Məhkəmə qərarları › İş №2-1(112)-6925/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6925/2022

22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6925/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı “müharibə veteranı statusunun dayandırıldığ tarixdən bərpa edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı statusunun və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. O, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Ağdam rayonu ərazisində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmiş və yaralanmışdır. Döyüş əməliyyatlarında yaralanmasını təsdiq edən sübutlar da mövcuddur. Cavabdeh heç bir əsaslı səbəb gətirmədən əsassız olaraq ərizəmi təmin etmir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-cı il tarixli 4/2-2433 nömrəli məktubuna əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışlardan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq ehtiyat tabora göndərilməklə xx.xx.1993-cü il tarixdən qazan təminatına qoyulmuşdur. Həmçinin 3-cü taborun hərbi qulluqçusu yefreytor İddiaçı yaralandığına görə stasionar müalicə olunmaq üçün 223 nömrəli hərbi hospitala göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 160 nömrəli əmri ilə xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarıldığı qeyd edilmişdir. Nəzərinizə çatdırılır ki, İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi, hansı şəraitdə yaralanması, hospitaldan müalicə olunduqdan sonra yenidən hərbi xidmətə qayıdaraq şəxsi heyətin siyahısına daxil edilməklə qazan təminatına qoyulması, habelə onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmasına dair müvafiq arxiv arayışında arxiv məlumatları qeyd edilməmişdir.Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdındə fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək məhkəmədən müharibə veteranı statusunun dayandırıldığı tarixdən bərpa edilməsi və yenidən müharibə veteranı vəsiqəsinin verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər başa düşülür. İddia tələbindən də göründüyü kimi iddiaçı Qanunun adıçəkilən maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kateqoriyasına aid olduğunu qeyd edərək onun müharibə veteranı statusunun bərpa edilməli olmasını bildirmişdir. Adıçəkilən Qanunun 7-ci maddəsi ilə müəyyən edilir ki, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı vəsiqəsinin verilməsi üçün müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının tələbi ona müharibə veteranı və vəsiqəsi verilməsi barədə olmaqla məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçı irəli sürdüyü iddia vasitəsi ilə AR İPM-nin 33.1-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə edir. Qeyd olunan iddia növü ilə bağlı isə inzibati prosessual qanunvericilik sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından digər iddia növlərinə münasibətdə fərqli qayda müəyyən etmişdir. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olarq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olmuş keçmiş Azərbaycan Respublikası Hərbi Komissarlığı nəznində fəaliyyət göstərmiş “Müharibə veteranı” adı və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın 26 yanvar 1999-cu il tarixli, 36 nömrəli protokoluna əsasən İddiaçı müharibə veteranı statusu verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 09 fevral 2009-cu il tarixli arayışında xidmətdə olduğu N saylı hərbi hissəsini xx.xx.1994-cü il tarixdə özbaşına tərk etməsi barədə məlumat daxil olmuş və bundan sonra İddiaçı xx.xx.2009-cu il tarixdə imtiyazların dayandırılması barədə Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinə məktub ünvanlanmışdır. Göründüyü kimi iddiaçı əvvəlki müharibə veteranı statusuna malik olmuşdur. Lakin, aparılmış araşdırıma zamanı iddiaçının müharibə veteranı statusu hüququna malik olmadığı müəyyən edilmiş və onun imtiyazlardan istifadə etmək hüququ dayandırılmışdır. İddiaçı hazırda müharibə veteranı statusunun dayandırıldığı tarixdən bərpa edilməsini arzulayır. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, İddiaçı xx.xx.1994-cü il tarixdən sonraki dövrdə hərbi xidmətə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmamasıdır. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 3-cü MAT-ın hərbi qulluqçusu, yefreytor İddiaçı yaralandığına görə stasionar müalicə olunmaq üçün 223 №-li hərbi hospitala göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 160 №-li əmrilə xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N №-li nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Lenin RHK-dən çağırılmış iddiaçının xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısına daxil edilməsi barədə müvafiq qeydiyyat aparılmamışdır. İddiaçının şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat aşkar olunmamışdır. İddiaçının stasionar müalicəyə göndərilməsi barədə əmrin olmasına baxmayaraq, onun ambulator, yaxud stasionar müalicədən sonra hərbi hissəyə qayıtması hər hansı dəlillə təsdiq olunmur. Bu səbəbdən iddiaçı müvafiq əmrə əsasən xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, iş materiallarında iddiaçının uzun müddət stasionar müalicədə olması, habelə aldığı xəsarət nəticəsində onun hərbi xidmətə yararsız olması barədə müvafiq hərbi həkim komissiyasının qərarı mövcud deyildir. Əksinə iddiaçının 01 yanvar 1994-cü il tarixdən 26 yanvar 1994-cü il tariədək stasionar müalicə aldığı barədə məlumat mövcuddur. Belə olan vəziyyətdə iddiaçı müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıtmalı olduğu halda, bunu etməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdə iddiaçının hərbi hissədə olmaması və müalicədə olduğu hesab edilərək onun hərbi hissədən qeydiyyatdan çıxarılması barədə müvafiq qeydlər olsa da, bu iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis edilməsi anlamına gəlməyə əsas vermir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 nömrəli Fərmanından sonra başlamışdır. İddiaçının qanuni əsasla, o cümlədən xəsarət alması ilə əlaqədar ehtiyata buraxılması arxiv sənədləri ilə təsdiq olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin müvafiq orqan tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlarla təsdiq olunması şərtdir. İşdəki sənədlərə görə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrdə hərbi xidmət keçməsi müvafiq orqan tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlarla sübuta yetmir. Belə olan halda isə iddiaçının müharibə veteranı statusunun dayandırıldığı tarixdən bərpa edilməsindən söhbət gedə bilməz. Göründüyü kimi cavabdeh inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğunu sübut etmiş, iddiaçı isə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-746/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında da, hazırki iddiada olduğu kimi faktiki oxşar əsaslar ilə vətəndaşa müharibə veteranı statusunun verilməsi barədə tələbə baxılmış, vətəndaşın ambulator, yaxud stasionar müalicədən sonra hərbi hissəyə qayıtması, həmçinin qanuni əsaslarla tərxis olunması barədə təsdiqedici sənədlərin olmaması əsası ilə iddiaçının tələbinin təmin olunmamasına qərar verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar