Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-692/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 9A; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 13 saylı Vəkil Bürosu), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi, ev 22; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Hüquqi Təminat İdarəsinin ikinci katibi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı “əlavələrin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iddiaçının Diplomatik xidmətdə olduğu dövrdə verilməli olan bütün əlavələrin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-1394/2020 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün məhkəməyə göndərilmişdir. İş məhkəməyə qaytarıldıqdan sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının vəkilinin “İddiaçı Fransa Respublikasının səfirliyində birinci katib vəzifəsində çalışdığı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (cəmi 61 ay 09 gün) müddət ərzində birinci katib vəzifəsinə uyğun 50% həcmində olan hissəsinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi”nə dair iddia tələbini dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1965-ci il təvəllüdlüdür. Əmək fəaliyyətinə 1988-ci ildə başlamışdır. Əmək fəaliyyəti ərzində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 22 may 2001-ci il tarixli 441 saylı əmrinə əsasən Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin birinci katibi vəzifəsinə təyin edilmiş və həmin ilin oktyabr ayının 6-da qeyd olunan vəzifənin icrası ilə bağlı Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə uzunmüddətli ezamiyyətə göndərilmişdir. 2006-cı ilin noyabr ayının 15-dək səfirlikdə bu vəzifədə fəaliyyət göstərmiş və diplomatik nümayəndəlikdən qayıtdıqdan sonra başqa dövlət orqanında fəaliyyətini davam etdirməsilə əlaqədar Xarici İşlər Nazirliyinin ehtiyatına daxil edilmişdir. Ümumlikdə xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixənədək (cəmi 61 ay, 9 gün) Azərbaycan Respublikasının Fransadakı səfirliyində birinci katib vəzifəsində çalışmışdır. Xidmət göstərdiyi dövrdə üzərinə düşən vəzifələr onun tərəfindən layiqincə yerinə yetirilmişdir. Diplomatik xidməti zamanı aylıq vəzifə maaşı ona verilmişdir. Lakin müvafiq qanunvericiliyə görə nəzərdə tutulmuş əlavələr və istifadə olunmamış məzuniyyət üçün ödənilməli olan haqq ona ödənilməmişdir. Pozulmuş hüquqlarının bərpası ilə əlaqədar dəfələrlə cavabdehə həm şifahi, həm də yazılı qaydada müraciət etmişdir. Lakin 2018-ci ilin dekabr ayında etdiyi növbəti müraciətinə əsasən cavabdeh tərəfindən 4/25- 479/25/19 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubu ilə müraciətinə baxıldığı və müvafiq araşdırılmalar aparıldıqdan sonra cavabın verilicəyi ona bildirilmişdir. Ancaq hər hansı bir cavab məktubu verilməmişdir. Daha sonra 2019-cu ilin sonunda iddiaçı təkrarən cavabdehə müraciət etdikdə isə, 7/25-043/25/20 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla cavab verilmişdir. Cavabda isə göstərilmişdir ki, AR Əmək Məcəlləsinin 296.4-cü maddəsində göstərilən müddəti nəzərə alınmaqla müraciətinə baxılması məqsədəuyğun hesab olunduğu bildirilmişdir. Beləliklə, müraciətlərimə mahiyyəti üzrə baxılmamış və müxtəlif bəhanələrlə pozulmuş hüquqlarının bərpasından cavabdeh tərəfindən imtina olunmuşdur. Bu da yolverilməzdir. Çünki ona ödənilməli olan əlavələr bu günə kimi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair münasibətini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 441 nömrəli 22 may 2001-ci il tarixli əmrinə müvafiq olaraq, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin birinci katibi vəzifəsinə təyin edilmiş və 1476 nömrəli 10 oktyabr 2006-cı il tarixli əmrinə əsasən tutduğu vəzifədən azad edilərək geri çağırılmışdır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək münasibətləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsində Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məhfumların anlayışları verilmişdir. Həmin maddənin 16cı bəndindəki anlayış müvafiq iddia ərizəsində qeyd olunan məsələnin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin keçmiş işçisi olmuş İddiaçı ilə işəgötürən qismində çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında yaranmış fərdi əmək mübahisəsi olduğunu söyləməyə əsas verir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətləri müəyyən olunur. Həmin maddənin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, qanunvericiliyin tələbinə əsasən İddiaçı iddia ərizəsində qeyd olunan fərdi əmək mübahisəsinin həlli ilə bağlı qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1476 nömrəli xx.xx.2006-cı il tarixli Əmrinin surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyinin birinci katibi Nazirlik üzrə 22 may 2001-ci il tarixli 441 saylı Əmrə əsasən 2001-ci ilin may ayının 25-dən Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyinin birinci katibi vəzifəsinə təyin edilmişdir. 2006-cı il noyabr ayının 15-dən ezamiyyət müddəti bitmiş hesab edilmiş və işdən azad edilmişdir. “Diplomatik xidmət haqqında” Qanunu: 1.1-ci maddəsinə əsasən diplomatik xidmət - Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyətidir. 6.1-ci maddəsinə əsasən diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər diplomatik xidmət əməkdaşlarıdırlar. 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün aşağıdakı vəzifələr müəyyən edilir: 6.3.1. Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi; 6.3.2.səfir müavini, daimi nümayəndənin müavini, baş konsul; 6.3.3. müşavir-elçi; 6.3.4.müşavir; 6.3.5.konsul; 6.3.6.birinci katib; 6.3.7.vitse-konsul; 6.3.8. ikinci katib; 6.3.9. üçüncü katib; 6.3.10. attaşe. 23.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 23.2-ci maddəsinə əsasən xaricdə işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı, olduqları dövlətin sosial-iqtisadi və maddiməişət şəraiti nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 23.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.3.1-ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında bu orqanın aparıcı idarə rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələrə təyin olunduqda isə həmin vəzifələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”: 1.1. bu Qaydalar “Diplomatik xidmət haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının (bundan sonra - diplomatik nümayəndəliklər) maliyyə təminatı ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydalar diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə diplomatik xidmət əməkdaşlarına və onlarla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar, 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) ödənişlərin verilməsini və digər təminatların həyata keçirilməsini müəyyən edir. 2.1. Diplomatik nümayəndəliklərə rotasiya qaydasında ezam olunan diplomatik xidmət əməkdaşlarına əməkhaqqı onların Azərbaycan Respublikasının ərazisində olduqları müddət ərzində diplomatik xidmət orqanlarında sonuncu iş yerində aldıqları əməkhaqqına uyğun məbləğdə manatla, ezam olunduqları ölkəyə getmək üçün Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi gündən isə həmin vəzifə üçün nəzərdə tutulan məbləğdə xarici valyutada ödənilir. 2.2. Diplomatik nümayəndəliklərə rotasiya qaydasında ezam olunan diplomatik xidmət əməkdaşlarının Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində aldıqları əməkhaqqının 50 faizi saxlanılır. 2.3. Dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.3.1-ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində təminedici idarə (şöbə) rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələrə təyin olunduqda isə, həmin vəzifələrə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əməkhaqqı saxlanılır. Məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçının xx.xx.2001-ci ildən xx.xx.2006-cı il ilədək Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyində birinci katib vəzifəsində çalışdığı, həmin müddət ərzində Azərbaycan Respublikası Xarici işlər Nazirliyində birinci katib vəzifəsinə uyğun gələn vəzifə üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əməkhaqqının ona ödənilmədiyi müəyyən olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2006-cı il ilədək (61 ay 9 gün) dövrdə Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyində birinci katib vəzifəsində çalışdığından, həmçinin ona həmin dövrdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində birinci katib vəzifəsinə uyğun gələn vəzifə üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əməkhaqqı ödənilmədiyindən İddiaçı həmin məbləğin ödənilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Fransa Respublikasının səfirliyində birinci katib vəzifəsində çalışdığı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (cəmi 61 ay 09 gün) müddət ərzində birinci katib vəzifəsinə uyğun gələn vəzifə üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində olan hissəsinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı Fransa Respublikasının səfirliyində birinci katib vəzifəsində çalışdığı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (cəmi 61 ay 09 gün) müddət ərzində birinci katib vəzifəsinə uyğun gələn vəzifə üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində olan hissəsinin iddiaçıya ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin üzərinə qoyulmalıdır. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-692/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-692/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver