Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6907/2020 27.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi Həkim Komissiyasına qarşı qərarın ləğv edilməsi və yenidən şəhadətləndirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) iddianın mümkünlüyü məsələsinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 56 saylı, xx.xx.2019-cu il tarixli qərarında xəstəliyin yaranma səbəbinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərəkən alınmışdır” ifadəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 56 nömrəli qərarının ləğv edilməsi və yenidən şəhadətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-678/2020 saylı qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-678/2020 saylı qərardadına əsasən inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. O dövrdə döyüşçüləri çatışmadığından hərbi hissəyə çatan kimi döyüşlərə qatılaraq döyüş tapşırığını yerinə yetirmişdir. Həmişə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmişdir. O, N saylı hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən xidməti vəzifələrinin icrası zamanı: -birinci dəfə xx.xx.1992-ci il tarixində döyüşlərdə bel nahiyəsindən ağır yaralanmış və çoxsaylı qəlpə yaraları almışdır. Səhra şəraitində ilk tibbi yardım göstərildikdən sonra X1 cərrahiyyə şöbəsinə təxliyyə olunmuş və orada xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək müalicələr almışdır. İkinci dəfə xx.xx.1994-cü il tarixində döyüşlərdə təkrar yaralandıqdan sonra Bakı şəhərindəki Daxili İşlər Nazirliyi Hospitalının cərrahiyyə şöbəsində sağ döş qəfəsinin dəlib keçən güllə yarası diaqnozu ilə xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixlərində müalicələr almışdır. Müalicələrdən sonra ona 257/600 nömrəli xx.xx.1994-cü il tarixli şəhadətlənməsi haqqında arayış verilmişdir. Həmin tarixindən sonra Hərbi Həkim Komissiyasından keçirildikdən sonra onun hərbi xidmətə yararsız olduğu müəyyən edilmiş, ona mənzuniyyət verilmiş və onun sənədləri ehtiyata buraxılması üçün göndərilmişdir. Bundan sonrası artıq onun komandirlərinin və Şəmkir rayon Hərbi Komissarlığının işi idi. Müharibədən sonra bəzi döyüşdən qaçanlar müharibə veteranı və əlili oldular. Ona isə fərarilik damğası vuruldu, sonra isə amnistiya olundu. İndi vəziyyəti pisləşdiyindən Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qabiliyyətli olmadığı və ona xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən yaralanması ilə əlaqədar olaraq əlillik qrup verilməsi gündəmə gətirilmişdir. Bununla əlaqədar olaraq o, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini, X3 cənab general-leytenant Şahin Məmmədova müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyası tərəfindən «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7-ci maddəsinə (Hərbi qulluqçularda, hərbi toplarıişa çağirilmiş vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplaniş) və həmin maddənin 2-ci bəndinin "c" hissəsinə əsasən (orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi) şəhadətləndirilməsi haqqında tapşırıq verməsini xahiş etmişdir. X6 Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 56 saylı xx.xx.2019-cü il tarixli Qərarında xəstəliyin yaranma səbəbinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınırmışdır” ifadəsi yazılmışdır. Amma şəhadətnamədə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməlidir. Çünki o, bədən xəsarətlərini Azərbaycanın müdafiəsi zamanı düşmənlə üzbəüz döyüş mövqelərində xidməti vəzifələrinin icrası zamanı almışdır və Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 56 saylı xx.xx.2019-cu il tarixli Qərarında xəstəliyin yaranma səbəbinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsində yanlışlığa yol verilmişdir. Həmin ifadənin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi daha dəqiqdir. Bununla da onun vətən qarşısındakı xidmətlərinə daha dəqiq qiymət verilmiş olacaqdır. Lakin onun xahişinə əsasən Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 56 saylı xx.xx.2019-cü il tarixli Qərarında xəstəliyin yaranma səbəbinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsinə imtina edilmişdir. X6 Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 56 saylı, xx.xx.2019-cu il tarixli qərarında xəstəliyin yaranma səbəbinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi ona müharibə əlili kimi imtiyazlar verəcəkdir. Bundan imtina isə inzibati orqanın qanunsuz hərəkətidir və ədalətsizdir. Nəticə etibarı ilə onun hər ay aldığı 250 manat prezident təqaüdü və digər imtiyazlarının itirilməsinə səbəb olur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz əsasən onunla əsaslandırılmışdır ki, sabiq hərbi qulluqçu İddiaçı ilk dəfə 22 iyun 1992-ci il tarixdə yaralanması barədə Daxili Qoşunların arxivində heç bir məlumat yoxdur. İddiaçı xx.xx.1992-ci il tarixdə Daxili Qoşunların sıralarında xidmət edərkən yaralandığını iddia etsə də, onun N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 272 nömrəli əmrilə Daxili Qoşunların hərbi hissələrinin fərrari əsgərlərinin siyahısında 19 noyabr 1993-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməsi və barəsində ilk məlumatın olması arxiv arayışında bildirilmişdir. Həmçinin yaralanmanın alınma şəraiti haqqında məlumat olmadığından hərbi-həkim komissiyası bu barədə qərar verilməsini məqsədəmüvafiq hesab etməmişdir. İddiaçı E.X4 nazirinin müavini – X3na ünvanladığı ərizəsinə əsasən o, hərbi-həkim komissiyasına dəvət olunmuş, lakin çağırış yerinə gəlməmişdir. Toplanmış sənədlərə əsasən onun xx.xx.1994cü il tarixdə yaralanmasının hərbi xidmətlə bağlı səbəb əlaqəsi isə “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi təyin edilərək 56 nömrəli xx.xx.2019-cu il tarixli qərar verilmişdir. Bundan başqa İddiaçı xx.xx.1994-cü il tarixdə yaralandığından və 12 may 1994-cü il tarixdən sonrakı atəşkəs, həmçinin döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə onun şəhadətləndirilməsində “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarının verilməsi mümkün deyildir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 27 noyabr 2020ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə baxılması mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi Həkim Komissiyasının 56 saylı, 03 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, DİN Daxili Qoşunlarda hərbi xidmətdə olarkən İddiaçı xx.xx.1994-cü il tarixdə Füzuli rayonunda yaralandığı, xx.xx.1994-cü il trixdən xx.xx.1994cü il tarixədək DİN-nin Respublika Hospitalında “Döş qəfəsinə sağdan dəlib-keçən odlusilah güllə yaralanması. Sağ ağciyərin yaralanması, hemopnevmotoraks, i-ll dərəcəli tənəffüs çatışmazlığı”na görə stasionar müalicə olunduğu və xx.xx.1994-cü il tarixdə DİNnin Hospital Həkim-Ekspert Komissiyasında şəhadətləndirildiyi xəstəlik-diaqnoz: “Döş qəfəsinə sağdan dəlib-keçən odlu-silah güllə yaralanmasından sonrakı vəziyyət. Sağ ağciyərin yaralanması”. (DİN DQ Komandanının xx.xx.2019-cu il tarixli 2591 B və xx.xx.2019-cu il tarixli R/7055 nömrəli göndərişləri, vətəndaş ərizəsi, DİN-nin Respublika Hospitalından 1341 nömrəli xx.xx.1994-cü il tarixli xəstəlik tarixindən çıxarış epikrizi, DİNnin Qospital Həkim-Ekspert Komissiyasından xx.xx.1994-cü il tarixli 257/600 nömrəli şəhadətləndirilməsi barədə arayış, DQBİ Arxivindən xx.xx.2019-cu il tarixli 583 nömrəli arxiv arayışı ilə təsdiq edilir). “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 56 nömrəli qərarının dəyişdirilməsi ilə bağlı 30 yanvar 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, daha sonra tələbini dəyişərək, həmin qərarın ləğv edilməsi və yenidən şəhadətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi həmin qərarı qanunvericliklə müəyyən edilmiş müddətdən sonra iddiaçı tərəfindən mübahisələndirmiş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmənin yardımetmək vəzifəsinə uyğun olaraq iddiaçıya 10 oktyabr 2020-ci il tarixdə məktub göndərilərək mübahisə predmeti olan inzibati aktın məzmunundan nə vaxt məlumatlı olması barədə sübutu məhkəməyə təqdim etməsi, tərəfindən prosessual müddət ötürüldüyü təqdirdə buraxılmış prosessual müddətin bərpasına dar ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Lakin iddiaçı tərəfindən hər hansı hərəkət olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qəbul edilmiş inzibati aktı şərtləndirən hallar həmin dövr ərzində iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından hazırkı iddia mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və buna görə də hazırkı iddia mümkün sayılmamalıdır. Bütün göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 38, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi Həkim Komissiyasına qarşı qərarın ləğv edilməsi və yenidən şəhadətləndirilməsi tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Fərid Mədətli