Məhkəmə qərarları › İş №2-1(112)-69/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-69/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-69/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X1 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərar və onun əsasında tərtib edilmiş protokolun ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********1 saylı qərar və həmin qərar əsasında tərtib edilmiş **********1 saylı 27 noyabr 2020-ci il tarixli protokolun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisi olan İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı dövlət büdcəsinə vergi borcu yaranmşdır. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək usulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli Qərar çıxarılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 378.801,46 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 405.000 manat məbləğində əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılaraq borcun ödənilməsini təmin etmək üçün siyahıya almışdır. Həmin qərar əsasında vergi ödəyicisi barəsində xx.xx.2020-ci il tarixli № **********1 saylı Protokol tərtib olunmuşdur. Halbuki, qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə əsasən, üzərinə həbs qoyulan əmlakın dəyəri iddianın qiymətindən artıq olmamalıdır. Bu baxımdan dövlət büdcəsinə ödənilməmiş 378.801,46 manat borcun ödənilməsi məqsədilə 405.000 manat məbləğində əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün siyahıya alınması vergi ödəyicisi İddiaçı münasibətdə ədalətsiz və qeyri-qanunidir. İşin mahiyyətinə keçdikdə isə cavabdeh tərəfindən aparılan sənədləşmələrin protokol qaydalarına və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olmayan şəkildə həyata keçirildiyini görürük. Belə ki, hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, İddiaçı göstərilən məbləğdə vergi borcunun dövlət büdcəsinə ödənilməsinə dair bildirişin gəlməsindən məlumatsız olmuşdur və belə bir bildirişin varlığı barədə işin araşdırılması zamanı iddiaçıya məlum olmuşdur. Digər məsələ isə ondan ibarətdir ki, bildirişin (№ **********5) özünə nəzər yetirək: Bildiriş rəsmi qaydada tərtib olunma qaydalarına əməl edilməmiş və ciddi pozuntularla tərtib olunmuşdur. Belə ki, bildirişdə onu imzalamağa səlahiyyəti olan rəhbər orqanın və ya onun müavinin imzası olmalı olduğu halda və hətta buna yer ayrıldığı halda həmin imza yeri boş saxlanılmışdır və səlahiyyətli şəxsin imzası yoxdur (№ **********5 saylı bildiriş qoşmaya əlavə edilir). Beləliklə, bütün bu pozuntularla tərtib olunmuş № **********5 saylı bildiriş, xx.xx.2020- ci il tarixli akt, № **********1 saylı protokol və mövcudluğu sual altında olan qərar (hansı ki, protokol həmin qərar əsasında tərtib olunmalı və qərarla protokolun nömrəsi eyni olmalıdır) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.9-cu maddəsinə əsasən, vergi ödəyicisi olan İddiaçı təqdim edilməli olduğu halda, təqdim edilməmiş və əmlakın siyahıya alınmasının acınacaqlı vəziyyəti barədə məlumat verir. Odur ki, vergi ödəyicisinin bütün bu proseslərdən kənar qalması səbəbindən hüquqları kobud şəkildə pozulmuşdur, odur ki, verqi orqanı tərəfindən qəbul edilmiş № **********1 saylı protokolun ləğv edilməsi zərurəti yaranmışdır.

3. Vergi borcunun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli **********5 saylı Bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 367.849,08 manat, o cümlədən vergilər üzrə 280.830,46 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 87.018,62 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır.

4. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2020-ci il tarixli **********1 saylı qərara əsasən vergi borcunu ödəməyən İddiaçı (VÖEN: **********) məxsus əmlakların siyahıya alınması qərara alınmışdır.

5. “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında) xx.xx.2020-ci il tarixli **********569300 saylı qərara əsasən vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2020-ci il tarixli **********1 saylı qərara əlavələr (dəyişikliklər) edilməsi qərara alınmışdır.

6. “Əmlakın siyahıya alınması haqqında” 27 noyabr 2020-ci il tarixli **********1 saylı protokolu ilə xx.xx.2020-ci il tarixli **********1 saylı qərara əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə Alı Mustafayev küçəsində yerləşən 405.000 manat dəyərində qeyri-yaşayış sahəsi əmlakı siyahıya alınmışdır. İddiaçı protokolu imzalamaqdan imtina etmişdir.

7. Bakı şəhəri LGBİ-nin Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında xx.xx.2020-ci il tarixli aktından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr., 3018-ci məhəllə Ali Mustafayev küçəsində yerləşən əmlakın siyahıya alınması barədə aktı qəbul etməkdən imtina etmişdir.

8. İddiaçı vergi borcunu ödəməsi barədə qəbzlər iş materiallarına əlavə olunmuşdur.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli yazılı vəsatətdə qeyd edilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin **********1 nömrəli xx.xx.2020-ci il tarixli əmlakın siyahıya alınması haqqında qərarına əsasən xx.xx.2020-ci il tarixdə vergi ödəyicisində əmlakın siyahıya alınması hərəkətləri həyata keçirilmiş və əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. İddiaçının mübahisələndirilən inzibati aktla xx.xx.2020-ci il tarixində tanış olmasına baxmayaraq, xx.xx.2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilməklə, iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürülmüşdür. İnzibati Prosessual Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: İnzibati Prosessual Məcəllənin 38.3.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Belə ki, inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanlara baxmayaraq, iddiaçı İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 24.1-ci və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı inzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Cavabdeh inzibati orqan qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4673/2021 nömrəli Qərardadı ilə iddiaçı “İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın və protokolun ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır.

11. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadının ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 2147/2021 nömrəli Qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməklə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(102)-2048/2021 nömrəli Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2-1(103)- 2147/2021 nömrəli qərardadı ləğv edilmişdir. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1205/2022 nömrəli Qərardadı ilə Apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı ləğv edilmişdir. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

16. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “iddianın mümkünsüz sayılması barədə” yazılı vəsatətdə qeyd edilmişdir ki, inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. **********1 nömrəli xx.xx.2020-ci il tarixli qərarın və **********1 nömrəli xx.xx.2020-ci il tarixli protokolun ləğv edilməsi barədə tələb özü-özülüyündə iddiaçıya münasibətdə hər hansı bir hüquqi nəticə yaratmır. Cavabdeh tərəfindən tərtib olunmuş **********1 nömrəli xx.xx.2020-ci il tarixli qərarın və **********1 nömrəli xx.xx.2020-ci il tarixli protokol inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmədiyindən qərarın və protokolun ləğvi barədə iddia mümkün sayılmamalıdır. Bununla bağlı Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(102)-2212/2021 saylı qərarında da qeyd olunan qərarın inzibati akt olmamasına dair mövqe ifadə edilmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin mənasına görə iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Eyni zamanda inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr doğurduğu halda, onun inzibati məhkəmə icraatı mümkün hesab edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinc görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Bundan əlavə həmin qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda həmin qərarda göstərilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır." İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda bildirilir ki, əmlakın siyahıya alınması barədə qərarla yanaşı tərtib edilmiş protokol da vergi ödəyicisinə münasibətdə hüquqi nəticə yaratmır.

17. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə 2-1(112)-198/2023 nömrəli iş üzrə icraatın dayandırılması zərurəti yarandığı bildirilmişdir. Belə ki, İddiaçı vergi borcu qismində 222203.56 manat faiz borcunun silinməsi öhdəliyinin icrasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iş 2-1(112)-9719/2022 № ilə Bakı İnzibati Məhkəməsinin hakimi cənab Nərimanov Abiyevin icraatındadır. İş üzrə müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır. İddiaçı hesab edir ki, bu iş baxılıb həll edilmədən və iş üzrə yekun qərar qəbul edilmədən məsələyə son hüquqi qiymət verilmədən bu iddia tələbinə baxılması qanunauyğun olmaz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 254.1.4 və 254.2-ci maddələrinin tələblərinə əsasən “Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa və Məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır. Yuxarıda qeyd olunanlara əsasən iş üzrə icraatın dayandırılması xahiş edilmişdir.

18. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə hazırki iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-1430/2023 saylı iş üzrə yekun məhkəmə qərarı qəbul edilərək qanuni qüvvəyə minənədək dayandırılmışdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1019/2024 nömrəli Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2- 1(103)-2488/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 2488/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1430/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Bakı inzibati Məhkəməsinin 2-1(112)-1430/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 222203 (iki yüz iyirmi iki min iki yüz üç) manat 56 (əlli altı) qəpik faiz borcu ləğv edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 300 (üç yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərziəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazların məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

23. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

24. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

26. X8 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X7rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq"un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X6rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X2rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

27. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən qəbul edilən və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan aktla bağlıdır.

28. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh orqan tərəfindən qəbul edilmiş “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2020-ci il tarixli, **********1 nömrəli qərarın və onun əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********1 nömrəli protokolun ləğv edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji iş üzrə (siyahıya alınma barədə qərarın və onun əsasında tərtib edilmiş protokolun ləğvi tələbi barədə) xx.xx.2021-ci il tarixli, 2-1(102)-2212/2021 nömrəli Qərarında əks olunmuş mövqeyinə əsasən: “28. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın siyahıya alınması barədə cavabdehin 19 dekabr 2019-cu il tarixli qərarı və həmin qərar əsasında mübahisələndirilən 20 dekabr 2019-cu il tarixli protokol inzibati akt hesab edilə və inzibati məhkəmə icraatı qaydasında ayrıca mübahisələndirilə bilməz.

29. Belə ki, Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur.

30. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsinin əlamətlərinə görə inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; qərar, sərəncam və ya digər formada ifadə olunmalı; mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır (2.0.2-ci maddə).

31. 19 dekabr 2019-cu il tarixli qərar və 20 dekabr 2019-cu il tarixli əmlakın siyahıya alınmasına dair protokol yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma’’ əlamətindən məhrumdur....

32. Cavabdeh tərəfindən tərtib olunmuş 19 dekabr 2019-cu il tarixli qərarı və 20 dekabr 2019-cu il tarixli əmlakın siyahıya alınması haqqında protokol inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmədiyindən qərarın və protokolun ləğvi barədə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur”.

30. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək;

31. Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının məzmunundan göründüyü kimi əmlakın siyahıya alınması haqqında qərarın (eləcə də həmin qərar əsasında tərtib edilmiş protokolun) vergi ödəyicisinə münasibətdə hüquqi nəticə yaratması (şəxsin əmlakının satılması) üçün cavabdeh vergi orqanı tərəfindən məhkəmədə “siyahıya alınmış əmlakın satılması barədə” iddia tələbi irəli sürülmüş olmalı və həmin iddianın təmin olunması barədə yekun məhkəmə aktı (məhkəmə qərarı) mövcud olmalıdır. Hazırki vəziyyətdə əmlakın siyahıya alınması haqqında qərar və onun əsasında tərtib edilmiş protokol özü-özlüyündə iddiaçıya münasibətdə hər hansı hüquqi nəticə yaratmır.

32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, mübahisələndirilən göstəriş iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil və özlüyündə hər hansı hüquqi nəticə yaratmır.

33. Məhkəmə qeyd edir ki, müvafiq yoxlamanın nəticəsində qəbul edilən qərar iddiaçının qanunla qorunan hüquqlarına təsir etdiyi təqdirdə inzibati məhkəmə araşdırmasının predmeti ola bilər.

34. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

35. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

36. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar