Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6905/2020 23.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin rəisi İdris Həsənquliyevə qarşı “tabeçiliyində olan icra məmuruna qarşı tərəfindən verilmiş etirazla bağlı müvafiq qərarın ona təqdim olunması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin rəisi İdris Həsənquliyevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tabeçiliyində olan icra məmuruna qarşı tərəfindən verilmiş etirazla bağlı müvafiq qərarın ona təqdim olunma vəzifəsinin onun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tərəf olduğu icra işi üzrə icra məmuruna qarşı, onun obyektliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsasların olduğu üçün, ona etirazını cavabdehə xx.xx.2020-ci il tarixində təqdim etmişdir. Etirazı ilə bağlı cavabdeh tərəfindən ona müvafiq qərar deyil, etirazının baxılmasının ümumiyyətlə mümkün olmadığı barədə adi məktub xx.xx.2020-ci ildə təqdim edilmiş və həmin imtina onunla əsaslandırılmışdır ki, guya etiraz artıq icra hərəkətləri başlandıqdan sonra verilmişdir. Cavabdehin, iddaçı tərəfindən verilmiş etirazının icra hərəkətlərin başlanmasından sonra güya verilməsinə dair dəlilinə gəldikdə hesab edir ki, bu həqiqətə uyğun deyil. Çünki, həmin vaxt ancaq icra məmurunun icraata başlaması və könüllü icra üçün vaxtın verilməsi barədə xx.xx.2020 tarixli qərarı və müvafiq bildirişi mövcud idi və həmin müddət ərzində təbii ki, heç bir icra hərəkəti edilə bilməzdi və edilməmişdir. Cavabdeh məktubunda sadəcə qanunla nəzərdə tutulmuş və konkret olaraq “icra hərəkəti” anlayışını “tələbin icrası istiqamətində icra tədbirləri” cümləsi ilə əvəzləşdirir. Ümumiyyətlə, adi məntiqə görə də, icra məmurunun kim olduğunu tərəflər ancaq onun icraata başlamaq haqqındakı qərarından müəyyən edə bilərlər və məhz bundan sonra ona etiraz edə bilərlər - hər bir hal da, sözügedən etiraz könüllü icra müddəti zamanı cavabdehə təqdim edilib və həmin vaxt heç bir icra hərəkəti həyata keçirilə bilməzdi. Göründüyü kimi, qanunun mütləq tələblərinə əsasən „icra qurumunun rəhbəri tərəfindən icra məmuruna edilən etirazdakı dəlillərlə razılaşmadığı halda, bu barədə müvafiq qərar qəbul edilir” və bu qərardan tərəflər məhkəməyə şikayət edə bilərlər. Lakin, cavabdeh sözügedən etirazdan şikayətin verilmə müddətin güya keçməsinə söykənərək, ona ümumiyyətlə baxmır və bu barədə lazımi qərar qəbul etmir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. Hazırlıq icraatının gedişində İPM-in 13-cü və 48-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərmək məqsədilə məktub göndərilərək ona cavabdehə qarşı icra vərəqəsi vermiş məhkəməyə şikayətlə müraciət etmək hüququ izah olunmuş, iddiaçı məhkəmə tərəfindən verilmiş təklifə (tövsiyəyə) münasibət bildirmədiyindən xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etmədiyinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Xəzər rayon İcra və Probasiya Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan məlum olur ki, borclu olduğu icra sənədi üzrə Xəzər rayon icra və probasiya şöbəsində xx.xx.2020-ci il tarixdə icraata başlanılaraq tələbin icrası istiqamətində icra tədbirləri həyata keçirildiyindən iddiaçının icra məmuruna etdiyi etirazın mahiyyəti üzrə həll edilməsi mümkün olmamışdır. Məhkəmə, iddiaçının nəzərinə çatdırır ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayətlə müraciət etməmiş, ayrıca inzibati iddia vermişdir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçıya izah edilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra sənədini vermiş məhkəməyə şikayətlə müraciət edə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-6905/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6905/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver