Məhkəmə qərarları › İş №2-1(112)-6922/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6922/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6922/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, iddiaçı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Cavabdeh qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhəri Nizami rayon Polis İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun iki az yaşlı övladının uzun müddətdir ki, ünvan 1 ünvanında yaşamadıqlarını və Keşlə Bələdiyyəsinin verdiyi 11 noyabr 2021-ci il tarixli 206K saylı məktuba əsasən, ünvan 2 ünvanının mövcud olmadığını nəzərə alaraq, Cavabdeh və onun iki az yaşlı övladının ünvan 3 ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh öz iki azyaşlı övladları ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsi ev 13V ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması üçün, Bakı şəhər Nizamı Rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinə müraciət etmişdir və həmin müraciətə əsasən Bakı şəhər Nizami Rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsi tərəfindən cavabdeh və onun iki azyaşlı övladı yaşayış yeri üzrə həmin ünvana qeydiyyata alınaraq, şəxsiyyət vəsiqələri ilə təmin olunmuşlar. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh ünvan 5 ünvanına deyil, Keşlə qəsəbəsi Abdulla Mirzəyev küçəsi 13B saylı ünvana köçürülməsi barədə, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 20.02.2019-cu ıl tarixli 2(007)-494/2019 saylı və Bakı Apellyasiya Məhkəməsinin 21.08.2019-cu il tarixli, 2 (103)-8346/2019 saylı qətnamələri mövcuddur və Cavabdeh uzun müddətdir ki, orada yaşamır. Son araşdırmalar zamanı məlum olmuşdur ki, ümumiyyətlə ünvan 7 ünvanı mövcud deyildir. Belə olan halda cavabdehin və iki az yaşlı övladının yaşayış yeri üzrə qeydiyyatları, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun deyildir. Buna görə də, Cavabdeh iki az yaşlı övladı ilə birlikdə ünvan 8 ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları ilə əlaqədar, Bakı İzibati Məhkəməsinə müraciət etmək qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclasının 07.04.2022-ci il tarixə təyin olunmasına və bu barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbər verilməklə yanaşı, İPM-nin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinin tələblərinin izah olunmasına baxmayaraq, tərəflər müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiyindən, işə onların iştirakı olmadan baxılıb-baxılmamasına dair münasibət bildirmədiklərindən, məhkəmə iddianın mümkünlük məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkünsüz sayılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-nin normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1871/2020 №li 30.11.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Cavabdeh qarşı iddası təmin olunaraq, Cavabdeh ünvan 10 ünvana dair Bakı şəhər Nizami RPİ-nin QMB-si tərəfindən aparılmış yaşayış yeri üzrə qeydiyyatının etibarsız hesab edilməsi qət olunmuşdur. Qətnamədə qeyd olunmuşdur ki, qətnamə Cavabdeh və onunla birlikdə X2 və X1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4497/2021 №li 10.06.2021-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1871/2020 №li 30.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd olunan qərardadla şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması barədə qanunsuz aktın həmin qeydiyyatı aparan inzibati orqan (və ya subordinasiya baxımından yuxarı inzibati orqan) tərəfindən “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun (67.1-ci və 67.2-ci maddələri) tələblərinə əsasən həll edilməli olması iddiaçıya izah olunmuşdur. Qeyd olunan məhkəmə aktları ilə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh azyaşlı övladları ilə birlikdə ünvan 13 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin QMB-nə müraciət etmiş, sonuncunun əməkdaşları onun qeydiyyatını aparmış, lakin, sonradan Cavabdeh məxsus sənədlər polis idarəsində yerləşən arxivə təhvil verilərkən həmin sənədlər şübhə doğurmuş və tərəflərindən aparılmış daxili araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən təqdim olunmuş “eskiz layihə” sənədi Nizami rayonu, X3 tərəfindən qeydiyyatdan keçməmişdir. Həmçinin yoxlama zamanı Cavabdeh Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanında deyil, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 B saylı ünvana köçürülməsi barədə ünvan 1519-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8346/2019 saylı 21.08.2019-cu il tarxli qətnaməsi mövcuddur. Son araşdırma zamanı məlum olmuşdur ki, ümumiyyətlə ünvan 10 ünvan mövcud deyildir. Hazırda iddiaçı Bakı şəhəri Nizami rayon Polis İdarəsi cavabdeh qismində Cavabdeh göstərməklə qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun iki az yaşlı övladının ünvan 3 ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin onun özünə, yəni Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməsini xahiş etmişdir. İddianın hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996cı il tarixli Fərmanının 2.2-1-ci bəndində göstərilmişdir ki, həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan sayılır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, yaşayış yeri üzrə qeydiyyata alınma və qeydiyyatdan çıxarma ilə bağlı iddialar öhdəliyin icrası haqqında iddialardır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması öhdəliyi, inzibati orqan olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis idarələri və şöbələrinin (hazırki halda iddiaçı qismində çıxış edən Bakı şəhəri Nizami rayon Polis İdarəsi) səlahiyyətlərinə aid edilmişdir ki, bu səlahiyyətlərini həyata keçirilmək üçün həmin orqanların məhkəmədə iddia qaldırması qanunveriliyin tələblərinə ziddir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Cavabdeh qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar