eynilik təşkil edir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 46, 63-cü maddələrinə, İPM-in 12.1, 35.1, 45.4-cü maddələrinə əsaslanaraq, cavabdeh AR Baaş prokuroru yanında Kor-rupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmiş xx xxxx 2019-cu il tarixli təqdimatın etibarsız sayılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - X2 və qeyrilərinin barəsində istintaq olunaraq xx xxx 2019-cu il tarixli ittiham aktı ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmiş cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Dövlət Təhlüksizliyi Xidmətinin bir qrup əməkdaşlarının hərəkətlərində aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən AR Dövlət Təhlükəsizlik Xidmətinə verilmiş müvafiq təqdimatla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hər hansı məlumat yoxdur. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən X1 iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən prokuror bu Qanunda nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirərkən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə təqdimat verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətlərinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə mübahisənin predmetini təşkil edən aktın (qərarın) inzibati icraat çərçivəsində qəbulu, inzibati aktın əlamətlərini daşıması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə vurğulayır ki, hazırkı iddiaçı iddiasında cavabdeh təşkilatın “təqdimatının ertibarsız sayılması”nı tələb etsə də, aşağıdakı səbəblərdən iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz: - Mübahisənin predmeti olan “təqdimat” müstəqil hüquqi nəticə yaratmadığından, inzibati akt sayılmır. Həmin təqdimat inzibati icraat çərçivəsində qəbul (tərtib) edilməmişdir; - Cavabdeh AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müvafiq Təsnifatda inzibati orqan kimi müəyyən edilməmişdir. Təsnifatın V bəndində nəzərdə tutulan qurumların (qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər) siyahına isə, təqdimatın verilməsində inzibati icraat başlanmadığından, daxil edilə bilməz; - «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq müvafiq təqdimatın göndərilməsi hərəkəti prokurorluq orqanı kimi hazırkı cavabdehin cinayət prosessual fəaliyyəti üzrə səlahiyyətləri çərçivəsindədir. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin “təqdimatı” inzibati məhkəmə icraatı üzrə mübahisənin predmeti ola bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar