Məhkəmə qərarları › İş №2-1(112)-6934/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6934/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6934/2021 11.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək oğlu X8 pensiya hüququnun yarandığı 30.09.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin olunması və təyin edilmiş pensiya məbləği həddində keçmiş dövr üçün pensiyanın hesablanaraq birdəfəlik qaydada ona verilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2019-cu il tarixdə əri X10 vəfat etmişdir. İddiaçı əri ilə 13 dekabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 04 oyun 2018-ci il təvəllüdlü oğlu X11 dünyaya gəlmişdir.1 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin notariusu tərəfindən 05 may 2020-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi iddiaçı mərhum ərinin qanun üzrə hüquqi varisi kimi tanınmışdır.2021-ci ilin mart ayının sonlarında 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzinə müraciət edərək oğluna oğlu X8 ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş etmişdir. 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzi tərəfindən həmin müraciət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Filialın 29 aprel 2021-ci il tarixli, **********4 saylı cavab məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin ailə başçısını itirməyə görə pensiya təyin etməsindən imtinası qanunsuzdur. Mərkəzi Filialın cavab məktubunda bildirilir ki, mərhum əri X6 məxsus olan 1991-ci ildə tərtib edilmiş A3E nömrəli, ******* saylı əmək kitabçasına əsasən onun 9 il 7 ay əmək stajı müəyyən edilir. 11 il 8 ay əmək stajı çatışmadığı üçün pensiya təyin edilməz. Həmçinin həmin məktubda göstərilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X12, daxili nəzarət və monitorinq departamentinin 19 aprel 2021-ci il tarixli xidməti məruzəsinə əsasən iddiaçının mərhum əri X5 əmək kitabçasında qeyd edilmiş 27 fevral 1990-ci il tarixdən 30 may 2004-cü il tarixədək işləmiş olduğu İstehsalat-Texnoloji komplektləşdirmə İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olduğuna görə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı hesab edir ki, X8 pensiya hüququnun yarandığı 30.09.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin olunması və təyin edilmiş pensiya məbləği həddində keçmiş dövr üçün pensiyanın hesablanaraq birdəfəlik qaydada ona verilməsi barədə qərar qəbul edilməlidir.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 29.04.2021-ci il tarixli ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.1ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəlaiyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Təqdim edilən mərhum X6 məxsus 1991-ci il də tərtib edilmiş A3E № ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 01.01.2006-cı il tarixədək 9 il 7 ay olmaqla tələb olunan müddətdən (11 il 8 aydan) azdır. Əlavə olaraq bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X12, daxili nəzarət və monitorinq departamentinin 19 aprel 2021-ci il tarixli xidməti məruzəsinə əsasən X1 əmək kitabçasıbda qeyd edilmiş 27.02.1990-cı il tarixdən 30.05.2004-cü il tarixədək işləmiş olduğu İstehsalat-Texnoloji komplektləşdirmə İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olduğuna görə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən X8 iddiaçının mərhum əri X4 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) isə iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, 30 sentyabr 2019-cu il tarixdən təyin edilməklə X8 ailə başçısını itirməyə görə pensiya təyin edilərək ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi kimi iddianın dəyişdirilməsi qəbul edilməlidir.

6. Məhkəmənin 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin 30 sentyabr 2019-cu il tarixdən təyin edilməklə X8 ailə başçısını itirməyə görə pensiya təyin edilərək ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi dəyişdirilmiş iddia tələbinə etiraz edərək (iddianın dəyişdirilməsinə etiraz etmədən) imtinanın məzmununa uyğun izahat verərək (eyni məzmunlu iddaiaya yazılı etiraz təqdim edilmişdir) iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

14. İddiaçının oğluna ailə başçısının itirməsinə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

16. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

19. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X10 ilə İddiaçı arasında nikah 13.12.2016-cı ildə qeydə alınmışdır (notariat qaydasında təsdiq olunmuş surəti işə əlavə olunmuşdur).

22. Doğum haqqında şəhadətnamədən görünür ki, 04.06.2018-ci il təvəllüdlü X7 atası X10, anası İddiaçıdır (notariat qaydasında təsdiq olunmuş surəti işə əlavə olunmuşdur).

23. Ölüm haqqında şəhadətnamədən görünür ki, 05.04.1969-cu il təvəllüdlü X10 21.09.2019cu il tarixdə vəfat etmişdir (notariat qaydasında təsdiq olunmuş surəti işə əlavə olunmuşdur).

24. X4 əmək kitabçasından görünür ki, (notariat qaydasında təsdiq olunmuş surəti işə əlavə olunmuşdur). 12.07.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 27.02.1990-cı il tarixdən 30.05.2004-cü il tarixinədək “Азербметалремстрой” X2-Texnoloji komplektləşdirmə İdarəsində işləmişdir.

25. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi tərəfindən 11.06.2021-ci il tarixli məktubla bildirimişdir ki, sorğuda qeyd olunan “Азербметалремстрой” X2 Texnoloji Komplektləşdirmə İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

26. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X9 İdarəsi tərəfindən verilmiş 21.06.2021-ci il tarixli məktubunda bildirilir ki, dövlət reyestrində “Азербметалремстрой” X2-Texnoloji komplektləşdirmə İdarəsi adlı kommersiya qurumu aşkar edilməmişdir.

27. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, keçmiş Dövlət Əmlak Komitəsinin 483 nömrəli, 23.03.1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin tabeliyində olan ünvan 1 ünvanında yerləşən "xxxx" istehsalat birliyinin mərkəzi aparatı əsasında "xxxx" ASC yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi 08.06.2004-cü ildə başa çatmışdır.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunundan: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

29. X1 tələb edilən sığorta stajı vəfat etdiyi vaxt yaşı 50 yaş 5 ay olduğundan qanunun qeyd edilən normasına əsasən aşağıdakı kimi hesablanır: 50 yaş 5 ay – 15 yaş=35 il ay 5 ay (əmək qabiliyyətli yaş dövrü) 35 il 5 ay x4/12= 11 il 8 ay. Beləliklə, X1 vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə tələb olunan sığorta stajı 11 il 8 aydır.

30. Cavabdeh qurum tərəfindən verilən imtina onunla əsaslandırılmışdır ki, mərhumun 27.02.1990-cu il tarixdən 30.05.2004-cü il tarixədək işləmiş olduğu İstehsalat-Texnoloji komplekləşdirmə idarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün olmamışdır.

31. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 əmək kitabçasına əsasən, əmək fəaliyyəti və həqiqi hərbi xidmətdə olduğu dövr 12.07.1985-30.05.2004-cü illəri əhatə edir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür) əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

33. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı digər sənədlərlə yanaşı, həm də əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 işlədiyi müəssisə faktiki olaraq mövcud olmuş və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmişdir (bax 27-ci bənd) və həmin müəssisədə işləməsi faktı əmək kitabçasında öz əksini tapmışdır.

35. Nəticə etibarilə X1 ən azı 11 il 8 ay müəyyən olunduğundan mərhumun 18 yaşına çatmamış oğlunun ailə başçısını itirməyə görə pensiya təyin edilməsi hüququ və bununla bağlı iddiaçının “qanuni gözləntisi” var. Belə ki, X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

36. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

37. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

38. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.

39. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X8 30 sentyabr 2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilərək ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar