Məhkəmə qərarları › İş №2-1(112)-692/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-692/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-692/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, iddiaçı “X4 Limited” şirkətinin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “X4 Limited” şirkətinin Azərbaycandakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı “X4 Limited” şirkətinin Azərbaycandakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı **********144283 saylı 02 fevral 2021-ci il tarixli “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” Qərarın ləğv edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə **********144283 saylı 02 fevral 2021-ci il tarixli qərarla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Qeyd edilən qərara əsasən, yoxlama ilə əhatə olunan vergi dövrü dekabr 2013 – noyabr 2020, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü dekabr 2013 – may 2015. Cavabdehin son yeddi ildən artıq dövrü yoxlamaq barədə qərar qəbul etməsi əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, yoxlama vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edir. Qərarın qəbul edilməsindən bir gün sonra cavabdeh “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********144299 nömrəli 03 fevral 2021-ci il tarixli Tələbnamə hazırlayaraq, onu iddiaçıya göndərmişdir. Göründüyü kimi, cavabdeh artıq qanunsuz olaraq qəbul etdiyi qərarın icrasına başlamışdır. Mübahisələndirilən qərar qanunsuz olmaqla yanaşı iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozur. Birincisi, həmin qanunsuz Qərar iddiaçının üzərinə əsasız əlavə vəzifənin, yəni vergi yoxlaması üçün lazım sənədləri təqdim etmək vəzifənin qoyulması ilə nəticələnmişdir. İkincisi, iddiaçı Azərbaycan Respublikasında fəaliyyətini uzun müddətdir ki dayandırdığından onun Azərbaycan Respublikasında vergi yoxlaması üçün tələb olunan sənədləri toplayıb vergi orqanına təqdim edə biləcək işçi heyəti yoxdur. Nəticədə, iddiaçı vergi yoxlaması üçün tələb olunan sənədləri toplamaq üçün kənar məsləhətçilərə (kənar auditora) müraciət etməli olur və bununla əlaqədar əlavə maliyyə xərcləri çəkməli olur.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən səyyar vergi yoxlamasının başlanması barədə qərarın mübahisələndirilməsi mümkünsüzdür. Çünki səyyar vergi yoxlamasının başlanılması barədə qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt deyildir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunda verilmiş anlayışa görə qərarın inzibati akt olması üçün o müəyyən tələblərə cavab verməlidir. Yəni, həmin qərar inzibati orqan tərəfindən qəbul edilməli, publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün hüquqi nəticələr yaratmalıdır. Səyyar vergi yoxlamasının başlanması barədə qərar inzibati orqan yəni, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən qəbul edilir, səyyar vergi yoxlanmasının başlanmasını nizama salır, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Səyyar vergi yoxlamasının keçirilməsi üçün yoxlamaya əsas verən sənədlər olmalı, həmin sənədlər vergi ödəyicisinə təqdim edilməli və yoxlamanın səbəb və məqsədləri ona izah edilməlidir. Səyyar vergi yoxlamasının keçirilməsinə əsas olan sənədlər dedikdə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”, “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış” və yoxlama növbətidirsə, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında Bildiriş” nəzərdə tutulur. Lakin nəinki iddiaçı tərəfindən yuxarıda qeyd olunan sənədlər, hətta səyyar vergi yoxlaması aktı hüquqi və ya fiziki şəxs üçün hər hansı hüquqi nəticələr yaratmır. Səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsi ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyici üçün hüquqi nəticə yaradır Ümumiyyətlə səyyar vergi yoxlamasının gedişində qəbul edilən yeganə inzibati akt yoxlamanın nəticələri üzrə Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul edilən qərardır. Belə ki, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1.vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2.vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3.əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4.əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5.əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6.yeni qərarın qəbul edilməsi. Səyyar vergi yoxlaması nəticəsində qəbul edilən məhz yuxarıda qeyd edilən qərarlar, barəsində yoxlama aparılan şəxs üçün hüquqi nəticələrə səbəb olduğundan inzibati akt hesab olunur. Belə ki, Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticələr yaradır və vergi ödəyicisi həmin qərarın yaratdığı hüquqi nəticələrlə razılaşmadığı təqdirdə onu mübahisələndirə bilər. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qeyd olunan maddədən də göründüyü kimi iddiaçı inzibati aktın qanunsuz olduğunu iddia edərək mübahisələndirərkən həmin inzibati aktın qəbul olunması zamanı hüquq normalarının pozulmasını və ya düzgün tətbiq edilməməsini əsas gətirir. Nəticə etibarı ilə iddiaçı inzibati akt kimi səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş qərarı mübahisələndirər və iddia tələbini səyyar vergi yoxlamasının başlanması zamanı və ya yoxlama gedişatında vergi orqanının hərəkət və ya hərəkətsizliyi ilə əsaslandıra bilər. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. Odur ki, “X4 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddələrinə əsasən cavabdehin 02.02.2021-ci il tarixli **********144283 saylı qərarı ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yekun nəticə olaraq hesab edirik ki, növbədənkənar səyyar vergi yoxlamasının başlanması barədə qərarı iddiaçı onun üçün hüquqi nəticə yaradacaq və Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən qəbul olunacaq qərarla birgə mübahisələndirdiyi təqdirdə iddia bu əsasda mümkün hesab edilə bilər. Odur ki, inzibati akt hesab olunmayan səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın iddiaçı tərəfindən mübahisələndirilməsi əhəmiyyətsizdir.

4. Məhkəmənin hazırki inzibati iş üzrə 20.04.2021-ci il tarixli qərardadı ilə “X4 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı iddiaçı “X5 Limited” şirkəti ilə əvəz edilmişdir.

5. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqınnda haqqında 06 yanvar 2021-ci il tarixli qərara əsasən, “X4 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 2505855,2 manat məbləğində, yəni xüsusilə külli miqdarda verginin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.

6. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə **********144283 saylı 02 fevral 2021-ci il tarixli qərarla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Qeyd edilən qərara əsasən, yoxlama ilə əhatə olunan vergi dövrü dekabr 2013 – noyabr 2020, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü dekabr 2013 – may 2015

7. Məhkəmənin hazırki iş üzrə 09.08.2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - “X6 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) 01.12.2020-ci il tarixinə artıq ödəməsi mövcuddurmu? Mövcuddursa məbləği nə qədərdir və nəyin nəticəsində yaranmışdır (ətraflı göstərilməklə)? - “X6 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) 01.12.2013-01.04.2017-ci illər ərzində fəaliyyətinin nəticəsində hesablanmış və əvəzləşdirilmiş ƏDV məbləği nə qədərdir? ƏDV məbləği əvəzləşdirilmişdirsə, hansı qaydada həyata keçirilmişdir (Elektron vergi-hesab fakturası təqdim edilmişdirmi və əvəzləşdirmə ƏDV-nin depozit hesabı vasitəsilə həyata keçirilmişdirmi)? - Qeyri-rezident tərəfindən göstərilən xidmətlərə görə ƏDV məbləğinin əvəzləşdirilməsi mümkündürmü? Mümkündürsə, hansı qaydada həyata keçirilməlidir? Ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert rəyi verilməsi üçün iş materialları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuşdur.

8. Ekspertizanın 17.12.2021-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, təqdim edilmiş 3 ədəd USB flaş kartda olan E-qaimə fakturalar, qaimə fakturaların, e-vhf, vhf, ƏDVDHÇ, ödəniş tapşırıqları vəsatətdə qeyd olunan dövrlər üzrə tam deyildir. Bundan başqa bildirilmişdir ki, məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Lakin yuxarıda qeyd edildiyi kimi, vəsatətdə əsasən 3 ədəd USB flaş kart təqdim edilmişdir ki, həmin flaş kartda olan məlumatlar vəsatətdə qeyd olunan sənədləri tam əhatə etməmişdir. Həmçinin qeyd edilir ki, təqdim iş materiallarında yalnız 01.06.2012-ci il tarixdən 01.06.2015-ci il tarixədək olan dövr üzrə keçirilmiş səyyar vergi yoxlaması aktı (02.12.2015-ci il tarixli, **********923186 saylı akt-bax cild 1, iş vərəqə 79-97) öz əksini tapmışdır. Digər dövrlər üzrə isə yoxlama (təftiş, audit) materialları öz əksini tapmamışdır. Bu səbəbdəndə ekspert qarşısında qoyulan suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmadı. Lakin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında filialın şəxsi hesab vərəqəsi (bax cild 1, iş vərəqə 116) öz əksini tapmışdır ki, həmin şəxsi hesab vərəqəsində göstərilənlər nəzərə alındıqda “X4 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) 01.12.2020-ci il tarixinədək 2.351.087,93 manat məbləğində artıq ödənişi olmuşdur. Bundan başqa qeyd edilir ki, yuxarıda da göstərildiyi kimi, iş materiallarında 01.06.2012-ci il tarixdən 01.06.2015-ci il tarixədək olan dövr üzrə keçirilmiş səyyar vergi yoxlaması aktı (02.12.2015-ci il tarixli, **********923186 saylı aktbax cild 1, iş vərəqə 79-97) öz əksini tapmışdır ki, həmin yoxlama ilə ƏDV üzrə kənarlaşma müəyyən edilməmişdir. Nəticə olaraq Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən ekspert qarşısında qoyulan suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmadı. Lakin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında filialın şəxsi hesab vərəqəsi (bax cild 1, iş vərəqə 116) öz əksini tapmışdır ki, həmin şəxsi hesab vərəqəsində göstərilənlər nəzərə alındıqda “X4 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) 01.12.2020-ci il tarixinədək 2.351.087,93 manat məbləğində artıq ödənişi olmuşdur. Bundan başqa qeyd edilir ki, yuxarıda da göstərildiyi kimi, iş materiallarında 01.06.2012-ci il tarixdən 01.06.2015-ci il tarixədək olan dövr üzrə keçirilmiş səyyar vergi yoxlaması aktı (02.12.2015-ci il tarixli, **********923186 saylı aktbax cild 1, iş vərəqə 79-97) öz əksini tapmışdır ki, həmin yoxlama ilə ƏDV üzrə kənarlaşma müəyyən edilməmişdir.

II. İddianın mümkünlüyü

9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

13. Səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsi ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyici üçün hüquqi nəticə yaradır və səyyar vergi yoxlamasının gedişində qəbul edilən yeganə inzibati akt yoxlamanın nəticələri üzrə Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul edilən qərardır. 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü – 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir.

14. Səyyar vergi yoxlaması nəticəsində qəbul edilən məhz yuxarıda qeyd edilən qərarlar, barəsində yoxlama aparılan şəxs üçün hüquqi nəticələrə səbəb olduğundan inzibati akt hesab olunur.

15. Belə ki, Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticələr yaradır və vergi ödəyicisi həmin qərarın yaratdığı hüquqi nəticələrlə razılaşmadığı təqdirdə onu mübahisələndirə bilər.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. İPM-in 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

18. İPM-in 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.

19. İPM-in 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İPM-in 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlarından verilə bilər.

21. İPM-in 115.2-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir.

22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Hazırkı inzibati üzrə (işin əvvəlki nömrəsi 2-1(112)-4704/2021) ekspertiza xərci cəmi 100 (yüz) manat iddiaçı “X4 Limited” şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı: Adı: X2; kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********; hesab: AZ34CTRE********************) köçürülsün. Qərardaddan, prosessual xərclərə dair hissə istisna olmaqla 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar