Məhkəmə qərarları › İş №2-1(112)-6900/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6900/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6900/2024 09.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı işlədiyi SOCAR-ın X2 28 may Neft və Qazçıxarma İdarəsi tərəfindən xx.xx.2023-cü-xx.xx.2023-cü illər üzrə ödənilən birdəfəlik 15.352.05 manat müavinətdən çıxılan 4.186.35 manat məbləğində müavinətin tutularaq gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab olunması və 4.186.35(dörd min yüz səksən altı ) manat müavinətin iddiaçıya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən qaytarılması öhdəliyini cavabdehlərin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı işlədiyi SOCAR-ın X2 28 may Neft və Qazçıxarma İdarəsi tərəfindən 01.102023-cü-xx.xx.2023-cü illər üzrə ödənilən birdəfəlik 15.352.05 manat müavinətdən çıxılan 4.186.35 manat məbləğində müavinətin tutularaq gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab olunması və 4.186.35(dörd min yüz səksən altı ) manat müavinətin iddiaçıya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən qaytarılması öhdəliyini cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 oktyabr 2023-cü il tarixli №14-2-17/3 lK-481/2023 müqaviləsi AR ƏM-nin 69.3-cü maddəsi, yaşa görə təqaüdə çıxması əmr edilmişdir. Müqavilə ləğv olunarkən işçinin təminatları SOCAR və ANQSİHİRK 2020-2023cü illər üçün Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta əmək haqqının beş faizi məbləğində müavinət ödənilməsi qeyd olunmuşdur. Belə ki, həmin gün iddiaçıya SOCAR Azərineft İB-nin 28 may NQCİ-nin rəisinin tərtib etdiyi sənəd təqdim olunmaqla müqaviləyə imza etməsi bildirilsə də, müqavilə iddiaçı tərəfindən imzalanmamışdır. İddia tələbinə əlavə olunan haqq hesab vərəqəsindən göründüyü kimi ona müavinət təyin olunarkən hesablanma düz aparılmamış və belə ki, axırınçı haqq hesab 3425 manat, oktyabr ayında 7 günlük əmək haqqı 1373 manat olmaqla, əmək haqqının beş misli 15878 manat təşkil etməli olduğu halda 15.352 manat hesablanmalıdır. Belə ki, iddiaçıdan ona ödənilən müavinətdən 4.186 manat məbləğində gəlir vergisi tutulmuş və həmin tutulan məbləğin 103.74 işsizlik ödənişnə görə, DSMF 622 manat, Həmkarlar ittifaqına 207.43 manat olmaqla ümumilikdə bu qədər məbləğin tutulması qanunsuz və əsassız hesab edilməlidir. İddiaçıdan tutulan 4.186.95 manat pul cavabdehlərdən alınaraq ,iddiaçıya ödənilməlidir. Bu məbləğ iddiaçıya müavinət olaraq ödənildiyi üçün yuxarıda qeyd olunan məbləğ ondan tutulmamalı və məbləğ tam şəkildə ona ödənilməli idi. Vətəndaş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Birliyindən Yaşa görə pensiya hüququ yarandığı üçün işdən azad edilməsi və işdən azad edilən zaman ona orta əmək haqqının beş misli həcmində ödənilən müavinətdən gəlir vergisi tutulması və bu haldan şikayətçidir və araşdırılmasını xahiş etmişdir. Bununla bağlı heç bir addım görülməmiş və ən əsası vətəndaşın müəssisə tərəfindən iddia tələbinə əlavə olunan işə götürənlə işçi arasında əmək münasibətlərinə xitam verilməsi haqqında müqaviləyə imza etməməsini nəzərə alınsa, iddiaçı əlavə gəlir vergisinin ödənilməsi barədə tərəflə arasında heç bir öhdəlik götürməmiş və belə olan halda hansı əsasla birdəfəlik ödənilən müavinət iddiaçıdan alına bilərdi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq xitam verilmiş və şəxsə birdəfəlik müavinət olaraq ödəmə həyata keçirilmişdir. İddiaçı təqdim etdiyi “haqq-hesab vərəqəsi”-nə əsasən qanunvericiliyə uyğun olaraq fiziki şəxsin gəlirindən aidiyyəti üzrə tutulmalar həyata keçirilmişdir. Belə ki, iddiaçı ərizəsində ona orta aylıq əmək haqqının 5 misli miqdarında ödənilmiş müavinətdən gəlir vergisinin tutulmasının qanunsuz olduğunu və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən həmin ödəmənin vergidən azad olunduğunu bildirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının ona ödənilmiş müavinətdən tutulmalara görə vergi orqanının cavabdeh qismində müəyyən edilməsi tələbi iddianın mümkünlüyü baxımından əsassızdır. Qanunvericiliyin qeyd olunan müddəalarından belə nəticəyə gəlmək olur ki, iş üzrə iddiaçı qismində çıxış edən fiziki şəxsin hesabına həyata keçirilmiş ödəmələrdən dövlət büdcəsinə ödənilmiş tutulmalara görə onun işəgötürəni, yəni Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsi məsuliyyət daşıyır. Nəticə olaraq, işəgötürən tərəfindən işçiyə ödənilmiş müavinətdən tutulmalara görə vergi orqanının hər hansı hərəkət və hərəkətsizliyi olmadığı halda mübahisələndirilən iş üzrə onun cavabdeh qismində cəlb olunması, həmçinin gələcəkdə iddianın təmin olunma ehtimalı olduğu halda məhkəmə qərarının icra edilməsi baxımından vergi orqanının üzərinə hər hansı öhdəliklərin qoyulması qanunvericiliyin tələblərinə ziddir. İddiaçıya ödənilmiş müavinətdən gəlir vergisinin tutulmasına münasibətdə bildirilir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Maddənin mətnindən aydın olur ki, fiziki şəxslərin gəlir vergisindən azad edilən ödəmələrin bir neçə növü müəyyən edilmişdir. İddiaçı ərizəsində ona pensiya yaşına çatmağına görə ödənilmiş birdəfəlik müavinətin maddədə qeyd edilən hansı ödəməyə istinad etməklə vergidən azad edilməsini əsaslandırmamış, ümumi olaraq müvafiq maddəyə istinad etmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, müvafiq maddədə fiziki şəxslərin gəlir vergisindən azad olunan gəlirləri içərisində pensiya yaşına çatmağa görə ödənilmiş birdəfəlik müavinətin olması nəzərdə tutulmur. Nəzərə almaq lazımdır ki, iş materiallarından da anlaşıldığı üzrə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə əsasən, işçinin yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar olaraq xitam verilmişdir. Halbuki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi yalnız konkret əsaslarla şəxslərə ödənilən ödənişlərin gəlir vergisindən azad edilməsini nəzərdə tutur. Belə ki, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bu müavinət həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmişdir. Qeyd olunan maddəyə görə əmək müqaviləsi Əmək Məcəlləsinin 70ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndi əsasında deyil, 69-cu maddəsinin 3-cü hissəsin əsasında xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildirilir ki, həmin maddə vergi azadolması müəyyən etmir və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan vergi azadolmasını tamamlayır. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər hansı azadolma müəyyən etmir və həmin normanın məhkəmə tərəfindən genişləndirici şəkildə təfsir olunması yolverilməzdir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Yekun olaraq, Əmək Məcəlləsinin müvafiq maddəsi hər hansı əlavə azadolma müəyyən etməməklə yanaşı əmək müqaviləsinə xitam verilən zaman işçilər üçün nəzərdə tutulmuş təminatlardan işdənçıxma müavinətinin vergiyə cəlb olunmadığını konkretləşdirmişdir. İşdənçıxma müavinətinin ödənilmə hallarına münasibətdə isə, həmin Məcəllənin 77.3-cü maddəsinə baxdıqda aydın olur ki, işdənçıxma müavinəti əmək müqaviləsinə işəgötürən tərəfindən, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş qaydada xitam verildiyi hallarda işçilərə verilən təminat olaraq müəyyən edilir. Hazırki iş materialları üzrə Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin №14-2-17/3-1K-481/2023 saylı əmrindən aydın olur ki, əmək müqaviləsinə işçinin pensiya yaşına çatması ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsilə nəzərdə tutulmuş əsasla xitam verilmişdir. Odur ki, iddiaçıya pensiya yaşına çatması ilə əlaqədar olaraq ödənilmiş birdəfəlik müavinət Əmək Məcəlləsi ilə vergidən azad edildiyi nəzərdə tutulan işdənçıxma müavinəti hesab olunmur. Nəticə etibarı ilə, vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bütün digər hallarda (Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstərilənlər istisna olmaqla) fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət ərizəsi daxil olmamışdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

6. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. - 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. - 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. - 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.

Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən müvafiq tələblə cavabdeh inzibati orqanlara müraciət edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə iddiaçının tələbi pensiyaya çıxması ilə əlaqədar işdən azad edilməsi ilə bağlı ona birdəfəlik müavinət olaraq ayrılmış 15.352.05 manat puldan çıxılan 4.186.35 manat məbləğinin gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən: 77-ci maddə: İ.İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. İİİ Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; 150.1. Vergi orqanında uçotda olan aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.1. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər; 150.3. Bu Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar: 150.3.1. bu Məcəllənin 150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə; Qanunvericilik normalarından aydın olduğu kimi fiziki şəxslərin gəlir vergisi onlara ödəmələri verən hüquqi şəxslər tərəfindən hesablanaraq, dövlət büdcəsinə ödənilir. İddiaçının hazırki cavabdeh inzibati orqanlara qarşı yönəlmiş olan tələbi həmin inzibati orqanlarla publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, işəgötürənlə onun arasında əmək münasibətlərinə xitam verilərkən yaranmaqla, əmək və vergi qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələblərinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

8. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmə iclasını təyin etmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə bildirməmişdir.

9. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı işlədiyi SOCAR-ın X2 28 may Neft və Qazçıxarma İdarəsi tərəfindən 01.102023-cü-xx.xx.2023-cü illər üzrə ödənilən birdəfəlik 15.352.05 manat müavinətdən çıxılan 4.186.35 manat məbləğində müavinətin tutularaq gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab olunması və 4.186.35(dörd min yüz səksən altı ) manat müavinətin iddiaçıya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən qaytarılması öhdəliyini cavabdehlərin üzərinə qoyulması” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar