Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-695/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə onun xəstəliyi ilə bağlı pensiyaya çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini, həmçinin iddianın dəyişdirilməsi barədə ərizə verərək, ona əlillik dərəcəsinin təyin olunmasının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizələr təmin edilmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Fövqəladə Hallar Nazirliyində xidmət etmiş, xidmət dövründə nöqsan aşkar edilməmişdir. Daha sonra xəstəliyi ilə bağlı yararsız kimi xidmətdən təxris edilmişdir. Mülki Müdafiə Qoşunlarının komandirinin xx.xx.2020-ci il tarixli 20 nömrəli göndərişinə əsasən şəhadətləndirilərək “Yayılmış psoriaz, residiv gedişli, natamam remissiya əlaqəsi ilə “Xəstəliklər cədvəli”nin 62b maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlə Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnaməyə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” Qərarı verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Komissiyası iddiaçıya yazılı bir cavab verməmişdir. O, 04 avqust 2015-2020-ci illər tarixində işləmiş, xəstəliyi 2018-ci illərin sonunda yaranmışdır. Bir il ərzində 5 dəfə müalicə almışdır, lakin xəstəliyi müalicə ilə keçən bir xəstəlik deyil. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyasının 0104 nömrəli 05 fevral 2020-ci il tarixli X1 görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı 2007-2008-ci il tarixindən Silahlı Qüvvələrdə, 2015-ci il tarixindən Fövqəladə Hallar Nazirliyində xidmət keçmişdir. Anamnezə əsasən, özünü 2018-ci ildən xəstə hesab edir, səbəbini əlaqələndirə bilmir. Xəstəlik əllərindədir və dirsəklərdə olan qabıqlanma ilə başlamışdır. Bununla əlaqədar, xx.xx.2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində müayinədə olmuş və ‘‘Məhdud psoriaz?" diaqnozu qoyularaq müalicə təyin edilmişdir. Lakin şikayətləri davam etdiyindən xx.xx.2018-ci il tarixində Səhiyyə Nazirliyi Respublika Dəri-Zöhrəvi Dispanserində müayinədə olmuş və “Psoriaz” diaqnozu qoyulmuşdur. Bununla əlaqədar ambulator müalicə alaraq xidmətini davam etdirmişdir. Xidmət etdiyi dövrdə ambulator və stasionar müalicədə olmuşdur. Belə ki, şikayətləri ilə əlaqədar 15 01.2019-29.01 2019-cu il tarixlərində “Məhdud psoriaz”, xx.xx.2019-xx.xx.2019 və xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində “Yayılmış psoriaz” diaqnozu ilə Səhiyyə Nazirliyi Respublika Dəri-Zöhrəvi Dispanserində stasionar müalicə almışdır. Xəstəliyi ilə əlaqədar xx.xx.2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Xüsusi həkim ekspertiza komissiyası tərəfindən şəhadətləndirilərək "Xəstəliklər Cədvəli”nin 62b maddəsinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Lakin sonradan şikayətləri davam etdiyindən və bununla əlaqədar xidməti vəzifələrini icra edilməsində çətinliklər yarandığından xx.xx.2019-xx.xx.2019 və xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində "Yayılmış psoriaz” diaqnozu ilə Səhiyyə Nazirliyi Respublika Dəri-Zöhrəvi Dispanserində təkrar stasionar müalicə almışdır. Aparılan müalicələrə baxmayaraq şikayətləri (əllərin ovuc səthində qabıqlanma, quruluq, hər iki pəncənin yan səthində hiperkeratoz ocaqlar) saxlanılmış və xəstəlik residiv gedişlə davam etmişdir. Hal-hazırda müalicəsi ambulator olaraq aparılır. xx.xx.2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində şəhadətləndirilmə məqsədilə ambulator müayinədə olmuşdur, (təsdiqedici sənəd: tibb kitabçasında olan çıxarış epikrizləri və həkim-mütəxəssislərin qeydləri). Təqdim olunmuş xidməti xasiyyətnaməyə əsasən xəstəliyi ilə əlaqədar xidməti vəzifələrinin yerinə yetirilməsində çətinlik çəkir, döyüş qabiliyyətini aşağı salır və bununla əlaqədar hərbi xidmətdən tərxis olunması məqsədəuyğun hesab edilmişdir. Xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyasının tibbi şəhadətləndirilməyə göndərilmişdir. Bununla əlaqədar Komissiya tərəfindən "Hərbi-həkin ekspertizası haqqında Əsasnamə nin 1.9 bəndinə əsasən təkrar şəhadtləndirilmə keçirilmişdir. xx.xx.2018 xx.xx.2018, xx.xx.2019xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019xx.xx.2019, xx.xx.2019-xx.xx.2020-ci il tarixində Səhiyyə Nazirliyi Respublika Dəri-zöhrəvi Dispanserində və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində müayinədə və müalicədə olmuşdur. Şəhadətnaməyə əsasən XHEK-nın diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında qərarı “Yayılmış psoriaz, residiv gedişli, natamam remissiya mərhələsində, Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” kimi, hərbi xidmətə hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi olmuşdur. Cavabdehin 14 iyun 2021-ci il tarixli Protokolundan görünür ki, Füzuli rayon sakini İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0348003AABXV nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli 0104 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Yayılmış psoriaz, residiv gedişli, natamam remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Adi psoriaz, tez tez residivləşən yayılmış psoriaz”a dair obyektiv müayinədə yalnız ayaq altında kiçik tək sahə aşkarlanmışdır. Nəticədə “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyinatına əsas verməmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdehin bu qərarı ilə razılaşmayaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən işin hallarının araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyi Məhkəmə-Tibbi Ekspertizа və X8-Təcrübi və Tədris Birliyinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.1987-ci ildə doğulmuş İddiaçı əyani müayinə olmaqla iş materiallarında olan Tibbi şəhadətnamə, xəstəlik tarixçəsi, arayışlarda şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı?
2. xx.xx.1987-ci ildə doğulmuş İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən göndərilmiş № 88 saylı arayışlarda aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı?
3. xx.xx.1987-ci ildə doğulmuş İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsi xəstəxana tərəfindən göndərilmiş № 88 saylı arayışlarda qeyd olunan və iddiaçıda olan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hansı maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür?
4. xx.xx.1987-ci ildə doğulmuş İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən göndərilmiş № 88 saylı arayışlarda qeyd olunan və iddiaçıda olan xəstəliklər hansı tarixdən yaranmışdır? Həmin xəstəliklərin müalicəsi mümkündürmü?
5. Forma 88 göndərişində qeyd olunan əsas diaqnoz və ağırlaşmalar təsdiq edilirsə diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hansı bəndinə aiddir? Həmin qərardadın icrası məqsədilə Birlik tərəfindən tərtib edilmiş T89/2023 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə Talışov X7 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi. Deməsinə görə: 2008-cu ildən özünü xəstə hesab edir. Xəstəliyini xidmət dövründə almışdır. Xəstəliyinə görə 2020-ci ilin aprelində xidmətdən təxris olunmuş və sənədləri TSEK-ə göndərilərkən imtina gəlmişdir. Bu səbəbdən də İnzibati Məhkəməyə müraciət etmişdir. Hal-hazırda şikayətləri psoriaz yerlərində ağrıdandır. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Hər iki əl barmaqlarında, diz oynağının ön səthində, hər iki dərsək oynaqlarında psoriaz yaraları vardır. Müayinə olunan X4 göndərilsə də, müayinədən imtina etdi. Nəticədə 1987-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardada göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərişdə qeyd edilən diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs X4 müayinədən göndərilmədən imtina etdiyindən qərardadda qoyulan sualların həlli mümkün olmadı. Daha sonra bir neçə dəfə məhkəmə tərəfindən iş yenidən məhkəmə ekspertizası keçirilməsi üçün Birliyə göndərilsə də, iddiaçı getmədiyindən sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, əlillik şəxsdə müəyyən fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Belə pozuntuların olması həkim-məsləhət komissiyası tərəfindən aparılan müayinədən sonra müəyyən olunur və bununla bağlı şəxs barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş tərtib edilir, hansı ki, həmin göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilir. Yəni şəxsə əlillik təyin edilməsi üçün ilk növbədə onun sağlamlıq vəziyyətinin hansı diaqnoza uyğun gəlməsi müəyyən olunmalı, daha sonra həmin xəstəlik üzrə əlillik təyin edilməsi üçün müvafiq meyarların olub olmaması yoxlanılmalıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi isə xüsusi bilik tələb edən sahə olmaqla, funksional, diaqnostik, laborator və şəxsən obyektiv müayinələr nəticəsində müəyyən edilir, bu zaman xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir. Buna görə də qanunverici şəxsin iştirakı olmadan onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə yol vermir. Lakin işdən görünür ki, iddiaçı iddia tələbi üzrə xüsusi bilik tələb edən halların müəyyən edilməsi üçün təyin edilmiş ekspertizanın keçirilməsinə maneçilik törətmiş, ekspertizanın aparılmasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunanlar nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iştirakı olmadan ekspertizanın keçirilməsi, ekspertiza keçirilmədən və ekspert qarşısında qoyulmuş suallar cavablandırılmadan isə iddiaçıya əlilliyin təyin edilməsindən imtinanın düzgünlüyünün müəyyən edilməsi, onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazıkı iddia tələbi iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsindən ibarət olmaqla məcburetmə haqqında iddia növünə aiddir. Deməli, belə bir aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək ilk növbədə iddiaçının vəzifəsidir. İşin istinad olunan hallarından məlum olur ki, iddiaçı nəinki belə bir sübutu məhkəməyə təqdim etmiş, hətta həmin sübutun əldə edilməsinə şərait yaratmamaqla, onun arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtinasının qanuniliyinə qiymət vermək mümkün olmamışdır. Bu zaman məhkəmə onu da nəzərə alır ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin2.2.15-ci yarımbəndinə əsasən yalnız xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri ikinci dərəcə əlillik təyin edilməsinə əsas verirdi. İşdə olan Respublika Dəri Zöhrəvi Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, PHŞ-də 2020-ci ildən etibarən müalicə almiş X3 müalicə həkimi tərəfindən diaqnoz "L 40.0" (yayılmış psoriaz) təyin edilmişdir. L40.0 (ağırlaşmış pustulyoz psoriaz) xəstəliyidir. X2 qoyulmus diaqnoz _40.0 (yayılmış psoriaz) xəstəliyidir. Göründüyü kimi, iddiaçının müalicə aldığı tibb müəssisəsi iddiaçıda xroniki yayılmış, ağırlaşmış pustulyoz psoriaz deyil, yayılmış psoriaz olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkəti ilə iddiaçının hüquqlarının pozulması müəyyən edilmədiyindən iddiaçının tələbi təmin edilə və cavabdehin üzərinə iddiaçıya əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova