Məhkəmə qərarları › İş №2-1(112)-6933/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6933/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6933/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Nizami RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsində yerləşən 8 saylı evin bir otaqlı 10 saylı mənzilinə onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi vəzifəsinin Nizami RİH-nin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildə Ermənistan SSR-nin Amasiya rayonundan qaçqın düşüb, Bakı şəhərinə gəlmişdir. 15 dekabr 1992-ci ildə Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsində yerləşən 8 saylı evin bir otaqlı 10 saylı mənzilini sahibindən - X6 20.000 (iyirmi min) manat dəyərində alıb, orada məskunlaşmışdır. X10 aralarında alqı-satğını o dövr üçün hüquqi sənəd sayılan həmin ərazidə yerləşən 38 saylı Notariat kontoru tərəfindən təsdiq olunmuş aktla rəsmiləşdirmişdir. Akt onun qohumu X13, onun tanışlarından X17, X7 tərəfindən imzalanmışdır. X15 mənzili ona satdıqdan sonra Rusiya Federasiyasına köçmüş, o, isə ailə üzvləri ilə birlikdə hal - hazıradək həmin mənzildə məskunlaşıb, yaşayır. Müəyyən səbəblərdən indiyədək mənzilə heç bir hüquqi sənəd ala bilməmişdir. Dəfələrlə Nizami RİH-yə şifahi müraciət etsə də, müsbət nəticəsi olmamış, ərizə ilə müraciət etdikdə isə mənzilə dair hüquqmüəyyənedici sənəd olmadığını əsas tutub, kirayə müqaviləsinin bağlanmasının qeyri mümkünlüyü barədə cavab verilmişdir. Nizami RİH onun Ermənistan SSR-dən qaçqın düşməyini, notariat orqanının təsdiq etdiyi aktı, həmin mənzilin 31 ilə yaxın sahibliyində, istifadəsində olmasını, “Qaçqın və Məcburi köçkünlərin sosial prpoblemlərinin həlli ilə bağlı” ölkə Prezidentlərinin sərəncamlarını, eyni zamanda Qaçqın və Məcburi köçkünlərin mənzil şərtaitinin yaxşılaşdırılması və sosial problemlərinin həlli ilə bağlı “Dövlət Proqramı”nı nəzərə almadan, hüquqmüəyyənedici sənəd tələb edir. O, qaçqın düşdükdən sonra həmin mənzili sahibindən alıb, 1992-ci ildən ailə üzvləri ilə birlikdə orada məskunlaşmışdır. Başqa yaşayış yeri də yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Nizami RİH-nin iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, ərizəçi sözügedən mənzilin ona verilməsi təsdiq edən ilkin hüquqi sənədləri (qərar, sərəncam, order və. s) RİH-yə təqdim edilmədiyindən, qaldırılan məsələ müsbət həllini tapmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçının mübahisəli mənzilin dəyərini onun əvvəlki sahibinə ödəməklə əldə etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddianın növü məcburetmə haqqında iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: İddiaçı, X15, X13, X17 və X3 iştirakları ilə tərtib və Bakı şəhəri 38 saylı notariat kontorunda notarial qaydada təsdiq olunmuş 15 dekabr 1992-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 8 ünvanında yerləşən 10 saylı 1 otaqlı mənzili X14 20.000 (iyirmi min) manat ödəməklə təhvil almışdır. Məhkəmənin müvafiq sorğularına əsasən təqdim olunmuş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********77 №li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanının dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 3/124 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nizami rayonu, Əli Vəliyev küçəsi 8 saylı yaşayış evi Dövlət mənzil fonduna daxil olub, Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır və 28 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xidməti ərazisində yerləşir. Bakı şəhəri, X11 İcraiyyə Komitəsi tərəfindən verilmiş 04 fevral 1992-ci il tarixli 124584 №-li mənzildəyişmə orderinə əsasən vətəndaş X15 Nizami rayonu Əli Vəliyev küçəsi 8 nömrəli evin sahəsi 16,22 kv. m. olan 1 (bir) otaqlı 10 nömrəli mənzilin kirayəçisi sayılır. Göstərilən mənzildə vətəndaş X15 və arvadı Lidiya Andreyevna 20 fevral 1992-ci ildən daimi pasport qeydiyyatındadırlar. 1990-cı illərdə baş vermiş məlum hadisələrlə əlaqədar, vətəndaş X15 və arvadı X16 yaşadıqları mənzili tərk edərək, naməlum ünvana getmişlər.1992-cı ilin may ayında Laçın rayonu və kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Laçın rayonunun Narışlar kəndindən məcburi köçkün olan vətəndaş X2 Vəliyev küçəsi 8 saylı evin 1 otaqlı 10 nömrəli mənzilində məskunlaşmışdır. Hal-hazırda X12 4 nəfər ailə tərkibi ilə həmin mənzilində yaşayırlar (özü 1965-ci il, arvadı X5, 1968-ci il, oğlu X8 -2002-ci il, qızı X9 2008-ci il). Vətəndaş İddiaçı haqqında 28 saylı Mənzil Kommunal İstismarı sahəsində heç bir məlumat yoxdur. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin qeyd olunan məktubuna Bakı şəhəri, X11 İcraiyyə Komitəsi tərəfindən verilmiş 04 fevral 1992-ci il tarixli 124584 №-li mənzildəyişmə orderi, 0060-72 saylı Şəxsi hesab vərəqinin surəti və Qaçqınların qeydiyyat kitabından çıxarış əlavə olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-17420/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. İddiaçının hazırkı iddia tələbinə cavabdeh inzibati orqan Nizami RİH tərəfindən verilmiş 62-091 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin mənzilin ona verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər RİH-yə təqdim edilmədiyindən məsələnin müsbət həlli imkanları xaricindədir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 8 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən: Azərbaycan vətəndaşları dövlətin və ya ictimai qurumların mülkiyyətində olan mənzillərdən kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə etmək hüququna malikdirlər (10-cu və 28-ci maddələr). Mənzil verilməsi haqqında qərar yerli icra hakimiyyəti orqanı tərəfindən vətəndaşa yaşayış sahəsi orderi vermək yolu ilə həyata keçirilir (48-ci maddə). Order orada göstərilən mənzilə sahib olmaq (48-ci maddə) və kirayəçi ilə mənzil istismarı təşkilatı arasında yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlamaq (51-ci maddə) üçün yeganə hüquqi əsasdır. Mənzillərdən istifadə hüququ müddətsiz olaraq verilir (10-cu maddə). Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır (51-ci maddə). Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir (52-ci maddə). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər (53-cü maddə). İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər (54-cü maddə). SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər (83-cü maddə). İcarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur (84cü maddə). 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan mənzildə faktiki yaşamadığından və həmin mənzilə dair qanunda nəzərdə tutulmuş heç bir hüquqmüəyyənedici sənədi (qərar, sərəncam və ya order və s.) olmadığından onun mənzilin icarədarı sayılmaqla onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlı olmamışdır. İPM-in: 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar