Məhkəmə qərarları › İş №2-1(112)-6949/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6949/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6949/2020 03.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlu tərəflərin iştirakı olmadan iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Yasamal rayonu, Hərbi Şəhərçik, Qızıl Şərq küçəsi, ev 18) cavabdeh – Bakı şəhəri Cavabdehnə (yerləşdiyi yer: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr., 37A) qarşı «sərəncanların ləğv edilməsi, iddiaçının ailə üzvlərinin mənzil növbəsinin bərpası, pul kompensasiyası kimi müvafiq vəsaitin iddiaçıdan tutulmasının dayandırılması və həmin vəsaitin ödənilməsinin bərpası»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Yasamal RİH) qarşı «sərəncanların ləğv edilməsi, iddiaçının ailə üzvlərinin mənzil növbəsinin bərpası, pul kompensasiyası kimi müvafiq vəsaitin iddiaçıdan tutulmasının dayandırılması və həmin vəsaitin ödənilməsinin bərpası» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) Yasamal RİH başçısının 22 nömrəli xx xxxxxx 2011-ci il tarixli sərəncamı ilə 5 nəfər ailə tərkibi ilə (özü, arvadı və 3 oğlu) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Yasamal RİH başçısının 21 nömrəli xx xxxxxx 2018ci il tarixli sərəncamı ilə onun gəlini də mənzil növbəsindəki ailə tərkibinə daxil edilmiş və növbədə 6 nəfər hesab olunmuşdur. Yasamal RİH başçısının 210 nömrəli x xxxxxx 2019cu il tarixli sərəncamı ilə onun xx xxx 2019-cu il tarixdə doğulmuş nəvəsi X12 mənzil növbəsindəki ailə tərkibinə daxil edilmiş və növbədə 7 nəfər hesab olunmuşdur. Buna müvafiq olaraq ona və mənzil növbəsinə dayanmış ailə üzvlərinə (cəmi 7 nəfərə) AR Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 nömrəli qərarına əsasən kirayədə qaldığı müvəqqəti mənzilin kirayəsi üçün Yasamal RİH tərəfindən müvafiq kompensasiya ödənilirdi. Lakin Yasamal RİH başçısının 249 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərəncamı ilə 21 nömrəli xx xxxxxx 2018-ci il tarixli və 210 nömrəli x xxxxxx 2019-cu il tarixli sərəncamları ləğv olunmuş, 22 nömrəli xx xxxxxx 2011-ci il tarixli sərəncamında dəyişiklik edilmiş, iddiaçının oğlu X5, gəlini X3 və nəvəsi X12 ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və o, 4 nəfər ailə tərkibimlə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi siyahısında saxlanılmışdır. Bundan əlavə x xxxxx 2020-ci il tarixdən ona və ailə üzvlərinə AR Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 №-li qərarına əsasən müvəqqəti mənzilin kirayəsi üçün Yasamal RİH tərəfindən ödənilən pul kompensasiyasının verilməsi dayandırılmış və ona bildirilmişdir ki, siyahıdan çıxarılmış oğlu X5, gəlini X3 və nəvəsi X12 mənzil növbəsindən çıxarıldıqları üçün onlara ödənilən pul kompensasiyasının verilməsi dayandırılmış və əvvəlki müddət üçün onlara ödənilmiş pul kompensasiyası ondan tutulacaqdır. Yasamal RİH başçısı 249 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərəncamı üzrə dəyişiklikləri onunla əsaslandırmışdır ki, oğlu Ramil Niftaliyev nikaha daxil olmuşdur və onunla (iddiaçı ilə) birlikdə yaşamır. Eyni vaxtda bu sərəncamda AR Mənzil Məcəlləsinə istinad olunsa da, bu Məcəllənin hansı maddəsinin əsas gətirilməsi göstərilməmişdir. İddiaçı hesab edir ki, oğlu Ramil Niftaliyevin, gəlini X2 və nəvəsi Said Niftaliyevin ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması, müvəqqəti mənzilin kirayəsi üçün onlara ödənilmiş pul kompensasiyasının ondan tutulması qanunsuz və əsassızdır. Yasamal RİH başçısının 249 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərəncamının ləğv olunması və onun mənzil növbəsindən çıxarılmış ailə üzvlərinin mənzil növbəsinə bərpa olunması, müvəqqəti mənzilin kirayəsi üçün oğlu, gəlini və nəvəsinə müvəqqəti mənzilin kirayəsi üçün ödənilmiş pul kompensasiyasının ondan tutulmasının ləğv olunması, AR Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 №-li qərarına əsasən kirayədə qaldığı müvəqqəti mənzilin kirayəsi üçün ona ödənilən kompensasiyanın dayandırıldığı x xxxxx 2020-ci il tarixdən ödənilməsinin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahişi ilə o, xx xxxxxxxx 2020-ci il tarixdə cavabdeh Yasamal RİH-ə ərizə ilə müraciət etmişdir. Lakin müraciətə xx xxxxxxxx 2020-ci il tarixli N-90-068 mömrəli məktubla imtina cavabı verilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuz hesab edilir. Göstərilənlərə və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 10, 12-ci maddələrinə əsaslanaraq, Yasamal RİH başçısının 249 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərəncamının ləğv olunması və onun mənzil növbəsindən çıxarılmış ailə üzvlərinin mənzil növbəsinə bərpa olunması, müvəqqəti mənzilin kirayəsi üçün oğluna, gəlininə və nəvəsinə müvəqqəti mənzilin kirayəsi üçün ödənilmiş pul kompensasiyasının ondan tutulmasının ləğv olunması, AR Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarına əsasən kirayədə qaldığı müvəqqəti mənzilin kirayəsi üçün ona ödənilən kompensasiyanın dayandırıldığı x xxxxx 2020-ci il tarixdən ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Yasamal RİH-ə təqdim edilmişdir. Cavabdeh Yasamal RİH-in İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ilə bağlı məhkəməyə təqdim olunmuş məktubunda (məktub məhkəməyə x xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur) aşağıdakılar qeyd olunur: - Yasamal RİH başçısının 249 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərəncamına əsasən «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinə və AR Mənzil Məcəlləsinə əsasən İddiaçı oğlu Niftaliyev Ramil nikaha daxil olduğundan, eyni zamanda onun ailəsi atası Niftaliyev Rəhbər ilə həmin ünvanda yaşamadığından Ramil Niftaliyev, onun arvadı Çiçək Niftaliyeva və oğlu Said Niftaliyev ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından, həmin ailə ailə üzvlərinin Yasamal RİH-in ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Həmin sərəncamla Yasamal RİH başçısının xx xxxxxx 2018-ci il tarixli 21 nömrəli və x xxxxxx 2019-cu il tarixli 210 nömrəli sərəncamları ləğv olunmuş və xx xxxxxx 2011-ci il tarixli 22 nömrəli sərəncamına dəyişiklik edilmiş, Ramil Niftaliyev, arvadı Çiçək Niftaliyeva və Said Niftaliyev ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. İddiaçı 4 nəfər ailə tərkibi (özü, arvadı və digər iki oğlu) ilə ehtiyatda olan hərbi qulluqçuların güşəştli mənzil nöbvəsi siyahısında saxlanılmışdır. RİH hesab edir ki, iddiaçının bu iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.3cü maddəsinə əsasən vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. İddiaçı tərəfindən RİH-ə təqdim etdiyi sənədlərdən görünür ki, Ramil Niftaliyev, həyat yoldaşı Çiçək Niftaliyeva və Niftaliyev Said iddiaçının kirayə yaşadığı ünvanda yaşamırlar. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Yasamal RİH başçısının 249 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərəncamına əsasən İddiaçı 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı X13, oğlu X8, oğlu X6) ilə ehtiyatda olan hərbi qulluqçuların güşəştli mənzil nöbvəsi siyahısındadırlar. Göstərilənlərə və AR Mənzil Məcəlləsinin 49.2, 51.3-cü maddələrinə əsaslanaraq İddiaçı iddiası əsassız hesab olunur və həmin iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, iş üzrə İddiaçı x xxxxxx 2020-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim etmiş və İPM-in 16-cı maddəsinə istinad edərək işə onun iştirakı olmadan baxılmasını, yekun qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəməyə x xxxxxx 2020-ci il tarixdə iş üzrə cavabdeh Yasamal RİH-in nümayəndəsinin ərizəsi daxil olmuş və məktubda İPM-in 16-cı maddəsinə istinad olunmaqla işə qurumun nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Göründüyü kimi, iş üzrə tərəflər yazılı ərizələri ilə onların iştirakı olmadan işə baxılmasına razılığı ehtiva edən iradə nümayiş etdirmişlər. Belə olan halda məhkəmə hazırkı inzibati mübahisənin İPM-in 16.2-ci maddəsinin tələbləri tətbiq edilməklə şifahi məhkəmə baxışı keçirmədən həll olunmasını mümkün qiymətləndirir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinə görə hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının 1-ci bəndinə görə yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində – 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində –55 manat; Qərarın 2-ci bəndində müəyyən edimişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İş materiallarından görünür ki, Yasamal RİH başçısı xx xxxxxx 2011-ci il tarixdə aşağıdakı məzmunda 22 nömrəli sərəncam qəbul etmişdir: - İddiaçı 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, 3 oğlu) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülsün və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilsin. İş materiallarından görünür ki, Yasamal RİH başçısı xx xxxxxx 2018-ci il tarixdə aşağıdakı məzmunda 21 nömrəli sərəncam qəbul etmişdir: - İddiaçı gəlini mənzil növbəsinə daxil edilsin və o, növbədə 6 nəfərlə (özü, arvadı, 3 oğlu və gəlini) hesab olunsun. İş materiallarından görünür ki, Yasamal RİH başçısı x xxxxxx 2019-cu il tarixdə aşağıdakı məzmunda 210 nömrəli sərəncam qəbul etmişdir: - Yasamal RİH başçısının xx xxxxxx 2018-ci il tarixli sərəncamına dəyişiklik edilsin, X1 Rəhbər Hacı oğlunun Yasamal rayonu üzrə ehtiyatda olan zabitlərin güzəştli mənzil növbəsinə əlavə olunsun, İddiaçı 7 nəfər ailə üzvü (özü, arvadı Nifəliyeva Arzu, oğlu Niftəliyev Rauf, oğlu Niftəliyev Murad, oğlu Niftəliyev Ramil, gəlini Niftəliyeva Çiçək, nəvəsi Niftəliyev Said) ehtiyatda olan zabitlərin güzəştli mənzil növbəsi siyahısında saxlanılsın. İş materiallarından görünür ki, Yasamal RİH başçısı xx xxxxxxxx 2020-ci il tarixdə aşağıdakı məzmunda 249 nömrəli sərəncam qəbul etmişdir: - Yasamal RİH başçısının 21 nömrəli xx xxxxxx 2018-ci il tarixli və 210 nömrəli x xxxxxx 2019-cu il tarixli sərəncamları ləğv olunsun, Yasamal RİH başçısının xx xxxxxx 2011-ci il tarixli sərəncamına dəıyişiklik edilsin, X7, X4 və X14 hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılsın, İddiaçı 4 nəfər ailə tərkibi (özü, arvadı X13, oğlu X8, oğlu X6) ilə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi siyahısında saxlanılsın. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi, iddiaçı hazırkı iddiada aşağıdakı tələbləri irəli sürülür: - cavabdehin 249 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərəncamının ləğv olunması; - iddiaçının mənzil növbəsindən çıxarılmış ailə üzvlərinin mənzil növbəsinə bərpa olunması; - müvəqqəti mənzilin kirayəsi üçün iddiaçıdan oğluna, gəlininə və nəvəsinə müvəqqəti mənzilin kirayəsi üçün ödənilmiş pul kompensasiyasının tutulmasının ləğv olunması; - AR Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarına əsasən iddiaçıya kirayədə qaldığı müvəqqəti mənzilin kirayəsi üçün ona ödənilən kompensasiyanın dayandırıldığı x xxxxx 2020-ci il tarixdən ödənilməsinin bərpa edilməsi. İddiada göstərilmiş “ödənilmiş pul kompensasiyasının ltutulmasının əğv edilməsi” ifadəsinin göstərilməsini məhkəmə İPM-in 13-cü maddəsinə əsaslaraq formal xəta qismində qiymətləndirir və tələbi həmin hissədə “ödənilmiş pul kompensasiyasının tutulmasının dayandırılması” kimi qəbul edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək iddiaçının hərbi qulluqçu kimi yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotunda dəyişiklik olunması ilə bağlı inzibati icraat münasibətdə aşağıdakıları diqqətə çəkir: - Mübahisələndirilən 249 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərəncam qismən formal mülahizələrə əsaslanaraq qəbul edilmişdir. Belə ki, İddiaçı ailə üzvü kimi oğlu Ramil Niftaliyev işlə təmin olunmadığı halda (bu barədə sübut təqdim edilməmişdir), nikaha girməsi ilə ailə tərkibindən çıxmış sayılması birmənalı qəbul olunan deyil. Nəzərə alınmalıdır ki, mövcud qanunvericilik şəxsin “yaşayış yeri”nin sayını məhdudlaşdırmır. Övladı Ramil Niftaliyevin ailə üzvlüyündən çıxarılması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi baxımından inzibati icraatda mütənasib addım kimi də qiymətləndirilə bilməz. İddiaçının gəlini və nəvəsinə gəldikdə isə, onun oğlu ilə bir ailə kimi yaşasalar da, Ramil Niftaliyevdən fərqli olaraq, həmin şəxslər ilkin uçot tarixindən sonra qeydiyyata alınmışlar və bu qeydiyyat iddiaçının ailə üzvləri sayının əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olmuşdur. Odur ki, həmin şəxslərin güzəştli mənzil növbəsinə daxil edilməsi yuxarıda qeyd olunan qanunun müddəasının (Qanunun 17-ci maddəsinin) tələbinin pozulması demək deyil; - İddiaçıdan əvvəlki dövr üzrə oğlu, gəlini və nəvəsinin uçotuna görə ödəmələrin geri alınması hərəkətlərinə gəldikdə isə, nəzərə alınmalıdır ki, qanunvericilik əlverişli inzibati aktın ləğvi üzrə ödəmələrin qaytarılmasını müvafiq məhdudiyyətlər çərçivəsində əlavə inzibati aktın qəbulu ilə nəzərdə tutur. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. Halbuki, məsələ ilə bağlı hər hansı akt qəbul olunmamışdır. Lakin bir hal da nəzərə alınmalıdır ki, hətta ilkin əlverişli inzibati akt tam qanunsuz olsa da, iddiaçıdan əvvəlki dövr üzrə ödənilmiş məbləğlərin geri alınması «İnzibati icraat haqqında» AR Qanununun 67.5, 67.6, 67.7-ci maddələrinə əsasən yolverilən hal deyil. Çünki, iddiaçının ailə üzvlərinin uçota alınması ilə işin xüsusatlarında «İnzibati icraat haqqında» AR Qanununun 65-ci maddəsində nəzərdə tutulan əsasların, habelə həmin Qanunun 67.6-cı maddəsinə göstəriən halların mövcudluğu hazırkı işdə müəyyən edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 67.5-ci maddəsi baxımından isə, iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu hal hazırkı işin hallarında mövcuddur. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki, Yasamal RİH-in 249 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərəncamı “xx xxxxxx 2011-ci il tarixli 22 nömrəli sərəncama dəyişiklik edilməsi”, “X5 ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması” hissələrində, 4-cü bəndi isə qismən, yəni “X5” ailənin 5-ci üzvü kimi həmin bəndə nəzərdə tutulmaması, habelə müvəqqəti mənzilin kirayəsi üçün iddiaçıdan 3 nəfər ailə üzvünə (oğluna, gəlininə və nəvəsinə) görə əvvəllər ödənilmiş pul kompensasiyasının tutulması qanunsuz sayılmalı və iddiaçıya kirayədə qaldığı müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın dayandırıldığı x xxxxx 2020-ci il tarixdən 5 nəfər ailə üzvü (özü, arvadı, 3 oğlu) üçün müəyyən edilən məbləğin ödənilməsi bərpa edilməlidir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İPM-in 34.3-cü maddəsinə əsasən qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Yasamal RİH-in 249 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərəncamı “xx xxxxxx 2011-ci il tarixli 22 nömrəli sərəncama dəyişiklik edilməsi”, “X5 ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması” hissələrində ləğv edilməli, həmin sərəncamın 4-cü bəndinə dəyişiklik olunmaqla “4 nəfər” sözləri “5 nəfər” sözləri ilə əvəz olunmalı və “X6” sözlərindən sonra “və oğlu X5” sözləri əlavə edilməli, müvəqqəti mənzilin kirayəsi üçün İddiaçı oğluna, gəlininə və nəvəsinə əvvəllər ödənilmiş pul kompensasiyasının tutulması dayandırılmalı, İddiaçı kirayədə qaldığı müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın dayandırıldığı x xxxxx 2020-ci il tarixdən 5 nəfər ailə üzvü üçün müəyyən edilən məbləğin ödənilməsi bərpa edilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Yasamal RİH-in 249 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərəncamı “xx xxxxxx 2011-ci il tarixli 22 nömrəli sərəncama dəyişiklik edilməsi”, “X5 ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması” hissələrində ləğv edilsin. Cavabdeh Bakı şəhəri Yasamal RİH-in 249 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərəncamının 4-cü bəndinə dəyişiklik olunmaqla həmin bənddə “4 nəfər” sözləri “5 nəfər” sözləri ilə əvəz olunsun və “X6” sözlərindən sonra “və oğlu X5” sözləri əlavə edilsin. İddiaçı müvəqqəti mənzilin kirayəsi üçün oğluna, gəlininə və nəvəsinə əvvəllər ödənilmiş pul kompensasiyasının tutulması dayandırılsın və iddiaçıya kirayədə qaldığı müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın dayandırıldığı x xxxxx 2020-ci il tarixdən 5 nəfər ailə üzvü üçün müəyyən edilən məbləğin ödənilməsi bərpa edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar