Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6924/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı - “X3” Bakı filialının cavabdeh - Binəqədi Rayon İcra şöbəsinə qarşı “hərəkətlərin qanunsuz sayılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “X3” Bakı filialı cavabdeh Binəqədi Rayon İcra şöbəsinə qarşı Nəsimi rayon Məhkəməsinin 17.01.2017-ci il tarixli, 2(006)-637/2016 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ramin Muradovun 23 aprel 2021-ci il tarixli Qərarının ləğv olunması vəzfəsinin onun üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İş materiallarından görünür ki, məhkəmə İPM-in 13-cü maddəsini rəhbər tutaraq iddiaçıya 01.06.2021-ci il tarixli və 06.08.2021-ci il tarixli hüquqi yardım məktubu göndərərək, qanunvericiliyin müvafiq tələblərini izah etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə məhkəmə iclası 13.10.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin “Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ramin Muradovun hərəkətlərinin qanunsuz sayılması”na dair iddia ərizəsinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Həmçinin, həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmə tərəfindən göndərilən hüquqi yardım haqqında məktubu aldığını təsdiq etmişdir. Həmçinin, iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ramin Muradovun hərəkətlərinin qanunsuz sayılmasını tələb edir. İş materiallarından görünür ki, Binəqədi rayon İcra Şöbəsi tərəfindən Nəsimi rayon Məhkəməsinin 17.01.2017-ci il tarixli, 2(006)-637/2016 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10.10.2017-ci il tarixli Qərarında göstərilmişdir: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İş materiallarından görünür ki, hazırkı mübahisənin predmetini Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar icra məmurunun hərəkətlərinin qanunsuz sayılması təşkil edir. Məhkəmə qeyd edir ki, icra qanunvericiliyi icra işində iştirak edən tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliklərindən şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, müvafiq icra işi üzrə “icraata xitam verilməsi haqqında” qərar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi əsasında qəbul olunmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə icra işi üzrə tərəf kimi hazırkı iddiaçı icra məmurunun müvafiq qərar və hərəkətlərindən şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmadığından, mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbində inzibati mübahisəyə əsas ola biləcək hallar mövcud deyil. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35-ci, 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı “X3” Bakı filialının iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-6924/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6924/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver