Məhkəmə qərarları › İş №2-1(112)-6899/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6899/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6899/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin texniki pasportuna düzəliş edilməklə yeni çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 15 saylı mənzilin ümumi sahəsinin ölçüsündə düzəlişlər edilməsi və 38.24 kv.m olan mənzilə bitişik 22.3 kv.m sahənin əlavə edilməklə yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 15 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə ona qeydiyyat vəsiqəsi də verilmişdir. Lakin iddiaçıya verilmiş qeydiyyat vəsiqəsində onun mənzilinin ümumi sahəsi yanlış olaraq 38.24 kv.m. göstərilmişdir. Əslində isə mənzilin ümumi sahəsi 60.27 kv.m olmalıdır. İddiaçı qeyd olunan mənzilin ümumi sahəsinin ölçüsündə düzəliş edilməsi tələbinə dair ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina cavabı almışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 15 saylı mənzilin ümumi sahəsinin ölçüsündə düzəlişlər etməsinə və 38.24 kv.m olan mənzilə bitişik 22.3 kv.m sahəni əlavə etməklə yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi ünvanında yerləşən 15 saylı mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin aparılması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********40 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ümumi sahəsi 38.24 kv.m olan mənzilə bitişik əlavə 22.3 kv.m sahə istifadə olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar- texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********40 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi ünvanda yerləşən 15 saylı mənzil üzərində cari dəyişikliklərin aparılması ilə bağlı hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 38,24 kv.metr sahədən ibarət mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında saxlanılan və müvafiq sorğu ilə məhkəməyə təqdim edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti başçısının İ müavininin 06 iyul 1992-ci il tarixli 597/45 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Leninqrad prospekti, ev 15 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 38,6, yaşayış sahəsi 32,0 kv metr olan məhdud kommunal şəraitli iki otaqlı mənzil P.İ.Tereşkinin şəxsi mülkiyyətinə verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Şəxsi və Bələdiyyə Mülkiyyətinin idarə edilməsi üzrə Texniki İnventarlaşdırma Bürosu tərəfindən Tereşkin Pavelin şəxsi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Leninqrad prospekti, ev 15-ə dair Nəsimi RİHB-nin 597/45 nömrəli, xx.xx.1992-ci il tarixli qərarı əsasında tərtib edilmiş və mənzilin xx.xx.1992-ci il tarixə olan vəziyyətini əks etdirən texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 1 mərtəbəli yaşayış evinin yerləşdiyi ümumi yaşayı sahəsi 61.9, yaşayış sahəsi 44,6 kv.metr sahədən ibarətdir. Müvafiq sorğu əsasında cavabdeh DƏDKR PHŞ-nin 1 saylı ünvan 3 ünvanında yerləşən mənzilin arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -16 nömrəli dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixli, D-9/2746 nömrəli vəsiyyətnamə üzrə xx.xx.1994-cü il tarixdə vəfat etmiş X2 vərəsəsidir. Vərəsəlik üzrə verilmiş miras əmlak Bakı şəhər Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş və reyestr kitabının 41-ci səhifəsində, xx.xx.1992-ci il tarixdə 30/7967 nömrə ilə qeydiyyat aparılmış Bakı şəhəri, Leninqrad prospekti 15 ünvanında yerləşən ümumi sahəsi 38,6, yaşayış sahəsi 32,0 kv.metr olan 2 otaqlı mənzildən ibarətdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı Nikolayevananın (Tereşkin P.İ) adına verilmiş xx.xx.1999-cu il tarixli, 1850 inventar nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli (köhnə Leninqrad prospekti) ünvanında yerləşən 15 saylı mənzilin texniki göstəriciləri aşağıdakı kimi qeyd edilmişdir: otaqların sayı 2, ümumi sahə 38,24, yaşayış sahəsi 32,0, köməkçi sahə 6,24. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38,24 kv.metr sahədən ibarət mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı hesab edir ki, mənzilə dair verilmiş çıxarışda yanlışlığa yol verilmişdir. Belə ki, mənzilin ümumi sahəsi əslində 60,27 kv.m göstərilməlidir. İddiaçı tələbinin əsası kimi Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Şəxsi və Bələdiyyə Mülkiyyətinin idarə edilməsi üzrə Texniki İnventarlaşdırma Bürosu tərəfindən vərəsəsi olduğu P.Tereşkinin adına verilmiş texniki pasportda mənzilin ümumi sahəsinin 61,9 kv.m olmasına istinad edir. Hesab edir ki, dövlət reyestrində mənzilin ümumi sahəsinə dəyişiklik aparılaraq mənzilə bitişik 22,3 kv.m sahə əlavə edilməklə ona həmin mənzilə dair yeni çıxarış verilməlidir. Bu məqsədlə cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Hazırda cavabdehin imtinası mübahisələndirilir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunzadd olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən, iddiaçının hüquqi marağı və məqsədi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38,24 kv.metr sahədən ibarət mənzilə bitişik 22,3 kv.m sahə üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına, bu barədə dövlət reyestrindən yeni çıxarışın alınmasına nail olmaqdır. Lakin iddiaçı sözügedən sahənin ona, yaxud vərəsəsi olduğu P.Tereşkinə qanuni əsaslarla ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmiş, məhkəmə araşdırması ilə də belə sənədin mövcudluğu müəyyən edilməmişdir. Halbuki, yuxarıda istinad olunan əmlak qanunvericiliyi (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçının təqdim etdiyi Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Şəxsi və Bələdiyyə Mülkiyyətinin idarə edilməsi üzrə Texniki İnventarlaşdırma Bürosu tərəfindən Pavel Tereşkinin adına tərtib olunmuş texniki pasport məhz Nəsimi Rayon İcra Hakimiyyəti başçısının İ müavininin 06 iyul 1992-ci il tarixli 597/45 nömrəli Sərəncamının əsasında tərtib edilmiş və qeyd olunan sərəncamda P.Tereşkinin şəxsi mülkiyyətinə verilmiş mənzilin ümumi sahəsi 38,6 kv.m göstərilmişdir. Həmin sərəncamdakı ölçülərə uyğun olaraq P.Treşkinin qeyd olunan mənzil üzərində mülkiyyət hüququ müvafiq reyestrdə qeydiyyata alınmış və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi (keçmiş Leninqrad prospekti), ev 15 üzərində hüquqmüəyyənedici sənəd kimi Nəsimi RİHin xx.xx.1992-ci il tarixli, 597/45 nömrəli sərəncamı çıxış edir ki, həmin sərəncamda 38,6 kv.m sahədən əlavə sahənin ayrılması görünmür. Belə olan halda hazırkı vəziyyətdə iddia olunan sahəyə iddiaçının hüququnun mövcudluğu müəyyən edilmədiyindən iddiaçıya sözügedən mənzilə dair verilmiş xx.xx.2023-cü il tarixli çıxarışda mənzilin sahəsinin yanlış göstərilməsi ilə bağlı iddiaçının dəlilləri öz təsdiqini tapmır. Məhkəmə həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16-cı maddəsindən göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata düzəlişlər iddiaçının tələb etdiyi formada deyil, cüzi, mahiyyətə təsir etməyən dəyişikliklərin aparılmasını nəzərdə tutur və bu düzəlişlər qeydiyyat orqanı tərəfindən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılmasına xidmət etməklə qeydiyyat orqanı tərəfindən onların aşkar edildiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində həyata keçirilməlidir. Hazırkı işin halları isə bu cür düzəlişin aparılması üçün əsas vermir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olmaqla qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar