Məhkəmə qərarları › İş №2-1(112)-6939/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6939/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6939/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı tresti ilə mərhum nənəsi X6 arasında 23 sentyabr 1969-cu il tarixdə bağlanmış 1472 nömrəli icarə müqaviləsinə əsasən nənəsinə ayrılmış olan və vəfatından sonra ona miras qalmış 0,25 ha torpaq sahəsinin ilkin qeydiyyatdan keçməyən 0,03 ha hissəsinin, həmin 0,25 ha ölçüdə torpaq sahəsi ərazisindəki faktiki yerləşmə yerinin, konfiqurasiyasının və ölçüsünün dəqiqləşdirilməklə, uyğunsuzluqlar varsa, aradan qaldırılmaqla, adına ilkin qeydiyyatının aparılaraq, hal-hazırda mülkiyyətində olan 0,014 ha torpaq sahəsi ilə birlikdə ona ümumilikdə 0,0440 ha torpaq sahəsi ilə bağlı çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin (keçmiş Bakı şəhər Ərazi İdarəsinin) verdiyi 13 iyun 2014-cü il tarixli arayışla təsdiq olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən 0,25 ha-dan ibarət olan 238 saylı bağ sahəsinə dair 15 noyabr 1963-cü il tarixdə keçmiş X2 və İstismarı Birliyi ilə X1 arasında 1472 saylı müqavilə bağlanmışdır. Mühəndislərin həmin zaman tərtib etdiyi 1969-cu il tarixli akta əsasən bağın nömrəsi dəyişərək 238/688 kimi verilmişdir. İcarədarın (yəni babasının) vəfatından sonra bağ sahəsi X5 (nənəsinin) adına keçmişdir. Belə ki, 23 sentyabr 1969-cu il tarixdə keçmiş X2 və İstismarı Birliyi ilə X6 arasında 1472 saylı müqavilə bağlanmışdır və bağın nömrəsi 688 kimi göstərilmişdir. 23 sentyabr 1969-cu il tarixli 1472 nömrəli müqavilə həmin sözügedən arayışa qoşma sənəd olaraq 2014-cü ildə onlara təqdim edilmişdir. Həmin icarə müqaviləsinin məzmunundan görünür ki, mərhum nənəsi X6 23 sentyabr 1969-cu il tarixdə keçmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı tresti ilə 1472 nömrəli icarə müqaviləsi bağlayaraq Vişnyovka-1 qəsəbəsində 0,25 ha (25 sot) torpaq sahəsini bu torpaq sahəsinin hüdudları daxilində olan 23.2 kv.m. tikili ilə birlikdə icarəyə götürmüşdür. Sözügedən bağ sahəsi tikilisi ilə birlikdə 1963-cü ildən babası ilə nənəsinin və ailə üzvlərinin qanuni sahibliyində və istifadəsində olmuşdur. Buradan ailəlikcə bağ sahəsi kimi istifadə etmişlər. X1 24 iyul 1968-ci il tarixində, nənəsi X6 03 noyabr 1993-cü il tarixində, atası X8 isə 13 aprel 2006-cı il tarixdə vəfat etmişdir. Nənəsinin vəfatından sonra 688 saylı bağ sahəsindən ibarət olan miras əmlak faktiki olaraq atası tərəfindən, atasının vəfatından sonra isə onun tərəfindən idarə edilmişdir. Atasının vəfatından sonra bir müddət bağ sahəsinə gedə bilməmişlər. Bu ərəfələrdə bağın bir hissəsi (0,03-0,04 ha yaxın hissəsi) məcburi köçkün bir ailə tərəfindən zəbt edilmişdir. 2014-cü ildə onlar keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etmişdir ki, torpaq sahəsinin plan və ölçüsü tərtib olunsun. xx.xx.2014-cü il tarixində həmin şöbə tərəfindən 528937 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Lakin sonradan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyi üçün torpaq sahələrinin sənədləşmədirilmə işləri Əmlak Məsələləri Dövlət Komitəsinə və onun ərazi qurumlarına verilmişdir. Buna görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən sənədləşmə işlərini tamamlaya bilməmişdir. 2014-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat kontorunda ərizəsi üzrə və təqdim olunmuş sənədlər əsasında vərəsəlik işi açılmış, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Elə həmin ildə hüquqlarının qeydiyyatı ilə bağlı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, müraciəti əsasında İdarə tərəfindən xx.xx.2015-ci il tarixində həmin bağ sahəsi ilə bağlı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Sənəd tərtib edilərkən həmin köçkün ailə hələ də orada yaşadığından və həmin əraziyə girmək mümkün olmadığından sənəddə bağ sahəsi 0,220492 ha ölçüsündə göstərilməli olmuşdur. Ona da bildirilmişdir ki, bağ sahəsinin qeydiyyatının aparılması və çıxarışın verilməsi üçün 0,25 ha torpaq sahəsinin 0,03 ha hissəsinin qeydiyyatının aparılmasından müvəqqəti olaraq imtina edilməlidir. Bildirilmişdir ki, gələcəkdə köçkün ailəsi nə zaman çıxarsa, həmin sahəni yenidən qeydiyyata aldırmaq mümkündür. O da məcbur olub belə bir ərizə yazmışdır ki, bağ sahəsinin faktiki istifadədəki hissəsinin (0,22 ha-nın) hüquqi qeydiyyatına maneçilik olmasın. 688 saylı bağ sahəsi, ilk öncə, xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə mərhum nənəsinin adına qeydiyyata alınmışdır, çünki mülkün sahibi o, olmuşdur. Bununla bağlı ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Daha sonra həmin bağ sahəsi xx.xx.2015-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə adına təkrar qeydiyyatdan keçmiş, bununla bağlı ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 2018-ci ilədək bağ sahəsini hissə-hissə bölərək ayrı-ayrı şəxslərə satmışdır. Hal-hazırda mülkiyyətində 0,014 ha-lıq sahə qalmışdır. Bununla bağlı hüququ xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə təkrar qeydiyyata alınmış, ona RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Artıq 2015-ci ildən qeydiyyata aldıra bilmədiyi 0,03 ha torpaq sahəsini zəbt etmiş köçkün ailəsi ilə razılaşmış və onlar bu torpaq sahəsinə onu buraxır, inventarlaşdırılma aparılmasına və adına qeydiyyata alınmasına maneə törətmirlər. Onlar bildirirlər ki, müvəqqəti olaraq burada məskunlaşıblar, öz torpaqlarına geri qayıdacaqlar. Bununla əlaqədar olaraq, bir müddət əvvəl cavabdeh orqana müraciət edərək, 2015-ci ildə 688 saylı bağ sahəsinin ilkin qeydiyyatı aparılarkən qeydiyyata alınmayan 0,03 ha torpaq sahəsinin ilkin qeydiyyata alınmasını və ona 0,014 ha torpaq sahəsi ilə birlikdə 0,044 ha üçün yeni çıxarış, texniki sənəd verilməsini xahiş etmişdir. Cavabdeh orqan 16.03.01-ci il tarixli, **********19 nömrəli məktubu ilə xahişlərini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazında göstərmişdir ki, idarədə mövcud arxiv məlumatlarına əsasən “688” saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınan zaman qeyd edilən bağ sahəsinin bir hissəsində digər şəxsə məxsus yeni inşa edilən “B” tikilisi aşkar edilmişdir. Odur ki, “688” saylı bağ sahəsi ilə bağlar arası yol nəzərə alınaraq tərtib edilən cizgiyə və iddiaçı tərəfindən yazılan razılıq ərizəsinə (xx.xx.2015-ci il tarixli) əsasən ölçüsü 0,220492 ha olmaqla qeydiyyata alınmışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********32 saylı imtina məktubu ünvanlanmışdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı tresti ilə mərhum nənəm X6 arasında xx.xx.1969-cu il tarixdə bağlanmış 1472 nömrəli icarə müqaviləsinə əsasən nənəmə ayrılmış olan və vəfatından sonra mənə miras qalmış 0,25 ha torpaq sahəsinin ilkin qeydiyyatdan keçməyən 0,03 ha torpaq sahəsi hissəsi ilə bağlı, həmin 0,25 ha ölçüdə torpaq sahəsi ərazisindəki faktiki yerləşmə yerinin, konfiqurasiyanın və ölçüsünün dəqiqləşdirilməklə, uyğunsuzluq varsa, aradan qaldırılmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində mərhum nənəm X3 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınması və həmin torpaq sahəsi ilə bağlı mərhum nənəmin adına bununla bağlı dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilsin.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 13 sentyabr 2022-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı inzibati orqana müraciət edərək mübahisə predmeti bağ sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmiş və hüquq sahibi kimi özünü qeyd etmişdir. Hazırda isə sözügedən bağ sahəsinin nənəsinə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi iddiasını irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 bağ massivində yerləşən “688” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə xx.xx.2022-ci il tarixli, **********32 qeydiyyat nömrəli məktubla münasibət bildirilmişdir. Məktuba əlavə edilmiş ərizədən görünür ki, iddiaçı müraciətində 0,03 ha torpaq sahəsinə öz adına çıxarış verilməsini xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının hazırkı tələbi ilə cavabdeh inzibati orqana müraciəti arasında uyğunsuzluq mövcuddur. Mübahisə predmet torpaq sahəsinin mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınması və həmin torpaq sahəsi ilə bağlı onun adına bununla bağlı dövlət reyestrindən arayışın verilməsi ilə bağlı iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciəti olmamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, hazırkı uyğunsuzluğun aradan qaldırılmasının mümkünlüyü nəzərə alınaraq, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfə hüquqi yardım göstərilmiş, qanunvericiliyin tələbləri izah edilərək dəqiqləşdirilmiş tələb üzrə cavabdeh inzibati orqana müraciət etməsi üçün şərait yaradılmış və növbəti xx.xx.2022-ci il tarixli məhkəmə iclasınadək vaxt verilmişdir. Lakin iddiaçı cavabdeh orqana hazırkı iddia tələbinə uyğun şəkildə müraciət etməkdən imtina etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar