Məhkəmə qərarları › İş №2-1(112)-6915/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6915/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6915/2025 04.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ““Müharibə Vetranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bunda sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin “X4”nda sürücü kimi işləyərkən 44 günlük “Vətən Müharibəsi” vaxtı Ağdam rayon Mərkəzi Xəstəxanasına ezam olunmuş və ezamiyyəti dövründə idarə etdiyi təcili yardım avtomaşını ilə yaralı və şəhid hərbiçilərin döyüş meydanlarından təxliyyə olunmasında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları zonasında təcili yardım maşınının sürücüsü kimi fəaliyyət göstərsə də ona “Müharibə Veteranı” adı və vəsiqəsi verilməmişdir. “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə və “Veteran adlarının verilməsi üzrə Komissiya”ya müraciətləri bu günə qədər cavablandırılmamışdır. O, müraciətlərinin cavablandırılmamasını imtina kimi qiymətləndirir. Hesab edir ki, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədləri cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməlidir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Müdafiə Nazirliyinin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı), xx.xx.2025-ci il tarixdə iddia tələbinə dair yazılı mülahizəsinə (etirazı) əlavəsi Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Cavabdeh inzibati orqanların iddia tələbinə dair mülahizələri (etirazları): Yazılı etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin hazırkı iş üzrə cavabdeh qismində qeyd edilməsinin heç bir hüquqi və faktiki əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, Əsasnamənin 1-ci hissəsinin 9-11-ci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və ya istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlətə Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnamənin istinad olunan normasının tələbindən göründüyü kimi, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı vətəndaşın müraciətinə baxan orqanın aidiyyət meyarını müəyyən etmək üçün vətəndaşla orqan arasındakı münasibətlərə nəzər salmaq lazımdır. İş materiallarından məlumdur ki, iddiaçı ilə Müdafiə Nazirliyi arasında hər hansı xidməti və ya əmək münasibəti mövcud olmamışdır və hazırda da mövcud deyildir. İddiaçı Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin “X5 Avtobazasında sürücü kimi işləyərkən Ağdam rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşdur. Qeyd olunan xəstəxana mülki təyinatlı xəstəxana olmaqla, Müdafiə Nazirliyinin qurum (struktur) tərkibinə daxil deyildir. Odur ki, yuxarıda istinad olunan Əsasnamənin tələbinə görə vətəndaşla inzibati orqan arasında xidməti münasibət mövcud olmalıdır, hazırkı halda iddiaçıya münasibətdə bu meyar mövcud olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məsələsinə baxılması (razılaşdırmaq məqsədilə sənədlərin Nazirlər Kabinetinə göndərilməsi) Müdafiə Nazirliyinin səlahiyyəti xaricindədir. Digər tərəfdən, iddiaçı göstərmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində ‘Veteran adlarının və vəsiqəsinin verilməsi üzrə komissiya”ya müraciət etmiş, komissiya isə bu günədək müraciəti cavablandırmamışdır. Halbuki həmin müraciətlə bağlı 1 ildən artıqdır ki, iddiaçının etibarnamə üzrə nümayəndəsinə cavab məktubu göndərilmiş və iddiaçı bu barədə məlumatlı olmuşdur (bununla əlaqədar, məhkəmənin icraatında 2-1(112)-10359/2024 nömrəli işə baxılmışdır). Bu nüansın İPM-nin 38.1-ci maddəsinin tələbləri (mübahisələndirməyə dair 30 günlük iddia müddəti) baxımından qiymətləndirilməsini məhkəmədən xahiş edilmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi haqqında qərar çıxarılması xahiş edilmişdir. Yazılı etiraza əlavə onunla əsaslandırılmışdır ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı hazırkı iddia İPM-nin 2.2.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia növünə aiddir. Adıçəkilən Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı onun müraciəti ilə bağlı Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən cavab təqdim edilmədiyini göstərsə də, bu, həqiqəti əks etdirməməkdədir. Belə ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı iddiaçının müraciətinə 1 ildən artıqdır ki, komissiya tərəfindən cavab məktubu təqdim edilmiş və iddiaçı bu barədə məlumatlı olmuşdur. Hətta bununla əlaqədar olaraq, məhkəmənin icraatında 2-1(112)- 10359/2024 nömrəli işə baxılmışdır. İddiaçının müraciətinin cavablandırılması iş materiallarında olan Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli 3-25-14/2-3810/2025 məktubu ilə də təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd olunmuşdur ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsalandırdığı hallarda iddia mümkün sayılır. Beləliklə, yuxarıda qeyd edilənlərin “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” ilə bağlı hazırkı iddia tələbinin mümkünsüz sayılması üçün əsas təşkil etməsinin nəzərə alınması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3144 nömrəli sərəncamının icrasının təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 127s nömrəli sərəncamının 3-cü bəndində göstərilmişdir ki, bu sərəncamın 2-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanları (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili işlər Nazirliyi və s.) istisna olmaqla, digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanları, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər və dövlətə məxsus digər hüquqi şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 10-cu abzasında göstərilmiş ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə (hərbi biletlərin surəti, ezamiyyət vəsiqələrinin surəti, əmrlərdən çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti və s.) birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməlidir. Adıçəkilən aktın tələbindən də görünür ki, hazırkı iş üzrə iddiaçılara müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Nazirlər Kabinetinə göndərilməsi səlahiyyəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə (TƏBİB) məxsusdur. Göstərilənlərin nəzərə alınması məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən şifahi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat verdiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: İddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı ********* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər Rayon İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 543 nömrəli məktubun surətində qeyd olunmuşdur ki, “...iddiaçı həqiqətən də geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı xəsarət alanlara xidmət göstərmək məqsəd ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixə kimi iş fəaliyyətini “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində yerinə yetirmişdir. Həmin şəxsin Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralıların və şəhidlərin təxliyə olunmasında iştirak etmiş olmasının nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Səhiyyə idarəsi “X4” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 97 nömrəli Arayışının surətindən müəyyən olunur ki, iddiaçı həqiqətən 28.09 - xx.xx.2020-ci il, 08.10 -xx.xx.2020-ci 21.10 xx.xx.2020-ci il 04.11-xx.xx.2020-ci il və 18.11-xx.xx.2020-ci il tarixlərə kimi cəbhə bölgəsi olan Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin sərəncamına ezam olunaraq, ön cəbhədən yaralı və şəhid hərbiçilərin təxliyyəsi ilə məşğul olmuşdur. İddiaçıya məxsus AO seriyalı, ******* nömrəli hərbi biletində (surəti) göstərilmişdir ki, “...iddiaçı geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı xəsarət alanlara xidmət göstərmək məqsədilə xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək iş fəaliyyətini “Ağdam rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində yerinə yetirmişdir. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd və Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralıların və şəhidlərin təxliyyə edilməsində iştirak etmişdir. - Əsas: “Ağdam rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 543 nömrəli məktubu. İddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-25-14/2- 3810/2025 saylı cavab məktubundan müəyyən olunur ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə komissiyanın xx.xx.2023-cü il tarixli iclasında baxılmış, barəsində müsbət qərar qəbul edilməmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli 2/2-5506 nömrəli xaric olma məktubu ilə məlumat verilmişdir. Tətbiq edilən hüquq. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: … “Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iddia tələbinə münasibətdə ilkin olaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin (“X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı) məsələyə dair şərhindən irəli gələn nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilərBundan əlavə yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Cavabdehin etirazının dəlillərindən aydın olur ki, cavabdeh hazırki iş üzrə özünün cavabdehlik daşımadığını iddia edir. Bunu onunla əsaslandırır ki, iddiaçı Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrində xidmət etmədiyindən, işləmədiyindən, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığından Müdafiə Nazirliyinin üzərinə belə bir öhdəliyin qoyulması əsassızdır. Bu səbəbdən iddiaçı adının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyin”in (TƏBİB) tərtib etdiyi siyahıya daxil edilməsi barədə vəsatət qaldırmalıdır. Məhkəmə qeyd edilənlərlə bağlı diqqətə çatdırır ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin normalarından göründüyü kimi, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün: 1) O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən oktyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı; 2) bu fakt hərbi biletlər (hərbi xidmət keçməmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Yuxarıda sadalanan sənədlərdən də aydın olduğu kimi hazırkı iş üzrə iddiaçıya münasibətdə qeyd olunan tələblər ödənilmişdir. Məhkəmə diqqətə çatdırır ki, sözügedən Əsasnamənin yuxarıda sadalanan bəndlərindən də aydın olur ki, müvafiq əsaslar olduqda müharibə veteranı adı və vəsiqəsinin verilməsi səlahiyyətini icra edən orqanlar müvafiq komissiyaya malik olmalı və həmin komissiyanın rəyi nəzərə alınmaqla müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Hazırki halda isə iddiaçı TƏBİB-in işçisi kimi döyüş əməliyyatları həyata keçirilən ərazilərdə xidmət edən xəstəxanalara ezam olunmuş olsa belə TƏBİB-in (müvafiq komissiyaya malik deyil) şəxsə müharibə veteranı adı və vəsiqəsi vermək səlahiyyəti yoxdur. Hətta cavabdehin qeyd etdiyi TƏBİB tərəfindən siyahıya salınma da həyata keçirilmişdir. TƏBİB tərtib olunmuş “44 günlük Vətən müharibəsi dövründə döyüş zonasında yaralı və şəhidlərin təxliyyəsində və tibbi xidmət göstərilməsində iştirak etmiş əməkdaşların siyahı”sından aydın görünür ki, siyahıya 314 nəfərin adı daxil edilmiş və iddiaçının adı siyahıda 28-ci sırada qeyd edilmişdir. Məhkəmə bir daha qeyd edir ki, vətəndaşlara müharibə veteran adı və vəsiqəsi yalnız müvafiq komissiyaya malik qurumların səlahiyyətindədir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanuna əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisatdır. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) tərəfindən təşkil edilən silahlı birləşmədir. Qeyd edilənlər hazırki iş üzrə Müdafiə Nazirliyinin cavabdehlik daşıması arqumentini möhkəmləndirir. Yəni ki, iddiaçının Əsasnamədə qeyd edildiyi kimi müharibə adı və vəsiqəsi vermək iqtidarında olan müvafiq komissiyaya malik olan digər səlahiyyətli qurumlarla (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi) heç bir bağlılığı olmamışdır. İşin araşdırılmış hallarından bir daha göründüyü kimi iddiaçı müharibə dövründə məhz hərbi hospital kimi fəaliyyət göstərmiş xəstəxanalara ezam olunmuş və ezam məqsədi də Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonların ərazisində erməni işğalçılarının intensiv hücumlarına qarşı başlanmış döyüşlərin şiddətlənməsilə əlaqədar olaraq təcili daşımaların həyata keçirilməsi ilə bağlı olmuşdur. Beləliklə, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və s. rayonları istiqamətində gedən döyüş əməliyyatları zamanı sürücü kimi müvafiq tapşırıqları yerinə yetirməsi işin mübahisəsiz halıdır, çünki bu faktlar iş materiallarında olan sənədlər və hərbi biletdə aparılan qeydlərlə tam təsdiq olunur. İddiaçının yerinə yetirdiyi tapşırığın mahiyyətinə gəldikdə, həmin tapşırıq döyüş əməliyyatlarının təminat növünün tərkib elementi qismində çıxış etməkdədir ki, iddiaçı məhz döyüş əməliyyatlarını həyata keçirən dövrdə Xəstəxanaya ezam edilmiş sürücü kimi nəqliyyat vasitələrini idarə edərək şəxsi heyətin, yaralıların, şəhid düşmüş şəxslərin təxliyyəsini həyata keçirmişdir. Bu zaman iddiaçının ezam olunduğu qurumun hərbi hissə olmaması da vəziyyəti onun ziyanına dəyişmir. Belə ki, hərbi hissə ilə yanaşı orqan və qurumlara ezam halında da veteran vəsiqəsinin verilməsi mümkün haldır ki, hazırkı halda Birliyin tabeliyində olan Xəstəxanaya ezam da hərbi hissə və bölməyə ezam kimi eyni məqsədlərə xidmət edir. Məqsədin eyni olduğu halda isə, hər hansı fərqləndirmənin aparılması zərurəti müəyyən edilməməkdədir. Belə olan halda məlum olur ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. Hazırki halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin, diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-850/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə mahiyyəti üzrə tam və obyektiv baxılması üçün iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının ezamiyyətinin əsaslarını araşdırmadan yəni onun döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi barədə ezamiyyə vərəqələrinin verilməsi üçün əsas olan halları araşdırmalı, iddiaçının həmin bölgədə fəaliyyətinin müvafiq Əsasnamədə qeyd olunan təminatın növlərinə uyğunluğu müəyyən edilməli və hazırkı qərarın 21-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından işin hallarına qiymət verməlidir.” Ali Məhkəmənin 2-1(102)-3069/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da analoji mövqedən çıxış edən Müdafiə Nazirliyinin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, Xəstəxanaya ezam edilmiş sürücü kimi iddiaçı mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa, ona müharibə veteranı verilir. Bundan əlavə, Ali Məhkəmənin 2-1(102)-937/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında da oxşar mövqe sərgilənmişdir. Hazırki iş üzrə iddiaçının döyüş bölgəsinə ezam olunması və onun icra etdiyi funksiyalar döyüş əməliyyatlarının tibbi təminatı üzrə tapşırıqlarının yerinə yetirilməsi kimi qiymətləndirildiyindən, iddia tələbi əsaslıdır. Prosessual normanın tələbləri baxımından məcburetmə haqqında iddialarda inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı vəvəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti, iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1968-ci il təvəllüdlü İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar