Məhkəmə qərarları › İş №2-1(112)-6947/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6947/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6947/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3290 nömrəli bağ sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3290 nömrəli bağ sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 İcraiyyə Komitəsinin 19 oktyabr 1990-ci il tarixli, 7/348 nömrəli qərarı ilə 210 №-li ВТК kooperativinin 20 üzvünə torpaq sahələrinin ayrılması qərara alınmışdır. 210 №-li Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında iddiaçı X1 adı 18-ci sırada göstərilmişdir. Daha sonra həmin qərar əsasında iddiaçıya ayrılmış 3290 nömrəli bağ sahəsinə dair onun adına order tərtib olunmuşdur, iddiaçı bağ sahəsinə dair yaranmış mülkiyyət hüquqlarının qeydiyyatının həyata keçirmək məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh öz imtinasını aşağıdaki hallar ilə əsaslandırmışdır: orderin aşkar olunmaması; orderin ləğv olunması ilə bağlı İdarənin arxivində aktın mövcud olması; orderdə istinad olunan qərar ilə arxiv arayışında uyğunsuzluğun olması; torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanmasıdır. Hesab olunur ki, yuxarıda göstərilən dəlillər formal xarakter daşıyır və iddiaçının gözlənilən hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin orderin aşkar edilməməsi hallarını əsas götürərək təqdim etdiyi imtina arqumentinə dair vurğulanmalıdır ki, orderin aşkar edilməməsi iddiaçının birbaşa təqsirindən irəli gəlməyən və onun məsuliyyət dairəsinə daxil olmayan bir vəziyyətdir. Bununla yanaşı, orderin arxivdə mövcud olmaması faktı onun hüquqi qüvvəsinin olmadığı anlamını vermir, çünki orderin verilməsinə əsas olan və orderdə istinad edilən müvafiq qərar hal-hazırda qüvvədədir. Bu şəraitdə, orderin aşkar olunmaması imtina üçün formal bir xarakter daşıyır və mübahisənin mahiyyətinə təsir etmir. Orderin ləğv edilməsinə dair aktın mövcudluğu belə, iddiaçının müvafiq bağ sahəsinə dair legitim gözləntilərini və həmin sahə ilə bağlı hüquqlarını qeydə almaq imkanını istisna edə bilməz. Xüsusilə vurğulanmalıdır ki, orderin verilməsinə əsas təşkil edən müvafiq qərar nə ləğv edilmiş, nə dəyişdirilmiş, nə də etibarsız elan edilmişdir və hazırkı mərhələdə öz hüquqi qüvvəsini qoruyub saxlamışdır. Qanuni qüvvəyə malik qərarın mövcud olduğu şəraitdə, yalnız ləğvetmə aktına əsaslanaraq hüquqi nəticələr çıxarılması şəxsin mülki hüquqlarının pozulmasına gətirib çıxarır və bu, hüquqi baxımdan əsassız yanaşma təşkil edir. Cavabdehin qərarın nömrəsi ilə bağlı yaranmış uyğunsuzluğu əsas götürməsi hüquqi cəhətdən heç bir əsaslı arqument təşkil etmir. Faktiki olaraq bağ sahəsinin iddiaçıya ayrılması barədə qəbul edilmiş qərar qanuni qüvvəyə malikdir və bu qərarın icrası ilə bağlı hər hansı texniki və ya formal xarakterli uyğunsuzluq, o cümlədən nömrə uyğunsuzluğu, iddiaçının bağ sahəsinə dair hüquqlarını məhdudlaşdıra bilməz. Belə formal səbəblərə istinad edərək hüquqlardan məhrumetmə hər hansı hüquqi əsaslardan məhrumdur və mülki hüquqların kobud pozulması kimi qiymətləndirilməlidir. Hasarlanma ilə bağlı cavabdehin gətirdiyi dəlillər praktiki baxımdan qüvvədən düşmüşdür. Belə ki, müvafiq sahədə digər şəxs tərəfindən aparılmış hasarlanma işləri nəticəsində yaranmış mübahisə tərəflər arasında razılıq yolu ilə həll edilmişdir. Digər şəxs torpaq sahəsinə aidiyyəti olmadığını rəsmi şəkildə qəbul etmiş və bunun nəticəsində iddiaçı tərəfindən hasarlanma işləri qanuni qaydada həyata keçirilmişdir. Bu səbəbdən, hasarlanma ilə bağlı irəli sürülən arqumentlər hüquqi baxımdan əhəmiyyətini itirmişdir. Yuxarıda qeyd olunan bütün halların təhlilindən aydın olur ki, cavabdeh tərəfindən imtina əsası kimi təqdim olunan dəlillər hüquqi baxımdan əsassızdır və iddiaçının mülki hüquqlarına birbaşa müdaxilə edərək onların pozulmasına səbəb olmuşdur. Bu vəziyyət hüququn təminat prinsiplərinə ziddir və cavabdehin mövqeyinin qəbul edilməməsi üçün əsas yaradır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3290” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********54 xaricolma nömrəli məktubla cavab verilmişdir. İdarənin arxiv əsaslarında mövcud olan xx.xx.2006-cı il tarixli akta əsasən İddiaçı adına 210 nömrəli bağ tikinti kooperativi nəzdində olan 3290 saylı sahəyə dair verilmiş sənədlərin (orderin) ləğv olunaraq X2 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bundan əlavə, təqdim edilmiş 18 nömrəli orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin, təqdim edilmiş orderdə istinad edilən qərarın tarixi xx.xx.1990-cı il, arxiv arayışında isə xx.xx.1990-cı il kimi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli yerində baxış zamanı müəyyən edilmişdir ki, təkrar baxış zamanı iddiaçı bağ sahəsinin sərhədlərini hasarlayıb. Bağ sahəsinin faktiki ölçüsü 0.1186 ha-dır və faktiki sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Mühafizə çıxıldıqdan sonra torpaq sahəsinin faktiki ölçüsü 746 kv.m təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən sahə 3290a saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Eyni zamanda, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixində keçirilən texniki baxış zamanı şərti olaraq göstərilən torpaq sahəsinin digər şəxslər tərəfindən hasarlandığı müəyyən edilmişdir (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1945-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Republikası Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 210 nömrəli kooperativinin 18 nömrəli orderindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 18 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarına əsasən, ona Ləhiş bağlar sahəsində 210 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3290 nömrəli bağ ayrılıb. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya 15 aprel 2024-cü il tarixli 3-48-2F/2-T-1842-8-1970/2024 nömrəli məktub ilə İddiaçı barəsində keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 7/348 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı 1 (bir) vərəqdən ibarət göndərilmişdir. Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 7/348 nömrəli, 19 oktyabr 1990-cı il tarixli Qərarı ilə 210 nömrəli Ləiş bağ tikinti kooperativi üzvlərinin 20 nəfərdən ibarət siyahısının təsdiq edilməsi qərara alınmışdır. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli 7/348 nömrəli qərara əsasən 1 nömrəli Əlavədə 210 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adın 18-ci bənddə qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, təkrar baxış zamanı məlum oldu ki, vətəndaş bağ sahəsinin sərhədlərini hasarlayıb, giriş-çıxış qapısı var, bağ sahəsinin cənub-şərq istiqamətindən (yol tərəf) yüksək gərginlikli elektrik xətti keçir- 6kV və ya 10 kV, xx.xx.2024-cü ildə baxış keçirilən zaman vətəndaşın iddia etdiyi sahə digər fiziki şəxs tərəfindən hasarlanmışdır və bu səbəbdən sözügedən sahəyə baxış keçirmək mümkün olmamışdır. İV. Məhkəmənin mövqeyi

5. Məhkəmə iş materiallarını qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

6. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

7. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

11. İddiaçıya Ləhiş bağlar sahəsində 3290 saylı bağ sahəsinin ayrılması faktı 210 saylı kooperativinin 18 saylı orderi ilə təsdiqlənir.

12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. 13.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). Hazırda cavabdeh qeyd edilən halların iddiaçıya münasibətdə mövcud olmasını məyyən edilməmişdir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etssdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Hüquqların dövlət qeydiyyatına alınması mülkiyyət hüququnun tanınması və qorunması məqsədilə həyata keçirilən bir prosesidir. Bu proses mülkiyyətin hüquqi statusunu rəsmi şəkildə təsdiqləyir və mülkiyyət sahiblərinin hüquqlarını qorumaq üçün əhəmiyyətlədir.

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;” “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07.03. 2016-ci il tarixli, 818 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; 2.2. dövlət əmlakının Registrində, meşə, su və digər sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı mövcud məlumatların, habelə aidiyyəti dövlət orqanları tərəfindən torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlərin, torpaqlardan istifadənin vəziyyətinin müəyyən olunması məqsədi ilə aparılan monitorinqlərin nəticələri barədə məlumatların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsini, həmin sistemin daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyasını təmin etsin; 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Yuxarıda sadalanan normaların və işin faktiki hallarının birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə bağ sahəsinin ayrılmasına dair icra hakimiyyəti orqanı tərəfindən verilmiş order hüquqmüəyyənedici sənəd kimi göstərilmişdir. Belə olan halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Bu da iddiaçının hazırki iddia tələbində haqlı olduğuna əsas verir. İddiaçıya sahənin 3290a saylı bağ sahəsinin ərazisinə uyğun gəlməsi barədə cavabdehin etirazında bildirdiklərinə gəldikdə, məhkəmə qeyd edir ki, cavabdeh torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılmasını həyata keçirməlidir. İddiaya dair etirazın digər halı -orderin nüsxəsi İdarənin arxivində aşkar edilməməsi və orderdə istinad edilən qərarın tarixi xx.xx.1990-cı il, arxiv arayışında isə xx.xx.1990-cı il kimi qeyd edilməsi isə, iddiaçının səhvi deyil, iddiaçı bu hal əsasında ona məxsus olan torpaq sahəsinin adına dövlət qeydiyyatına alınmasından məhrum edilə bilməz. Bundan əlavə cavabdehin etirazında qeyd edilən “faktiki sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində” ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü hissəsində qeyd edilmişdir: “ 3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən: 1.2. Elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılmasının və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları (torpaq sahələri, su və hava məkanı) müəyyənləşdirilir. 1.7. Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər. 3.1. Bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər: 3.1.1. gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılması; Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-445/2021 nömrəli inzibati iş üzrə qəbul etdiyi qərarında əks olunmuş mövqeyinə əsasən “elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə Qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər” Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir Məhkəmə vurğulamağı zəruri hesab edir ki, bağ sahəsinin iddiaçıya ayrılması barədə orderin verilməsinə əsas olmuş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 7/348 saylı qərarı hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Bu səbəbdən də həmin inzibati akt iddiaçının iddia olunan torpaq (bağ) sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığının göstəricisidir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçıya bağ sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd qüvvədədir. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbindən də göründüyü kimi İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh isə həmin maddənin tələblərini nəzərə almadan formal imtina əsası ilə çıxış etmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

17. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3290 nömrəli bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

18. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3290 nömrəli bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar