Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6952/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi ilə, iddiaçılar X1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və yürüşün keçirilməsinə icazə verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 47-ci, 49-cu maddəsində nəzərdə tutulmuş fikir və söz azadlığını, X3nı pozan, 08 mart 2022-ci il tarixdə, saat 16:00-da Nizami küçəsi, “Mc.Donalds”-ın qarşısından başlayaraq “Xurşidbanu Natəvan” heykəlinin qarşısına qədər olan (Əziz Əliyev və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsi) ərazidə yürüş keçirilməsinə icazə verməməsinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə 08 mart 2022-ci il tarixdə, saat 16:00-da Nizami küçəsi, “Mc.Donalds”-ın qarşısından başlayaraq “Xurşidbanu Natəvan” heykəlinin qarşısına qədər olan (Əziz Əliyev və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsi) ərazidə 1 saat ərzində keçirilməsi planlaşdırılan “8 marş - Susa Bilmirik!” yürüşünün keçirilməsinə icazə verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Mehdiyeva Gülnarə, İddiaçı2, İddiaçı3 feminist aktivistlərdir, 08 mart 2022-ci il tarixində keçirilməsi planlaşdırılan “8 marş - Susa Bilmirik!” yürüşünün təşkilatçılarıdırlar. Yürüş iştirakçıları 28 fevral 2022-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək xahiş etmişdirlər ki, 08 mart 2022-ci il tarixində Nizami küçəsi, “Mc.Donalds”-ın qarşısından başlayaraq “Xurşidbanu Natəvan” heykəlinin qarşısına qədər olan (Əziz Əliyev və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsi) ərazidə 15:00-16:00 saatları arasında yürüş keçirilməsi ilə bağlı lazımi şərait yaratsınlar. Bakı Şəhəri İcra Hakimiyyəti 03 mart 2022-ci il tarixli, 1-134-003 saylı məktubu ilə yürüşə icazə verməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, ölkə ərazisində xüsusi karantin rejimi 01 may 2022-ci ilədək uzadılıb, həmçinin AR Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli qərarına əsasən karantin müddətində ölkə ərazisində bütün kütləvi tədbirlərin keçirilməsi dayandırılmışdır. Eyni zamanda cavabda qeyd edilmişdir ki, müraciət X3 haqqında AR Qanununun 7-ci maddəsinin 1-ci hissəsinin tələblərinə cavab vermir və karantin davam etdiyini, həmçinin küçə yürüşünün keçirilməsi üçün nəzərdə tutulan marşrutun əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğu nəzərə alınaraq planlaşdırılan piketin keçrilməsi məqsədəuyğun hesab edilmir. Bakı Şəhəri İcra Hakimiyyətinin 03 mart 2022-ci il tarixli cavabı AR Konstitusiyasının 49-cu maddəsinə, “X3 haqqında” qanunvericiliyin tələblərinə, həmçinin İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 11ci maddəsinə zidd olduğundan qanunsuz hesab edilməli, cavabdehin üzərinə 08 mart 2022-ci il tarixdə, saat 16:00-da Nizami küçəsi, “Mc.Donalds”-ın qarşısından başlayaraq “Xurşidbanu Natəvan” heykəlinin qarşısına qədər olan (Əziz Əliyev və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsi) ərazidə 1 saat ərzində keçirilməsi planlaşdırılan “8 marş - Susa Bilmirik!” yürüşünün keçirilməsinə icazə verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş) və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (6 və 7-ci bəndlər) İş materiallarından görünür ki, X1, İddiaçı2, İddiaçı3 01 mart 2022-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, “8 Marş” adlı yürüşün keçirilməsinə şərait yaradılması və yüşürün təhlükəsizliyini təmin etmək məqsədi ilə aidiyyəti dövlət qurumlarının məlumatlandırılması xahiş etmişlər. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin müraciətə cavab olaraq, bildirilmişdir ki, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi tətbiq edilmiş və bu müddət 1 may 2022-ci il tarixədək uzadılmışdır. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 336 nömrəli, 12 sentyabr 2020-ci il tarixli Qərarına əsasən respublika ərazisində xüsusi karantin rejimi müddətində bütün kütləvi tədbirlərin keçirilməsi dayandırılmışdır. Toplantı keçirilməsi haqqında müraciətə cavab olaraq bildirilmişdir ki, müraciət “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinin tələblərinə cavab vermir. Yuxarıda qeyd olunanlar, eyni zamanda, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyi, həmçinin küçə yürüşünün keçirilməsi üçün nəzərdə tutulan marşrutun əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğu nəzərə alınaraq, 08 mart 2022-ci il tarixində planlaşdırılmış yürüşün keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. Hazırda iddiaçılar iddia edirlər ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən onların İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 11-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə müəyyən olunmuş hüquq və azadlıqları pozulmuşdur. İddia ərizəsində iddiaçılar, onların planlaşdırdığı tədbirlə bağlı müraciət etdikləri cavabdeh İcra Hakimiyyətinin cavab məktubunda sonuncunun qaldırılan məsələ ilə mövqeyini həmin tədbirin qadağan edilməsinə yönəlmiş inzibati qərar kimi qiymətləndirmişlər. Belə ki, imtina məktubunun qanunsuz sayılması tələbi irəli sürülmüşdür. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 2.2.5-ci maddəsinə görə, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Bundan başqa hazırkı iş üzrə tərəflərin istinad etdikləri “X3 haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən, X3 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətdə sədd qoymaq məqsədinə yönəlmişdir. Qanun hər kəsin azadlığını məlum çərçivədə məhdudlaşdırmaqla, onun öz hüquqlarından maneəsiz və sakit istifadə etməsini təmin edir, yəni bu hədlər daxilində azadlığına təminat verir. Hər bir insanın azadlığı məhz, digər insanların azadlığının başlandığı sərhədə qədər uzanır. Bu sərhədləri müəyyənləşdirməyə cəhd etməklə, qanun insanların gündəlik həyatında azadlığa əsaslanan qaydanın bərqərar olmasına köməklik göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyət və vəzifələrini də əhatə edir. Yəni hər kəsin hüququnun sərhədi başqasının hüququnun başlandığı yerdə bitir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən X3nın həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət ikincilərin də hüquqlarının təmin olunmasına borcludur. İş üzrə müəyyən edilir ki, iddiaçıların hazırki müraciəti ilə əlaqədar, ölkə ərazisində xüsusi karantin rejiminin davam etməsi, xüsusi karantin rejimi müddətində kütləvi tədbirlərin keçirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən dayandırılması və küçə yürüşünün keçirilməsi üçün nəzərdə tutulan marşrutun əhalinin daha sıx hərəkət etdiyi ərazi olması ilə bağlı cavabdeh İcra Hakimiyyəti mübahisələndirilən məktubunda yalnız öz mövqeyini bildirmişdir. Göründüyü kimi, iddiaçıların mübahisələndirdikləri sənəd (cavabdeh İcra Hakimiyyətinin məktubu) inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsuzdur. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Həmçinin iddia ərizənin ikinci tələbi olan 08 mart 2022-ci il tarixdə yürüşün keçirilməsinə icazə verilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, hazırkı iddia ərizəsi 10 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur ki, belə olan halda, həmin tələbə də mahiyyəti üzrə baxılması mümkün deyil. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar X1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və yürüşün keçirilməsinə icazə verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6952/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6952/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver