Məhkəmə qərarları › İş №2-1(112)-693/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-693/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-693/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsində istifadədə olan 0,01575 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39,2 kv.m yaşayış-kv.m qeyri-yaşayış, 52,6 kv.m köməkçi sahədən ibarət 163 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra iddiaçı) məxsusdur. Yeni eskiz layihəsi əsasında fərdi yaşayış evinin ikinci mərtəbəsi inşa edilmişdir. İddiaçı yeni layihəyə uyğun olaraq fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...fərdi yaşayış evinə dair tərtib edilmiş texniki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin ölçüsü texniki pasportda 446,7 kv.m göstərilsə də, faktiki olaraq 432,4 kv.m təşkil edir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi, 163 saylı evlə bağlı tərtib edilmiş yeni layihə əsasənda faktiki 432.4 kv.m olan və yol tərəfə genişlənmiş sahə istisna olmaqla, fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması, yeni çıxarış və plan və ölçü sənədinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi 163 saylı 1 mərtəbəli ev onun xüsusi mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2007-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Əlavə olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi yol tərəfə genişləndirilib, əks istiqamətdən isə torpaq sahəsi azalmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndiriıməyən hallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsində istifadədə olan 0,01575 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39,2 kv.m yaşayış-kv.m qeyri-yaşayış, 52,6 kv.m köməkçi sahədən ibarət 163 nömrəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və iddiaçı yeni eskiz layihəsi əsasında fərdi yaşayış evinin ikinci mərtəbəsi inşa edilmişdir. İddiaçı yeni layihə əsasənda həmin fərdi yaşayış evinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və yeni çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportla faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur, torpaq sahəsinin ölçüsü texniki pasportda 446,7 kv.m göstərilsə də, faktiki olaraq 432,4 kv.m təşkil edir; 2) fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi yol tərəfə genişləndirilib, əks istiqamətdən isə torpaq sahəsi azalmışdır. Məhkəmə cavabdehin imtinası ilə bağlı qeyd edir ki, fərdi yaşayış evinin faktiki vəziyyəti ilə texniki sənədlər arasında hər hansı uyğunsuzluğun olması, iddiaçının yeni tikiliyə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. İddiaçıya yeni hüquqmüəyyənedici və texniki sənədlər verərkən mövud vəziyyətə uyğunlaşdırmaqla sənədlərin tərtib etmək cavabdehin vəzifəsidir. Həmçinin iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi, 163 saylı evlə bağlı tərtib edilmiş yeni layihə əsasında faktiki 432.4 kv.m olan və yol tərəfə genişlənmiş sahə istisna olmaqla, fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması, yeni çıxarış və plan və ölçü sənədinin verilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdehin imtina əsasları da aradan qalxmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.-cı maddəsinə əsasən aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2.1. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin hallarından göründüyü kimi, daşınmaz əmlak üzərində hüququn qeydiyyatından imtina üçün qanunda nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyil. Cavabdeh yazılı etirazında həmin halları sadalayarkən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinin məhz hansı bəndinin hazırki hüquq münasibətlərinə tətbiq olunduğu göstərilməmiş, ümumi olaraq həmin qanunun 15-ci maddəsinə istinad olunmuşdur. Belə ki, tavan və döşəmənin quraşdırılmaması, arakəsmələrin inşa edilməməsi fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd eidr ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Ona görə də, iddia tələbi təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi, 163 saylı evlə bağlı tərtib edilmiş yeni layihə əsasında faktiki 432.4 kv.m olan və yol tərəfə genişlənmiş sahə istisna olmaqla, fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması, yeni çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar