Məhkəmə qərarları › İş №2-1(112)-6953/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6953/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6953/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “avtomobil üzərində mülkiyyət hüququn tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Toyota Auris” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (bundan sonra – mübahisəli nəqliyyat vasitəsi və ya avtomobil) üzərində vicdanlı alıcı kimi mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı cavabdehə ünvanladığı müraciətə baxılaraq bildirilmişdir ki, nəqliyyat vasitəsi İsveç Krallığında oğurlandığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması müəyyən edilməsi səbəbindən müraciətinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Nəticə etibarı ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 24 dekabr 2022-ci il tarixli 021-13298-1222 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, avtomobil Azərbaycan Respublikasında qeydiyyata alınan zaman avtomobilin interpol xətti ilə axtarışda olması barədə mərkəzləşdirilmiş sistemdə məlumat olmamışdır. Aparılan ekspertiza tədqiqatı nəticəsində avtomobilin izlənilən detal nömrələrinin zavod üsulu ilə vurulması müəyyənləşdirilmişdir. Bununla belə avtomobilin oğurlanması qeyd edilən tarixlə avtomobilin Azərbaycan Respublikasında qeydiyyata alınması tarixləri arasında ziddiyyət mövcuddur. Belə ki, məktubdan görünür ki, nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə İsveç Krallığında oğurlanmışdır, lakin həmin avtomobil oğurlanması qeyd edilən tarixdən əvvəl 12 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, avtomobilin oğurlanması faktı üzrə İsveç Krallığı tərəfindən axtarışa verilməsi ilə avtomobilin mülkiyyətçisi X1, həmçinin etibarnamə əsasında idarə edən şəxslərin hərəkətləri arasında hər hansı bir əlaqə yoxdur. Həmçinin avtomobili alan zaman avtomobilin axtarışda olmasını bilməyib. Ona görə də, cavabdehin imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaya münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Eyni zamanda iddiaçı mübahisəli avtomobilin etibarnaməli idarəçisi olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” Qaydalarının qeyd hissəsinə əsasən, nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasını tələb etmək üçün cavabdehə müraciət etməkdə və cavabdehin imtina hərəkətlərini mübahisələndirməkdə subyektiv hüquqa da malikdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin hallarına görə mübahisəli avtomobil Azərbaycan Respublikasında xx.xx.2022-ci il tarixdə cavabdeh orqanda qeydiyyatdan keçməklə X1 adına BB241992 № li Şəhadətnamə verilmişdir. İddiaçı nəqliyyat vasitəsinə dair bir neçə şəxsə, o cümlədən iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək etibarnamə vermişdir. İddiaçı avtomobili özgəninkiləşdirmək üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasında imtina edərək bildirmişdir ki, nəqliyyat vasitəsi İsveç Krallığında oğurlandığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması səbəbindən müraciətin müsbət həlli yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, nəqliyyat vasitəsinin oğlurlanması ilə bağlı X1 əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, yaranmış mübahisə ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq “İNTERPOL”un Milli Mərkəzi Bürosundan daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, mübahisəli nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə İsveç Krallığında oğurlanmış və xx.xx.2022-ci il tarixdən təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” Qaydalarının qeyd hissəsinə əsasən nəqliyyat vasitəsinin mülkiyyətçisi (mülkiyyətçinin nümayəndəsi) - nəqliyyat vasitəsinin sahibi olan fiziki, yaxud hüquqi şəxs və ya qüvvədə olan qanunvericilik aktları əsasında və hüdudunda nəqliyyat vasitəsinə malik olan, yaxud ondan istifadə edən və ya onun sərəncamçısı olan şəxsdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin XİV hissəsinə əsasən, təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Məhkəmə qeyd edir ki, baxılan işdə mübahisə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina ilə bağlı deyildir. Mübahisəli avtomobil iddiaçı tərəfindən ölkəyə gətirilmiş və cavabdeh tərəfindən qeydiyyata alınaraq müvafiq Şəhadətnamə və dövlət nömrə nişanı verilmişdir. Lakin mülkiyyətçi avtomobili iddiaçının etibarnaməli idarəçiliyinə vermiş, iddiaçı avtomobili özgənkiləşdirmək istəyərkən cavabdeh avtomobilin oğurlanması səbəbindən qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş məktubda isə avtomobilin oğurlanması göstərilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının adına qeydə alınmış nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına məhdudiyyət qoyulmuşdur. İddiaçı bu halı onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması hesab edərək cavabdehin imtinasını qanunsuz olduğunu bildirərək özünü mübahisəli avtomobilin vicdanlı alıcısı hesab edir. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır. Baxılan işdə məhkəmənin yoxlamalı olduğu məsələ cavabdeh orqanın iddiaçının mübahisəli avtomobilin özgəninkiləşdirilməsindən imtina etməsi ilə bağlı hərəkətlərinin (imtinasının) qanuni olub-olmamasıdır. Lakin bu halın qiymətləndirilməsi iddiaçının mübahisəli avtomobilin mülkiyyətçisi olub-olmaması, mübahisəli avtomobili vicdanlı əldə edən olub-olmaması məsələlərinin araşdırılmasından sonra mümkündür. Məhkəmə qeyd edir ki, mübahisəli avtomobilin iddiaçının adına qeydə alınması həmin avtomobilin oğurlanmış olması faktını istisna etmir. Belə ki, işdən göründüyü kimi, mübahisəli avtomobil İsveç Krallığından ölkə ərazisinə gətirilmiş, maneəsiz olaraq gömrük orqanından keçmiş və cavabdeh tərəfindən qeydə alınmışdır. Lakin avtomobilin oğlurlanması faktı cavabdehə, iddiaçının cavabdeh ərqana müraciəti zamanı, yəni həmin avtomobilin Elvin Ələsgərovun adına qeydiyyata alınmasından sonra məlum olmuşdur. Mülki Məcəllədə daşınar əşyaların vicdanlı əldə edilməsi ilə bağlı normalar təsbit edilmişdir. Belə ki, Məcəllənin 182-ci maddəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Göründüyü kimi mülki qanunverilik daşınar əşyalara münasibətdə vicdanlılığı istisna edən bir neçə hal müəyyən etmiş, bu hallardan biri də daşınar əşyanın mülkiyyətçisindən oğurlanması halıdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, mübahisəli avtomobilin oğlurlanması ilə bağlı mübahisə mövcuddur, belə olan halda bu faktın təsdiq edilməsi, iddiaçının həqiqətən də vicdanlı əldə edən olub-olmaması inzibati məhkəmənin səlahiyyət dairəsinə aid deyildir. Cinayət işinin başlanmasının rədd olunması haqqında qərarda da bu məsələ ilə bağlı iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi “Cinayət işinin rədd edilməsi haqqında qərar”a qiymət verərək qeyd edir ki, İPM-in 58.8-ci maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, inzibati mübahisəyə baxılarkən məhkəmə üçün yalnız məhkəmənin qanuni qüvəyə minmiş hökmü və cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı preyudisial xarakter daşıyır. Təhqiqat orqanının qeyd edilən qərarı inzibati mübahisəyə baxan məhkəmə üçün məcburi deyildir. Ona görə də, iddiaçının mübahisəli avtomobilin mülkiyyətçisi olub-olmaması müəyyən edilmədən cavabdehin müdaxiləsinin (imtinasının) qanuni olub-olmamasına qiymət vermək mümkün deyil. Odur ki, hazırki halda iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı mülki məhkəmə qaydasında mübahisəli avtomobilin vicdanlı əldə edəni (sahiblik və istifadə hüququnun olmasını) olmasını müvafiq iddia tələbi verməklə təsdiq etdikdən sonra cavabdehə yenidən müraciət edə bilər. Beləliklə, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “avtomobil üzərində mülkiyyət hüququn tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar