Məhkəmə qərarları › İş №2-1(112)-6899/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6899/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6899/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 109 saylı evin 82 saylı mənzilinə dair onunla daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 16.03.1999-cu il tarixdən qeydiyyatda olduğu ünvan 1 ünvanına dair onunla kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ermənistan qaçqınıdır. Həmin dövrrdə qaçqın düşərkən özlərinə məxsus heç bir əşya götürmədən evlərini məcburi qaydada tərk edərək qaçqın kimi Bakı şəhərinə pənah gətirmişlər. 1990-cı ildə yaşayış yerləri olmadığından mərhum atası X1 Rayon İcra Hakimiyyətinə müraciət edərək müvəqqəti yaşayış sahəsi ilə təmin olunmalarına köməklik göstərilməsini xahiş etmişdir. 1990-cı ilin avqust ayında Xətai rayon İcra Hakimiyyətinin şifahi tapşırığı əsasında (ata, ana, qardaşı və özü) MKİS-nin vasitəsi ilə rayon İcra Hakimiyyətinin balansında boş olan Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 2 saylı evin 26 saylı mənzilinə yerləşdirilmişlər. X17 hazırda vəfat edib. Həmin mənizlin kirayə müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetrməsinə baxmayaraq Xətai rayon İcra Hakimiyyətinə müraciət etsə də Xətai rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin cavab məktubu ilə mənzil hüquqlarının müdafiəsi məhkəmə orqanlarının səlahiyyətinə aid edildiyindən qeyd edilən məsələ ilə əlaqədar məhkəmə orqanına müraciət etməsi ona tövsiyə olunmuşdur. Məlumat üçün bildirir ki, həmin mənzildə faktiki olaraq 32 il daimi qeydiyyatda olmaqla yaşadıqları nəzərə alınaraq yaşadıqları mənzili 32 il ərzində öz vəsaitləri hesabına dəfələrlə əsaslı təmir etdirmişlər. Hazırda həmin mənzildə o 7 nəfər ailə üzvləri ilə birlikdə (özü, anası, qardaşı, qardaşı oğlu, qardaşı qızı, qızı və oğlu) daimi qeydiyyatda olmaqla yaşayırlar. Bu mənzildən başqa yaşamağa heç bir yeri yoxdur. Ona görə də hesab edir ki, hal-hazırda yaşadığı və daimi qeydiyyatda olduğu mənzilə onunla kirayə müqaviləsinin bağlanması ilə əlaqədar sərəncam verilməsi vəzifəsi Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbi ilə bağlı verdiyi izahatında bildirdi ki, İddiaçı ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək qeydiyyatda olmaqla yaşadığı Xətai rayonu, M.Hadi küçəsində yerləşən 109 nömrəli evin 82 saylı mənzilinə dair kirayə müqaviləsinin onunla bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir. Mənzilin şəxsi maliyyə hesab vərəqəsi iddiaçının atası mərhum X3 adındadır. Azərbaycan Respubükası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinin birtipli forması müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur). Qeyd edilən forma isə hal-hazırda mövcud deyildir. Müvafiq İcra Hakimiyyəti orqanı dedikdə isə qanunda Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Qeyd olunan sosial kirayə müqaviləsinin birtipli forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyi ücün məsələyə baxılması mümkün olmamışdır. Cavabdeh inzibati orqan iş üzrə qəbul olunacaq qərarı məhkəmənin mulahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li, 20.08.2013-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuşdur, yaşayış yeri ünvan 2 ünvanıdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 23.06.2021-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı, 06.12.2017-ci il təvəllüdlü X12, 10.01.1980-ci il təvəllüdlü X7, 24.09.2011-ci il təvəllüdlü X8, 24.12.2008-ci il təvəllüdlü X13, 02.02.1948-ci il təvəllüdlü X4, 21.07.2004-cü il təvəllüdlü X9 ünvan 2 ünvanında qeydiyyatdırlar. - Həmin arayışdan həmçinin görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı 09.06.2003cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdır. - Bakı şəhər Xətai rayonu İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 97 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş 2081 №-li şəxsi hesab vərəqəsindən görünür ki, ünvan 1 ünvanda 3 otaqlı, yaşayış sahəsi 38,71 kvm., cəmi sahəsi 67,71 kvm. olan mənzilə dair X3 adına 04.08.1990-cı il tarixdə şəxsi hesab vərəqəsi açılmışdır. Mənzildə 12.09.90-cı ildən X6 (vəfat edib), 12.09.90-cı ildən X4, 12.09.90-cı ildən X7, 16.03.99-cu ildən İddiaçı, 21.05.10-cu ildən X9, 29.10.13-cü ildən X13, 23.07.14-cü ildən X8, 07.01.18-ci ildən X12 qeydiyyatdadırlar. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 351 №-li, 15.04.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 109 saylı evin 82 saylı mənzili dövlət mənzil fondu növünə aid olmaqla Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.04.2022-ci il tarixli, **********48 №-li məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 109, 82 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Bakı şəhər Xətai rayonu İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi, 97 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 03 №-li, 14.02.2002ci il tarixli və 09 №-li, 10.05.2022-ci il tarixli Forma 2 arayışlarından görünür ki, 2081 №-li şəxsi maliyyə haqq-hesabı X3 adına 09.08.1990-cı ildə açılmışdır. M.Hadi küçəsindəki 109 №-li, 9 mərtəbəli evin 5-ci mərtəbəsindək 38,71 kv.metr sahəsi olan 3 otaqlı 82 №-li, tam kommunal şəraitli mənzildə İddiaçı 7 nəfərdən ailəsi ilə birlikdə yaşayır. Bina yerli icra hakimiyyətinə məxsusdur. Mənzildə İddiaçı 16.03.1999-cu ildən, X4 12.09.1990-cı ildən, X7 12.09.1990-cı ildən, X9 21.05.2010-cu ildən, X13 29.10.2013-cü ildən, X10 23.07.2014-cü ildən, X12 07.01.2018-ci ildən həmin mənzildə daimi qeydiyyatdadırlar. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış Ə32-091 №-li, 14.02.2022-ci il tarixli məktubdan görünür ki, ərizəsinə baxılmışdır. Ərizəsində yaşadığı mənzilə onunla daimi kirayə müqaviləsinin bağlanılması ilə əlaqədar sərəncam verilməsinə müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Bildirilir ki, onun yuxarıda qeyd edilən mənzilə dair hüquqi sənədləri olmadığı (order, qərar, sərəncam, məhkəmə qərarı vəs.) nəzərə alınaraq xahişinin yerinə yetirilməsi rayon İcra Hakimiyyətinin imkanı xaricindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdə (16.03.1999-cu ildən rəsmi qeydiyyata alınmaqla, 12.09.1990-cı ildən faktiki) yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan): - 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. - 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.04.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə məlum hadisələrlə bağlı Ermənistan Respublikasından qaçqın düşərək Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşən və müvafiq icra hakimiyyətinin balansında olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 109 nömrəli evin 82 nömrəli mənzilində məskunlaşmışlar. Həmin mənzilə dair şəxsi hesab vərəqəsi müvafiq icra qurumu tərəfindən iddiaçının atası X3 adına 04.08.1990-cı ildə açılmış, həmin mənzildə iddiaçının X17 12.09.1990-cı ildən, anası X4 12.09.1990-cı ildən, qardaşı X7 12.09.1990-cı ildən, özü isə 18 yaşına çatdıqdan sonra, yəni 16.03.1999-cu ildən yaşayış yeri üzrə qeydiyyata alınmışlar. İddiaçının atası X6 vəfat etmişdir. İddiaçı və onun ailə üzvləri (anası, qardaşı, qardaşı uşaqları, öz uşaqları) mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar, mənzil iddiaçının istifadəsində olmaqla sonuncunun yaşayış yeridir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. İş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, mübahisəli mənzillə bağlı iddiaçı ilə cavabdeh arasında müvafiq icarə müqaviləsi, order olmasa da iddiaçı ailə üzvləri ilə birlikdə 12.09.1990-cı ildən həmin mənzildə məskunlaşmış və bu müddət ərzində iddiaçıya qarşı mübahisəli mənzillə bağlı hər hansı tələb irəli sürülməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı iş” üzrə qəbul etdiyi 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə hesab etmişdir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı uzun müddət yaşadığı və faktiki olaraq icarədarı olduğu mənzilin onun kirayəsinə verilməsinə dair sərəncamın qəbul edilməsini tələb etmək hüququna malik olmaqla bu tələbi qanunvericiliyə uyğundur. Cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 109 nömrəli evin 82 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 109 nömrəli evin 82 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar