Məhkəmə qərarları › İş №2-1(112)-6930/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6930/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6930/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1149 saylı sərəncamına və alqı-satqı aktına əsasən istifadə və sahibliyində olan, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1000 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1149 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şössesi, 32 ünvanında abadlaşdırıb hasara alaraq bağ sahəsi kimi istifadə etdiyi 1000 kv.metr torpaq sahəsi onun adına sənədləşdirilməklə, torpaq sahəsinin plan-cizgisi tərtib edilərək təsdiq edilmiş və Bakı şəhəri Səbail Bələdiyyəsi ilə iddiaçı arasında həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilərək, imzalanmaqla təsdiq edilmişdir. Adına rəsmiləşdirilmiş 1000 kv. metr torpaq sahəsinin müəyyənləşdirilmiş 480 manat dəyəri satıcıya ödənilərək, 169568 nömrəli qəbz alınmışdır. 19 ildən artıq müddətdir ki, həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifədə və sahibliyindədir. Alqı-satqı yolu ilə əldə edib dəyərini Səbail bələdiyyəsinə ödədiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1000 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət edərək müvafiq sənədləri təqdim etsə də, cavabdeh imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim olunmuş “Torpaqların alqı-satqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanına uyğun deyil. Belə ki, “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır və göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə, cizgidə heç bir dəqiq istinad və məsafələr qeyd edilməmişdir, cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiyada ciddi uyğunsuzluqlar var. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, hal-hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Bakı şəhəri Səbail Bələdiyyəsi sərəncamın qeydiyyata alınmadığını bildirsə də, sərəncamın surətini, habelə torpaq sahəsinin planını təsdiqləmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. O, ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Səbail Bələdiyyəsinin 1149 nömrəli, 30 dekabr 2004-cü il tarixli Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1000 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Torpaq sahəsinin cizgisi və tərəflər arasında torpaqların alqı-satqısına dair akt sərəncama əlavə edilmişdir. 01 may 2006-cı il tarixli 169568 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı tərəfindən alqı-satqı aktında göstərilən məbləğdə vəsait Səbail Bələdiyyəsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 27 mart 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Səbail Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2004-cü il tarixli, 1149 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Səbail Bələdiyyəsinin 05 aprel 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən 1000 kv.metr torpaq sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsi barədə Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1149 saylı sərəncamı və həmin sərəncama əsas olan sənədlər Bələdiyyənin həmin dövrə aid olan arxiv məlumat bazasında aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1149 saylı sərəncamı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. Cavabdehin 09 yanvar 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1000 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşdən görünür ki, iddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin 1149 nömrəli, 30 dekabr 2004-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1000 kv.metr torpaq sahəsinin ona ayrılmasına əsaslanaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6)). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyələrin statusu haqqında” Qanunda göstərilmişdir ki, bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır (16.1). Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur (6.). Qeyd olunan normaların məzmunundan görndüyü kimi bələdiyyə torpaqlarının ayrıayrı şəxslərin mülkiyyətinə verilməsi bələdiyyənin iclasında, onun üzvlərinin səs çoxluğu ilə həll edilməli olan məsələlərə aiddir. Belə olan halda iddiaçıya Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1000 kv.metr torpaq sahəsinin ayrılması bələdiyyənin müvafiq iclas protokolu ilə rəsmiləşdirilməli, onun üzvlərin səs çoxluğu ilə qəbul edilmiş qərar əsasında ayrılmalı idi. Lakin, iddiaçı yalnız sənədin kserosurətindən ibarət olan və bələdiyyənin sədri tərəfindən imzalanmış sərəncama istina edir. Məhkəmə tərəfindən həmin sərəncamın arxiv nüsxəsinin mövcud olması ilə bağlı müvafiq məhkəmə sorğuları verilsə də, aidiyyəti qurumlar (hətta Səbail Bələdiyyəsinin özü də) həmin sərəncamın arxiv nüsxəsinin onlarda mövcud olmadığını bildirmişlər. Bu isə həmin sərəncamın qanuni əsaslarla verilməsi ilə məhkəmədə daxili inamın azalmasına səbəb olur. Cavabdeh “Torpaqların alqı-satqısına dair akt”ın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmədiyini, bələdiyyə tərəfindən qəbul edilmiş aktın kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirildiyini, həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin dövlət mülkiyyəti torpağı olduğunu, cizgidə heç bir dəqiq istinad və məsafələrin qeyd edilmədiyini, habelə cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiyada ciddi uyğunsuzluqlar olduğunu əsas gətirərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Göründüyü kimi Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1149 saylı sərəncamı və həmin sərəncama əsas olan sənədlər nə Dövlət Arxivinin Bakı Filialında, nə Bələdiyyənin həmin dövrə aid olan arxiv məlumat bazasında, nə də ki Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi həmin sənəd isə surət olduğundan mötəbər sayıla bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, iddiaçı tərəfindən tələbinin təsdiqi ilə bağlı təqdim edilmiş sənədin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun olmamış, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1000 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1000 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar