Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6932/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X6 qızı işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Hadızə Nərmin Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X6 qızı işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş X6 qızının ünvan 2 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, ünvan 2 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. X6 qızı (bundan sonra mətndə: üçüncü şəxs) ilə xx.xx.2019-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X10 anadan olmuşdur. Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində 64 nömrəli MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 155 saylı arayışın əslindən göründüyü kimi, ünvan 3 ünvanında İddiaçı ilə birlikdə X6 qızı (həyat yoldaşı) da qeydiyyatdadır. Üçüncü şəxsin ona qarşı qaldırdığı "nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment" tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-73/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aşağıdakılar qət edilmişdir: iddia təmin edilsin, iddiaçı X6 qızı ilə İddiaçı arasında Səadət Sarayı Bakı nikah evində bağlanmış xx.xx.2019-cu il tarixli, 965 nömrəsi ilə qeyd edilmiş nikah pozulsun, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X10 anası X6 qızının yanında saxlanılsın, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 200 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı X6 qızına verilsin. 2022-ci ilin may ayından etibarən, yəni uzun müddətdir ki, üçüncü şəxslə ailə münasibətlərində deyillər. Üçüncü şəxs uzun müddətdir ki, onunla birlikdə yaşadığı ünvanda yaşamadan, yaşayış yerini dəyişərək, atasına məxsus evdə yaşayır. Hazırda aralarında bağlanmış nikah da, onun tələbi ilə məhkəmə qaydasında pozulmuşdur. Ailənin bərpa olunması mümkün deyildir. Hazırda mülkiyyət hüququ əsasında ona məxsus mənzildə üçüncü şəxsin qeydiyyatda qalması formal xarakter daşımaqla yanaşı, mülkiyyətçi kimi, öz tələbatlarının təmin olunması məqsədi ilə həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan təyinatına görə tam istifadə etmək və əmlakın hüquqi müqəddəratını öz iradəsinə uyğun müəyyən edərək, ona dair sərəncam vermək kimi qanunla qorunan hüquqlarının realizəsinə maneəçilik yaradmaqla, eyni zamanda onun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 34-cü maddələrində əks olunan konstitusion hüquqlarını da, pozur. Təbii haldır ki, o, sonradan boşanmaq məqsədi ilə üçüncü şəxslə ailə qurmamışdır. Lakin, üçüncü şəxsin təşşəbbüsü ilə onların nikahı pozulmuşdursa və hazırda ailənin bərpa olunması mümkün deyilsə, belə olan halda üçüncü şəxsin özü kimi, onun da, konstitusion nikah hüququ vardır. Yəni, necə ki, üçüncü şəxsin digər şəxslə evlənib onun evinə gəlin köçmək hüququ vardır, eyni zamanda onun da digər şəxslə evlənib onu mülkiyyətində olan mənzilinə gəlin gətirmək hüququ var. Üçüncü şəxs uzun müddətdir ki, atasına məxsus evdə yaşayır. Lakin, o, ona bildirir ki, mənzilində qeydiyyatda olduğu üçün istənilən vaxt ora girib-çıxa, sanki bir saxlanc yerlərində olduğu kimi, orada əşyalarını saxlaya, hətta istədiyi qədər orada qala da, bilər. Hesab edir ki, artıq onun ailəsindən olmadığı halda, üçüncü şəxsin bu niyyəti sağlam məntiqə tamamilə ziddir. Üçüncü şəxs 34 yaşlı cavan qadındır və o, onun konstitusion nikah hüququnu pozmağa cəhd belə etmədiyi halda, o, hazırda, formal olaraq, onun mənzilində qeydiyyatda qalmasından sui-istifadə edərək, bu hərəkəkləri ilə onun nikah hüququnu da pozur. Eyni zamanda üçüncü şəxsin, formal olaraq, onun mənzilində qeydiyyatda qalması səbəbindən hazırda o, hər bir digər vətəndaş kimi, yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə mülkiyyətində olan mənzili digər mənzilə dəyişdirə və mənzil üzərində sair sərəncamlar verə bilmir. Göründüyü kimi, mülkiyyətində olan mənzilə dair sərbəst sərəncam vermək hüququ da, üçüncü şəxs tərəfindən pozulur. Göstərilənlərlə əlaqədar o, ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail rayon Polis İdarəsinə mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6932/2023 saylı 17 fevral 2023-cü il tarixli qərardadı ilə X6 qızı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
5. 3-cü şəxsin nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edlərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia ərizəsində göstərir ki, xx.xx.2019-cu ildə onunla nigaha girmiş, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X14 adında bir övladları olmuş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2 (009)-73/2023 №li qətnaməsi ilə nikahları pozulması, uşağın ananın yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin ondan tutularaq ona verilməsi qət edilmişdir. O, göstərmişdir ki, birgə nikah dövründə ünvan 3 ünvanında birgə yaşamış və hər ikisi həmin ünvanda qeydiyyatda olmuşlar. Daha sonra o, iddia ərizəsində göstərir ki, uzun müddətdir ki, 3-cü şəxslə, yəni onunla ailə münasibətlərində olmamış və o, yaşayış yerini dəyişərək atasına məxsus evdə yaşamış və ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalmış və bu mənzildə qeydiyyatda qalması da onun bir çox hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. O özünün göstərdiklərini və tələblərini əsaslandırmaq üçün qanunvericilikdən xeyli sitatlar göstərmişdir. İlk öncə qeyd edir ki, o, yaşayış yerini dəyişməmiş, qeydiyyatda olduğu və istifadə hüququ olan mənzilə isə heç bir məhkəmə qərarı olmadan, qeyri-qanuni olaraq buraxılmır, belə ki, iddiaçı nikahlarıın pozulması ilə əlaqədar məhkəmə prosesi gedərkən qeydiyyatda olduğu və istifadə hüququ olan mənzilin giriş qapısının açarını dəyişdirilərək onun mənzilə daxil olmasını mümkünsüz etmiş, hətta uşağın və onun dəyişik paltarları götürmələrinə imkan yaratmamış və dəfələrlə ondan mənzilə daxil olub oğlu ilə birgə yaşamalarını təmin etmək üçün ona açar verilməsini tələb etməsinə baxmayaraq ona mənzilə daxil olmaq üçün açar verməmişdir. O, da başqa yaşayış yeri olmadığına görə məcburiyyət qarşısında qalaraq atasının küncünə qısılıb oğlu ilə birgə müvəqqəti olaraq yaşayır və qeydiyyatda və istifadə hüququ olan həmin mənzilə köçürülməsi üçün məhkəməyə müraciət etmişdir. Hələlik məhkəmənin qanuni qüvvəyə minmiş qərarı yoxdur. İddiaçı iddia ərizəsində onu 3-cü şəxs qismində, Bakı şəhəri Səbail rayon Polis İdarəsini (bundan sonra Səbail RPİ-ni) isə cavabdeh qismində cəlb etmişdir. Əvvəla qeyd edir ki, onun qənaətinə görə o, bu mülki işdə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işdə iştirak edən şəxsdir. Belə ki, bu mülki işdə iddianın predmeti onun iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasıdır və bu tələb onun maraqlarına ziddir, mübahisəlidir və hüquqlarının pozulmasına səbəb olur. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55-ci maddəsinə görə “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Onlar iddiaçının bütün hüquqlarından istifadə edir və vəzifələrini daşıyırlar”. Qeyd edir ki, iddiaçı iddia ərizəsində onun qeydiyyatdan çıxarılmasını tələb etmiş və bu zaman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra Konstitusiya Məhkəməsinin) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarına instinad etmiş, ancaq, onun fikrincə, səhv istinad etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin (bundan sonra MM-in) yaşayış binasının tərkib hissəsindən isyifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (MM-in 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (MM-in 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarında biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Bundan sonra Mənzil Məcəlləsinin) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsinin) 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzləri arşında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd edilənlərdən görünür ki, haqqında danışılan mənzilə onun istifadə hüququ nikahlarının bağlandığı, həmçinin də, mənim həmin mənzilə qeydiyyata alındığım vaxtdan, azyaşlı oğlunun isə doğulduğu vaxtdan yaranmışdır. Mülki Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin l bəndində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən (özümün qeydi: Mən yəni, 3-cü şəxs yaşayış yerimi dəyişdirməmişəm, bu barədə heç bir orqandan da məlumat yoxdur); 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən (özümün qeydi: belə bir hal yoxdur); 3) ömürlük azadlaqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında (özümün qeydi: belə bir hal yoxdur); 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə (özümün qeydi: belə bir halyoxdur); 5) yaşayaış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında (özümün qeydi: 3-cü şəxs yaşayış sahəsindən "məcburi şəkildə” çıxarılıb,ancaq bu barədə məhkəmə qətnaməsi yoxdur); 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (özünün qeydi: belə bir hal da yoxdur). Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. 3-cü şəxslə bağlı isə belə bir hal yoxdur. Göstərilənlərdən başqa Konstitusiya Məhkəməsinin Plenumunun digər qərarlarında da bu məsələlərə toxunulmuş və aşağıdakı qərarlar qəbul edilmişdir: MM-nin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarı). Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər (Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarı). MM-in 228.2ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir (Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarı). Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır (Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarı). Bunlardan başqa bildirmək istəyir ki, haqqında danışılan mənzilin mülkiyyətçisi, keçmiş əri onu və oğlu haqqında danışılan mübahisəli mənzilə buraxmadığına görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə həmin mənzilə oğlu ilə birgə köçürülməsi barədə iddia ərizəsi ilə müraciət etmiş, ancaq hələlik qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Qeyd edilənlərdən görünür ki, iddiaçının onu qeydiyyatdan çıxarması onun qeydiyyatda olduğu və yaşadığı mənzildən yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığına görə onu qeydiyyatdan çıxarmağı tələb etmək hüququ yoxdur və ona görə də, bu iddia rədd edilməli, təmin edilməməlidir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmidir. Cavabdeh məhkəməyə məktubla müraciət edərək işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********47 3-21-3-30/2-21147/2023 nömrəli məktuba əsasən Bakı şəhər, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 2 A, 11 saylı mənzil xx.xx.1996-cı il tarixdə X1 adına ilkin qeydiyyatda keçmişdir. Bakı şəhəri 2 saylı DNK-nın 4Ə/1-55 reyestr nömrəli xx.xx.2013cü il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 53 saylı NK-nın 4Ə-685 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alğısatqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. 10.Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Mənzil onun adına ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Hümbətov və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-10675/2023 **********75 nömrəli məktuba əsasən X6 qızının Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2 a, 11 saylı mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.
12. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-73/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən iddiaçı X6 qızı ilə İddiaçı arasında Səadət Sarayı Bakı nikah evində bağlanmış xx.xx.2019-cu il tarixli 965 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X10 anası X6 qızının yanında saxlanılması, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 200 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq tutularaq iddiaçı X6 qızına verilməsi qət edilmişdir.
13. cavabdeh tərəfindən iddiaçının nümayəndəsi və vəkilinin müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-13-47/2-874/2023 saylı imtina məktubuna əsasən İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X6 qızının göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəməyə müraciət etməsi məqsədə müvafiqdir.
14. Bakı şəhəri İcra Hakimiyyəti nəzdində 64 nömrəli Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş arayışa əsasən İddiaçı ünvan 7 ünvanda qeydiyyatda olan şəxs X6 qızıdır.
15. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-627/2023 saylı xx.xx.2023cü il tarixli Qətnaməsinə əsasən iddiaçı X6 qızının cavabdeh İddiaçı qarşı onun 05 yanvar 2021-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 9 ünvanında yerləşən 11 nömrəli mənzilə köçürülmələri və istifadə hüququnun tanınması barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh 2019-cu il tarixdə nikaha daxil olmuşlar. Onların nikahı 2023-cü il tarixdə pozulmuşdur. Sözügedən mənzil cavabdeh tərəfindən nikaha daxil olmazdan daha öncə əldə edilmişdir. İddiaçı nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçməsinə baxmayaraq, 2023-cü ildə nikahı pozularaq mənzildən çıxarılmışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçı artıq cavabdhehin keçmiş ailə üzü sayılır. Eyni zamanda qanunvericilik tərəflər arasında bununla bağlı razılaşma olması halını istisna hal kimi göstərir. Lakin, məhkəmə iclasında tərəflər arasında bununla bağlı hər hansı bir razılaşmanın olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə mənzilin iddiaçı tərəfindən birgə nikah dövründən daha əvvəl əldə edildiyini və Mənzil qanunvericiliyinin müvafiq normalarını nəzərə alaraqbelə qənaətə gəlmişdir ki, tərəflərin nikahı pozulduqdan sonra iddiaçının yaşayış sahəsinin mülkiyyətçisi qismində cavabdeh İddiaçı ilə sözügedən mənzildən bərabər istifadə hüquqları saxlanılmamalıdır. Sözügedən qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, işin hallarından müəyyən edilir ki, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan 3-cü şəxs X6 qızı İddiaçı keçmiş arvadı olmaqla, onlar arasında olan nikaha xx.xx.20223-cü il tarixli qanuni qüvvəsini almış məhkəmə qərarı ilə xitam verilmişdir. Hazırda 3-cü şəxs iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşamır və onun həmin mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə tərəflər arasında mənzilə köçürülmə və istifadə hüququnun taınnması barədə mülki məhkəmə icraatında məhkəmə mübahisəsi olmuşdur ki, həmin məhkəmə mübahisəsi üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən hesab edilmişdir ki, qüvvədə olan Mənzil qanunvericiliyinin müvafiq normalarına əsasən X6 qızının mübahisəli mənzilə dair istifadə hüquqları saxlanılmamaldır.
23. Məhkəmə qeyd edir ki, qüvvədə olan mənzil qanunvericiliyinə əsasən X6 qızının mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü, eləcə də, ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq, ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüququ olmadığından, iddiaçı ilə mənzilindən istifadəyə dair heç bir notarial razılaşması olmadığından qeyd olunan mənzildə qeydiyyatda olması onun həmin mənzilə hansısa subyektiv hüquqlarını yaratmamışdır.
24. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 3-cü şəxs X6 qızının mübahisəli mənzilə dair hər-hansı bir subyektiv hüququnun olmaması (mülkiyyət, istifadə və icarə) müəyyən edildiyindən, bununla da, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
25. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyətlə qeydiyyatsız qalmalarına da, səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərədə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir.
26. Göründüyü kimi, cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçıların müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.
27. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçının həmin şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
29. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
31. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
32. Məhkəmə eləcə də, 3-cü şəxsin nümayəndəsi və vəkilinin etirazında göstərilən dəlillərə münasibətdə qeyd edir ki, həmin etiraz ərizəsində göstərilmiş dəlillərə artıq mülki məhkəmə icraatında qaydasında baxılaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən hüquqi qiymət verilmişdir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
35. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X2 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
38. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
39. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
40. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
41. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
43. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
47. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X6 qızının yaşayış yeri üzrə ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva