Məhkəmə qərarları › İş №2-1(112)-694/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-694/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-694/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “səbəb əlaqəsinin dəyişdirilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası "İnsan Hüquqlarının və X1 Haqqında" Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndinin, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci (Dövlətin ali məqsədi), 26-cı (İnsan və vətəndaş hüquqlarının müdafiəsi), 57-ci (Müraciət etmək hüququ), 60-cı(hüquq və azadlıqların məhkəmə təminatı), və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 2.2.7-ci və 33-cü maddələrinin tələblərini əsas götürərək aşağıdakı tələbimə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1993-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 7U5 nömrəli hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidməti müharibə dövrünə düşdüyündən daim düşmənlə üzbəüz səngərdə döyüş mövqeyində döyüş tapşırığını yerinə yetirmmişdir. İddiaçı, hərbi xidmət keçərkən hərbi xidmət dövründə hepatit və brusulyoz kimi ağır xəstəliyə tutulmuşdur və bunun nəticəsində müxtəlif tibb müəsisələrində müalicələr almışdır. Həmin xəstəliklər iddiaçının sağlamlığında silinməyən izlər saxlamışdır. Lakin, aldığı müalicələr nəticəsində iddiaçının sağlamlığı bərpa olunmamışdır. Hal hazırda da o dövrdə düçar olduğu hepatit və brusulyoz xəstəliklərinin daşıyıcısıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə onun əmək qabiliyyətinin olmadığı müəyyən edilmiş və ona xx.xx.2006-cı ildən xəstəliyi ilə əlaqədar olaraq 2-ci qrup müddətsiz əlillik verilmişdir. İddiaçının təkrar müraciəti əsasında onda olan xəstəliyin 1-ci Qarabağ müharibəsi səbəb əlaqəsinin dəqiqləşdirilməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarında qeyd olunur: Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik diaqnozu: REVMATİZM FƏAL FAZA, 1-ci AKTİVLİK DƏRƏCƏSİ, KƏSKİN GEDİŞLİ FORMA. REVMATİK POLİARTRİT" və xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik diaqnozu: "REVMATİZM. REVMATİK POLİARTRİT, XRONİKİ BRUSELLYOZ METASTATİK FORMA." xx.xx.2022-ci il tarixli 505 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarında qeyd olunur: xəstəliyinin səbəbi "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİNDA ALİNMİŞDİR". Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş **********0 nömrəli xx.xx.2022-ci il tarixli arayışında qeyd edilir: "İddiaçı (FİN xxxxxxx) " Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya altsisteminə" əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən ikinci dərəcəli əlilliyə görə 264,84(iki yüz altmış dörd manat səksən dörd qəpik) manat əmək pensiyası alır. Təyinatın başlanma tarixi: xx.xx.2006 Təyinatın bitmə tarixi: miiddətsiz" İddiaçı bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, xahiş etmişdir ki, 1-ci Qarabağ döyüşlərində hərbi xidmət vəzifələrinin icrası zamanı müxtəlif xəstəliklərə düçar olmağı ilə əlaqədar olaraq, müddətsiz 2-ci qrup əlil olduğuna görə VSEK-in rəyində səbəb əlaqəsinin "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİNDA ALİNMİŞDİR" kimi qeyd edilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilməlidir. Çünki, onun xəstəliyinə səbəb müharibədə, ekstremal şəraitdə düşmənlə üzbəüz döyüş şəraitində xəstələnməyi olmuşdur. Hərbi xidmət əlili ifadəsinin müharibə əlili ifadəsinə çevirilməsi nəticəsində onda yaranan hüquqa əasasən Prezident təqaüdü almaq şansı yaranır. Hal-hazırda iddiaçı Prezident təqaüdünü müharibə veteranı kimi alır. Amma xəstəliyinin səbəb əlaqəsi dəyişdirilərkən müharibə əlili kimi alacaqdır. Burada isə böyük fərq var: Prezident təqaüdü müharibə veteran üçün 80 manat, 2-ci qrup müharibə əlili üçün 350 manat təşkil edir. Əlavə olaraq, bildirilir ki, iddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məktubla müraciət etmişdir. xx.xx.2022-ci il tarixinədək ona rəsmi cavab verilməmişdir. İddiaçı müxtəlif idarələrə müraciət edərək məktubuna cavab axtarmışdır. Təəssüflə bildirir ki, imtina cavabını özü götürmüşdür. Həmin imtina məktubunda bildirilir: Əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olan müraciətinizə Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə baxılmışdır. Müəyyən olunmuşdur ki, Sizin əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Nazirliyin elektron informasiya sisteminin "Əlillik" altsisteınində məlumat aşkar edilməmişdir. Beləliklə, 1-ci Qarabağ döyüşlərində hərbi xidmət vəzifələrinin icrası zamanı düçar olduğu müxtəlif xəstəliklərdən çox VSEK-in ali dərəcəli həkim mütəxəssislərinin ona əziyyət vermələri mənəvi sarsıntı verir. İddiaçı cavabdehin hərəkətlərini ədalətsiz və qanundan kənar hesab edir.

3. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə zəruri olduğu halda əyani müayinəyə cəlb etməklə əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı İddiaçı müraciətinin araşdırılması üçün 10 (on) gün müddət təyin edilmişdir.

4. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi barədə iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün bir ay müddət təyin edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il Vətəndaşın əyani müayinə olunması haqqında məhkəməyə ünvanlanan məktubunda bildirilir ki, İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün telefon nömrəsi vasitəsilə (***-***-**-**) əlaqə saxlanılmış və xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 15 sentyabr 2022-ci il qərarı ilə Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1992-ci il tarixdən 01.01,1993-cü il tarixədək N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik diaqnoz: “Revmatizm fəal faza, İ aktivlik dərəcəsi, kəskin gedişli forma. Revmatik poliartrit" və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik - diaqnoz: “Revmatizm. Revmatik poliartrit. Xroniki brusellyoz metastatik forma” (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1180 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 743 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş çıxarış epikrizləri, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. MN MHKH-ın xx.xx.1993-cü il tarixli 583 nömrəli xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəb əlaqəsi ləğv edilmişdir.

7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

8. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

11. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

12. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

13. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

14. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

15. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

16. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

17. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

18. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

19. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

20. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

21. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar