Məhkəmə qərarları › İş №2-1(112)-6928/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6928/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6928/2021 17.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X23 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər Axundova Xatirə və qeyriləri işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X14, X9 və X13 işə cəlb edilməklə İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 8 ünvanında yerləşən 5 saylıl mənzildən X10, X3 və X6 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinədair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.07.2015-ci il tarixli, 2(004)-6512/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Lizing Şirkəti QSCnin cavabdeh X7 qarşı evin boşaldılaraq mülkiyyətçiyə qaytarılması tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 8 ünvanında yerləşən 5 saylı mənzilin boşaldılaraq, X4 istifadəsindən alınıb "xxxx" QSC-yə qaytarılması və cavabdehdən 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Dövlət Reyestrindən çıxarışa əsasən "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 8 ünvanında yerləşən 5 sayı mənzil üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil İddiaçı MMC-nin mülkiyyətinə keçdikdən sonra məlum olmuşdur ki, X14, X9 və X13 həmin ünvanda qeydiyyatdadır. Bu isə İddiaçı MMC-yə mülkiyyətçi kimi həmin əmlak üzərində hüquqlarını həyata keçirməsində maneə yaradır. Bu səbəbdən tərəflərindən sorğu ilə Bakı şəhəri Səbail rayon Polis İdarəsinə müraciət edilərək, X14, X9 və X6 "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 8 ünvanında yerləşən 5 saylı mənzildən pasport qeydiyyatından çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən 06.05.2021-ci il tarixli cavab məktubu ilə müraciətlərindən imtina edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə 06.09.2021-ci il tarixli, 065-24689-1221 nömrəli məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin 2(004)- 6512/2015 saylı, 14 iyul 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin iddia tələbi təmin edilmiş, cavabdeh X4 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi 8 saylı binada yerləşən 5 saylı mənzildən çıxarılması, cavabdeh X4 istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi 8 saylı binada yerləşən 5 saylı mənzilin cavabdehdən alınaraq mülkiyyətçisi "xxxx" Lizinq Şirkəti QSC-yə qaytarılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür iki, "xxxx" Lizinq Şirkəti QSC 09.08.2018-ci il tarixdə "xxxx" MMC-yə çevrilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İddiaçı MMC-nin mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə, 24.09.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İşdə olan 2 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, 01.04.2021-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, ünvan 2 ünvanında 04.04.1972-ci il təvəllüdlü Axundova Xatirə Adil qızı, 10.10.2001-ci il təvəllüdlü X9, 30.06.2000ci il təvəllüdlü X13 qeydiyyatdadırlar. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 06.05.2021-ci il tarixli, 065-9306R-3221 nömrəli məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, İddiaçı MMC-yə məxsus olan ünvan 3 ünvanlarında qeydiyyatda olan X15, X14, X9 və X6 göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən məhkəməyə müraciət edilməsi məqsədə müvafiqdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş 4Ə/139 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil X11 tərəfindən "xxxx" Lizinq Şirkəti” QSC-yə satılmışdır. Həmin Müqavilənin 14-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 (bir) ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Müqavilə notarial qaydada rəsmiləşdirilən zaman 3 nömrəli Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş Forma 2 arayışında, mübahisəli ünvanda qeydiyyatda heç kimin olmaması göstərilmişdir. X5 arvadı X14 isə notarial qaydada razılıq ərizəsi təqdim edərək, mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********70 nömrəli, 07.10.2021-ci il tarixli məktubla təqdim edilmiş ünvan 5 ünvanına dair İddiaçı MMC-nin adına 24.09.2020-ci il tarixdə verilmiş çıxarışın verilməsinə əsas olan sənədlərin surətlərindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 8 ünvanında yerləşən 5 saylı mənzil mülkiyyət hüququ ilə 15.05.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı MMC tərəfindən 10.09.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, "xxxx" Lizinq Şirkəti” QSC-nin adı və hüquqi-təşkilatı formasının dəyişdirilib İddiaçı MMC olması ilə əlaqədar ünvan 2 ünvanında yerləşən mənzilin hüquq sahibinin adı dəyişdirilərək İddiaçı MMC-nin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Həmin ərizəyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı MMC-nin adına ********** qeydiyyat nömrəli, 24.09.2020-ci il tarixli Çıxarış verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, ev 8 ünvanında yerləşən 5 saylı mənzilə dair iddiaçının hüquqi varisi olduğu "xxxx" Lizinq Şirkəti QSC ilə X11 arasında alğı-satqı müqaviləsi bağlanmış, həmin alğı-satqı müqaviləsinə əsasən sözügedən mənzilə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Lizinq Şirkəti QSC-nin adına qeydiyyatdan keçmişdir. Sözügedən alğısatqı müqaviləsi rəsmiləşdirilən zaman 3 nömrəli Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş Forma 2 arayışında, mübahisəli ünvanda qeydiyyatda heç kimin olmaması göstərilmiş, bundan əlavə X4 arvadı X14 notarial qaydada razılıq ərizəsi təqdim edərək, mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Əlavə olaraq müqaviləsinin 14-cü maddəsinə əsasən satıcı X11 müqavilə notarial qaydada təsdiq olunduğu tarixdən 1 (bir) ay müddətində aldığı mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. X11 tərəfindən müqavilənin şərtlərinə əməl edilmədiyindən "xxxx" Lizinq Şirkəti QSC tərəfindən Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 14 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən X1 mənzildən çıxarılması, mənzilin mülkiyyətçisi "xxxx" Lizinq Şirkəti QSC-yə qaytarılması qət edilmişdir. Hazırda mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 24.09.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin mülkiyyətindədir. 3-cü şəxslər qeyd edilən mənzildə yaşamamalarına baxmayaraq, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqda davam etməkdədirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə 3-cü şəxslər mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləri olmaqla, onların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, həmin şəxslərin mübahisəli ünvanda yaşamaması, onların mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmasına əsas verdiyindən, bu hal isə hazırda iddiaının bir mülkiyyətçin kimi hüquqlarını məhdudlaşdırdığından, iddiaçı iş üzrə 3-cü şəxslərin mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X2 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər Göründüyü kimi, hazırki iş üzrə 3-cü şəxslər X14, X9 və X6 mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X14, X9 və X6 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar