Məhkəmə qərarları › İş №2-1(112)-6957/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6957/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6957/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “şəxsi işin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə (bundan sonra - Cavabdeh) müraciət edərək, Bakı şəhəri 169 nömrəli tam orta məktəbin 5-ci sinfində təhsil alan övladı X1 yerdəyişməsi üçün şəxsi işinin təqdim edilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli, 4-184/01/06 saylı cavab məktubu ilə bildirmişdir ki, X1 digər valideyni X5 Bakı şəhəri 169 nömrəli məktəbə ərizə ilə müraciət edərək məhkəmə qərarına əsasən X1 ananın himayəsinə verildiyini qeyd etmiş və razılığı olmadan övladının sənədlərinin iddiaçıya təqdim edilməsinə etiraz etmişdir. Şagirdin hər iki valideyni tərəfindən yerdəyişmə ilə bağlı razılıq olduğu halda müraciətin təmin ediləcəyi bildirilmişdir.

3. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 şəxsi işinin 169 nömrəli tam orta məktəbdən alınaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-754/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahının pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 anası X3 himayəsində saxlanması, xx.xx.2011-ci il təvəllüdlü X1 atası İddiaçı alınaraq anası X3 himayəsinə verilməsi qət edilmişdir. Qətnamədən İddiaçı şikayət vermiş, lakin şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Bakı Apellasiya Məhkəməsinin qətnaməsi də dəyişdirilmədən qüvvədə saxlanılmış, beləliklə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə hər iki uşağın anasının himayəsinə verilməsi qət edilsə də, həmin qətnamədən icra vərəqinə xitam verilmişdir. xx.xx.2011-ci il təvəllüdlü X6 qətnamənin qəbul edilməsindən əvvəl də, sonra da öz iradəsi və istəyi ilə onun himayəsində və yanında qalmağa davam edir. Sabunçu Rayon Məhkəməsinin qətnaməsi icraya yönəldiyi zaman Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X4 icraatına verilmişdir. İcra məmuru Aqil Cəbiyev dəfələrlə uşağa anası ilə qalmalı olduğunu bildirsə də, uşaq qətiyyətlə anasının himayəsində və yanında qalmaq istəmədiyini, atası ilə qalmaq istədiyini bildirmişdi. Odur ki, İcra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan da göründüyü kimi, obyektiv səbəblərdən icra sənədini icra etmək mümkün olmamışdır. İcra məmurunun xx.xx.2021-ci il tarixli aktına əsasən, Malik zorla, məcburi şəkildə anasının himayəsinə verilmiş, xx.xx.2021-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilsə də, Malik özü anasının yanından qaçaraq iddiaçının yanına gəlmişdir. Malik bu gün də iddiaçının yanında və himayəsində, onun yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 17 ünvanında yaşamağa davam edir. Hazırda Malikin 11 yaşı tamam olduğundan onun 18 yaşı tamam olanadək iddiaçının yanında və himayəsində qalması barədə qətnamə qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. X6 Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi 6 ünvanında yerləşən 169 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdidir. İddiaçı oğlunun 103 nömrəli tam orta məktəbə keçməsini istəyir. Bununla bağlı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət etmiş, İdarə xx.xx.2022-ci il tarixli məktubla ərizəni təmin etməkdən imtina etmişdir. İddiaçı və övladı X1 faktiki olaraq hal-hazırda yaşadığı ünvan ünvan 2r. X1 faktiki olaraq hər gün yaşadığı Binəqədi rayonu ərazisindən Sabunçu rayonu ərazisinə aparılması çətinlik yaradır. Odur ki, məktəbin dəyişdirilməsi zəruridir. Lakin Təhsil İdarəsi tərəfindən qeyd olunan faktlar araşdırılmadan, uşağın özününü iradəsi, istəyi, həmçinin hüquqları nəzərə alınmadan məktəbin dəyişdirilməsindən imtina edilmişdir. Bu zaman İdarə tərəfindən heç bir əsas göstərilməmiş, heç bir qanunvericilik norma və ya müddəalarına istinad edilməmişdir.

5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, bu iddia üzrə cavabdeh kimi Bakı şəhəri üzrə Təhsil İdarəsi çıxış edə bilməz. İddiaçının qeyd etdiyi sənədlər Bakı şəhəri 169 nömrəli tam orta məktəbdə saxlanılır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının azyaşlı uşaqlarının anaları X3 himayəsində saxlanılması qərara alınmışdır. X6 məhkəmə qərarına əsasən anasının himayəsində saxlanıldığı üçün Nazirlər Kabinetinin qəbul etdiyi şagirdlərin qəbul qaydalarına uyğun olaraq Bakı şəhəri 169 saylı tam orta məktəbdə təhsil alması seçilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili etiraza uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).

8. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.

9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

10. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

12. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki iddiaçının iddia tələbi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil.

13. Belə ki, iddiaçının hazırkı tələbi övladının təhsil aldığı məktəbinin dəyişdirilməsi ilə bağlı şəxsi işinin təhsil aldığı məktəbdən alınaraq ona təhvil verilməsidir və bu iddiası cavabdeh qismində göstərilmiş Bakı şəhəri üzrə Təhsil İdarəsinə yönəlmişdir.

14. Lakin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən: - 1.3. Məktəblərə uşaqların (şagirdlərin) kütləvi qəbulu İ və X siniflər üzrə aparılır. - 2.1. Uşaqların İ sinfə qəbulu hər tədris ilinin ikinci yarımilinin əvvəlindən (hər növbəti ilin fevral ayının 1-dən) başlayaraq həyata keçirilir. - 2.2. Nümunəvi Nizamnamənin 2.5-ci bəndinə uyğun olaraq, ümumtəhsil məktəbinin İ sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam olan uşaqlar qəbul edilirlər. - 2.3. Məktəbə qəbul uşaqların valideynləri, övladlığa götürənləri və ya qəyyumları (bundan sonra –valideyn) tərəfindən bu Qaydaların 2.4-cü bəndində göstərilən ərizə və ona əlavə olunan sənədlərin kağız və ya elektron formada bilavasitə, poçt və ya internet vasitəsilə məktəbə təqdim edilməsi ilə yolu ilə aparılır. - 2.4. Uşağın İ sinfə qəbulu barədə valideynin ərizəsi növbəti dərs ili başlananadək qeydiyyata alınır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - 2.4.1. doğum haqqında şəhadətnamənin surəti; - 2.4.2. uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U); - 2.4.3. 2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil. - Ərizədə uşağın yaşadığı ünvan, təhsil alacağı tədris dili və öyrənəcəyi xarici dil (məktəbdə bir neçə xarici dil tədris edilirsə) qeyd edilir. - Qəbul elektron formada aparıldıqda təqdim edilən elektron ərizə və sənədlərin skan edilmiş surətləri məktəbə göndərildikdən sonra onların kağız forması təqdim olunmalıdır. - 3.1. Ölkə daxilində İ - İX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı qaydada həyata keçirilir: - 3.1.1. Övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə illik və yarımillik qiymətlərin əks olunduğu sənəd) əlavə olunur. - 3.1.2. Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, 2 iş günü müddətində onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. - 3.1.3. Həmin arayış əsasında valideyn övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin təhsilalanların siyahısına daxil olması barədə əmr 2 iş günü müddətində verilir. Əmrin surəti şagirdin məktəbin direktoru tərəfindən əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun təhsilalanların siyahısından xaric edilməsi barədə əmr verilir.

15. İstinad olunan normalardan görünür ki, şagirdin bir məktəbdən digərinə yerdəyişməsi, o cümlədən şəxsi işinin təqdim edilməsi iddiaçının hazırkı halda cavabdeh qismində göstərdiyi İdarə tərəfindən deyil, valideyinin müraciəti əsasında şagirdin təhsil aldığı məktəblə təhsil alması nəzərdə tutulan məktəbin birgə fəaliyyəti ilə həyata keçirilir.

16. Belə olan halda müəyyən olunur ki, iddiaçının hazırkı tələbi üzrə Bakı şəhəri üzrə Təhsil İdarəsinin cavabdehliyi istisna olunur.

17. Məhkəmə onu da qeyd edir ki, işdən iddiaçının övladının oxumasını istədiyi məktəbə müraciəti, həmin məktəbin şəxsi işin göndərilməsi üçün arayış verməsi və ya bundan imtina etməsi, yaxud da övladının təhsil aldığı məktəbin şəxsin işin verilməsindən imtina etməsi də müəyyən olunmur.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar