Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-690/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2022-ci il 06 avqust tarixdən güzəştli şərtlərlə pensiya hüququnun təmin edilməsinin vəzifə kimi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiləşdirilməsinə dair ərizə təqdim edərək ona xx.xx.2022-ci il tarixdən - 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı xx.xx.1962-ci ildə anadan olmuş, xx.xx.1979-cu il tarixdən 195 №li əmrlə əmək fəaliyyətinə başlamışdır. xx.xx.1980-cı ildə 6-K saylı əmrlə mexaniki yığma sexinə çilingər peşəsinə təyin edilmiş, xx.xx.1980-cı ildə Sovet silahlı qüvvələrinə xidmətə çağırılmışdır. xx.xx.1983-cü ildə ordudan tərxis olunub 160 №li əmrlə “Əlvan metallurgiya” idarəsinin ovuntu metallurgiya təcrübəvi zavodunda əmək şəraiti xüsusilə zərərli metal doğrayıcı işinə təyin olunmuş, 1992-ci ilin 21 oktyabr tarixinədək işləmişdir. Həmin tarixdən SSRİ dövləti dağıldığından işlədiyi müəssisə bağlandığı üçün iddiaçı xx.xx.1992-ci ildə öz ixtisasına uyğun olaraq (Ç.İldırım adına politexnik institunun avtonəqliyyat 1979-1989 illər) mühəndis vəzifəsinə təyin olunmuş, hal-hazıra kimi işləyir. Məlum Qarabağ hadisələri ilə əlaqədar 1993-cü il yanvar ayında zabit kimi hərbi xidmətə çağırılmış, 1997-ci il oktyabr ayında ordudan ehtiyata buraxılmışdır. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçının Filiala təqdim etdiyi sənədlərdə güzəştli iş stajı 6 il 1 ay 6 gün təşkil edir. İddiaçı qeyd edir ki, əmək kitabçasında isə bu dövr xx.xx.1983-cü ildən xx.xx.1992-ci ilədək olan dövrü əhatə edir. Qeyd olunanlara əsasən iddiaçı imtinanı əsassız hesab edir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın güzəştli stajının tələb olunan güzəştli stajdan az olması səbəbindən ona pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 1 ay 6 gün (xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyi üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı iddia ərizəsində iddia edir ki, onun xx.xx.1983-cü ildən xx.xx.1992-ci ilədək olan əmək fəaliyyəti dövrü güzəştli staj kimi nəzərə alınmalı olduğu halda cavabdeh inzibati orqan tərəfindən güzəştli staj kimi nəzərə alınmamışdır. Bu məsələyə dair bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən iddiaçı işəgötürən tərəfindən tərtib edilmiş arayışla iddiaçının güzəştli stajı müəyyənləşdirilir. İş materiallarına əsasən iddiaçı həmin illərin güzəştli staj olmasına dair heç bir arayış təqdim etməmişdir. Bu səbəbdən də həmin dövrlər iddiaçının stajına daxil edilmişdir. İşin xüsusatlarından da aşkardır ki, iddiaçının güzəştli iş stajı tələb olunan güzəştli iş stjından az olduğu üçün iddiaçının müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Xəzər RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -29 sentyabr 1980-cı il tarixdən doldurulmağa başlanan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-cı il tarixədək “Bakı yüngül metalların emalı” Zavodunda çilingər şagirdi, çilingər, xx.xx.1983-cü ildən xx.xx.1992-ci il tarixədək “Aзцветмет” İdarəsi Toz Metallurgiya Təcrübə zavodunda xüsusi ilə zərərli əmək şəraiti ilə 2-ci dərəcəli qırıcı (doğrayıcı), maddi təchizat şöbəsində daşıyıcı, 2-ci dərəcə üzrə bülövçü, polüztü mexanizmlərin 3-cü dərəcə üzrə maşınist-qırıcı, xx.xx.1992-ci ildən xx.xx.1998-ci il tarixədək “Бакпромстройтранс” Глaвное производственно-техническое предприятие TB və BD-də mühəndis, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci ilədək “Azəriqaz” İB X1 avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Dövlət Neft Şirkətinin “Azneft” İB –nin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi İstismar Avadanlıqları Sahəsində təmirçi-çilingər, qazmaçı köməkçisi işləmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 1962-ci il təvəllüdlü baş leytenant İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası SQ-də zabit qismində xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -X4 tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı “X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin Quyuların əsaslı və yeraltı təmiri sahəsində xx.xx.2022ci il tarixdən hal-hazıradək «quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi» peşəsində işləyir və bu peşədə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölməsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. -Azərbaycan Respublikasının Dövlət Neft Şikəti (SOCAR) tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı iş stajı aşağıda göstərilən kimidir: xx.xx.2016-cı ildə (əmr № 100-k, xx.xx.2016-cı il) H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) İstismar avadanlıqları sahəsinin İstismar avadanlıqları xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci ildə (əmr № SOCAR**********00070020B00024, xx.xx.2020-ci il) Quyuların əsaslı və yeraltı təmir sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsinə quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. xx.xx.2022-ci ildə (əmr № SOCAR**********00070020B00242, xx.xx.2022-ci il). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. -SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş 24 oktyabr 2022-ci il tarixli müraciətə cavab məktubu aşağıdakı məzmundadır: “SOCAR**********80020123X00327 nömrəli arxiv arayışından müəyyən olunur ki, siz H.Z Tağıyev adına Neft və Qazçıxarma idarəsinin İstismar avadanlıqları sahəsinin İstismar avadanlıqları xidmət sahəsində xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək, təmirçi-çilingər, Quyuların əsaslı və yeraltı təmir sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsində xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsində işləmisiniz. Sizin H.Z Tağıyev adına Neft və Qazçıxarma idarəsinin İstismar avadanlıqları sahəsinin İstismar avadanlıqları xidmət sahəsində xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək (3 il 6 ay 8 gün) işlədiyiniz təmirçi-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölməsində nəzərdə tutulan “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər”, Quyuların əsaslı və yeraltı təmir sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsində xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (2 il 3 ay 28 gün) işlədiyiniz quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsi isə həmin yarımbölmədə nəzərdə tutulan “quyuların əsaslı təmirini qazmaçıları” peşəsini təşkil edir. -Azərbaycan Respublikasının Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məktublrından görünür ki, Əlvan Metallurgiya İdarəsinin («Азцветмет») “Toz metallurgiya təcrübə zavodu”nun sənədləri arxivə dövlət mühafizəsinə təhvil verilməyib. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əlvan Metallurgiya İdarəsinin X2 Zavodu adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. -"xxxx" MMC-nin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, əmək kitabçasının surətindəki məlumatlara əsasən İddiaçı Əlvan Metallurgiya İdarəsinin (Aзцветмет) “Toz Metallurgiya təcrübə zavodunda” işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmasının müəyyən olunması ilə bağlı Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 N-li siyahısı’’nda nəzərdə tutulan peşələrdən onun işlədiyi müddət ərzində a) xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə işlədiyi “doğrayıcı” vəzifəsi Siyahının 2040500a—11908 koduna müvafiq olaraq “doğrayıcılar”; b) xx.xx.1985-xx.xx.1992-ci il tarixlərdə işlədiyi “doğrayıcı üyüdücü mexanizmlərin maşinisti” vəzifəsi Siyahının 2040500a—13711 koduna müvafiq olaraq “doğrama-üyütmə-çeşidləmə mexanizmlərinin maşinistləri” vəzifəsinə uyğun gəldiyi qənaətindədirlər. Məktubda həmçinin qeyd edilmişdir ki, bu qənaət "xxxx" MMC-nin fəaliyyət istiqamətləri nəzərə alınmaqla formalaşmışdır. -Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, uçot məlumatlarına əsasən "xxxx" ASC-nin (VÖEN **********) əsas fəaliyyət növü “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi”, əlavə fəaliyyət növləri isə “Sair hazır metal məmulatlarının istehsalı” (25990), “Çeşidləşdirilmiş materiallardan başqa məqsədlə istifadə edilməsi (təkrar xammalın alınması)” (38320) və “Sair əlvan metalların istehsalı” (24450) kimi qeyd olunmuşdur. -Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 05 №li arayışdan görünür ki, İddiaçı müəssisədə saxlanılan şəxsi kartına əsasən xx.xx.1983-cü ildə xüsusilə zərərli əmək şəraiti ilə 2-ci dərəcəli qırıcı qəbul olunmuş, xx.xx.1984-cü ildə maddi təchizat şöbəsinə daşıyıcı keçirilmiş, xx.xx.1984-cu il də 2-ci dərəcə üzrə bülövçü keçirilmiş, xx.xx.1985-ci il də yenidən tarifikasiya-polüstü mexanizimlərin 3-cü dərəcə üzrə maşınıst-qırıcı keçirilmiş, “Puroklavskoye soyedeneniye”. Qeyd edilmiş peşələr də "xxxx" ASC-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar peşəsinə uyğundur. Beləliklə, işin hallarından müəyyən edilir ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1992-ci ilədək (08 il, 11 ay, 29 gün) Əlvan Metallurgiya İdarəsinin (“Aзцветмет”) Toz Metallurgiyası təcrübə zavodunda əmək fəaliyyəti dövrünün güzəştli staj olmasına dair arayışın təqdim edilməməsi səbəbindən nəzərə almamış və onun 6 il, 1 ay, 6 gün güzəştli stajının olması qənaətinə gəlmişdir. İddiaçının qanunla tələb olunan yaş həddinə çatması və ümumi iş stajı mübahisələndirilmir. İş materialları ilə də məlum olur ki, xx.xx.2022-ci ildə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə iddiaçının əmək kitabçasındakı məlumatlardan onun 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun 1.4.1-cü bəndinə əsasən, Qanunun güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər adlanan 9-cu maddəsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə- Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci və 3.2.1-ci bəndlərinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə qeyd edir ki, iddiaçının 1983-1992-ci illərdə əmək fəaliyyəti ilə məşğul olduğu Əlvan Metallurgiya İdarəsinin Toz Metallurgiyası təcrübə zavodu artıq mövcud olmadığından iddiaçı tərəfindən həmin müəssisədən güzəştli arayışın təqdim edilə bilməməsi işin obyektiv hallarından irəli gəldiyindən mübahisəli dövrün iddiaçının güzəştli iş stajı kimi nəzərə alınmasına maneə təşkil etməməlidir. Belə ki, hazırkı işin hallarına görə işdə mövcud olan digər sübutların məcmusu əsasında iddiaçının məhz işlədiyi yerdən güzəştli iş stajına dair arayış olmadan da, iddiaçının 1983-1992-ci illərdə işlədiyi və əmək kitabçasında müvafiq qeydiyyat aparılmış əmək fəaliyyəti dövrünü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyə imkan verən vəzifələrə aid etmək olar. Belə ki, məhkəmə hesab edir ki, müxtəlif detalların, tökmə rulonlarların, külçələrin, soyuqyayma məhsullarının ilkin alüminium və əlavə məhsulların istehsalı sahəsində ixtisaslaşmış analoji müəssisə olan "xxxx" MMC-dən əldə edilmiş məlumatlardan iddiaçının Əlvan Metallurgiya İdarəsinin Toz Metallurgiyası təcrübə zavodunda 1983-1992ci illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 2040500a—11908 koduna müvafiq olaraq “doğrayıcılar”, 2040500a—13711 koduna müvafiq olaraq “doğrama-üyütmə-çeşidləmə mexanizmlərinin maşinistləri” vəzifəsinə, müvafiq sahə üzrə digər analoji müəssisə olan "xxxx" ASC-dən əldə edilmiş məlumatlardan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə də 3-cü – “Metallurgiya İstehsalatı” bölməsinin “Polad və ferroərintilər istehsalatı”adlı bəndinin 3.2(b) yarımbəndində qeyd olunan “Mütəxəssislər: isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar” vəzifəsinə uyğun olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə cavabdehin dəlilini əsaslı saymır və bildirir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında mübahisəli dövr üzrə aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan, habelə analoji müəssisələrdən alılnmış məlumatların həqiqətə uyğun olmaması ilə bağlı tutarlı dəlil təqdim edilmədiyindən həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda, aparılmış araşdırmanın nəticəsi olaraq iddiaçının Əlvan Metallurgiya İdarəsinin Toz Metallurgiyası təcrübə zavodunda xx.xx.1983-xx.xx.1992-ci il tarixləri arasındakı işlədiyi illər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq xüsusi iş stajı yaranmış olur (mübahisələndirilən 08 il, 11 ay, 29 gün + mübahisələndirilməyən 06 il 1 ay 6 gün= 15 il, 1 ay, 5 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-690/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-690/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver