Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6924/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə qarşı “inzibati xəta haqqında qərarların başqa şəxsin adına qeydə alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək inzibati cərimə tətbiq edilməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş 08.08.2019-cu il tarixli,BNA0425719nömrəli, 08.10.2019-cu il tarixli, BNA ******* nömrəli, 24.10.2019-cu il tarixli, BNA ******* nömrəli, 02.11.2019-cu il tarixli, BNA 0619648 nömrəli, 04.01.2020-ci il tarixli, BNA ******* nömrəli, 29.01,2020-ci il tarixli, BNA ******* nömrəli, 10.02.2020-ci il tarixli, BNA 0805722 nömrəli, 16.02.2020-ci il tarixli, BNA ******* nömrəli, 09.03.2020-ci il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında qərarların X1 adına qeydiyyata alınması öhdəliyinin Bakı Nəqliyyat Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə ona 22.06.2019-ci il tarixdə sürmək üçün etibarnamə verilmişdir. Həmin avtomobil ilə dayanma-durma qaydalarının pozulmasına görə inzibati xətaları o törətməmişdir. Həmin avtomobil üzrə sonuncu etibarnamə onda olduğundan inzibati cərimələr onun barəsində tətbiq edilmişdir. Bununla bağlı Bakı Nəqliyyat Agentliyinə rəsmi müraciət etsə də, ona bununla bağlı inzibati məhkəmə qaydasında müraciət etməyini bildirmişlər. Həmin şəxs isə Bakı Nəqliyyat Agentliyinə gəlməkdən imtina etmişdir. Hesab edir ki, onun hüquqları pozulmuşdur. Hal-hazırda hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İnzibati məsuliyyətin əsasları İnzibati Xətalar məcəlləsinin 3-cü maddəsində “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur” şəklində verilmişdir. Maddənin məzmunundan görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün ilk növbədə onun həmin əməli törətməsi şərti olmalıdır. Halbuki, cavabdeh tərəfindən həmin Məcəllənin 346.1-ci maddəsi inzibati xəta haqqında qərarlarda göstərilən əməllər törədilərkən avtomobil məndə olmamışdır və mənim tərəfimdən törədilməmişdir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahar verdi. II. İddianın mümkünlüyü
4. İddia tələbinə əsasən, məhkəmə müəyyən edir ki, iddiaçı faktiki olaraq inzibati xətaya dair protokolda müəyyən edilən halı mübahisələndirir.
5. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 04, 7.2-ci bənd).
6. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
7. Məhkəmə eyni zamanda qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
8. İddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.
9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
10. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva