Məhkəmə qərarları › İş №2-1(112)-6924/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6924/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6924/2025 10.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun Naxçıvan şəhərindən Bakı şəhərinə daşıdığı 2278 kiloqram əmlakının "xxxx" şirkətinin müəyyən etdiyi tarifə uyğun, yəni bir kiloqramı üçün N manat olmaqla, ümumilikdə 2278 manat pulun kompensasiyasının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun Naxçıvan şəhərindən Bakı şəhərinə daşıdığı 2278 kq əmlakının "xxxx" şirkətinin müəyyən etdiyi tarifə uyğun, yəni bir kiloqramı üçün N manat ümumilikdə 2278 manat pulun qalan hissəsinin, yəni N366 manat 80 qəpik pul kompensasiyasının ona ödənilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 04.NN,2024-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin N56-cı maddəsinin “j” bəndində əsasən öz arzusu ilə Azərbaycan Ordusundan ehtiyata buraxılmışdır. O, 2008-ci ildən Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrdə xidmət etdiyindən, ailə üzvləri də onunla birlikdə Naxçıvan MR ərazisində yaşamışdır. İddiaçı ehtiyata buraxılarkən əmlakını Naxçıvan şəhərindən Bakı şəhərinə daşımış, 2278 kq əmlakını 2278 manat müqabilində "xxxx" MMC vasitəsilə göndərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 28 mart 20N4-cü il tarixli, N32 nömrəli əmrinin 2N-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı "xxxx" MMC-nin ******* nömrəli qaiməfakturasını, N59062 nömrəli mədaxil qəbzini, yükdaşıma müəssisəsinin verdiyi göndəriş cədvəlini və qəbzi ehtiyata buraxıldığı hərbi hissəyə təqdim etmişdir. Bir müddət sonra hərbi hissədən ona daşıdığı yükün N kiloqramı üçün 40 qəpik ödəniləcəyi bildirilmişdir. Həmin məbləğ onun əmlakının daşınması üçün çəkdiyi xərcədən dəfələrlə az olduğundan iddiaçı N8 dekabr 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinə müraciət etmişdir. 29 dekabr 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən ona məktub göndərilərək özlərinin mütəxəssislərinin müvafiq yükdaşıma müəssisələrinin göstərdikləri daşıma xidmətinin tariflərinin müqayisəli təhlili və bazar araşdırması nəticəsində orta yükdaşıma tariflərinin müəyyən edildiyi və maliyyələşmələr zamanı həmin tariflərin əsas götürüldüyü göstərilmişdir. Müvafiq yükdaşıma müəssisəsi onun əmlakını daşıyan "xxxx" MMC-dir. Yükün daşınmasının qiymətini, yəni yükdaşıma tarifini həmin müəssisə müəyyən etməlidir. "xxxx" MMC Naxçıvan şəhərindən Bakı şəhərinə ən aşağı tariflərlə yükdaşıyan müəssisədir. Həmin müəssisə 2008-ci ildən fəaliyyət göstərir və Bakı-Naxçıvan yükdaşıma tarifləri N kiloqram üçün N manat nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçıya 9NN,20 manat məbləğində ödəniş edilmişdir. İddiaçı hazırda şirkətə ödədiyi, lakin ona cavabdeh tərəfindən ödənilməyən qalıq N366,80 manat məbləğində kompensasiya pulunu tələb edir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası qanunvericiliyində həqiqi hərbi xidmətdən ehtiyata buraxılan, həmçinin xidməti yerdəyişmələr zamanı hərbi qulluqçuların əşyalarının daşınması xərclərinin ödənilməsi öz əksini tapmamışdır. Daşınma xərclərin qarşılanması üzrə güzəştlər qismən bir sıra normativ hüquqi aktlarda öz əksini tapmışdır. Həmin normativ hüquqi aktlarda qeyd olunan “işdənçıxma müavinəti” hərbi qulluqçunun ehtiyata buraxılması ilə əlaqədar digər məsələləri və məsrəfləri qarşılamaq məqsədi ilə həyata keçirilir. Yükdaşıma və karqo şirkətlərinin göstərdikləri xidmətlərin qiymətləri 30 may 2003-cü il tarixli 462-İİQ №li “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmədiyi üçün, hərbi qulluqçulara yükdaşıma xərclərinin müəyyən edilməsi və ödənilməsi ehtimal olunan bazar qiymətlərinə əsasən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən həyata keçirilir. İddiaçının müqavilə bağladığı karqo şirkətinin qiyməti, cavabdeh tərəfindən digər hərbi qulluqçular üçün yüklərin daşınması ilə bağlı ödənilən kompensasiyaların qiymətlərindən ciddi fərqlənir. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən ev əşyalarının karqo və ya digər daşınma şirkəti ilə daşınması zamanı statistik göstəricilər və ağlabatan məbləğ nəzərə alınmaqla təminedici maliyyə orqanı tərəfindən hər çəkiyə görə 40 qəpik nəzərdə tutulmuşdur. İddiaçı tərəf isə hər çəkiyə görə N manat 20 qəpik ödəniş edilməsini tələb edir. Bazar qiymətlərini araşdırarkən yükdaşıma və karqo müəssisələrinin müəyyən etdiyi tariflər fərqli məbləğləri əks etdirir. Eyni istiqamət üzrə daşımaları həyata keçirmiş digər hərbi qulluqçular tərəfindən təqdim olunmuş sənədlərdə əks olunmuş tariflərlə iddiaçının təqdim etdiyi sənədlərdə əks olunan məbləğlər arasında ciddi fərqlər var. Müdafiə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri dövlət büdcəsinin qorunmasıdır. Bu məqsədlə artıq kompensasiyaların ödənilməsi, yersiz xərclərin artması yolverilməzdir. Cavabdeh iddiaçının tələbini nəzərə alaraq yaxın keçmişdə ödənilən yükdaşıma xərclərinə əsasən hesablanmış hər çəkiyə görə 40 qəpik məbləğində kompensasiya ödəməyi düzgün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, o Naxçıvan MR-dan Bakıya yük daşınması ilə bağlı karqo şirkətinə müraciət etmiş və ona bildirilmişdir ki, yükün hər kilorqamı üçün daşıma xərci N manatdır. O, bununla razılaşmışdır. Şirkət yükün qablaşdırılmasını həyata keçirməyib. Qablaşdırma onun özü tərəfindən həyata keçirilib. Şirkət isə yalnız yükün daşınmasını həyata keçirib. Lakin, cavabdeh hesab edir ki, yükün hər koloqramı üçün 40 qəpik ödənilməlidir. Buna görə iddiaçıya cavabdeh tərəfindən 9NN,2 manat pul ödənilmişdir. Lakin, o, qalan məbləğin də ona ödənilməsini istəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraz ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, Naxçıvan-Bakı istiqamətində yükdaşıma fəaliyyətini həyata keçirən digər şirkətlər yük daşınmasını hazırd iddiaçının müqavilə bağlamış olduğu şirkətdən təqribən 2 dəfə ucuz həyata keçirirlər. Bu səbəbdən iddiaçının tələb etdiyi qiymət ağlabatan deyil. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 095 nömrəli Hərbi Hissə Komandirinin 2N sentyabr 2024-cü il tarixli, 258 saylı əmrindən görünür ki, həmin əmrə əsasən N saylı həmin hərbi hissənin qərargah rəisinin müavini olmuş iddiaçı mayor İddiaçı ehtiyata buraxılmışdır. "xxxx" MMC-nin ******* nömrəli qaimə-fakturası, N59062 nömrəli mədaxil qəbzi və göndəriş cədvəlindən müəyyən edilir ki, iddiaçı ilə razılaşmaya əsasən ümumilikdə iddiaçıya məxsus 2278 kiloqram çəkidə yükün hər kiloqramı üçün N manatdan hesablanmaqla, "xxxx" MMC tərəfindən daşınması həyata keçirilmişdir. Həmin sənədlərə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 2278 manat pul ödənilmişdir. Cavabdehin iddiaçının müraciətinə əsasən xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində müvafiq kompensasiya pulunun ona ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun N0cu maddəsinin N-ci bəndində əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Həmin Qanunun N0-cu maddəsinin 6-cı bəndində əsasən hərbi qulluqçular və onların ailə üzvləri dəmiryolu, hava, dəniz və avtomobil nəqliyyatında daşınmalar sahəsində güzəşt hüququna malikdirlər. Həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər. Azərbaycan Respublikası Müdafiə Nazirinin 28 mart 20N4-cü il tarixli, N32 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi daşınmalar və onlara görə hesablaşmalar haqqında” Təlimatda göstərilir ki, Təlimat N.N. Azərbaycan Respublikasının Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növləri komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə, hərbi hissə komandirləri və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin hərbi daşınmalar zamanı hüquq və vəzifələrini; N.2. Müdafiə Nazirliyinin hərbi qulluqçularının, onların ailə üzvlərinin, mülki işçilərinin və onlara məxsus şəxsi əmlakın (ev əşyalarının), hərbi yüklərin daşınması qaydalarını; N.3. hərbi daşınmalar zamanı nəqliyyat üçün ayrılmış pul vəsaitlərindən istifadəyə maliyyə nəzarətinin təşkili və həyata keçirilməsi qaydalarını müəyyən edir (N). Hərbi daşınmalar müvafiq sənədlər əsasında rəsmiləşdirilir və onlara görə lablaşmalar köçürmə və ya nəğd yolla aparılır (2). Müdafiə Nazirliyinin vəsaiti hesabına gediş-gəliş və ev əşyalarının daşınması üçün hərbi qulluqçulara, (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) onların ailə üzvlərinə, Silahlı Qüvvələrin mülki işçilərinə nəqliyyat xərcləri faktiki çəkilən xərclərə görə, lakin bu Təlimatda nəzərdə tutulan normalardan çox olmayaraq ödənilir (3). Xidməti yerdəyişmə, hərbi hissənin siyahısından çıxarılmaqla təhsilə göndərilmə, hərbi hissənin dislokasiya (yerləşmə) yerinin dəyişilmə və həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmaqla əlaqədar olaraq hərbi qulluqçular və onların ailə üzvləri başqa yerə köçərkən onların ev əşyaları Müdafiə Nazirliyinin vəsaiti hesabına, daşmırlar. Hərbi qulluqçulara 3000 kq-dək əmlakın daşınması üçün çəkdiyi faktiki xərc yükün daşınması barədə qaimə-faktura və kassa mədaxil orderi təqdim edilməklə, müvafiq yükdaşıma müəssisəsinin müəyyən etdiyi tariflər müqabilində ödənilir. Ev əşyalarının daşınması hərbi qulluqçunun əvvəlki xidmət yerindən (ailəsinin yaşadığı yerdən) yeni xidmət (yeni yasavış) yerinədək həyata keçirilir (2N). İşin hallarından müəyyən edilir ki, ehtiyata buraxılan hərbi qulluqçu olan iddiaçı xidmət etdiyi Naxçıvan şəhərindən Bakı şəhərinə köçərkən əmlakını "xxxx" MMC adlı karqo şirkəti vasitəsi ilə daşımış, həmin yüklərin N kiloqramı N manatdan olmaqla, ümumilikdə 2278 kiloqram yük üçün 2278 manat məbləğində pulu xidmət haqqı olaraq həmin karqo şirkətinə ödəmişdir. İddiaçı da əvvəlcə yuxarıda qeyd edilən Təlimatın 2N-ci maddəsinə əsaslanaraq çəkdiyi xərclərin, yəni 2278 manat məbləğində pulun kompensasiya şəkildə ona ödənilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə bundan imtina etmişdir. Daha sonra iddiaçı həmin məbləğin 9NN,2 manatının cavabdeh tərəfindən ona ödənildiyini bildirirək iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim etmiş, qalıq N366,8 manat məbləğində pulun kompensasiya olaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının tələb etdiyi məbləğ yüksək olmaqla yersiz xərclərin artmasına gətirib çıxarır. Belə ki, statistik göstəricilər və ağlabatan məbləğ nəzərə alınmaqla təminedici maliyyə orqanı tərəfindən yükün hər çəkisinə görə 0,40 qəpik ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 28 mart 20N4-cü il tarixli, N32 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi daşınmalar və onlara görə hesablaşmalar haqqında” Təlimatın 2N-ci bəndində hərbi qulluqçulara məxsus ev əşyalarının daşınması zamanı daşınma xərclərinin onların müvafiq daşıma şirkəti tərəfindən təqdim edilmiş qaimə faktiralar və digər sənədlər əsasında həyata keçirilməsi nəzərdə tutulmuş və həmin daşımalar üçün konkret tariflər nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin yüklərin daşınması zamanı ödənilməli olan daşınma xərclərini müəyyən edərkən təqdim edilmiş sənədlərdə göstərilən məbləğlərin ağlabat olub-olmaması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin bir sıra müddəaları “ağlabatanlıq” prinsipinə əsaslanır və Mülki Məcəllədə, o cümlədən digər qanunvericlik aktlarında “ağlabatan müddət”, “ağlabatan məbləğ”, “ağlabatan kompensasiya” kimi anlayışlardan istifadə olunur. “Ağlabatanlıq” prinsipi qanunvericilikdə müəyyən hüquq münasibətlərində verilməli müddətin, ödənilməli olan məbləğin, icra edilməli olan öhdəliyin həcminin imperativ olaraq təsbit edilmədiyi hallarda dövriyyəyə girir və hüquq münasibətləri iştirakçılarından, o cümlədən məhkəmə mübahisəsi zamanı işə baxan məhkəmədən işin halların uyğun olaraq müddətin, məbləğin, icra edilməli olan öhdəliyin həcminin müəyyən edilməsi üçün normal olan, yəni şişirdilməyən normativlərin müəyyən edilməsini tələb edir. Hazırkı halda iddiaçı nəzərdə tutulan faktiki xərclərlə bağlı məhkəməyə müvafiq qaimə faktura, mədaxil qəbzi və göndəriş cədvəli təqdim etmişdir. Həmin sənədlərdən də göründüyü kimi N kiloqram yük üçün "xxxx" MMC tərəfindən N manat xidmət haqqı müəyyən edilmiş, iddiaçı tərəfindən ümumilikdə şirkətə 2278 manat məbləğində pul ödənilmişdir. Cavabdeh isə həmin məbləğin rel olmadığını bildirir və yükün hər kiloqramı üçün 40 qəpik ödənilməsini daha düzgün hesab edir. İPM-in N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh yükün hər kiloqramı üçün 40 qəpik ödənilməsinin daha məqsədə müvafiq olması ilə bağlı mövqeyini sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi digər bir yükdaşıma şirkətinə aid olan sənədləri məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə bunu cavabdehin mövqeyinin isbatı üçün kifayət hesab etmir. Belə ki, müxtəlif daşıyıcı şirkətlər yüklərin daşınması üçün fərqli qiymətlər müəyyən edə bilərlər. Yükün bir kiloqramının 50 qəpikdən və ya N manatdan daşınmasının həyata keçirilməsi hər bir şirkətin daxili qaydalarına aid olan məsələdir. Naxçıvan şəhərindən Bakı şəhərinə yüklərin daşınması zamanı yükün bir kiloqramı üçün tətbiq edən daşıma haqqı qiymətinin müəyyən edilməsi üçün bir sıra karqo şirkətlərinə xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən sorğu göndərilsə də, uzun müddət keçməsinə baxmayaraq məhkəməyə bununla bağlı hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıya yükdaşıma xidməti həyata keçirmiş daşıyıcı şirkətin müəyyən etmiş olduğu qiymət şişirdilmiş qiymət deyil və cavabdeh həmin qiymətin ağlabatan olmadığını sübut edə bilməmişdir. Odur ki, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.N və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Naxçıvan şəhərindən Bakı şəhərinə daşıdığı yükün daşınması üçün ödədiyi 2278 manat pulun qalan hissəsinin, yəni N366 manat 80 qəpik kompensasiyanın ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar