Məhkəmə qərarları › İş №2-1(112)-6948/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6948/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6948/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı «aktın və qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavbdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu Şərifzadə 190 ünvanında yerləşən “Nur” marketində icarə müqaviləsi əsasında fəaliyyət göstərir. 8 may 2021-ci il tarixdə onun səhhətində yaranan xəstəliyi ilə bağlı müayinəyə getmək məcburiyyəti yaranmışdır. O, dərhal tanıdığı bir şəxsi həmin marketə baxmasını xahiş etmiş və tezliklə qayıdacağını bildirmişdir. Bu zaman Dövlət Vergi Xidmətinin X5 üzrə Baş İdarəsinin əməkdaşları marketə gəlmiş və oradan bir qutu siqaret verilməsini istəmişlər. Marketdə həmin vaxt olan şəxs işləyən şəxsin orada olmamasını və siqaret sata bilməyəcəyini söyləsə də, 4 manat məbləğində pulu kassanın üzərinə qoyaraq 1 qutu siqaret verilməsini tələb etmişlər. Onun xəstəliyindən istifadə edərək cavan bir uşağı aldadaraq ondan kassa aparatına vurulmadan siqareti götürərək çıxmışlar. 5 dəqiqə sonra isə, içəri daxil olaraq Dövlət Vergi Xidmətinin X5 üzrə Baş İdarəsinin əməkdaşları olduqlarını və 4 manat məbləğində pulu kassa aparatına vurulmadığını və bu barədə maliyyə sanksiyası tətbiq edəcəklərini söyləmişlər. Bundan sonra əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəsiyyəti haqqında 8 may 2021-ci il tarixli DVX seriyalı 005231 nömrəli akt tərtib edilmiş və akta əsasən 17 may 2021-ci il tarixdə **********9954 nömrəli qərar qəbul edilmiş və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. İddiaçı hesab edir ki, marketdə şəxsin müvəqqəti nəzarət üçün gözləməsindən istifadə edərək, onun cərimə edilməsi qanusuzdur. Çünki marketdə gözləyən uşaq vergi işçilərinə gözləmələrini və marketi işlədən şəxsin müvəqqəti həkimə getdiyini bildirmişdir. Onlara hər hansısa bir mal sata bilməyəcəyini 5 – 10 dəqiqə gözləmələrini xahiş etsə də, vergi əməkdaşları 4 manat kassaya pul qoyub siqareti tələb etmişlər. Uşaq isə, siqareti onlara verərkən düşünmüş ki, maarketdə işləyın, yəni hazırkı iddiaçı gələndə pul kassaya vurulacaq. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 3.3, 3.11, 4.4, 15.1, 54, 55.1.2-ci maddəsinə, İPM-in 2.2.1, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdeh Dövlət Vergi Xidmətinin X5 üzrə Baş İdarəsinin 8 may 2021-ci il tarixli DVX seriyalı 005231 nömrəli aktının və onun əsasında qəbul edilmiş 17 may 2021-ci il tarixli **********9954 nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17 iyul 2021-ci il tarixli məktubunda (etirazında) iddia ilə bağlı aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri X5 üzrə Baş İdarəsi iddiaya etiraz edir. İddiaçı öz ərizəsində səhhəti ilə əlaqədar həkimə getdiyi üçün mağazada müvəqqəti olaraq bir nəfərin onu əvəz etdiyini, malın həmin şəxsdən alındığını və vergi orqanının tətbiq etdiyi maliyyə sanksiyasının qanunsuz olduğunu bildirmişdir. İşin halları ilə bağlı qeyd olunur ki, vergi orqanının 8 may 2021-ci il tarixli **********9446 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən “Nur” marketdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, 8 may 2021-ci il tarixli DVX seriyalı 005231 nömrəli akt tərtib edilmişdir. Yoxlama nəticəsində tərtib edilmiş akt fərdi sahibkarın özü tələfindən imzalanmışdır. Belə ki, iddiaçı vergi orqanı tərəfindən aşkar olunmuş nöqsanın doğruluğunu imzası ilə təsdiq etmiş və aktın bir nüsxələrini imzası ilə təsdiq etməklə qəbul etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 17 may 2021-ci il tarixli **********9954 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1.000 məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda 17 may 2021-ci il tarixli **********9954 nömrəli məktubun vergi ödəyicisi tərəfindən 18 may 2021-ci il tarixdə saat 12:17-də oxunduğu müəyyən edilmişdir. AR Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 50.1.3cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət operativ vergi nəzarəti zamanı həyata keçirilir. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 58.7-ci maddəsinə, İPM-in 35.1, 68.1-ci maddələrinə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə iddia “aktın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən aşağıdakılardır vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.3) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qanunun 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: - (58.7.1) təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində; - (58.7.2) təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində; - (58.7.3) təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 45-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən, tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından, şahid ifadələrindən, müvafiq müayinələrin aparılmasından, ekspert rəylərindən, hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, vergi orqanının (cavabdehin) 8 may 2021-ci il tarixli qərarı ilə iddiaçı X1 fəaliyyətini həyata keçirdiyi ünvan 3 ünvanında yerləşən təsərrüfat subyektində (“Nur” market) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı operativ vergi nəzarəti keçirilmişdir. Vergi nəzarəti həyata keçirilərkən həmin ticarət obyektində həmin qaydaların pozulması faktının aşkar edilməsi barədə 8 may 2021-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akt fərdi sahibkarın, yəni iddiaçının özü tərəfindən imzalanmışdır. Sözügedən akt əsasında cavabdeh inzibati orqan tərəfindən 17 may 2021-ci il tarixli **********9954 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin qərarla vergi ödəyicisi kimi iddiaçıya 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin 17 may 2021-ci il tarixli qərarını mübahisələndirir. İddiaçının dəlilləri – müvafiq tarixdə həmin fakt ticarət obyektində sahibkar kimi onun müvəqqəti olmadığı və başqa şəxsin (tanışının) həmin obyektdə olduğu bir şəraitdə baş vermişdir. Vergi orqanının əməkdaşları həmin şəxsə pul vəsaiti verərək malın verilməsini tələb etmişlər, sonradan pulu əməliyyatı kassa aparatına daxil etmədən orada qoymuşlar. Akt və qərar qanunsuzdur. Cavabdehin dəlilləri – müvafiq tarixdə iddiaçının fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən, əhali ilə pul hesablaşmalarının pozulması faktı aşkar olunmuşdur. Ticarət obyektində mal alınarkən həmin əməliyyat nəzarət kassa aparatına daxil edilmişdir. Sonradan pul məbləği NKA bərpa edilmişdir. Bu barədə 8 may 2021-ci il tarixli akt və onun əsasında 17 may 2021-ci il tarixli qərar qəbul olunmuşdur. İddia tələbi əsassızdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçının dəlili faktın mövcudluğunun inkarına deyil, baş vermə səbəbinin “üzürlü sayılması”na yönəlmişdir. Halbuki, həmin dəlil xüsusat kimi faktın təkzibinə xidmət edə bilməz. Eləcə də, nəzərə alınmalıdır ki, operativ vergi nəzarəti zamanı sonradan müvafiq pul məbləği NKA-ya bərpa edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqanın 17 may 2021-ci il tarixli qərarının qəbulu üçün bütün şərtlər toplanmış olur. Hətta məhkəmə müvafiq faktın təsdiqi üçün əlavə sübutların təqdim olunmasını zəruri saymır. Məhkəmə İPM-in 58.7 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın 17 may 2021-ci il tarixli **********9954 nömrəli qərarı qanuna zidd sayılmamalı və onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar