Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6925/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X9 və X8) qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı adından iddia ərizəsi məhkəməyə təqdim edilərək X3 və X5, İddiaçı Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsi 36 saylı evin 31 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsi 36 saylı evin 31 saylı mənzili-tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzilə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixində iddiaçının hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin mənzili 27 avqust 2024-cü il tarixində X1 7 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində alqısatqı müqaviləsi bağlayaraq almışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə satıcıya ödənilmişdir. Həmin zamandan mənzil iddiaçının mülkiyyətində və istifadəndədir. Lakin mənzilin keçmiş sahibi X2 azyaşlı nəvələri X9 və X8 iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. Onların mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi hüquqları pozur və əmlak barəsində tam sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də iddiaçı hesab edir ki, onların mənzildə qeydiyyatda qalmaları qanunsuzdur. İddiaçı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, X6 və X5 mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən verilmiş xx.xx.2024-ci il tarixli cavab məktubunda X9 və X5 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh tərəfindən X4 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilir ki, şəxsin mülkiyyətində olan Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, mənzil 31 ünvanından X9 və X5 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilə bilər.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixində X2 adına qeydiyyata alınmışdır.
5. Reyestrdə 4Ə-1644 nömrə ilə qeyd olunan xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X7 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 (Yeni qaydalarla: AZ1070, ünvan 4 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X9 və X8 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
II. İddianın mümkünlüyü
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
9. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, iddia ərizəsi iddianı qaldıran şəxs tərəfindən deyil, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.
10. İPM-in 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.
11. İddia ərizəsi İddiaçı məhkəmədə təmsilçi ola bilməyən nümayəndəsi X7 tərəfindən imzalanmışdır. İddiaçı onun adından iddia ərizəsini imzalayan X7 ilə yaxın qohumluq münasibətlərinin olması və X2 adından iddia qaldırmaq səlahiyyəti müəyyən edilmir. Reyestrdə 4Ə-1644 nömrə ilə qeyd olunan xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin məzmunundan aydın olur ki, X7 mənzilin keçmiş mülkiyyətçisidir.
12. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.
13. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.
14. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.
15. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək iddia ərizəsinin lazımi qaydada məhkəməyə təqdim edilməyi (iddia ərizəsinin iddiaçı və ya məhkəmədə nümayəndə qismində çıxış edə biləcək səlahiyyətli nümayəndə tərəfindən imzalanmaqla) təklif edilmişdir. Buna baxmayaraq iddia ərizəsi iddiaçı və ya məhkəmədə nümayəndə qismində çıxış edə biləcək səlahiyyətli nümayəndə tərəfindən imzalanmaqla təqdim edilməmişdir.
16. Məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iddiaçı hüquqi maraqlarına uyğun olaraq lazımi qaydada qaldırılmış iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva