Məhkəmə qərarları › İş №2-1(112)-6921/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6921/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6921/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı “icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi və bununla əlaqədar vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: X1 Əmir oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı “icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi və bununla əlaqədar vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 1999-cu il tarixli 2(006)-1079/1999 saylı icra sənədinin itirilərək 23 il ərzində icra edilməməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi, bununla əlaqədar ona vurulmuş 55859.42 məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakl Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 1999-cu il tarixli 2(006)-1079/1999 saylı qətnaməsi ilə Azərbaycan Dəmiryolu İdarəsindən 68556000 manat (13711,20 AZN) alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.1999-cu ildə qanuni qüvvəyə minmiş və icrası üçün Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Buna baxmayaraq, həmin məbləğ icra şöbəsinin təqsirindən 1999-cu ildən ödənilməmiş qalmış, yalnız 2023-cü ildə ödənilmişdir. Belə ki, müraciəti əsasında Bakl Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən 26 noyabr 1999-cu il tarixli 2(006)-1079/1999 saylı icra sənədinin dublikatı Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmiş, şöbənin icra məmuru Azər Heydərov tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakl Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi 23 il ərzində icra edilməmişdir. 2023-cü ilin 14 aprel tarixində Bakl Şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qanuni qüvvəyə minmiş qətnamə ilə tutulmalı pul məbləğinin indeksasiya edilərək 55859.42 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Azər Heydərov məhkəmədə göstərmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icra icraatı üzrə tələb tam şəkildə təmin edilməklə icra sənədi üzrə icraata xitam verilmişdir. Bakl Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixi qərarı ilə ərizə təmin edilməmişdir. Məhkəmə qətnaməsi 23 il ərzində icra olunmamış qalmışdır. Dövlət Statistika Komitəsinə verilən sorğuya cavab olaraq bildirilmişdir ki, 2022-ci ilədək istehlak indeksi 1999-cu ilə nisbətən 407,4 faiz təşkil edir. Bu da məhkəmə qətnaməsi icra edilmədiyi müddət üçün inflyasiya məbləği 55859.42 manat təşkil edir. Hesab edir ki, həmin məbləğ ödənilmədiyi təqdirdə qətnamə icra olunmuş hesab olunmamalıdır. Nə qədər ki, aradakı fərq məbləğ ona ödənilməyib, bu iş üzrə icraata xitam verilə bilməzdi. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(006)-166/2023 saylı qərardadı ilə onun Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Dəmiryolu İdarəsindən 13711.20 manat alınıb ona ödənilməsi barədə 26 noyabr 1999-cu il tarixli qətnaməsinin qanunla müəyyən edilmiş müddətdən 23 il keçdikdən sonra 2023-cü ildə icra edilməsinə görə həmin pul məbləğinin indeksasiya edilib "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən məhkəmə qətnaməsini icra etmədiyi müddət üçün inflyasiya məbləği 55859.42 məbləğində pulun alınıb ona ödənilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardadda göstərilir ki, icranın gecikdirilməsi cavabdeh təşkilatın təqsirindən deyil, icra sənədi Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən itirilməsinə görə olmuşdur. Məhkəmə bildirmişdir ki, borcun indeksasiyası icra məmuru tərəfindən edilməlidir. Qətnamənin icra şöbəsi tərəfindən icra edilmədiyi müddət üçün kompensasiya tələbi əsaslıdır. Belə ki, məhkəmənin ona pul ödənişi barədə icra sənədi itirilmiş və 23 ildən sonra icra edilmişdir. Həmin müddətdə xeyli inflyasiya olmuşdur və o, zərər çəkmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmçinin, İPM-in 13-cü maddəsi rəhbər tutularaq xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya hüquqi yardım göstərilmiş və qanunvericiliyn tələbləri izah edilmişdir. Məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, tələb edilən zərərin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 1999-cu il tarixli 2(006)-1079/1999 saylı icra sənədinin 23 il ərzində icra edilməməsi ilə əlaqədar ona vurulmuş 55859.42 məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb edir. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubu təqdim edilərək, hazırkı iddia tələbində göstərilən tələblə əvvəlcə cavabdeh inzibati orqanlara müraciətinin (poçt qəbzi və s.) olmasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, həmin məsələlər məhkəmə iclasında da iddiaçının diqqətinə çatdırılmış, lakin onun tərəfindən qeyd edilən məsələlər ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı hazırkı tələblə bağlı Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə müraciət etmədiyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia tələbindən görünür ki, tələb dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə müraciət etməsinə dair hər hansı sübut (poçt qəbzi və s.) təqdim etməmiş və məhkəmə iclasında verdiyi izahat ilə də bunu təsdiq etmişdir. Beləliklə, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdeh inzibati orqana müraciət etməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah edilsin ki, iddianın qeyri-mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar