Məhkəmə qərarları › İş №2-1(112)-690/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-690/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-690/2025 16.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 İdris oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının mərhum anası X2 Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olmuş X5 və İstismarı Birliyi tərəfindən xx.xx.2001-ci il tarixli, 11713 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 104 nömrəli bağda yerləşən, ümumi sahəsi 0,04 ha torpaq sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni vərəsəsi olduğu mərhum anası X2 icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ümumu sahəsi 0.04 ha olan torpaq sahəsinə dair arayışın verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, mərhum anası X6 ilə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərmiş X5 və İstismarı Birliyi arasında bağlanmış icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, ümumu sahəsi 0.04 ha olan torpaq sahəsi X2 icarəyə verilmişdir. X6 xx.xx.2021-ci il tarixdə vəfat etdiyinə görə 4 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində vərəsəlik işi açılmışdır. Lakin mərhum X6 vəfat etməmişdən əvvəl icarə müqaviləsi əsasında sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ümumu sahəsi 0.04 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmadığı üçün həmin torpaq sahəsinə dair notariat ofisi tərəfindən qanuni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müvafiq arayışın verilməsi barəsində ərizə ilə müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********17 saylı məktubunda qeyd edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsi olan 104 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X5 və İstismarı Birliyi ilə X6 arasında bağlanılmış xx.xx.2001-ci il tarixli, 11713 saylı müqavilə idarənin arxivində mövcuddur. xx.xx.2001-ci il tarixli, 11713 saylı müqavilə əsasında X2 ayrılmış Maştağa bağ massivi 0,04 ha torpaq sahəsi olan bağ sahəsinə dair tərtib edilmiş cizgi arxiv qovluğunda aşkar edilməmişdir. Hüquqi vərəsələr dairəsinin müəyyən edilməsi barədə notarial məktub təqdim edildiyi təqdirdə müvafiq sənəd surəti verilə bilər. Cavabdeh tərəfindən yazılı etiraz məktubu məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X2 icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsinə dair arayışın verilməsi” kimi icraata qəbul edilmişdir. Məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “iddiaçının mərhum anası X2 Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olmuş X5 və İstismarı Birliyi tərəfindən xx.xx.2001-ci il tarixli, 11713 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 104 nömrəli bağda yerləşən, ümumi sahəsi 0,04 ha torpaq sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və cavabdehin nümayəndəsi bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZ-İİ ******* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13 fevral 2021-ci il tarixdə ölmüşdür. 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 572 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2021-ci ildə ölmüş X1 adına vərəsəlik işi açılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 0,004 ha bağ sahəsinə ünvanında yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumatları sorğunu təqdim etmiş şəxs vasitəsilə notariat ofisinə göndərilməsi xahiş olunur. 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisinin 05 sentyabr 2024-cü il tarixli, 2731 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2001 il tarixli, 8i-6845 reyestr nömrəli ərizəsi və X3 xx.xx.2021-ci il tarixli, 8i-13745 reyetsr nömrəli ərizəsi əsasında xx.xx.1947-ci ildə doğulmuş xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 adına V- 206/2021 reyestr nömrəli vərəsəlik işi açılmışdır. İddiaçı və X7 mirası qəbul etmişdir. Cavabdehin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubu ilə göndərilmiş xx.xx.2019-cu il tarixli müayinə aktında qeyd edilmişdir ki, Maştağa qəsəbəsi, 104 nömrəli bağ sahəsi dövlət qeydiyyatdından keçmədiyi üçün, həmçinin ilkin torpaq ayırma cizgisi idarəyə təqdim olunmadığı üçün döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadı. Bağın icarəyə veriməsi haqqında 12 aprel 1993-cü il tarixli, 11713 nömrəli müqaviləyə əsasən xx.xx.1993-cü il tarixli Sərəncamının 2 nömrəli Protokolu əsasında Maştağa qəsəbəsində yerləşən 0,19 hektarlıq 105 nömrəli bağ sahəsi X4 icarəyə verilmişdir. Bağın icarəyə veriməsi haqqında 23 noyabr 2001-ci il tarixli, 11713 nömrəli müqaviləyə əsasən xx.xx.2001-ci il tarixli Sərəncamının 14 nömrəli Protokolu əsasında Maştağa qəsəbəsində yerləşən 0,04 hektarlıq 104 nömrəli bağ sahəsi X2 icarəyə verilmişdir. Bağın icarəyə veriməsi haqqında 30 noyabr 2001-ci il tarixli, 11713 nömrəli müqaviləyə əsasən xx.xx.2001-ci il tarixli Sərəncamının 14 nömrəli Protokolu əsasında Maştağa qəsəbəsində yerləşən 0,04 hektarlıq 104 nömrəli bağ sahəsi X2 icarəyə verilmişdir. Bağın icarəyə veriməsi haqqında 11 dekabr 2000-ci il tarixli, 11713 nömrəli müqaviləyə əsasən xx.xx.2001-ci il tarixli Sərəncamının 14 nömrəli Protokolu əsasında Maştağa qəsəbəsində yerləşən 0,04 hektarlıq 105 nömrəli bağ sahəsi X2 icarəyə verilmişdir. Cavabdehin məhkəmənin sorğusuna 02 iyun 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 0.0668 ha təşkil edir. Torpaq (bağ) sahəsi qonşu sahə ilə bir hasar daxilində yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır (hər hansı bir dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Bundan əlavə qeyd edirik ki, İddiaçı tərəfindən 104 saylı torpaq sahəsinin bölünənləri ilə notarial qaydada təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə 25. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.7-ci maddəsinə görə 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə bildirir ki, iddiaçının mərhum anasının mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda daşınmaz əmlakın mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayış verilməlidir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi daşınmaz əmlakın ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi torpaq sahəsinin digər torpaq sahəsi ilə hasar daxilində yerləşməsi, bağ sahəsinə dair cizginin arxiv qovluğunda aşkar edilməməsi və hüquqi vərəsələr dairəsinin müəyyən edilməsi barədə notarial məktubun təqdim edilməməsi göstərmişdir. Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Cavabdeh inzibati orqanın arxivində saxlanılan və məhkəmə icraatı zamanı təqdim olunan sənədlər toplusundan görünür ki, X5 və İstismarı Birliyi ilə X6 arasında bağların icarəyə verilməsi barədə bağlanmış 23 noyabr 2001-ci il tarixli və 30 noyabr 2001-ci il tarixli, 11713 nömrəli müqavilələrə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 104 nömrəli bağ sahəsi X1 icarəsinə verilmişdir. Göründüyü kimi iddiaçının mərhum anasının iddia olunan bağ sahəsinə münasibətdə hüquqları yaranmışdır ki, bu hüquqlarının yaranmasına əsas - onun “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.7-ci maddəsində sadalanmış sənədlərə malik olmasıdır. Doğrudur ki, cavabdeh inzibati orqan mərhum X1 bağ sahəsinə münasibətdə hüquqlarının yaranmasını təkzib etmir, o cümlədən bu hüquqlarının yaranmasında əsas duran icarə müqaviləsinin mötəbərliyini şübhə altına almır. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən imtina əsası kimi iddia olunan bağ sahəsinin cizgisinin təqdim edilməməsi çıxış edir. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi hala (hüquqi vərəsələr dairəsinin müəyyən edilməsi barədə notarial məktubun təqdim edilməməsi) münasibət bildirir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisinin tərəfindən xx.xx.2021-ci il tarixli, 572 nömrəli məktubu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlayaraq bildirilmişdir ki, İddiaçı müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2021-ci ildə ölmüş X1 adına vərəsəlik işi açılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 0,004 ha bağ sahəsinə ünvanında yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış barədə məlumatları sorğunu təqdim etmiş şəxs vasitəsilə notariat ofisinə göndərilməsi xahiş olunur. 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisinin 05 sentyabr 2024-cü il tarixli, 2731 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixli, 8i-6845 reyestr nömrəli ərizəsi və X3 xx.xx.2021-ci il tarixli, 8i-13745 reyetsr nömrəli ərizəsi əsasında xx.xx.1947-ci ildə doğulmuş xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 adına V-206/2021 reyestr nömrəli vərəsəlik işi açılmışdır. İddiaçı və X7 mirası qəbul etmişdir. Göründüyü kimi sözügedən məktublarla cavabdeh orqana müraciətlər ünvanlansa da cavabdeh tərəfindən hər-hansı hərəkət edilməmişdir. Beləliklə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə İddiaçı İsmayııl oğlunun mərhum anası X2 Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olmuş X5 və İstismarı Birliyi tərəfindən xx.xx.2001-ci il tarixli, 11713 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 104 nömrəli bağda yerləşən, ümumi sahəsi 0,04 ha torpaq sahəsinə dair arayışın verilməsi vəzifəsi qoyulmalıdır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı iddiası təmin edilsin. İddiaçının mərhum anası X2 Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olmuş X5 və İstismarı Birliyi tərəfindən xx.xx.2001-ci il tarixli, 11713 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 104 nömrəli bağda yerləşən, ümumi sahəsi 0,04 ha torpaq sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar