Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6953/2022 02.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 onun mülkiyyətində olan ünvan 1 evin 3 saylı mənzildən istifadə və yaşamaq hüququnun olmamasını nəzərə alaraq onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)-6953/2022 nömrəli, 11.03.2022-ci il tarixli qərardadı ilə iş üzrə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X2 azyaşlı övladı 23.06.2014-cü il təvəllüdlü X7 ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 evin 3 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu. B.Səfəroğlu küçəsi, 157 saylı evin 3 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Belə ki, həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən onun (yəni İddiaçı) adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1087 nömrəli reyestr kitabında 21.01.2010-cu il tarixdə qeydiyyat aparılmışdır. Məlumat üçün qeyd edir ki, oğlu X1 gəlini olan üçüncü şəxs X5 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və bu səbəbdən də cavabdeh onun mülkiyyətində olan ünvan 5-ə pasport qeydiyyatına düşmüş və mənzildə yaşamağa başlamışdır. Sonradan oğlu X6 ilə keçmiş gəlini olan cavabdeh X5 arasındakı rəsmi nikah Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Oğlu ilə keçmiş gəlini arasındakı nikah faktiki olaraq pozulduğundan və Aytac Məmmədovanın ona məxsus mənzildən və mənzilə dair pasport qeydiyyatından könüllü olaraq çıxması mümkün olmadığından məhkəməyə müraciət edərək cavabdeh X2 və onun himayəsində olan X4 onun mülkiyyətində olan ünvan 1 evin 3 saylı mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-992/2019 saylı, 25.02.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7431/2019 saylı, 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-992/2019 saylı iş üzrə 25 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, X2 azyaşlı övladı X7 ilə birlikdə ünvan 1 evin 3 saylı mənzilindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7340/2019 saylı, 25.11.2019-cu il tarixli qərarı ilə cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(103)- 7431/2019 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Sözügedən məhkəmə qətnaməsi Nəsimi rayon İcra və probasiya şöbəsi tərəfindən icra edilərək cavabdeh X5 azyaşlı övladı X7 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu. B.Səfəroğlu küçəsi, 157 saylı evin, 3 saylı mənzilindən çıxarılmış və faktiki olaraq həmin mənzildə yaşamır. Lakin buna baxmayaraq cavabdeh könüllü olaraq sözügedən mənzildən pasport qeydiyyatından çıxmamışdır. Üçüncü şəxsin ona məxsus mənzildən pasport qeydiyyatından könüllü olaraq çıxması mümkün olmadığından, cavabdeh orqan olan Nəsimi RPİ-nin Qeydiyyat məsələləri bölməsinə müraciət edərək X2 ünvan 1 evin 3 saylı mənzilindən istifadə hüququ olmadığından, həmçinin faktiki olaraq məhkəmənin cavabdehin həmin mənzildən çıxarılması barədə qətnaməsi icra olunduğundan onun ünvan 1 evin 3 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Təəssüf ki, həmin inzibati orqanın 082-40159M-3221 saylı məktubu ilə müraciəti əsassız olaraq təmin edilməmiş və bildirilmişdir ki, "Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında"' Qanunun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnamə əsasında həyata keçirilir. Nəzərinizə çatdırılır ki, Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var"’. Bildirir ki, Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək “Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7431/2019 saylı, 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulan “X5 azyaşlı övladı X7 ilə birlikdə ünvan 1 evin 3 saylı mənzilindən çıxarılması’" ifadəsinin cavabdehin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmasını və ya pasport qeydiyyatından çıxarılması üçün əsas olmasını ehtiva etməsinə dair izah verilməsi”ni xahiş etsə də təəssüf ki, həmin məhkəmənin 2(103)-7431 /2019 saylı, 14.12.2021 -ci il tarixli qərardadı ilə sözügedən qətnaməyə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında"" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmin Qərara əsasən, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Ona görə də hesab edir ki, hazırkı mübahisə məhkəmə qaydasında həll edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 evin 3 saylı ünvanında yerləşən daşınmaz əmlak 21.01.2010-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 08.04.2022-ci il tarixli, **********43 nömrəli və 02.12.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 3 ünvanı İddiaçı adına 05.12.1998-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin bildirilir ki, sorğuda qeyd olunan X2 ünvan 3 ünvanı üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25.11.2019-cu il tarixli, 2(102)-7340/2019 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-992/2019 nömrəli, 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2(103)- 7431/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-992/2019 nömrəli, 25 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, X2 azyaşlı övladı X7 ilə birlikdə ünvan 1 evin 3 saylı mənzilindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25.11.2019-cu il tarixli, 2(102)-7340/2019 nömrəli qərarına əsasən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2(103)-7431/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.12.2021-ci il tarixli, 2(103)- 7431/2019 nömrəli qərardadının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2(103)-7431/2019 nömrəli qətnaməsinə izah verilməsi barədə iddiaçının ərizəsi təmin edilməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 082-40159M-324 №-li, 03.11.2021-ci il tarixli məktubun surətindən görünür ki, ərizəsinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin, ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 evin 3 saylı ünvanında yerləşən daşınmaz əmlak 05.12.1998-ci il tarixdən İddiaçı qızının tam mülkiyyətindədir. İddiaçının oğlu X6 ilə hazırki iş üzrə üçüncü şəxs X5 21.09.2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, daha sonra iddiaçının ərizəsinə əsasən mübahisəli yaşayış sahəsinə qeydiyyata düşmüşdür. Üçüncü şəxs X5 ilə iddiaçının oğlu X6 arasında olan nikah Nəsimi rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan anadan olmuş Yusif Məmmədov anası Aytac Məmmədovanın yanında saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən X5 və onun azyaşlı övladı 23 iyun 2014-cü il təvəllüdlü X4 mübahisəli yaşayış sahəsindən çıxarılmaları qət edilmiş və həmin məhkəmə qətnaməsi icra olunmuşdur. İddiaçı mülkiyyətçisi olduğu mənzildə qeydiyyatda olan, lakin həmin mənzildə yaşamayan və hazırda ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. - 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxsin və onun uşağının mübahisəli yaşayış sahəsi üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin şəxslərin mübahisəli yaşayış sahəsindən çıxarılmışlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus olan mənzilə ərizəsi əsasında qeydiyyata alınmış, lakin faktiki olaraq həmin mənzildə yaşamayan və istifadə hüququ olmayan, eyni zamanda ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxs və onun yetkinlik yaşına çatmayan oğlu Yusif Məmmədov qeyd olunan ünvanda yaşamadıqlarından, eləcə də onların həmin mənzildə istifadə hüquqlarının hazırda mövcudluğuna dair hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə X2 və 23.06.2014-cü il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2 və X4 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6953/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6953/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver