Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-692/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X10, üçüncü şəxs X2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “məxsusluq barədə arayışın (çıxarışın) verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı X18 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3352” saylı bağ sahəsinə dair ölmüş babası X11 mülkiyyət hüququnun tanınmasına dair arayışın verilməsi və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X26 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış və hal-hazırda arxivdə mövcud olan xx.xx.1989-cu il tarixli, 18130 nömrəli müqaviləyə əsasən ona Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 3352 saylı bağ sahəsi icarəyə verilmişdir. Cavabdeh orqana müraciət edərək, bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabadeh orqanın xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bağ sahəsi həmişə mərhum babasının və daha sonra ailələrinin faktiki sahiblik və istifadəsində olmuşdur. Göstərilənlərə əsasən lazımi sənədlər cavabdeh orqana təqdim edilmişdir. Onlara verilmiş imtina qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47 və 49-cu maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan iddiaçı X18 əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmiş, məhkəmənin 2-1(112)-5666/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 və X30 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. xx.xx.2023-cü il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1989-cu il tarixli, 18130 №-li müqaviləyə əsasən X11 istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 hektar olan 3352 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X14 məxsus olması barədə arayışın (çıxarışın) iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-692/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X15 məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********25 №-li yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı X1 Sabir Fuad oğlunun etibarnamə üzrə nümayəndəsi kimi mərhum X7 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3352” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** nömrəli və xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmişdir. İddiaçı2 tərəfindən göstərilən bağ sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 3351 saylı bağ sahəsi kimi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı2 xx.xx.2021-ci il tarixli müraciəti zamanı fərqli sahə göstərilmişdir. Belə ki, göstərilən sahə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3352 A saylı bağ sahəsi kimi X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, döviət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. İddiaçıların nümayəndəsi X8 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X27 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X5 məhkəmə iclasında verdiyi izahatında, torpaq sahəsini qanuni əsaslarla əldə etdiyini bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. xx.xx.2000-ci ildə ölmüş X11 qanun üzrə vərəsələri xx.xx.1993-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2dur. Odur ki, İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsələri olduğunu nəzərə alan məhkəmə hesab edir ki, onların hazırki iddianı qaldırmağa subyektiv hüquqları vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1993-cü ildə doğulmuş İddiaçı1 Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatdadır. AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı2 Bakı şəhəri Yasamal rayonu ünvanında qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayon X9 Qeydiyyatı şöbəsinin XV İİ- ЖГ seriyalı, 425193 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı1 28 avqust 1993-cü ildə Bakı şəhərində doğulmuşudur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1993-cü ilin noyabr ayının 2-ci günündə 2984 № ilə qeydə alınmışdır. Atası qismində X19, anası qismində isə X31 qeyd olunmuşdur. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 26 oktyabr 2018-ci ildə verilmiş AZ-İV seriyalı 151169 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1999-cu il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2000-ci ilin aprel ayının 11-ci günündə 581 № ilə qeyd edilmişdir. Atası qismində X8, anası qismində X31 qeyd olunmuşdur. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 121750 №-li, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X26 xx.xx.2000-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2000-ci ilin 01 ayının 18 günündə 51 № ilə qeyd edilmişdir. Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış 476 №-Lİ 14 aprel 2022-ci il tarixli məktubda xx.xx.2000-ci il tarixdə vəfat etmiş X11 vərəsələri olaraq xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat kontoruna müraciət etmiş və müraciətinə əsasən onların adına xx.xx.2012-ci il və xx.xx.2012-ci tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Hazırki torpaq sahəsi üzərində məhkəmə mübahisəsi olduğuna görə mübahisə bitənədək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin imkan xaricində olduğu qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış **********89 saylı xx.xx.2021-ci il tarixli məktubda onun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3352 saylı bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair xx.xx.2021-ci il tarixli ərizəsinə 1 saylı Bakı Ərazi İdarəsində baxıldığı, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 3352 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı idarəsi ilə X28 arasında bağlanılmış xx.xx.1989-cu il tarixli, 18130 nömrəli müqavilənin idarənin arxivində mövcud olduğu, soğru ilə əlaqədar olaraq xx.xx.1989-cu il tarixli, 18130 nömrəli müqavilənin və cizginin təsdiq edilmiş surətinin ona göndərildiyi qeyd olunmuşdur. Bağ sahəsinin icarəyə verilməsinə dair 18130 №-li xx.xx.1989-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər X24 1969-cu il tarixli 13 №-li protokoluna əsasən Ləhiş bağ ərazisində 0,12 ha torpaq sahəsində yerləşən 3352 saylı bağ sahəsi X11 istifadəsinə ayrılmışdır. Müqaviləyə əlavə olunmuş cizgidə bağ sahəsinə qonşu bağlar 3638/3351; 3794/3493 və 3640/3353 saylı bağlar qeyd olunmuşdur. İddiaçıların müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş **********88 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, mərhum X7 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhış bağ sahəsində yerləşən 3352 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021- ci il tarixli ərizələrinə tərəflərindən baxılmışdır. Göstərilən bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********65 saylı xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim olmuş mütəxəssis rəyindən müəyyən olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1519,0 kv. metr təşkil edir (üzərində tikili yoxdur). Göstərilən ümumi torpaq sahəsinin 390,0 kv. metr hissəsi digər fiziki şəxs tərəfindən bir sıra mişar daşı düzülərək ayrılıb. Torpaq sahəsi mübahisəlidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən 1519,0 kv. metr hissədə iki torpaq sahəsi **********24 (X4 məxsus 3351 saylı bağ sahəsi 430,0 kv.m) və **********2 (X20 məxsus 3352A saylı bağ sahəsi 1084,0 kv.m) reyestr nömrələri ilə qeydiyyata alınıb. Məhkəmənin müvafiq sorğularına əsasən: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********18 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olmuş: Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X21 Bakı şəhər İH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1999-cu il tarixli 1114 saylı protokoluna əsasən Sabunçu rayonu Ləhiş qəsəbəsində 3351 saylı bağ evi tikintisi üçün ayrılmış 1200 kv. metr torpaq sahəsinə dair plan və ölçü hazırlanmışdır. Bu barədə Dövlət torpaq kadastrı kitabında xx.xx.2007-ci il tarixdə 202 nömrə ilə uçota alınmışdır. Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 3351 saylı bağ sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 10552 nömrəli vərəqində xx.xx.2008-ci ildə ********** qeydiyyat nömrəsi ilə X16 adına qeydə alınmışdır. ünvan 4 ünvanında qeydiyyatda olan X32 tərəfindən xx.xx.2020-ci il tarixdə notarial qaydada verilmiş ərizənin surətindən müyyən olunur ki, Sabunçu rayonu Ləhiş bağı 3351 saylı bağ sahəsinin 0,0430 ha qeyd olunmasına etiraz etmir, yazılanlar öz sözlərinə əsasən yazılmışdır və yazılanları öz imzası ilə təsdiq etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə sənəd üzrə sahəsi 0.043 ha, faktiki sahəsi 0.043 ha olan ünvan 5nə dair X16 adına torpaq sahəsinin planı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində sahəsi 0,043 ha olan 3351 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr nömrəsi **********24) Daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 10552 nömrəli vərəqində X16 adına qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X6 ünvan 5 ünvanında yerləşən ümumi 0.043 olan torpaq sahəsini X12 dəyəri ödənilməklə satın alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində sahəsi 0,043 ha olan 3351 saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr nömrəsi **********24) Daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 10552 nömrəli vərəqində X2 adına qeydə alınmışdır. Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 241 №-li xx.xx.2019-cu il tarixli məktubdan müəyyən olunur ki, X13 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 16 saylı notariat ofisində X5 tərəfindən müraciət olmuşdur. X15 xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə X2 ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 3352a saylı bağa X15 adına çıxarış verilməsi xahiş olunur. ünvan 8 ünvanında qeydiyyatda olan X5 tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən müəyyən olunur ki, xx.xx.2018-ci ildə vəfat etmiş X15 faktiki istifadəsində olmuş ünvan 9 ünvanda yerləşən sənəd üzrə 1200 kv.m torpaq sahəsinin azalmasına və faktiki 1084 kv.m torpaq sahəsinin sənədləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmir və gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. Bağ sahəsinin icarəyə verilməsinə dair 26518 №-li xx.xx.1989-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər X24 xx.xx.1989-cu il tarixli 9/333 saylı protokoluna əsasən Ləhiş bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən 3352a saylı bağ sahəsi X22 istifadəsinə ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi 0.1084 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3352 saylı bağ sahəsinə dair mərhum X15 adına torpaq sahəsinin planı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ( 0,1084 ha) 3352A saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə **********3 qeydiyyat nömrəsi ilə (Reyestr № **********02) Daşınmaz əmlakın dövlət reyestrində 1041 nömrəli reyestr kitabının 103416 nömrəli vərəqində X15 adına qeydə alınmışdır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur ki, iş materiallarında mübahisəli bağ torpaq sahəsinə dair mərhum X11 adına belə bir müqavilənin mövcudluğu işin mübahisələndirilməyən hallarındandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçıların mübahisəli torpaq sahəsinə dair mərhum babalarına məxsus olması barədə arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli bağ sahəsinin iddiaçıların faktiki istifadəsində olmadığı, iş üzrə verilmiş mütəxəssis rəyinə əsasən isə iddiaçılar tərəfindən faktiki göstərilən sahənin xüsusi mülkiyyət hüququ ilə digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reystrində qeydə alındığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-692/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-692/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver