Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6919/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalının "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixində qüvvəyə minmiş 1.0.8; 1.0.10; 1.0.12; 10-cu və digər uyğun maddələrinin tələbləri əsasında yenidən hesablanmağı, yəni xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilmiş məcburi dövlət sığorta haqlarının 90%-ini pensiya kapitalı üçün əsas götürülməklə, pensiya kapitalında toplanmış məbləğin 144-ə nisbəti əsasında təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanma tarixinin xx.xx.2017-ci il tarixdən etibarən cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. 63 yaşı tamam olandan sonra əmək pensiyaçısıdır. Eyni zamanda pensiyada olsa da, Milli Aviasiyaya Akademiyasında baş müəllim kimi elmi fəaliyyətlə məşğul olur və digər mülki-hüququ müqaviləlilərlə konsultasiya xidmətləri verir. Pensiya hüququnun yarandığı 24 yanvar 2017-ci il tarixdə ona həmin dövrdə qüvvədə olan qanuna əsasən 110 man (baza hissəsi) 75.10 man (sığorta hissəsi) və 337.80 man (pensiya kapitalı) cəmi 552.70 manat pensiya hesablanmışdır. Müvafiq Qanuna əsasən pensiya kapitalı tərəfindən ödənilmiş 102831.5 manat sığorta haqlarının yığım hissəsinin 50%-nin (51415.75 manat) 144 aya bölünməsi ilə təyin 337.80 manat) və bu düzgündür. Əmək pensiyaları haqqında Qanuna 1 iyul 2017-ci ildə edilmiş dəyişikliklərə əsasən baza hissəsi ləğv edilir, əvvəlki sığorta hissəsi (ə/h-nın 3%-i) yığım hissəsi (ə/h-nın 22%-i) ilə birləşdiriləcək fərdi hesabın sığorta hissəsində toplanır. Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi-əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlannın 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1 iyul 2017-ci il tarixdən qanuna edilmiş dəyişikliklərə əsasən fərdi hesabın sığorta hissəsi (10814.4 manat sığorta hissəsi +51415.75 manat yığım hissəsinin 50 %-i x 2) x 90% = 113,645.9 manat təşkil edir. Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T= 113,645.9/144 = 789.20 manat. Qanunun 10.4-cü maddəsinə uyğun olaraq 01 iyul 2018 tarixidən etibarən nə pensiyanın məbləği təşkil etməlidir: P=SH+YH 789.2+0 = 789.20 manat, (bu məbləğ hər il orta əmək haqqına mütənasib olaraq indeksləşdirilir). xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 xx.xx.2018 tarixlərdə Nəsimi DSMF, Azərbaycan Respublikası DSMF, ƏƏSM Nazirliyinə müraciət edərək, 1 iyul 2017ci ildə qəbul edilmiş Qanunun 1.0.8 və 10.2 maddələrinə əsasən pensiyanı yenidən hesablamağı xahiş etmişdir ((baza hissəsini ləğv etməklə ödənilmiş məcburi dövlət sığorta haqlarının 90 faiz müəyyən edilməsi). Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq hər dəfə qanunun 1.0.8; 10.2; və 10.4-cü maddələrini tətbiq etməkdən imtina edərək 26.1-ci maddəsini tətbiq etmişlər. 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Cavabdeh 26.1-ci maddəsini tətbiq etməklə, 1.0.8 və 10.2 maddələrinin tətbiqindən imtina səbəblərini göstərməmişdir. Cavabdeh xx.xx.2022 tarixli cavabında bildirilir ki, ona yaşa görə əmək pensiyası 1 iyul 2017-ci ildən əvvəl təyin edildiyi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 50% ilə hesablanmışdır. Qanunun qüvvəsini geriyə şamil etməklə 1 iyul 2017-ci ildən sonra pensiya kapitalının 90% ilə hesablanmasından imtinanın səbəbi göstərilməmişdir. Göründüyü kimi, imtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş normalarına istinad edilərək hesablanan pensiyanın, yeni qanunun 26.1-ci maddəsinə nəzərdə tutulan şəkildə çevrilməsindən istifadə edilir. Lakin yeni dəyişikliklərə hüququn yaxşılaşdırılmalı olan maddələrin tətbiq edilməsindən imtinanın əsasları barəsində heç bir münasibət bildirilmir. Bununla, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri pozulmuşdur. Konstitusiyanın tələblərinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətinin yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklikdə və xüsusən 26.1-ci maddədə Konstitusiyanın bu tələbləri nəzərdə tutulmuşdur. Belə ki, yeni dəyişikliklərdən öncə orta pensiya məbləği və ya ondan daha az pensiya alan vətəndaşların pensiyaları yeni qanunun müddəalarına əsasən azalmalı və digər qismi tamamilə ləğv edilməli idi. 26.1-ci maddəsi həmin kateqoriyadan olan vətəndaşların hüquqlarını qoruyaraq bu kateqoriya üçün qanunun geriyə tətbiqinin qarşısını alır. İddia tələbi isə qanunu geriyə şamil etməklə hesablanmış 110 manat baza hissəsini ləğv etmək, 11 il ərzində aylıq 3000 manat əmək haqqından sosial sığorta haqqı ödəyərək fərdi hesabında topladığı 113 min manatın qüvvədə olan qanuna əsasən 90%-ni pensiya şəklində 144 ay ərzində geri almaqdan ibarətdir. Bu hüququ “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8 və 10-cu maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri ilə təsbit edilmişdir. Qanunun 26.1-ci maddəsi həmin qanunun 1.0.8; 10.2; və 10.4 maddələrinin tətbiqini məhdudlaşdıra bilməz. 1.0.8 və 10.2 maddələrinin 2017-ci il 1 iyun tarixindən öncə pensiya təyin edilən şəxslərə tətbiq edilməsinə mane olan müddəalar qanunda mövcud deyildir, çünki bu Konstitusiyaya zidd olardı. xx.xx.2018-ci il tarixdə DSMF Nəsimi rayon şöbəsinin sorğusuna uyğun olaraq Bakı şəhəri hüquqi şəxslərlə iş idarəsi Fərdi uçot şöbəsinin verdiyi arayışda ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alaraq pensiya kapitalının 92548.35 manat olduğu göstərilir. Bu elektron sistemdən götürülmüş doğru rəqəmdir. Nəsimi DSMF həmin arayış üzərində qələmlə qanunsuz manipulyasiyalar apararaq xx.xx.2018 tarixdə arayışa “düzəliş” almağa müvəffəq olur və orada göstərilir ki, sosial sığorta haqlarının 50%-i nəzərə alınmaqla pensiya kapitalı 51415.75 manat təşkil edir. 2018-ci ildə verilən arayışda göstərilən absurd 50% rəqəmi DSMF-nun təxəyyülünün məhsuludur və 2018-ci ildə qüvvədə olan qanunda belə faiz dərəcəsi mövcud deyildir. Cavabdehin Qanun 26.1-ci maddəsinə əsasən təyin edilmiş əmək pensiyasının 1 iyul 2017-ci il tarixdə baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi düzgündür, bu pensiyanın fasiləsiz təminatını təmin edir. Lakin bu tarixdən sonra vətəndaş müraciət edərək pensiya kapitalının yeni qanunla yenidən hesablanmasını tələb etdikdə bu yalnız qüvvədə olan qanunla edilməlidir. Qüvvədə olan qanunun 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi dedikdə əmək pensiyasının təyin edilməsi, və ya onun məbləğinin yenidən hesablanmasını eyni kateqoriya ilə göstərir. Qanunun 1.0.8-ci maddəsinin tətbiq edilməsindən imtina edilməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixənədək qüvvədə olmuş tələblərinə əsasən əsasən V. İ. Musayevə həmin tarixindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2017-ci il tarixinədək 40 il 1 ay 17 gün sığorta stajı və Nazirlik yanında X1 İş İdarəsinin xx.xx.2018-ci il tarixli 88/07/131/8701 saylı arayışına əsasən xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 48643,09 manat pensiya kapitalı nəzərə alınmaqla (fərdi hesabın sığorta hissəsində xx.xx.2017-ci il tarixinədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i miqdarında) Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləği xx.xx.2017-ci il tarixindən aşağıdakı kimi təyin edilmişdir: Pensiya məbləği: 110 (BH)+75.10 (SH)+337.80 (PSK)=522,90 manat. Yaşa görə əmək pensiyası xx.xx.2017-ci il tarixindən əvvəl təyin edildiyi üçün xx.xx.2006cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 50% ilə hesablanmış və pensiyanın sığorta hissəsində 337,80 manat olmaqla öz əksini tapmışdır. Yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixədək 29 il 4 ay 17 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 51448,76 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2019-cu il tarixdən 590,50 manat müəyyən edilmişdir. İndeksləşmə ilə əlaqədar pensiya xx.xx.2020-ci il tarixindən 688,52 manata, xx.xx.2021-ci il tarixindən 767,01 manata, xx.xx.2022-ci il tarixindən 793,08 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Ötən dövr üzrə (xx.xx.2019-cu il) yaranmış fərq məbləği 2022-ci ilin fevral, mart aylarında sizə ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı yə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Belə ki, İddiaçı Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ilkin pensiya təyinatı zamanı xx.xx.1975-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək və xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək 22 il 4 ay 17 gün ümumi iş stajı və həmin staja uyğun olaraq hesablanmış 7326,72 manat sığorta kapitalı əsasında (SH=7326,72/144=50,88 manat) əmək pensiyasının sığorta hissəsi müəyyən edilmişdir. (281329 nömrəli pensiyaçının uçot vərəqi -1-ci sətir) Əmək pensiyasının sığorta hissəsinin məbləği istehlak qiymətləri indeksinin illik səviyyəsinə əsasən xx.xx.2017-ci il tarixindən 12,4% artırılmaqla 57,18 manata çatdırılmışdır. (281329 nömrəli pensiyaçının uçot vərəqi - 2-ci sətir) İddiaçı əmək pensiyasının yenidən hesablanması zamanı onun əmək pensiyasının sığorta hissəsi xx.xx.1975-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək və 01.01,1999-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək 29 il 4 av ümumi iş stajı və ona uyğun olaraq xx.xx.2017-ci il tarixə indeksləşdirilmiş 10815,03 manat pensiya kapitalı əsasında aşağıdakı qaydada müəyyən edilmişdir. (29 il tam iş stajı x 170 manat) + (170 manat: 12 ay x 4 ay) = 4986,66 manat. 4986,66 + 16,7% +20,8% +1,5% +5,7% +7,9% +1,1% +2,4% +1,4% +4% +12,4% =10815,03 manat; SH = 10815,03 /144 =75,10 manat. (281329 nömrəli pensiyaçının uçot vərəqi - 3-cü sətir) Təqdim edilmiş Bakı Şəhəri Hüquqi Şəxslərlə İş İdarəsinin xx.xx.2017-ci il tarixli 88/07/211-1327 nömrəli arayışına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 49713,14 manat pensiya kapitalı 144-ə bölünməklə 345,23 manat pensiyanın sığorta hissəsinin üzərinə əlavə edilmişdir. Beləliklə, 110+75,10+345,23=530,33 (281329 nömrəli pensiyaçının uçot vərəqi-3-cü sətir) Sözügedən Qanunun 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Sözügedən Qanunun 26.2-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən sərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. xx.xx.2018-ci il tarixindən İddiaçı əmək pensiyasının sığorta hissəsinin məbləği (110+75,10=185,1 manat) istehlak qiymətləri indeksinin illik səviyyəsinə əsasən 5,7% artırılmaqla (SH= 185.1 + 5.7% =195,65: SH2 =345,23 +5.7% =364,92) 195,65 manata və 364,92 manata çatdırılmışdır. (281329 nömrəli pensiyaçının uçot vərəqi - 4-cü sətir) Təqdim edilmiş Bakı Şəhəri Hüquqi Şəxslərlə İş İdarəsinin xx.xx.2018-ci il tarixli 88/07/291-7960 nömrəli arayışına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 92548,35 manat pensiya kapitalı qeydə alınmışdır. xx.xx.2017-ci il tarixində Qanunun 27.1-ci maddəsinə edilmiş əlavəyə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı barədə xx.xx.2018-ci il tarixli 88/07/291-7960 nörməli arayışı Qanuna edilmiş həmin əlavədən sonra təqdim edildiyi üçün pensiya kapitalı 80% artımla və xx.xx.2018-ci il tarixinə 5,7% indeksləşdirilmə nəzərə alınmaqla göstərilmişdir. Bu səbəbdən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını xx.xx.2017-ci il vəziyyətinə görə 80% və 5,7% azaltdıqda 48643.09 manat edir ki, həmin məbləği də 144-ə böldükdə sığorta hissəsi 337,79 manat müəyyən edilir. (281329 nömrəli pensiyaçının uçot vərəqi - 5-ci sətir) İddiaçı əmək pensiyasının təyin olunduğu xx.xx.2017-ci il tarixdə qüvvədə olan lakin, xx.xx.2017-ci il tarixində qüvvədən düşmüş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 37 nömrəli Fərmanının 2.9-cu maddəsinə əsasən, məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Bu səbəbdən İddiaçı əmək pensiyasının sığorta hissəsinin məbləği hüququnun yarandığı tarixdə qüvvədə olmuş Fərmana əsasən məcburi dövlət sosial sığorta haqlarının 90%-i deyil 50- %-i nəzərə alınmaqla hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə edilmiş dəyişiklik xx.xx.2017-ci il tarixdən sonra əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur. Həmin Qanunun 1.0.8-ci maddəsində xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyin sözügedən iddiaçının pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması Azərbaycan Respublikasının Prezidentinin Fərmanına zidd olduğundan mümkün olmamışdır. Yuxanda qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, DSMF-nin Nəsimi rayon Şöbəsinin xx.xx.2017-ci il tarixli 111 nörməli qərarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarxidə cavabdehə müraciət edərək Əmək pensiyaları haqqında Qanunun qüvvədə olan 1.0.8 və 1.10-cu maddələri əsasında 01 iyul 2017-ci il tarixdən etibarən pensiaynın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş şərtləri əsasında sizə xx.xx.2017-ci il tarixindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Yaşa görə əmək pensiyası hüququnuzun yarandığı xx.xx.2017-ci il tarixindən etibarən 40 il 1 ay 17 gün sığorta stajınız və Nazirlik yanında X1 İş İdarəsinin xx.xx.2018-ci il tarixli 88/07/131/8701 saylı arayışına əsasən xx.xx.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 48643,09 manat pensiya kapitalı nəzərə alınmaqla (fərdi hesabın sığorta hissəsində xx.xx.2017-ci il tarixinədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i miqdarında) Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən hesablanmış və əmək pensiyanızın məbləği xx.xx.2017-ci il tarixindən aşağıdakı kimi təyin edilmişdir: Pensiya məbləği: 110 (BH)+75.10 (SH)+337.80 (PSK)=522.90 manat. Sizin yaşa görə əmək pensiyanızın ümumi məbləği sözügedən Qanunun 26.1 və 27.1-ci maddələrinin tələblərinə uyğun olaraq 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi, o cümlədən, işləyən əmək pensiyaçılarının 2006-cı il 01 yanvar tarixdən 2017-ci il 01 iyul tarixədək olan dövr üzrə pensiya hesablanmasında istifadə olunmuş PSK-nın (sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarix) şərti çevrilməsi əsasında xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixindən 552.71 manata, xx.xx.2019-cu il tarixdən 569,29 manata, xx.xx.2020-cı il tarixdən 663.79 manata, xx.xx.2021-ci il tarixdən 739,49 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 2017-ci il iyulun 1-dək ödənilən məcburi dövlət sosial sığorta haqlarının 50%-i, həmin tarixdən isə sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i fərdi hesabın sığorta hissəsində qeydə alınır. Eyni zamanda bildiririk ki, sizə yaşa görə əmək pensiyası xx.xx.2017-ci il tarixdən əvvəl təyin edildiyi üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 50% ilə hesablanmış və pensiyanın sığorta hissəsində 337.80 manat olmaqla öz əksini tapmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddət işlədikdə sizin xx.xx.2017-ci il tarixdən sonra fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalınız 90% ilə hesablanacaqdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Müraciətinizlə əlaqədar olaraq, yaşa görə əmək pensiyanız xx.xx.2006-cı il tarixədək 29 il 4 ay 17 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 51448,76 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2019-cu il tarixdən 590.50 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar pensiyanız xx.xx.2020-ci il tarixindən 688.52 manata, 01.01,2021-ci il tarixindən 767.01 manata çatdırılmışdır. Əlavə olaraq bildiririk ki, Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq ötən dövr üzrə (xx.xx.2019-cu il) yaranmış fərq məbləği cari pensiyanızın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, ona xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən pensiya kapitalı həmin vaxt qüvvədə olan ƏPQ-nun tələbinə uyğun olaraq toplanmış yığım məbləğinin 50%-i olaraq hesablanmışdır. xx.xx.2017-ci il tarixdən ƏPQnun 1.0.8, 1.10, 1.10.12-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən pensiya kapitalının fərdi hesabın sığorta hissəsində toplanmış məcburi dövlət sosial sığorta haqlarının 50%-i deyil, 90 %-i ilə hesablanması nəzərdə tutulduğundan ona pensiyaya çıxdığı xx.xx.2017ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i əsas götürülməklə pensiyası yenidən hesablanmalıdır. Məhkəmə aşağıdakılara əsasən idiaçının mövqeyi ilə razılaşmır. AR Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il tarixli 17 mart tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin Qaydalarının V bölməsinin (Əmək pensiyaların müəyyən edilməsi) 1-ci hissəsində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindikdən sonra vətəndaşların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə A.R Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Azərbayan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə, yəni məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi həcmində onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanın 2.9-cu bəndinə görə həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 377 nömrəli Fərmanın 2.9-cu bəndi ləğv edilmişdir. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.3-cü bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının həmin Qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şərti çevrilməsini aparılması, 3.4-cü bəndinə əsasən 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının həmin Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qaydada artırılmasını təmin etməsi, 3.5-ci bəndinə görə işləyən əmək pensiyaçılarına ödənilən əmək pensiyalarının məbləğinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yenidən hesablanmasını təmin etməsi tapşırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır -1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -1.0.12-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; -26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. -26.2-ci maddəsinə görə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. -26.3-cü maddəsinə görə 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Göründüyü kimi xx.xx.2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə qədər xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiyanın kapitalının hesablanması aparılırdı. xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən isə pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 %-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. Bu zaman Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. xx.xx.2017-ci ildən qüvvəyə minməklə əlavə edilmiş Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə pensiya kapitalı 80% artırılmaqla (yəni Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq 90%-ə çatdırılması üçün) 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır bir şərtlə ki, pensiya kapitalı xx.xx.2006-xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və eyni zamanda əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış, istifadə olunmamış olsun. Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə qədər olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin (bu zaman pensiya kapitalı istifadə edilməmiş qalır), ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməkdə davam etsin (bu zaman xx.xx.2017-ci il tarixədək pensiya təyin edilən və işləməyə davam edən şəxslərin pensiya təyin olunduqdan sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı əsas götürülür) Hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla xx.xx.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçıya pensiya təyin edilənədək yığdığı pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2017-ci ildə pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır. Başqa sözlə, iddiaçının xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı ona pensiya təyin edilərkən xx.xx.2017-ci ildə hesablanaraq ödənilmişdir. İddiaçı pensiya sığorta kapitalından istifadə etmişdir. Belə olan halda xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50% hissəsi nəzərə alınmaqla hesablanmış pensiya kapitalı artıq pensiya təyin edilərkən istifadə olunduğundan, yenidən həmin istifadə olunmuş pensiya kapitalının 80 % artırılması, başqa sözlə iddiaçının tələb etdiyi kimi həmin vaxtadək ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-lə yenidən hesablanaraq pensiya kapitalının ödənilməsi qanunvericiliyin tələbinə ziddir. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə ((“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135) ilə 37.3.1-ci maddə yeni redaksiyada verilmişdir.)) ƏPQ-nun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Göstərilən normanın tələbindən çıxış edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və yaxud pensiya təyin olunduğu xx.xx.2017-ci il tarixdən sonra 6 il işlədikdə onun xx.xx.2017-ci il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının 90% ilə yenidən hesablanmasını tələb etmək hüququ yaranacaqdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, cavabdehin iddiaçının tələb etdiyi qaydada pensiyasının yenidən hesablanmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6919/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6919/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver