Məhkəmə qərarları › İş №2-1(112)-694/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-694/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-694/2023 11.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə 11 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4370 nömrəli qərarı ilə İddiaçı 42.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 004758 nömrəli aktın və bunun əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********4370 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi, iddia tələbinin “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi məqsədi ilə vergi xidmətinin əməkdaşları sahibkarlıq fəaliyyətini həyata keçirdiyi, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Davudoğlu 17 ünvanında yerləşən “Mətin Palace” şadlıq sarayında olmuşdurş Həmin vaxt şadlıq sarayında olan şəxsləri iddiaçının işçisi kimi qəbul edərək bu barədə xx.xx.2021-ci il tarixdə akt tərtib etmişlər. Vergi müfəttişi şadlıq sarayına qonaq qismində gələn və ya toy edən şəxsin dəvəti ilə gələn şəxsləri də iddiaçının işçisi kimi qeydiyyata almışdır. Həmin akt qanunsuz və əsassızdır. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8899 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ Davudoğlu 17 ünvanında yerləşən “Mətin Palace” restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 20 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004758 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4370 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 40.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin inzibatı cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyöun olaraq aparıcılıq, çalğıçılıq, rəssamlıq, aşpazlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətinə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8899 nömrəli Qərarı ilə İddiaçı məxsus “Mətin şadlıq evi” adlanan obyektdə (təsərrüfat subyektində) operativ vergi nəzarəti tədbiri təyin edilmiş və nəticəsi xx.xx.2021ci il tarixli 004758 nömrəli aktla rəsmiləşdirilmişdir. İddiaçıya məxsus obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4370 nömrəli qərar qəbul edilmiş və İddiaçı 42.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 7-ci maddənin 2-ci hissəsi. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7-ci maddənin 2-1-ci hissəsi. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 49-cu maddənin 1-ci hissəsi. u Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Maddə 44. Əmək müqaviləsinin forması

1. Əmək müqaviləsi yazılı formada bağlanır.

2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.

3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; ... 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; ... 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. ... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. İşin faktiki hallarına əsasən iddiaçının 20 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (həmçinin 1 nəfər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən) ona məxsus olan obyektdə müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 17 nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı barəsində istintaq olunan ********* nömrəli cinayət işinə bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək müqaviləsi bağladığı, ödənilməkdən yayındırılmış işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyi üçün cinayət qqanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmiş, fərdi sahibkar İddiaçı qarşı X3, X4 və X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar tətbiq edilmiş maliyyə sanksiyasının vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azaldılmasının təmin edilməsi 9 saylı Ərazi Vergilər İdarəsinə tapşırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Göründüyü kimi, cinayət mühakimə icraatı zamanı cinayət prosesini həyata keçirən orqanın şəxsin cinayət təqibini istisna edən ləğv edilməmiş qərarı preyudisial effektə malikdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, 3 nəfərə münasibətdə 6.000 manat maliyyə sanksiyasının əsassız olması cinayət prosesini həyata keçirən orqanın yuxarıda qeyd olunan cinayət təqibini istisna edən qərarı ilə təsdiqini tapmışdır, həmin hissədə iddiaçının tələbi əsaslıdır. İş materiallarında olan iddiaçının şəxsi hesab vərəqsindən də görünür ki, qeyd edilən 6.000 manat maliyyə sanksiyasının azaldılması təmin edilmişdir. Bununla belə mübahisələndirilən qərar həmin hissədə cavabdeh tərəfindən ləğv edilməmişdir. Digər şəxslərə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərdən alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar), eyni zamanda vergi nəzarəti tədbirindən sonra iddiaçının həmin şəxslər ilə bağlanmış əmək müqavilələrini müvafiq icra hakimiyyəti orqanının elektron sistemində qeydiyyata aldırması, iddiaçının özünün etirafedici izahatı və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir. Qeyd edilməlidir ki, izahatı alınan şəxslər adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, işəgötürənin İddiaçı olduğunu bildirmişlər ki, bu məlumatlar yalnız həmin obyektdə işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********4370 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia qismən təmin edilsin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********4370 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar