Məhkəmə qərarları › İş №2-1(112)-6907/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6907/2022

23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6907/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı “nikah haqqında akt qeydinin bərpa edilərək akt qeydində düşəliş edilməsi öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı, 1968-ci il tarixli nikah haqqında şəhadətnamədə “X9” adının “X3”na dəyişdirilməsi ilə bağlı Bakı şəhəri Cavabdeh üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1951-ci il tarixində Füzuli şəhərində anadan olmuşur. 18 oktyabr 1968-ci ildə X11 ilə qanuni nikaha daxil olub və nikahın qeydə alındığı VVAQ bürosundan bunu təsdiq edən nikah haqqında şəhadətnamə təqdim olunub. Lakin, həmin nikah haqqında şəhadətnamədə texniki səhvə yol verilmiş və adı Əliyeva (qızlıq soyadı) Zöhrəxanım Əliağa qızı qeyd olunmalı olduğu halda X9 olaraq qeyd olunmuşdur. Bu texniki səhv barədə onun uzun illər keçənə qədər məlumatı olmamışdır. Qeyd etmək istəyir ki, onun Füzuli rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnasində də tam adı X3 olaraq qeyd olunmuşdur. Yuxarıda qeyd edilən yanlışlıqdan xəbər tutduqdan sonra, 19 fevral 2022-ci il tarixində nikah haqqında şəhadətnaməmə dəyişiklik edilməsi ilə bağlı qeydiyyatda olduğu Bakı şəhəri Cavabdehnə müraciət etdi. Qeydiyyat şöbəsi eyni tarixdə mənim şifahi müraciətinə yazılı cavab verdi. Bakı şəhəri Cavabdeh onun müraciətinə cavab olaraq bildirmişdir ki, Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən nikah haqqında akt qeydi aşkar olunmamışdır və buna görə də nikah haqqında şəhadətnamədə düzəliş etmələri mümkün deyildir. Dəyişiklik üçün kifayət qədər əsas olmadığını bildirmişdilər. Lakin, faktlar və sənədlər əsasında görünür ki, bu cür dəyişiklik üçün kifayət qədər ciddi olan əsas mövcuddur. Çünki nikah haqqında şəhadətnamədə adının səhv qeyd olunması sırf texniki səhv nəticəsində olmuşdur. Buna görə də 1968-ci il tarixli nikah haqqında şəhadətnamədə dəyişiklik edilməlidir.

3. Cavabdeh tərəfindən verilmiş imtina onunla əsaslandırılmışdır ki, Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 18.10.1968-cı il tarixli 15 saylı nikah haqqında akt qeydində qadın qrafasında ad bəndində “Zöhrə”dən “Zöhrəxanım”a düzəliş edilməsi barədə müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Füzuli rayon qeydiyyat şöbəsin tərəfindən nikah haqqında haqqında akt qeydi aşkar olunmadığından onun nikah şəhadətnaməsinə düzəliş etmək mümkün deyildir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-cı il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı uçun ərizəsi təmin edilmir.

4. İddiaçının ərizəsi əsasında məhkəmənin 23.05.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin nikah haqqında akt qeydinin bərpa olunması və akt qeydində “Zöhrə” adının “Zöhrəxanım” olaraq dəyişdirilməsi qəbul edilmişdir.

5. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

6. Bakı şəhəri Binəqədi rayon qeydiyyat idarəsi məhkəmə hazırlıq iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir. Məhkəməyə ünvanlanmış 04.05.2022-ci il tarixli məktubla iddiaya etiraz edilmədiyi və işin həllinin məhkəmənin mülahizəsinə buraxıldığı bildirilir.

II. İddianın növü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

10. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 09.03.2021-ci il tarixli cavabında bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən qeyd edilmişdir ki, şöbəyə daxil olmuş müraciətin həyata keçirilməsi mümkün deyildir.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. Əsli məhkəmə iclasında tədqiq edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, 1939-cu il təvəllüdlü X11 ilə xx.xx.1951-ci il təvəllüdlü X9 arasında nikah 18.10.1968-ci il tarixdə Azərbaycan SSR Füzuli rayonunun Aybasanlı kənd sovetində qeydə alınmışdır.

12. Füzuli rayon qeydiyyat şöbəsi tərəfinədn bildirilmişdir ki, İddiaçı barəsində Azərbaycan Respublikası Füzuli rayon qeydiyyat şöbəsinin arxivində nikah haqqında akt qeydi aşkar olunmadı. Füzuli rayon qeydiyyat şöbəsi və Aybasanlı kənd icra nümayəndəliyi üzrə 1965-1971-ci illər nikah akt qeydləri yoxlanılmışdır.

13. Doğum haqqında haqqında şəhadətnamədən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X1 Füzuli rayonunda anadan olması, atası X6, anası X7, milliyyəti azərbaycanlı olması barədə 19.02.1951-ci ildə 35 nömrə ilə qeydiyyat aparılmışdır.

IV. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi

14. Məhkəmə mövqeyini iddianın mümkünlüyünə qiymət verməklə bildirməyi zəruri hesab edir.

15. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

16. Hazırki iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan nikahın bağlanması faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında nikah haqqında akt qeydinin bərpa olunması ilə bağlıdır.

17. İddia mümkündür.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”dan: - 13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

21. Doğum haqqında şəhadətnamədə xx.xx.1951-ci il tələvllüdlü X1 adı nikah haqqında şəhadətnamədə X9 olaraq göstərilmiş və həmin 18.10.1968-ci il tarixli nikah haqqında şəhadətnamənin əsli məhkəmə iclasında tədqiq edilmişdir, iddiaçının şəxsiyyət vəsiqəsində ailə vəziyyəti qrafasında “evli” olaraq göstərilmişdir. .

22. X15 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X2rşı).

23. Beləliklə, məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində iddiaçının adı “Zöhrəxanım” olaraq yazıldığından nikah haqqında akt qeydinin bərpası və həmin akt qeydində müvafiq dəyişikliyin edilməsi üçün kifayət qədər əsas var, əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq düzəlişin həyata keçirilməsindən imtina edilməsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz.

24. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X5rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).

25. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).

26. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1939-cu il təvəllüdlü X11 ilə xx.xx.1951-ci il təvəllüdlü X9 arasında 18.10.1968-ci il tarixdə Azərbaycan SSR Füzuli rayonunun Aybasanlı kənd sovetində qeydə alınmış nikah akt qeydi bərpa olunmaqla akt qeydində “Zöhrə” adının “Zöhrəxanım” olaraq dəyişdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.1951-ci il təvəllüdlü X9 ilə 1939-cu il təvəllüdlü X11 arasında 18.10.1968-ci il tarixdə Azərbaycan SSR Füzuli rayonunun Aybasanlı kənd sovetində qeydə alınmış 15 nömrəli nikah akt qeydi bərpa olunmaqla nikah haqqında akt qeydində “Zöhrə” adının “Zöhrəxanım” olaraq dəyişdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar